Məhkəmə qərarları › İş №1(101)-1867/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1867/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1867/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 avqust 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 iyun 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 01 il 09 ay 04 gün hissəsi 10 ay 17 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 26 yanvar 2024-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti 03 may 2024-cü il tarixdə bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti naməlum “Hüseyn" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin istifadə etdiyi mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi fotoşəkillərə uyğun Xətai rayonu ərazisində, 8 noyabr prospekti, 150 ünvanın yaxınlığında müvafiq yerə qoyulmuş təmiz çəkisi 105 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 40 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb üzərində saxlamaqla daşımış, 05 mart 2024-cü il tarixdə saat 03:50 dəqiqədə Xətai rayonu, 8 noyabr prospekti, 150 ünvanının yaxınlığında özünü şübhəli apardığına görə Xətai RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamada ayrı-ayrılıqda qablaşdırılmış təmiz çəkisi 105 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 40 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş itiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 dəfə məhkum olmuşdur. O, əvvəllər narkotik vasitədən istifadə etmiş, lakin cəzasını çəkdikdən sonra narkotik vasitədən istifadə etməmişdir. 05 mart 2024-cü il saat 01:20-də sevgilisi ilə görüşə getmiş, təxminən saat 02:15-də evə qayıdarkən o PPXB tərəfindən saxlanılmışdır. Belə ki, polis əməkdaşları onu 05 mart 2024-cü ildə «8 noyabr» prospektində “İsmayıl” şadlıq sarayının yanında yox, saat 01:30-da NZS-də “Ramin Nur” şadlıq sarayının yanında saxlamışlar. Polis əməkdaşları onun əvvəllər Azərbaycan Respublikası CM–nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu bilirmişlər və gecə vaxtı burda nə işlə məşğul olduğunu soruşmuşlar. Sonra onlar öz maşınlarında olan sıravi vətəndaşı maşından düşürtmüşlər. Polis əməkdaşları onun səs-küy yaratdığını bildirib məsələni aydınlaşdırmaq üçün onun bölməyə getməli olduğunu demişlər. Saxlanılan zaman onun üzərində heçnə yox imiş, o içkili deyilmiş, narkotik vasitə qəbul etməmiş və cibində heçnə, hətta pulu belə yox imiş. Polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar və bölməyə gəldikdə polis əməkdaşları ona fiziki zor tətbiq etməyə başlamışlar, metamfetamini boynuna götürməyə onu məcbur etmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaqda 1 dəfə ifadə vermiş və ifadəsini təsdiq edir. Əvvəllər heç bir polis əməkdaşı ilə problemi olmamışdır. Onu saxlayan polis əməkdaşları 4 nəfərdən ibarət imiş. O, həbsdən çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Onu qan analizinə aparmamışlar, amma o istintaq zamanı onu qan analizinə aparmalarını istəmişdir. Sanksiya zamanı o hakimə problemlərini bildirməmişdir. Şəxsi axtarış zamanı o cibindən narkotik vasitəni çıxarıb təqdim etmişdir. O, döyüldüyü üçün narkotik vasitəni videoçəkiliş zamanı cibindən çıxarıb verməyə məcbur qalmışdır. O, Təcridxanaya aparılanda xəsarətləri barədə deməmişdir. Çünki o döyülsə də bədənində hər hansı xəsarət izi yox imiş. Polis əməkdaşları bir böyük paketdə narkotik vasitəni stolun üstünə qoymuşlar və onu aldatmışlar ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ititham irəli sürüləcək. O, həyatında o qədər çox narkotik vasitə görməmişdir. Polis əməkdaşları ona demişlər ki, ya bu narkotik vasitələri götürsün ya da Azərbaycan Respublikası CM-nin 234cü maddəsi ilə ittiham verəcəklər və istifadəçi kimi 3 il cəza alacaq. Elan olunmuş cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 49-cu vərəqəsində olan diskə baxış protokoluna və protokoldakı imzaya əsasən, Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-34-cü vərəqələrində olan izahatında, cinayət işinin 46-48 və 57-58-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...təxminən 2 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, adlarını da dəqiq bilmədiyi şəxslərdən əldə edib istifadə etmişdir. Özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş «Hüseyn» adlı şəxslə 2024-cü ilin mart ayının əvvəlində «İnstagram» sosial şəbəkəsində tanış olmuşdur. Hüseynə narkotik aludəçisi olduğunu bildirəndə Hüseyn ünsiyyəti davam etdirmək üçün mobil nömrəsini istəmişdir. Hüseynə mobil nömrəsini yazmışdır. Bundan sonra Hüseyn onunla istifadə etdiyi +**********32 mobil nömrəyə bağlı olan WhatsApp ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamağa başlamışdır. Hətta Hüseyn onu görmək üçün ona bir dəfə də videozəng etmişdir. Hüseyndən öz istifadəsi üçün 10 qram heroin istəmişdir. Hüseyn heroinin və psixotrop maddənin bir qramını ayrı-ayrılıqda 20 manata satırmış. 10 qram heroinə görə Hüseynə 200 manat pul ödəməliymiş. Hüseynə həmin məbləği tez bir zamanda ödəyəcəyini bildirmiş, belə ki, cəzaçəkmə müəssisəsindən yenicə çıxdığı üçün ona 1300 manat məbləğində sosial müavinət verilməliymiş. Bu haqda Hüseynə deyib həmin pulu alan kimi ödəniş edəcəyini demiş, Hüseyn razılaşmışdır. Hüseyn ona narkotik vasitənin gizlədiləcəyi yer haqda sonra məlumat verəcəyini demişdir. 05 mart 2024-cü il tarixə keçən gecə Hüseyn ona WhatsApp ani mesajlaşma proqramı vasitəsilə audiozəng edərək istədiyi 10 qram heroin əvəzinə 110 qram heroin və 40 qram metamfetamin hazırladığını, bunun müqabilində ona 3000 manat verəcəyini və həmin pulu ona hissə-hissə olmaqla WhatsApp vasitəsilə göndərəcəyi İran İslam Respublikasına aid bank hesabına köçürəcəyini bildirmişdir. Etiraz etməmişdir. Sonra Hüseyn ona narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi yerin fotoşəkillərini, geolokasiyasını (konumunu) və bank kartının fotoşəkilini göndərmişdir. Hüseynin dediyinə görə narkotik vasitə və psixotrop maddə bir bağlama şəkilində «Asiman» şadlıq evindən təxminən 500 metr aralıda olan bir küçədə daşın altına qoyulmuşdur. Onu da qeyd etmişdir ki, mobil telefonunda internetdən istifadə etməkdən ötrü meqabayt az olduğu üçün dostu Ramizdən sonuncunun mobil telefonunu götürmüşdür ki, lazım olanda Hüseynə zəng edə bilsin. Öz mobil telefonunu isə Ramizə vermişdir. Ramizə yalandan qızla görüşə gedəcəyini demişdir. 05 mart 2024-cü il tarixdə saat 04 radələrində taksi ilə «Asiman» şadlıq evinin yaxınlığına tək gəlib orada düşmüş, sonra isə Hüseynlə audiozəng vasitəsilə danışadanışa bağlamanın gizlədildiyi yerə gəlmişdir. Hüseyn telefonda bağlamanın gizlədildiyi yerin konkret harada olduğunu izah edirdi, yerin görünüşü isə fotoşəkilə əsasən yaddaşında qalmışdır. Daşın altına qoyulmuş bağlamanı götürəndən sonra bu haqda Hüseynə demiş və Ramizin WhatsApp mobil tətbiqindən Hüseynin mobil nömrəsini silmişdir ki, Ramiz heçnədən şübhələnməsin. Bağlamanı götürüb əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra «8 noyabr» prospektinə piyada gəlib orada hərəkətini davam etdirən zaman PPX avtomobili yanında dayanmışdır. Polis əməkdaşları gecə saatlarında hara getdiyini soruşmuşlar, həyəcandan özünü itirmiş və onlara normal cavab verə bilməmişdir. Polis əməkdaşları onu PPX avtomobilinə əyləşdirmiş və əllərini ciblərinə salmağa imkan verməyərək 37-ci PŞ-nə gətirmişlər. Saat 04 radələri idi. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində olan bütün əşyaları təqdim etmək təklif olunmuşdur. Əynində olan boz rəngli cins şalvarın sol yan cibindən dostu Ramizə məxsus olan bir ədəd «Honor» markalı mobil telefonu, cins şalvarının sağ yan cibindən isə bir ədəd sellofan bağlamanı çıxardıb masanın üzərinə qoymuşdur. Verilən şifahi suallara cavab olaraq bağlamanın içində 110 qram «kokos», yəni heroin və 40 qram «patı», yəni metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPl-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 03 mart 2024-cü ildə saat 04:00 radələrində polis nəfəri Şahid2lə birlikdə xidmət zamanı Xətai rayonu, 8 Noyabr prospekti, 150 ünvanının qarşısında bir nəfər şəxsin qaranlıq küçə ilə gəldiyini görmüşlər. Həmin şəxsə yaxınlaşmışlar. Bu zaman həmin şəxs əsməyə başlamışdır. Onlar həmin şəxsi saxlayıb gecə saatlarında hara getdiyini soruşanda, o, suallara normal cavab verməyərək gah xalasıgilə gəldiyini, gah da harasa gedəcəyini, səhv gəldiyini demişdir. Şəxs əlini şalvarının arxa cibinə atmaq istəyəndə onu dayandırmışlar. Şəxsin hərəkətləri onlarda şübhə yaratdığından onu Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. İdarədə ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın cibindən bir ədəd yumru sellofan bağlamanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sellofan bağlamanın içində 110 qram heroin və 40 qram metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq olmamışdır. Şəxsi axtarış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilmiş, müdafiəçi ilə təmin olunmuş və sonra şəxsi axtarış aparılmışdır. Aşkar olunan narkotik vasitə tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində bədən xəsarəti görməmişlər. O, təqsirləndirilən şəxsi döyməmiş, ona qarşı şəxsi qərəzliyi yoxdur ki, onu döysünlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs qız ilə görüşə gedəcəyini demiş və bildirmişdir ki, taksi sifariş etməlidir, amma telefonun zaryatkası bitmişdir. O, taksi sifariş verməsi üçün telefonunu Yunisə vermişdir. Yunis telefonu aparmışdır. Sonra ona Polis İdarəsindən zəng gəlmiş və telefonunun İdarədə olduğunu demişlər. O da Polis İdarəsinə getmiş və bildirilmişdir ki, telefona baxış keçirildikdən sonra ona geri veriləcək. O, başqa heçnə bilmir. O, Təqsirləndirilən şəxs həbs olunma səbəbini bilmir. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə heçnə bilmir. İstintaq zamanı ifadəsini oxuyaraq imzalamışdır. Elan olunmuş cinayət işinin 113-115-ci vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid3 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs oğlu Ramizin qonşusudur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin PPXB-nin polis nəfərləri, polis kiçik serjantı Rəhimli X2 Ramal Əli oğlunun 05 mart 2024-cü il tarixli raportundan görünür ki, 05 mart 2024-cü ildə saat 03:50-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 150 ünvanının qarşısında xidmətdə olarkən bir nəfər şəxs özünü narkotik vasitələrin qəbul edilməsində, daşınmasında və satışı ilə məşğul olmasında şübhəli apardığı üçün saxlanılaraq PŞ-nə gətirilmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən “Honor” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə şəffaf sellofana bükülmüş 2 ədəd bükülünü təqdim etmişdir. Həmin bükümlərin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdə “patı” adı ilə bildiyi metamfetamin və narkotik vasitə olan “kakos” adı ilə bildiyi heroin olmasını, həmin maddələri İran İslam Respublikası kimi tanıdığı “Hüseyn” adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 37-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli, 3-16/16/1-6/1318 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 105 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 40 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 49-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2024-cü il tarixli optik diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə şəffaf sellofana bükülmüş 2 ədəd bükülünü təqdim edir. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs həmin bükümdə “patı” adı ilə bildiyi metamfetamin və narkotik vasitə olan “kakos” adı ilə bildiyi heroin olmasını, həmin maddələri İran İslam Respublikası kimi tanıdığı “Hüseyn” adlı şəxsdən aldığını bildirir. Aşkar edilmiş bükümlər və mobil telefon qablaşdırılaraq götürülür. Cinayət işinin 59-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 mart 2024-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Honor” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 116-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid3 “Honor” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2024-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus “Huavei” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəngləri, sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD-R diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 may 2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəngləri, sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD-R diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 23 may 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda heroini və metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün, hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmamışdır, polis əməkdaşları bir böyük paketdə narkotik vasitəni stolun üstünə qoymuşlar və onu aldatmışlar ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ititham irəli sürüləcək. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 105 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından 700 dəfə çox, 40 qram psixotrop maddə metamfetamin isə şəxsi istehlak miqdarından 266,6 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olmuşdur və narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Xətai rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 15 iyul 2024-cü il tarixli, 3-16-17/40/2-4675/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Sonuncuda yalnız köhnə çapıq toxumalar müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş 18 iyul 2024-cü il tarixli, 2- 2/311/2-079463/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalması faktı ilə bağlı Xətai rayon prokurorluğuna müraciət daxil olmayıb və araşdırma aparılmamışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 mart 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 100-105-ci vərəqələrində olan Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 iyun 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə hökm ilə cəzanın çəkilməmiş 01 il 09 ay 04 gün hissəsi 10 ay 17 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 26 yanvar 2024-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 01 iyul 2024-cü il tarixli, 21-1/3-13041-19 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azad edildiyi cəza müddəti 03 may 2024-cü il tarixdə bitdiyindən qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin, cinayətin residivini yaratmır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən az ağır, ağır və xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin məzmunundan görünür ki, Cinayət Məcəlləsi vaxtından əvvəl şərti məhkum edilmiş şəxsin yalnız sınaq müddəti ərzində cinayət törətdiyi halda şərti məhkum etmənin ləğv edilməsini nəzərdə tutur. Belə ki, Təqsirləndirilən şəxs hal-hazırda ittiham edildiyi cinayət əməlini 05 mart 2024-cü il tarixdə, yəni, 26 yanvar 2024-cü il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş şərti məhkumetmə dövründə törətmişdir. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs şərti məhkumetmə dövrü başa çatmadan, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvəz edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 07 gün hissəsinə dair Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş vaxtından əvvəl şərti məhkumetmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvəz edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 07 gün hissəsi hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 124-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixİi 1809 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 29 mart 2024-cü il trixli, 4007 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 05 mart 2024cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 70-75-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 4(011)-178/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 mart 2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in XətaiRPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalan çəkisi 104,9 qram olan narkotik vasitə heroin və çəkisi 39,9 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd optik diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə hissəsi ləgv edilsin. Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması, Suraxanı Rayon Məhkəməsinin16 iyun 2023-cü il tarixli qərarı ilə 10 ay 17 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 03 (üç) ay 07 (yeddi) gün müddət şərti olaraq vaxtından əvvəl azad edilmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in XətaiRPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalan çəkisi 104,9 qram olan narkotik vasitə heroin və çəkisi 39,9 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd optik diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar