Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1873/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 07 iyul 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi nömrəsiz fərdi yaşayış evinin qarşısında atası Şahid2 Zərərçəkmiş şəxs olan 80 manat borcunun gecikdirməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı üzərində olmuş istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs sağ əlindən və döş qəfəsinin sol yarısından qəsdən vurub ona döş qəfəsinin sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən və qaraciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya,həmçinin sağ əlin kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müharibə iştirkçısıdır. Zərərçəkmiş şəxs tanımamışdır. Adilin qonşuluqda yaşayan Yaşarın qardaşı olduğunu bilmişdir. Lakin, Adil ilə heç bir münasibəti olmamışdır. 07 iyul 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evin həyətində oturub qarpız kəsərkən bu vaxt Zərərçəkmiş şəxs atası Sərdarı çağırdığını eşitmişdir. Atası həyətə çıxmışdır. Atası həyətə çıxdıqdan sonra həyətdən Adilin atası Sərdar ilə əsəbi halda danışdığını eşidib, qarpız kəsdiyi bıçaqla küçəyə çıxmışdır. Adil ilə atası ondan bir qədər kənarda söhbət etdikləri üçün söhbətlərinin məzmununu eşitməmiş, lakin, Adilin hərəkətlərindən hiss etmişdir ki, Adil atası ilə kobud tərzdə rəftar edir. Bu səbəbdən də Adilə yaxınlaşıb atası ilə əsəbi və kobud tərzdə danışdığına görə iradını bildirdikdə, Adil ona yaxınlaşıb, üzbəüz dayanıb başını onun başına söykəyərək onu hədələyib, onun cavanlığını məhv edəcəyini demişdir. Adilin ondan fiziki cəhətdən qüvvətli olduğunu görüb, onu vuracağından ehtiyat edib, əlində tutduğu bıçaqla Adilin qarın nahiyəsinə bir dəfə zərbə endirib kənara çəkilmişdir. Adil isə qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra, o, əlində olan bıçağı küçədə atıb evə qayıtmışdır. Evdə paltarını dəyişib Sabunçu RPİ-nin 14-cü PB-nə gedib, baş vermiş hadisə barədə məlumat vermişdir. O, bıçaqla küçəyə məqsədyönlü şəkildə çıxmamış və Adili öldürmək niyyəti olmamışdır. O, Adilin onu vuracağından ehtiyat edib Adili qorxuzmaq istəmişdir. Hadisə zamanı onların yanında atası olmuşdur. Təxminən 40- 50 metr onlardan kənarda isə qohumu Kazım olmuş, lakin Kazım aralıda olduğu üçün onun Adili bıçaqla vurmağını görüb-görməməsindən məlumatı yoxdur. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həyətdə oturub qarpız kəsirmiş, ona görə də küçəyə çıxanda bıçaq onun əlində olmuşdur. Zərərçəkmiş şəxs atasına qışqıraraq demişdir ki, nə üçün 80 manat borcunu qaytarmır, onun başına oyun açacaq. O, Adili vurmasaymış, Adil onu vuracaqmış. Onun zərərçəkmiş şəxsi təkrar vurmaq imkanı olmuş, lakin, o, bir dəfə vurub geri çəkilmişdir. Zərərçəkmiş şəxs bədəncə ondan böyükdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamışdır. Onun atası Şahid2 qonşu kimi tanımışdır. 25 iyun 2021-ci il tarixdə Sərdar ondan borca 80 manat pul istədiyi üçün Sərdara 80 manat pul vermiş, lakin Sərdar söz verdiyi tarixdə pulu qaytarmadığı üçün 07 iyul 2021-ci il tarixdə saat 22 radələrində Sərdarın yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar massivi nömrəsiz evin qarşısına gəlmişdir. Bu zaman Sərdar evin qapısı önündə bir nəfər tanımadığı şəxslə dayanmışdır. Sərdara yaxınlaşıb ondan pulunu tələb etdikdə, Sərdar müxtəlif bəhanələr gətirdiyi üçün onu yanına dəvət etmişdir. Sərdarla birlikdə dəmir yolu deyilən əraziyə çatdıqda Sərdar qəflətən geri dönüb ev istiqamətində qaçıb həyətə daxil olmuşdur. Az sonra Sərdarın oğlu Seymur onun üzərinə gəlmiş, həmin vaxtı Seymurun sol əlində bir ədəd mətbəx bıçağı görmüşdür. Seymur əlində olan bıçaqla ona birinci zərbəni endirmişdir. Özünü müdafiə etməkdən ötrü sağ qolunu irəli tutmuş və bıçaq onun sağ əlinə dəymişdir. İkinci zərbə isə onun qarın nahiyəsinə dəymişdir. Bundan sonra o, qaçmış Seymur isə bir qədər onun arxasınca gəldikdən sonra dayanmışdır. Hadisə baş verən yerin yaxınlığındakı mağazadan qardaşı Yaşara zəng edib, hadisə barədə məlumat vermiş, Yaşar bir müddətdən sonra onun yanına gəlmişdir. Yaşarla birlikdə Sərdarın evinə gedib arvadı Natavan və qızı Aytacdan Seymurun harada olması ilə maraqlandıqda Natavan və qızı Aytac onu nalayiq sözlərlə söyüb təhqir etmişlər, o, isə onları itələmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs bağışlayır, onunla barışıq əldə etmişdir və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 07 iyul 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman oğlu Seymur həyətdə qarpız yeyirmiş, əri Sərdar isə işdən evə yeni gəldiyi üçün o, çay süzüb evə daxil olmuşdur. Bir müddət keçmiş qızı Aytac ona həyətdə səs-küy gəldiyini dediyi üçün Aytacla birlikdə həyətə çıxdıqda oğlu Seymurun qarpız doğradığı bıçaqla həyətə çıxdığını görmüşdür. Seymurun arxasınca küçəyə çıxdıqda Zərərçəkmiş şəxs yerə yıxıldığını və tez də ayağa qalxıb qaçaraq getdiyini görmüşdür. Sonra Seymur evə daxil olub ona bıçaqla Adili vurduğunu demişdir. Bundan sonra Seymur atası ilə birlikdə Polis Bölməsinə gedib təslim olmuşdur. Seymurgil getdikdən sonra təxminən saat 23:30 radələrində Adil və qardaşı Yaşar yaşadıqları evə gəlmişlər. Adil onu və qızı Aytacı nalayiq sözlərlə söyüb təhqir etmiş və Seymuru soruşmuşlar. Seymurun təslim olmaq üçün Polis Bölməsinə getdiyini desə də, Adil ona inanmayaraq onu həyətdə yumruq və təpiklə vuraraq sağ ayağından və qarnından xəsarət yetirmişdir. Qızı Aytac onu müdafiə etmək üçün Adilin qarşısına keçdikdə, Adil Aytacın sifətinə yumruqla vuraraq Aytaca da xəsarət yetirmişdir. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları gəlib onları aparmışlar. O, oğlu Seymurun Adili bıçaqla vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs oğludur. O, Şahid1 ilə 1994-cü ildə alilə həyatı qursalar da, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə yaşadığı dövrdə oğlu Seymur və qızı Aytac anadan olmuşlar. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən evdə yaşamışlar. 25 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs borca 80 manat pul istədiyi üçün Adil ona 80 manat pul vermişdir. Lakin maddi imkanı olmadığı üçün söz verdiyi tarixdə pulu Adilə qaytara bilməmişdir. 07 iyul 2021-ci il tarixdə saat 23 radələrində işdən evə gəlmişdir. Həmin vaxt oğlu Seymur həyətdə oturub bıçaqla qarpız yeyirmiş. Bu vaxt Adil yaşadıqları evin qarşısına gəlib onu səslədiyini Samir ona dedikdən sonra, o, yaşadığı evin həyətindən çıxıb Adil ilə görüşmüşdür. Adil ondan borca verdiyi pulu tələb etdikdə, o, Adilə bir neçə gün gözləməsini və hazırda maddi imkanı zəif olduğundan pulu verə bilməyəcəyini dedikdə, Adil onunla kobud tərzdə danışmağa başlamışdır. Bu zaman həyətə oğlu Seymur çıxmışdır. Həmin vaxt Seymurun əlində qarpız kəsdiyi bıçaq var imiş. Adil ilə giriş qapıdan bir qədər kənarda dayanıb söhbət edərkən Adilin onunla kobud tərzdə danışdığını hiss edən Seymur Adilə yaxınlaşıb onunla əsəbi və kobud tərzdə danışdığına görə iradını bildirdikdə, Adil Seymura yaxınlaşıb, üzbəüz dayanıb başını Seymurun başına söykəyərək onun cavanlığını məhv edərəm deyərək Seymuru hədələmişdir. Adil Seymurdan fiziki cəhətdən qüvvətli imiş, Seymur da Adilin fiziki cəhətdən ondan güclü olduğunu görüb onu vuracağından ehtiyat edib əlində olan bıçaqla Adilin qarın nahiyəsinə bir dəfə zərbə endirib kənara çəkilmişdir. Adil isə qaçıb oradan uzaqlaşmışdır. Baş vermiş hadisədən sonra Seymur onunla birlikdə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə getmiş və orada etdiyi əməli etiraf edib olanları danışmışdır. X6 qoyub yaşadığı evə qayıdanda, arvadı Natavan və qızı Aytacdan eşidib bilmişdir ki, Adil onların yaşadığı evə gəlib onları yumruq və təpiklə vurub xəsarət yetirmişdir. Bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin məsul növbətçisi, polis kapitanı Mövlud Məmmədovun 08 iyul 2021-ci il tarixli raportundan görünür ki, 08.07.2021-ci il tarixdə saat 12:37 radələrində vətəndaş Şahid2 DİN-nin 102 xidmətinə zəng edərək oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirməsi, oğlunun 14-cü PB-nə gələrək təslim olması, həmçinin, həmin şəxsin arvadı Natavanı döyməsi barədə məlumat vermişdir. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin məsul növbətçisi, polis mayoru Asif Ələkbərovun 07 iyul 2021-ci il tarixli raportundan görünür ki, 07.07.2021-ci il tarixdə saat 23:20 radələrində vətəndaş X2 DİN-nin 102 xidmətinə zəng edərək narkotik aludəçisi olan Şeydayev Seymur adlı şəxsin qardaşı Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirməsi barədə məlumat vermişdir. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin məsul növbətçisi, polis mayoru Asif Ələkbərovun 08 iyul 2021-ci il tarixli raportundan görünür ki, 08.07.2021-ci il tarixdə saat 00:35 radələrində 3 saylı Sabunçu xəstəxanasının tibb bacısı Novruzova məlumat verərək vətəndaş 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə müraciət etməsini bildirmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2021-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 136-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 06 sentyabr 2021-ci il tarixli, 296/MEŞ nömrəli canlı şəxsin ekspertizasının aparılması barədə tərtib edilmiş ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən və qaraciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ əlin kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti əşyanın, ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri 07 iyul 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ əlin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 139-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 13 sentyabr 2021-ci il tarixli, 434/2021-MTKŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə və onun bədəni üzərində olan xəsarətlər - döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası, sağ əlin kəsilmiş yarası müxtəlif şəraitdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilərdilər. Cinayət işinin 153-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlində olan bıçaqla onun əl və qarın nahiyəsinə vurduğunu bildirərək istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə həmin halı təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 157-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş 13 sentyabr 2021-ci il tarixli, 076-15842 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi bıçağı və hadisəni görən şahidləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 sentyabr 2021-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X3 hadisə zamanı əynində olmuş köynəyi 3 saylı Şəhər Klinik xəstəxanasından götürülmüşdür. Həmin köynəyə baxış zamanı köynəyin üzərində zədə olması müəyyən edilmişdir. Cinayət işinin 187-195-ci vərəqələrində olan 28 oktaybr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 39 və 157-ci maddələri ilə inzibati icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 116-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 24 avqust 2021-ci il tarixli, 1901 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Hazırda onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Cinayət işinin 59-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsindən daxil olmuş 05 avqust 2021-ci il tarixli, 1142 nömrəli arayışdan və arayışa əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdən 09.01.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Qubadlı istiqamətində 31.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində manqa komandiri vəzifəsində xidmət etmiş, “Qubadlının azad olunmasına görə” medal ilə təltif edilmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatrik xəstəxanasından daxil olmuş 09 sentyabr 2021-ci il tarixli, 1/1619 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müalicə üçün 2 nömrəli klinik psixiatriya xəstəxanasına müraciət etməmişlər. Cinayət işinin 158-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 14 sentyabr 2021ci il tarixli, 7766 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 160-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasından daxil olmuş 18 sentyabr 2021-ci il tarixli, 502 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada qeydiyyatda yoxdur. Cinayət işinin 179-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 09 okttyabr 2021-ci il tarixli, 19/51-11232 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin 183-cü vərəqəsində olan Zərərçəkmiş şəxs 16 oktyabr 2021-ci il tarixli istintaq orqanına notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək bildirmişdir, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən, ona qarşı hər hansı bir şikayəti, tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, müharibə iştirakçısı olmasını və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmaması, onun 24.10.2020-ci il tarixdən 09.01.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olması, Qubadlı istiqamətində 31.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində manqa komandiri vəzifəsində xidmət etməsi, “Qubadlının azad olunmasına görə” medal ilə təltif edilməsi, cinayətin ictimai-təhlükəlilik dərəcəsi aradan qaldırıldığı səbəbindən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və o, həbsdən dərhal azad edilməlidir. Onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə i, cinayət işinin 17-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 08 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 76-78-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 4(008)-472/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə olmanın əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan zərər çəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə zadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan zərər çəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1873/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1873/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver