Məhkəmə qərarları › İş №1(101)-1870/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1870/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1870/2023 28.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçisi: “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1988-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödəniməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış sahəsi fərdi yaşayış evində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,898 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 15 mart 2023-cü il tarixdə saat 15:30-da ünvan 3 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrıayrılıqda 2,215 qram və 2,683 qram olmaqla ümumilikdə külli miqdarda 4,898 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o 15 mart tarixində Montin saxlanılmışdır. Ondan qabaq isə Emin adlı polis əməkdaşı ilə telefon danışığı olmuşdur. Yaxın bir xanımın xahişi ilə onunla danışmış, ona “polis əməkdaşısan, səndən şikayət olunmasın, pulu gətirib çatdır” demişdir. Emin isə ona gecə növbəsi olduğunu, işdən çıxıb onunla danışacağını demişdir. O həmin adamdan zəng gözləmişdir, amma ona zəng vurmamışdır. Onun yerinə gecə 12 radələrində Rafael və Əhməd Göyçaylı adlı iki şəxs görüntülü yığmış, Eminin dostları olduğunu və Emində 17 min 500 manat pul olduğunu, Eminin həmin pulu zərərçəkmişə verəcəyini demişlər. Həmin şəxslər Emin adlı polis əməkdaşına görə onunla danışırmışlar. Əhməd Göyçaylı danışıq zamanı ona 17 min 500 manat məbləğində pulu Emindən alaraq öz aralarında bölə biləcəklərini demişlər. Ancaq o razılaşmamışdır ki, həmin xanımın xəstə uşağı var və onun pulun bütöv hissəsinə ehtiyacı var. Əhməd və Rafael onunla görüş təyin etmişlər və Montində görüşmək qərarına gəlmişlər. Onunla görüşə təkcə Rafael gəlmiş və o Rafaelə bildirmişdir ki, o bu işdə yoxdur və Əhmədlə özü danışacaq. Rafael çıxan kimi təxmini 10-15 nəfər polis əməkdaşı içəri girmiş və onu saxlamışlar. Ona qandal vurub tutmuşlar. Bu yaşına qədər heç zaman içki və siqaretdən istifadə etməmişdir. Onu idarəyə aparmışlar və orada ona şiddət göstərmişlər. Hətta onu döydükdən sonra həmin xanımı idarəyə gətirib onu da incidəcəklərini söyləmişlər. Əhməd Göyçaylını və Rafaeli tiktokdan qiyabi olaraq tanımış, əvvəllər münasibəti olmamışdır. Narkotik vasitələrdən istifadə etməmişdir. O, pulu bölmək istəmədiyi üçün buna qarşılıq olaraq qanuni tədbir görmək istəmiş, ancaq Eminin əməkdaşı olduğu polis idarəsində ona qarşı olan rəftardan sonra özü həmin şəxslərlə danışmaq qərarına gəlmişdir. İstintaq zamanı verdiyi ifadəni təyziq altında verdiyi üçün təsdiq etmir. Məhkəmə tərəfindən döyülməyi barədə prokurorluğa məlumat verilmişdir. Narkotik vasitəni polis əməkdaşları özləri onun cibinə qoymuşlar. Polislər onu aparan zaman Rafael digər polis işçisi ilə yolun üzbəüzündə söhbətləşirmiş. Bu vaxta qədər narkotikdən istifadə etməmişdir. Onu Montində restoranda olan zaman saxlamışlar. Orada olan polis işçilərindən biri restoranda olan kamera görüntülərini alıb özü ilə aparmışdır. Boyun nahiyəsindən, ayağından, qarın hissəsindən aşağıya xəsarət yetirmişlər. Onu ekspertə aparsalar da onu heç kim yoxlamamışlar. Polisin onun xanım tanışına 30 min borcu olmuş, həmin xanımın da xəstə uşağı var imiş. Polislə qadın arasında ev söhbəti ilə bağlı problem yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkil vəzifəsində çalışır. 15 mart tarixində Nicad adlı şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid3 və Şahid2 tərəfindən həmin şəxsin olduğu yer müəyyən olunmuşdur. Yaxınlaşıb özlərinin təqdim etdikdən sonra, ona nə ilə bağlı yaxınlaşdıqlarını deyib idarəyə dəvət etmişlər. Baş idarədə vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı Nicadın cibindən 2 büküm metamfetamin aşkar edilmişdir. Çantasında isə özünə məxsus şəxsi əşyalar olmuşdur. Həmin narkotik vasitəni Funda hospitalın yaxınlığından tapdığını demişdir. Onu tutan zaman 3 nəfər əməliyyatçı olmuşlar. O, Əhməd və Rafael adlı şəxsləri tanımır. Təqsirləndirilən şəxsə qarşı heç bir təyziq göstərilməmişdir. Nicadı saxlayan zaman o tək olmuşdur. Nicad ayağında olan elektron cihazı baxış zamanı özü təqdim etmişdir. Təqsirləndirilən şəxsi bu işlə bağlı tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə Nərimanov rayonunda yerləşən "Funda” hosbitalın yanında piyada hərəkət edən zaman yerdə 02 ədəd bükümün olmasını görmüşdür. Həmin bükümlər diqqətini cəlb etdiyi üçün götürüb içərisinə baxmış, içərisində kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olmasım görmüşdür. İstifadə etmək məqsədi ilə həmin bükümləri olduğu formada götürüb şalvarının cibinə qoymuşdur. 15 mart 2023-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "'əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda üzərində psixotrop maddə "patı” olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Daha sonra Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində psixotrop maddə olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 mart 2023-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə gəzdirdiyi 01 ədəd qara rəngli çantanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sol ayağının bilək hissəsində olan 01 ədəd elektron aparatı göstərmiş, həmin elektron aparatın ona Nərimanov rayon məhkəməsi tərəfindən verilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə Nərimanov məhkəməsi tərəfindən hökm çıxarılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilməyə başlandı. İlkin olaraq onun təqdim etdiyi 01 ədəd qara rəngli çantaya baxış keçirilmiş, çantanın içərisində 01 ədəd pul kisəsi, Təqsirləndirilən şəxs məxsus xarici pasport, hərbi bilet, “Realfone” markalı mobil telefon, “İphone” markalı mobil telefon, üzərində “Attenti'' yazısı olan elektron cihaz, polietilen qabda olan 01 ədəd fləşkart olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonların ona məxsus olmasını, “Realfone” markalı mobil telefonda hansı mobil nömrəni istifadə etdiyini xatırlamasa da, “İphone” markalı mobil telefonda 050-511-99- 85 saylı mobil nömrəsinin olmasını, “Attenti” markalı elektron cihazın isə ayağında olan elektron nəzarət cihazı ilə əlaqəli olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisindəki 01 ədəd qara rəngli pul kisəsinə baxış keçirilmiş, içərisində 03 ədəd bank kartı, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi olması müəyyən edilmişdir. Daha sonra təqdim olunan 02 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, baxış zamanı sellofan bükümlərin içərisində ağ rəngli, kristallik formada metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bükümləri həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu inzibati ərazisində yerləşən “Funda Hospital” adlı obyektin yaxınlığında olarkən yerdən tapdığını, həmin maddələrin "patı" adlandığını, özünün heç bir zaman narkotik maddə istifadə etmədiyini, həmin maddəni hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin istintaq hərəkəti video çəkilişlə qeydə alınmış və videogörüntüləri özündə əks etdirən 01 ədəd dvd diski cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1594 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs aşkar edilən maddələr...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram və 2,683 qram ümumi təmiz çəkisi 4,898 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi-4,898 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-4,798 qram. (ekspertiza tədqiqatın dəyəri 81 (səksən bir manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 15 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-365/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 5(005)-545/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 15 mart 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-66/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 15 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı iki azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2883 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi də tənqidi yanaşaraq, inandırıcı saymır və onun bu ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Bakı şəhəri Nərimanov rayon Prokurorluğundan məhkəməyə xx.xx.2023-cü il tarixli 192-C-23 nömrəli məktubla sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nərimanov rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2 tərəfindən toplanmış 192-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 15 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 81 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,798 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-66/2022 saylı hökmü ilə təyin eilmiş 01 il 07 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 8 ay 15 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün bərabər tutulmaqla, həmin 4 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03(üç) il 01(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 15 mart 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,798 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar