Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1872/2021 10.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, hakim köməkçisi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə 08 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə saat 10:00 radələrində yaşadıqları ünvan 1 ünvanında yerləşən evin ikinci mərtəbəsində olan yataq otağında aralarında qısqanclıq zəminində şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs evin mətbəxindən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə xəsarət yetirmək istədikdə Zərərçəkmiş şəxs onun bıçaq olan sol əlindən tutaraq özünü müdafiə etməyə çalışarkən fiziki gücü hesabına onu üstələyib sol əlində olan həmin bıçaqla ona qəsdən boynun arxa səthinin, sol bazunun, sağ bel nahiyəsinin, sol budun arxa səthinin səthi kəsilmiş yaraları, sağ əlin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra digər əli və ayağı ilə sonuncunun qarın boşluğundan vuraraq müqavimətini qırdıqadan sonra sol əlində olan həmin bıçaqla döş qəfəsinin sol hissəsindən bir dəfə vuraraq sonuncuya qəsdən döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, daha sonra isə sol əlində olan həmin bıçaqla sonuncunun döş qəfəsinin sağ hissəsindən bir dəfə vuraraq ona qəsdən sağ tərəfli hemopnevmatoraks, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna (daxil) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə saat 02:00 radələrində Ulduzənin yataq otağında özünə məxsus telefonla oynadığını görmüş, Ulduzə onu görən zaman həyəcanlanmış və özünü şübhəli aparmış, o, Ulduzəyə telefonu verməsini bildirmiş, Ulduzə telefonu vermiş, o, telefona baxış keçirən zaman tanımadığı ********** nömrəsindən Ulduzənin telefonuna “whatsapp” vasitəsi ilə 3 dəfə zəng olunduğunu görmüş, Ulduzəyə həmin nömrənin kimə məxsus olması barədə suallar vermiş, Ulduzə isə həmin nömrə barədə heç nə bilmədiyini demişdir. Bundan sonra o, öz telefonu ilə həmin nömrəyə zənglər etməyə başlamış, lakin cavab verən olmamışdır. 20 avqust 2021-ci il tarixdə səhər saatlarında həmin şəxslə telefon əlaqəsi yarada bilmiş, səsi kişi səsinə oxşayan həmin şəxsdən kim olmasını, onun yoldaşına niyə zəng etməsini soruşmuş, həmin şəxs səhv düşdüyünü bildirmiş və telefon danışıqları sona çatmışdır. Bundan sonra o, şübhələnib “Bakcell”in müştəri xidmətlərinə getmiş, Ulduzənin istifadəsində olan, lakin onun adına qeydiyyatda olan ********** nömrəsindən çıxan zənglərin siyahısını əldə etmişdir. Həmin siyahıya baxan zaman ona məlum olmuşdur ki, uzun müddət onların arasında telefon əlaqəsi olmuş, onlar müxtəlif vaxtlarda uzunmüddətli söhbətlər etmişlər. Ona görə də, o, Ulduzəni etdiyi əmələ görə cəzalandırmaq üçün ona xəsarət yetirmək fikrinə düşmüşdür. Bundan sonra saat 10 radələrində o, yaşadığı ünvana qayıtmış və evin mətbəxindən bıçağı götürərək cibinə qoymuş və evin ikinci mərtəbəsinə qalxmışdır. Bu zaman Ulduzənin yataq otağında çarpayıda oturduğunu görmüş, Ulduzənin yanında oturaraq həmin nömrənin kimə məxsus olmasını, həmin şəxslə aralarında nə münasibət olmasını soruşmuş, Ulduzə isə həmin şəxsi tanımadığını, onunla danışmadığını bildirmişdir. O, Ulduzədən təkidlə düzünü deməsini tələb etmiş və zəng etdiyi nömrələrin siyahısını çıxardığını demişdir. Bu zaman Ulduzə ona həmin şəxslə telefonla danışdığını, lakin aralarında heç nə olmadığını bildirmişdir. Bundan sonra o, cibində saxladığı bıçağı çıxarmış və Ulduzəni bıçaqla vurmaq istəyərkən Ulduzə onun bıçaq olan sol əlindən tutmuş və aralarında çəkişmə başlamışdır. Bu çəkişmə bir müddət davam etmiş, çəkişmə zamanı bıçaq Ulduzənin müxtəlif nahiyələrinə sürtülmüş, onun əli kəsilmiş və Ulduzə dırnağı ilə onun sağ bazu nahiyəsini sıyırmış və onun sinə nahiyəsindən zərbələr vurmuşdur. Bundan sonra o, Ulduzənin müqavimətini qırmaq üçün onun qarın nahiyəsindən digər əli və ayaqları ilə vurmuş və Ulduzə onun bıçaq olan əlini buraxmışdır. Daha sonra o, Ulduzənin bədəninə sol əlində olan bıçaqla iki dəfə ardıcıl zərbə endirmiş və geri çəkilərək dayanmışdır. Bundan sonra Ulduzə ayağa qalxaraq qapıya tərəf getməyə başlamışdır. O, Ulduzədən qabaq otağı tərk edərək aşağı mərtəbəyə düşmüş və analığı Zərifəni səsləyərək Ulduzəyə kömək etməsini bildirmişdir. Özü isə bıçaq əlində həyətə çıxmış və Zərifənin tək bacarmayacağını düşünüb qardaşı Elnuru çağırıb avtomobilin açarlarını ona verərək Ulduzənin vəziyyətinin pis olmasını, ona kömək edib xəstəxanaya çatdırmalarını bildirmişdir. Bir anlıq öz etdiyi əməlin nəticələri barədə fikirləşib bıçağı əsəbi halda divara vurmuş, bıçaq əyilmiş və onu həyətin bir kənarına tullamışdır. Bundan sonra bir qədər tək gəzib düşündükdən sonra Xəzər RPİ-yə gəlib törətdiyi əməli etiraf edib təslim olmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, Elnarla 2014-cü ildən rəsmi nikahdadırlar, birgə nikahdan iki azyaşlı övladları vardır. Elnar əvvəllər onu döyməmiş, ona hər-hansı xəsarət yetirməmişdir. Elnarı bibisi Zərifənin vasitəsi ilə tanımışdır. Belə ki, Zərifə Elnarın atası Rafətin arvadı, Elnarın isə analığıdır. Onlar birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi 17-də yerləşən iki mərtəbəli evdə yaşayırlar. 20 avqust 2021-ci il tarixdə saat 02 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi 17-də yerləşən evin ikinci mərtəbəsində olan yataq otağında olarkən Elnar ondan telefonunu istəmiş və o telefonu Elnara vermişdir. Elnar onun telefonuna baxıb daha sonra “whatsapp” vasitəsi ilə edilmiş ***-***- **-** nömrəsindən daxil olan zənglər barədə ondan soruşmuşdur. O isə Elnara həmin nömrəni tanımadığını bildirmişdir. Elnar təkidlə ondan bu nömrə barədə soruşmağa davam etmiş, o isə Elnara təkrar olaraq həmin nömrəni tanımadığını bildirmişdir. Bundan sonra Elnar otağı tərk edərək getmişdir. 20 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində o, yataq otağında çarpayının üzərində oturan zaman Elnar onun yanına gəlmiş və onun yanında oturaraq ona nəyə görə yalan danışdığını, uzun müddət ***-***-**-** nömrəsi ilə telefon danışıqlarının olduğunu öyrəndiyini bildirmişdir. O, həmin şəxslə telefonla danışdığını, lakin aralarında heç nə olmadığını bildirmişdir. Bundan sonra anidən Elnarın sol əlində qara rəngli mətbəx bıçağının olduğunu görmüş, Elnarın bıçaqla onu vuracağını anlayıb qarşısını almaq üçün onun bıçaq olan əlindən tutmuş, oturmuş vəziyyətdə aralarında çəkişmə olmuşdur. Elnar onun əlini buraxmağı üçün əlini güclə kənara çəkmiş, bu zaman o yerində fırlanmış və bıçaq onun müxtəlif nahiyələrinə və boynuna sürtülmüş, lakin Elnarın bıçaq olan əlini buraxmamışdır. Daha sonra Elnar digər əli və ayaqları ilə onun qarın boşluğundan vuraraq onun müqavimətini qırmış və o, Elnarın əlini buraxmışdır. Bundan sonra Elnar həmin bıçaqla onun bədən nahiyəsindən iki dəfə zərbə endirmiş və geriyə çəkilmişdir. O, bu zərbədən sonra ayağa qalxıb qapıya tərəf getməyə başlamış, bunu görən Elnar otağı tərk edərək getmişdir. O, yeriyərək qapıya tərəf getməyə davam etmiş və otaqdan çıxmış, bu zaman Zərifənin ona tərəf gəldiyini görmüş Zərifə ondan yapışmış və onlar birlikdə pilləkəndən aşağı enməyə başlamışlar. Aşağı çatdıqda Zərifə onun əynində olan köynəyi çıxarmış və başqa bir əski parçası gətirərək onun yaralarını tutmuşdur. Bundan sonra qaynı Elnur və atası Rafət də oraya gəlmiş, Elnur ona kömək edərək onu avtomobil vasitəsi ilə xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, Elnar onun əri olmaqla uşaqlarının atasıdır, Elnardan boşanmamış və onunla barışaraq onu bağışlamışdır. Məhkəmədən onun heç bir yerdə işləməməsini, ərinin yeganə qazanc əldə edən şəxs olmasını nəzərə alıb ərinə cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 20 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olarkən Elnarın onu çağırdığını eşitmiş, baxan zaman onun həyətdə həyəcanlı şəkildə durduğunu görmüşdür. Elnar ona dərhal yuxarı qalxıb Ulduzəyə kömək etməyini bildirmiş və avtomobilin açarını ona verib Ulduzəni xəsətaxanaya çatdırmasını demişdir. O, kənardan bu söhbəti eşidən atası ilə birlikdə həyəcanla onların evinə qaçmış və evin birinci mərtəbəsində analığı Zərifənin əlində olan əski parçası ilə Ulduzənin yaralarını tutduğunu görmüşdür. Bundan sonra, Ulduzəyə kömək edib onu avtomobillə Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırmış, buradan isə onu təcili tibbi yardım avtomobili vasitəsi ilə Bakı şəhəri 3 saylı Klinik Xəsatəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 26 avqust 2021ci il tarixli, 1046 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində döş qəfəsinin nöqtəşəkilli qansızması, sağ bazunun sıyrıqları küt əşya (əşyalar), sol əlin kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri 20 avqust 2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin nöqtəşəkilli qansızması, sağ bazunun sıyrıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Sol əlin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Təqsirləndirilən şəxs sol əlində aşkar edilmiş kəsilmiş yara ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 26 avqust 2021-ci il tarixli, 1051 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ tərəfli hemopnevmotoraks, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yarası , boynun arxa səthinin, sol bazunun, sağ bel nahiyəsinin, sol budun arxa səthinin səthi kəsilmiş yaraları deşici-kəsici və kəsici təsirə malik alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən, sağ əlin sıyrığı isə küt əşya təsirindən törənmiş törənmə müddətləri onun “X3” X4 müraciətindən az əvvəl olmaqla, 20 avqust 2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ tərəfli hemopnevmotoraks, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd ( cəmi 2 ədəd) dəşilmiş kəsilmiş yarası istər birlikdə, istərsə də ayrı- ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Boynun arxa səthinin, sol bazunun sağ bel nahiyəsinin, sol budun arxa səthinin səthi kəsilmiş yaraları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdilər. Cinayət işinə əlavə olunmuş məhkəmə-kriminalistik ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 614/MTKŞ-2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin, təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruksiyalı digər alətin (alətlərin) tiyəsinin təsirindən törənə bilər. Cinayət işinə əlavə olunmuş məhkəmə tibbi-bioloji ekspertizasının 14 oktyabr 2021ci il tarixli, 747\2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) / şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən: 1.Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. 2.Təqdim edilmiş bıçağın dəstəyi üzərində qan aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş 20 avqust 2021-ci il tarixli «təqsirini boynuna almaqla könüllü gəlmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə Xəzər RPİ-nə gələrək yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirməsini könüllü olaraq etiraf etməklə polisə təslim olmuşdur. İş materiallarında olan, Zərərçəkmiş şəxs 29 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, əri Təqsirləndirilən şəxs ilə barışmış, onun barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan, Zərərçəkmiş şəxs 26 noyabr 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, əri Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlayır və barəsində heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, könüllü gəlib təqsirini boynuna alması, əməlindən peşman olmaqla səmimi ifadə verməsini, zərər çəkmiş şəxslə barışıq əldə olunmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxslə ər-arvad olmalarını və himayəsində iki azyaşlı uşaqlarının olmasını, arvadının heç bir yerdə işləməməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 06 ildən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdən həbsdə saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır və ona qəti cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı səmimi davranışını, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, sonuncunun onu bağışlamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, habelə cəzasını yüngülləşdirən digər halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını şərti olaraq tətbiq etməklə ailəni qoruyub saxlamaq, azyaşlı uşaqların qayğısına qalmaq və onlara zəruri valideyn qayğısını təmin etmək mümkündür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Xəzər Rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 158, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdən həbsdə saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Xəzər Rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1872/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1872/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver