Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-187/2022 18.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cı il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baхaraq məhkəmə Müəyyən etdi: X3 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22.04.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən avtomobil təmiri sexlərinin qarşısında Zərərçəkmiş şəxs Hüseyn oğlunun ona əl verib görüşməməsi, ünvanına nalayiq ifadələr işlətməsi, sifət nahiyəsinə yumruqla vurması, aralarında ədavətin olması və şəxsi münasibətlərin pozulması səbəbindən yaranmış mübahisə zamanı istintaqla müəyyən edilməyən deşici-kəsici alətlə Zərərçəkmiş şəxs bir dəfə döş qəfəsindən zərbə ilə vuraraq, ona döş qəfəsinin sağ yarısının ön səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəхs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, gündəlik kirayəyə götürdüyü avtomobildən taksi kimi istifadə etmişdir. Mehdi adlı şəxsi o, 2020-ci ildən tanıyır belə ki, sonuncu Müşfiqabad qəsəbəsində yerləşən avtotəmir sexində qaynaqçı işləyir. 2020-ci ilin əvvəlində Mehdi ona özündə “Fiat Albeo” avtomobilinə aid ehtiyyat hissələrinin olduğunu və həmin hissələri ucuz qiymətə ona sata biləcəyi barədə məlumat vermişdir. O, Mehdidə avtmobilinə aid bir neçə ehtiyyat hissələrin olduğunu görüb, sonuncudan həmin əşyaları almaq qərarına gəlmişdir. Mehdi ondan həmin vaxtı 100 manat pul istəmiş, lakin o, Mehdidən ehtiyyat hissələrini götürdüyü halda sonuncuya pul verə biləcəyini bildirdikdə, Mehdi əlində iş gördüyü bıçaqla qəfildən onun sinəsinə zərbə endirmişdir. İlk öncə o, Mehdinin onunla zarafat etdiyni düşünmüş, lakin sinəsinə baxdıqda, sinəsindən qan axdığını görüb, qardaşı Qüdrətə zəng vuraraq, bu barədə məlumat vermişdir. O, qardaşına olduğu yeri izah etmiş, qardaşı X7 və DİN-nin 102 zəng xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Həmin hadisə ilə bağlı Abşeron RPİ-nin TŞ-də araşdırma aparılmış və sonradan o, Mehdidən şikayətçi olmamışdır. Daha sonra o, Mehdi ilə əlaqəsini kəsmişdir. 09.04.2021-ci il tarixdə o, avtomobilnini təmiri ilə əlaqədar Gündüz adlı ustanın yanına getmiş və Gündüzlə aralarında sözlə mübahisəsi yaranmışdır. O, həmin yerdən bir qədər uzaqlaşıb getmək istəyən zaman, Gündüzün yanında digər sexdə işləyən Zərərçəkmiş şəxs Gündüzə yaxınlaşıb onun barəsində uca səslə təhqiramiz sözlər işlətmişdir. Bu zaman o, Mehdiyə yaxınlaşaraq, nə üçün onu söydüyünü soruşmuşdur. Bundan sonra o, Mehdi ilə bir qədər mübahisə etmiş və bir-birinə qarşı söyüşlü ifadələr işlətmişlər. Mübahisə zamanı Mehdi əlində olan bıçaqla onun boyun nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin zərbədən sonra o, bir qədər Mehdidən geriyə çəkilmiş və bundan sonra huşunu itirmişdir. Özünə gəldikdə isə xəstəxanada olduğunu bilmişdir. Bu hadisə ilə də bağlı Bakı şəhər Binəqədi RPİ-də araşdırma aparılmışdır. Bundan sonra, 22.04.2021-ci il tarixdə o, səhər saatlarında yenidən özünə məxsus olan “Daewoo Larus” markalı avtomobiliə baxmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən avtotəmir sexinə getmişdir. Həmin vaxtı o, Mehdini Gündüzün işlədiyi sexin qarşısında görmüşdur. Onların arasında yenidən mübahisə baş verməməsi üçün o, həmin yerdən uzaqlaşıb getmişdir. Bundan sonra o, həmin gün, yəni 22.04.2021-ci il tarixdə saat təxminən 16 radələrində yenidən yuxarıda göstərilən sexin qarşısına gəlmiş və Mehdini orada görməmişdir. Bir qədər sonra saat təxminən 17 radəərində Mehdi idarə etdiyi «Mercedes Benz» markalı avtomobil ilə Gündüzün işlədiyi sexin qarşısına gəlmiş və avtomobildən düşərək özündən razı şəkildə sexə daxil olmuşdur. Ona Mehdinin baxışları və yeriyişi çox pis təsir etmiş və o, Mehdini yanına çağırmış ki, aralarında olan məsələyə son qoysun. O, Mehdidən nə üçün belə etdiyini, sonuncuya borcunun olub-olmadığını soruşmuşdur. Mehdi isə ona 200 manat borcunun olduğunu bildirdikdə o, Mehdidən həmin borcun nə zaman yarandığını soruşmuşdur. Mehdi ona avtomobil buferini verdiyini və borcunun həmin buferlə əlaqədar olduğunu bildirmişdir. Bu zaman o, Mehdinin üzünə qarşı yalançıya söymüş və həmin vaxt Mehdi qəfildən onun sifət nahiyəsindən yumuruqla zərbə endirmişdir. O, Mehdinin zərbəsindən sonra bir qədər geriyə çəkilmiş və Mehdi ona yenidən yumuruq atmaq istədikdə onlar süpürləşməyə başlamışlar. O, ehtiyat etmiş ki, Mehdi onun yarasından zərbə endirməsin və Mehdi onun üzərinə yenidən gəldiyi zaman o, əlini sexin içərisindəki masanın üzərinə atmışdır. Həmin vaxtı masanın üzərində olan bıçaq onun əlinə keçmiş və o, özünü Mehdidən xilas etmək üçün sonuncunun bədən nahiyəsinə bir neçə zərbə endirmiş və dayanmışdır. Lakin, Mehdi dayanmayaraq, onun üzərinə gəlməyə davam etmişdir. Daha sonra o, qaçaraq həmin yerdən uzaqlaşıb yaşadığı evə getmişdir. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralarında uzun müddət davam edən ədavət səbəbindən əsəblərini cilovlaya bilməyib, onu bıçaqla vurmuşdur, hazırda Zərərçəkmiş şəxs ilə barışmış və törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Müşfiqabad qəsəbsi ərazisində yerləşən avtomobil təmir sexində dəmirçi fəaliyyəti iə məşğul olur. Təqsirləndirilən şəxs hadisədən bir il əvvəl tanımış belə ki, 2020-ci ilin əvvəllərində İntizar idarə etdiyi “Fiat Albeo” markalı avtomobillə onun işlədiyi sexə gəlmişdir. O, İntizarın idarə etdiyi avtomobilinin buferini pis vəziyyətdə olduğunu görüb, həmin avtomobilə aid onda buferin olduğunu bildirmişdir. O, İntizara həmin buferi 140 manata sata biləcəyini bildirmişdir. İntizar onunla razılaşandan sonra o, həmin buferi sonuncuya vərmişdir. Bundan sonra o, İntizardan buferin pulunu istəmiş və İntizar buferə görə ona 20 manat pul vermişdir. O, İntizardan pulun qalan hissəsini istəmiş və bu zaman İntizar heç bir səbəb olmadan onu söyməyə başlamışdır. O, İntizara sakit şəkildə verdiyi avtomobil hissəsinə görə pulunu istədiyini bildirmişdir. İntizar isə ona pulun avtomobildə olduğunu bildirib, avtomobilinə tərəf getmişdir. Daha sonra isə o, İntizarı avtomobilində özünə kəsici alətlə xəsarət yetirdiyni görmüşdür. Bununla əlaqədar İntizar ondan Abşeron RPİ-nə şikayət etmiş və həmin şikayət əsasında idarədə araşdırma aparılmışdır. 27.03.2021-ci il tarixdə o, avtotəmir sexində işdə olduğu zaman, İntizar onun iş yoldaşı olan Gündüzün yanına gələrək nə üçün avtomobilini təmir etmədiyini Gündüzdən soruşmuşdur. Gündüz İntizara narahat olmamağı və tez bir zamanda avtomobilini düzəldəcəyini demişdir. İntizar Gündüzə söyüş söymüş, bundan sonra o, İntazara artıq hərəkətlər etməməsini bildirmişdir. Daha sonra İntizar əsəbi şəkildə idarə etdiyi avtomobili səkiyə qaldırmışdır. İntizarın bu hərəkətlərindən sonra o, İntizarı təhqir etmiş və həmin zaman onun yanında olan İntizarın bacısı oğlu İntizara bu barədə məlumat vermişdir. Məlumat aldıqdan sonra İntizar onun üzərinə gəlmiş, onların arasında mübahisə başlamışdır. Həmin mübahisə nəticəsində o, İntizara xəsarət yetirmiş və bununla bağlı Bakı şəhəri Binəqədi RPİ-də araşdırma aparılmışdır. 22.04.2021-ci il tarixdə saat təxminən saat 17 radələrində o, idarə etdiyi “Mersedes Benz“ markalı avtomobillə işlədiyi sexə getmiş və avtomobildən düşən zaman İntizarın orada olduğunu görmüşdür. O, sexə tərəf getmiş və İntizar ona yaxınlaşaraq, əlini uzadıb onunla görüşmək istəmişdir. O, İntizara salam vermədən işi ilə məşğul olmasını bildirmişdir. Həmin anda o, ayağında ağrı olduğunu hiss etmiş və İntizara tərəf çönəndə, sonuncunun əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra İntizar əlində olan bıçaqla yenidən onun döş qəfəsinə zərbə endirmişdir. İntizarın bu zərbələrindən yayınmaq üçün sonuncunu itələmiş və yerdə olan dəmir parçasını götürüb İntizarın arxasıyca qaçmışdır. Daha sonra o, özünü bir qədər pis his edib yerə yıxılmışdır. Həmin vəxtı işlədiyi sexin qarşısında olan şəxslər ona ilkin yardım göstərib, X7 zəng etmişlər, TTY-ın avtomobili gəldikdən sonra onu xəstəxanaya götürmüşlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərdi ki, baş vermiş hadisə ilə bağlı hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən avtomobil təmiri sexində mühərrik ustası kimi işləyir, işlədiyi sexin yanında isə qaynaqçı kimi Zərərçəkmiş şəxs Hüseyn oğlu da işləyir. Təqsirləndirilən şəxs isə təxminən 2021-ci ilin mart aynıdan tanımış, həmin ərəfələrdə sonuncu onun yanına avtomobilinin mühərrikini təmir etdirmək üçün avtmobilini gətirmiş, İntizar ilə də onun normal münasibəti olmuşdur. 22.04.2021-ci il tarixdə təxminən saat 17 radələrində iş yerində sexin içərsində olduğu zaman, İntizar onun yanına gəlmiş, belə ki, o, sonuncunun avtomobilinin mühərrikini tam təmir edib qurtarmamışdı. İntizar onunla bir az söhbət etdikdən sonra, sexdən bayrıa çıxmış və təxminən 5-10 dəqiqədən sonra sexlərin qarşısından səs-küy gəldiyni eşitmiş və işlədiyi sexdən bayıra çıxmışdır. Bayıra çıxdığı zaman o, Mehdinin əlində dəmir linqlə İntizarın arxası ilə qaçdığını görmüş, İntizarın əlində isə o, həmin vaxt heç bir şey görməmişdir. Bundan sonra Mehdi dayanaraq yerə yıxılmış, Mehdinin sol ayaq hissəsindən qan axdığını görmüş və orada işləyən şəxslərlə birlikdə Mehdinin əynində olan kombinizonu çıxartmışlar. Həmin vaxtı o, Mehdinin döş qəfəsindən də qan axdığını görmüşdür. Bundan sonra orada olan şəxslədən biri X7 zəng vurmuş və TTY-ın avtmobili gəlib Mehdini xəstəxanaya aparmışdır. Həmin vaxtı o, orada olan şəxslərdən İntizarın Mehdini mübahisə zamanı bıçaqla vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə – tibbi ekspertizasının 04.05.2021-ci il tarixli, 590 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: 1. 1983-cü il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişdir və 22.04.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. 2. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətini və lakolizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi. 3. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədəni əlçatan nahiylərinə yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının 05.08.2021-ci il tarixli, 2420 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarkterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəktəlrini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə – tibbi ekspertizasının 09.08.2021-ci il tarixli, 1179 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: 1. 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Hüseyn oğlunun bədən səthində döş qəfəsin sağ yarısının ön səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası və sol buduna arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adın Respublika Klinik Xəstəxanasına gətirildiyi 22.04.2021-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə döş qəfəsinin sağ yarısının ön səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir, digər deşilmiş-kəsilmiş yaralar isə ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. 2. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər 22.04.2021-ci il tarixdə bıçaqla yetirilən zərbələr nəticsində əmələ gələ bilərdilər. 3. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prоsessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə tоplanmış, yuхarıda sadalanan sübutları tam, hərtərəfli və оbyektiv yохlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəхs İntizar Ərzumanovun zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurma cinayətini törətməsi tam sübut оlunmuşdur. Təqsirləndirilən şəхs İntizar Ərzumanovun qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və оna həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəхsin əməlinin cinayət оlmasını aradan qaldıran hallar, habelə оnun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəхsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun оlaraq törətdiyi cinayətin хarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəхsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon Məhkəməsinin 29.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07.09.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənildiyindən, Təqsirləndirilən şəxs Qobustan rayon Məhkəməsinin 29.02.2016-cı il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs İntizar Ərzumanov evli olmaqla, himayəsində iki nəfər azyaşlı azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxs İntizar Ərzumanovun himayəsində iki nəfər azyaşlı azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, iş üzrə zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə təqsirləndirilən şəxs İntizar Ərzumanovun Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs törətdiyi cinayətin хarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəхsiyyətini, evli olmaqla, himayəsində iki nəfər azyaşlı azyaşlı uşağının olmasını, həyat yoldaşının işləməməklə ailəsinin yeganə qazanc gətirəni olmasını, iş üzrə zərər çəkmiş şəxslə tam barışıq əldə etməsini, zərəçəknmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün olduğundan, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsini 126.1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı və sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməklə və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Bu hissədə hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 01.05.2021-ci il tarixdə onun barəsində Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Binəqədi rayon Məhkəməsi tərəfindən seçilmiş «həbs» qətimkan tədbiri, həmin Məhkəmənin 07.08.2021-ci il tarixli qərarı ilə «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə və ev dustaqlığında olduğu 7 ay 25 gün müddət təyin edilmiş cəzanın müddətindən çıxılı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində хüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və оna 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 25 gün müddəti nəzərə alınsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-187/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-187/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver