Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1875/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X10 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxsin hüquqi varisi - X2 iştirakı ilə, 25 avqust 1977-ci il tarixdə Lerik rayonunun Andurma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Lerik rayonu, Çayrud ərazi dairəsi, Andurma kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi soyuq silahdan istifadə edərək qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə aralarında uzun müddətdir davam edən ailədaxili münaqişələr səbəbindən arvadının 08 iyul 2021-ci il tarixdə birgə nikahdan olan övladları Şahid3, Şahid4 və Ruqəyyə Cəfərova ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşadıqları evdən çıxaraq kirayə qalmağa başlamasından və ondan rəsmi olaraq boşanmaq istəməsindən qəzəblənib, qısqanclıq zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə hadisədən bir gün əvvəl zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan tipli soyuq silah hesab olunan ov bıçağını istintaqa məlum olmayan mənbədən əldə edib Zərərçəkmiş şəxs 24 iyul 2021-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında işlədiyi gözəllik salonuna gedən zaman, sonuncunu arxadan güdüb yaxınlaşaraq, cinayətkar niyyətini həyata keçirmək üçün üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sağ kürək nahiyəsinin daxilə döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sağ kürək nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol kürək nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya, ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid sol kürək nahiyəsinin 1 ədəd, sağ kürək nahiyəsinin 1 ədəd daxilə döş boşluğuna nüfuz etməyən, sol saidin yuxarı üçdə birinin arxa səthinin 1 ədəd, sol saidin orta üçdə birinin bayır səthinin 1 ədəd, sol saidin orta üçdə birinin arxa səthinin 1 ədəd, sol saidin aşağı üçdə birinin bayır səthinin 1 ədəd, sağ saidin orta üçdə birinin bayır səthinin 1 ədəd (cəmi 11 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol bazunun yuxarı üçdə birinin arxa səthinin 1 ədəd, sol əlin arxa səthinin 1 ədəd (cəmi 2 ədəd) kəsilmiş yaraları kimi xəsarətlər yetirib, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2008-ci ildə qarşılıqlı istək, məhəbbət əsasında rəsmi nikaha girməklə ailə qurmuşdur. Xatirə ilə əslində həm də köhnədən qohumdurlar. Belə ki, həyat yoldaşı həm də onun xalası nəvəsidir. Uzun illər xoşbəxt və qarşılıqlı anlaşma şəraitində yaşamış, heç vaxt aralarında ciddi bir problem olmamışdır. Xatirənin anası dünyasını dəyişmiş və atası Ramazan Nailə adlı qadınla evlənmişdir. Xatirə ilə birgə nikahda olduqları müddətdə üç qız övladları doğulmuşdur. Qızları Zəhranın 13, Zeynəbin 12, Ruqəyyənin isə 4 yaşı var. Ailə qurduqdan sonra ilk vaxtlarda qardaşı Cabirin Binə qəsəbəsindəki evində yaşamışlar. Tədricən halal zəhmətlə çalışıb əsasən istixanalarda işləməklə min bir əziyyətlə Binə qəsəbəsində fərdi yaşayış evi tikmiş və ailəliklə özlərinə məxsus həmin evə köçüb yığışmış, normal həyatlarını davam etdirmişlər. Həyat yoldaşı uzun müddət heç yerdə işləməmiş, körpə uşaqlarına qulluq etmiş, yeganə işləyən kimi ailənin bütün təminatı onun üzərində olmuşdur. Həmişə evdə işləməkdən söhbət düşəndə Xatirə ona dəfələrlə qadın salonu açıb saç ustası kimi işləmək arzusunda olduğunu bildirmiş, o da həyat yoldaşına imkan olan kimi onun üçün bu işi təşkil edəcəyinə söz vermişdir. Təxminən 5 il əvvəl o, Xatirənin bu istəyini yerinə yetirmiş, evinin qarşısında qadın salonu tikib-düzəltmiş və Xatirə orada qadın müştəriləri qəbul edərək saç düzəltməklə məşğul olmağa başlamışdır. Bundan sonra da aralarında ciddi bir mübahisə olmamış, hər bir ailədə olan kimi arabir söz-söhbət olmuş, amma az müddətdə hər şey normallaşmışdır. 2020-ci ilin yanvar ayının ilk günlərində Yeni il bayramı ilə əlaqədar həyat yoldaşını və uşaqlarını özü ilə götürüb şəhərə gəzintiyə aparmışdır. Evdən çıxanda Xatirə salonda işlətmək üçün saçla bağlı hansısa dərman da almalı olduğunu bildirmişdir. Dərmanı gətirəcək şəxsin kim olmasını o ümumiyyətlə bilməmiş, bu şəxslə Xatirə qabaqcadan özü telefonla əlaqə saxlayıb danışmışdır. Şəhərdə gəzinti zamanı Xətirənin təkidi ilə dərmanı götürməli olduğu şəxsi görməsi üçün metronun “Sahil” stansiyasının yaxınlığına gedib gözləməyə başlamışlar. Bir saata yaxın orada körpə uşaqlarla dayanıb gözləməkdə davam etmişlər. Həmin müddətdə Xatirə elə telefonla danışmış, kimliyini bilmədiyi həmin şəxsin gələcəyini demişdir. Orada dayandıqları vaxtda Xatirə ümumiyyətlə uşaqlara diqqət etməmiş, fikrizikri elə dərman gətirəcək şəxsin gəlməsində və telefonda qalmışdır. Üç körpə qız uşağını saxlamaqda o da çətinlik çəkmiş və dəqiqələr ötdükcə onun özündə də əsəbilik yaranmışdır. Nəhayət, Xatirə növbəti dəfə telefonla danışaraq dərman gətirən şəxsin yaxınlaşdığını deyib cəld insanların arasından hərəkət edib ondan aralanmışdır. Yəni, Xatirə aşkar şəkildə elə hərəkət etmişdir ki, görüşüb dərman götürəcəyi şəxsi o görməsin. Əlində saxladıqları uşaqların ağlamaları, dartınmaları və Xatirənin onu bir saata yaxın belə vəziyyətdə qoyub tam laqeydlik göstərməsi və sonda da belə hərəkət etməsi bir kişi, ər olaraq onu daha da qıcıqlandırmış, ürəyinə şübhələr salmışdır. Az sonra Xətirə qayıdıb dərmanı götürdüyünü demiş, hirsini cilovlaya bilməyib ona iradını bildirmiş, uşaqları gəzməyə çıxardıqları halda bir saata yaxın müddətdə niyə soyuqda, açıq havada dayanmaqla hansısa dərmanı gözləməli olduqlarını deyib acıqlanmışdır. Xatirə isə onun iradı ilə nəinki razılaşmamış, əksinə, özü ona kəskin etiraz etmişdir. Şəhərdə gəzməkdə olduqları, əyləşdikləri müddət ərzində də Xatirə dayanmadan onun ünvanına deyinmiş, xoşagəlməz sözlər işlətmişdir. Metroda olarkən də, Xatirə üç körpə uşağa və ona heç bir diqqət göstərməmiş, uşaqlara ümumiyyətlə nəzarət etməmiş, sanki yanında heç kim yox imiş kimi və bütün bunları onun acığına edirmiş kimi özünü çox sərbəst aparmış, dayanmadan telefonla oynamış, yazışmış, danışmışdır. Xatirənin bu davranışı, gözləmədiyi saymaz münasibəti, hədsiz sərbəstliyi, uşaqlara ümumiyyətlə nəzarət etməyib onun öhdəsinə buraxması bir ər kimi onu daha da qəzəbləndirmişdir. Elə həmin əhvalla da evə qayıtmış, evdə də uşaqlarla yenə özü məşğul olmuş, uşaqları yatızdırmış, sonra da Xatirəni yanına çağırıb niyə belə davrandığını soruşmuşdur. Xatirə isə əsassız yerə, heç bir səbəb olmadan onu günahlandırmağa başlamış, ona «şərəfsizsən» demiş, o da əsəbiləşib arvadını döymüşdür. Növbəti gün münasibətləri normallaşmış, narazılıq qalsa da ümumən sakitçilik olmuşdur. Bu hadisədən 4-5 gün sonra evdə Xatirəyə ona çay süzməsini dedikdə, sonuncu cavabında “sənə pox da” düşmür ifadəsini işlətmiş, onu təhqir etmişdir. Ümumiyyətlə, elə o günlərdə Xatirənin davranışının tam dəyişildiyini, onun gah normal davrandığını, gah da tam fərqli insana çevrilərək onu təhqir etdiyini, çox saymazyana hərəkətlərə yol verdiyini müşahidə etmişdir. Ürəyində Xatirənin ona xəyanət etməsi ilə bağlı şübhələr güclənməyə başlasa da bunu təsdiq edə biləcək sübutu da olmamışdır. Elə həmin günlərdə üzünü qırxdığı ülgücü Xatirənin götürüb ayağını təmizlədiyini görmüş, yaxınlaşıb bu hərəkətin düzgün olmadığını deyib ülgücü Xatirənin əlindən almışdır. Bu bir bəhanə olmuş və Xatirə yenə şiddətli davranış göstərmiş, aralarında buna görə mübahisə düşmüş və o əleyhinə olduğu halda Xatirə uşaqları da götürüb atası Ramazanın evinə getmiş, bir müddət atası evində qalmışdır. Həmin günlərdə dəfələrlə Xatirəyə zəng edib evə qayıtmasını təklif etsə də arvadı razılaşmamışdır. Bütün bunlar ailə başçısı kimi ona çox pis təsir etmiş, ürəyindəki şübhələr onu daim narahat etmiş, amma heç bir halda ailəsinin dağılmasını ağlına belə gətirməmişdir. Sonra yenə qaynatası Ramazana zəng edib Xatriənin uşaqlarla birlikdə evinə dönməsi üçün xeyli danışmış, Ramazan da razılaşıb 2-3 gün sonra qızı evə qaytara biləcəyini demişdir. Ramazanla olan danışıqlardan onun da qızı ilə tam bacarmadığını, aciz qaldığını aşkar hiss etmişdir. Amma həqiqətən də qaynatası dediyi kimi bir neçə gün sonra Xatirəni və uşaqları evə qaytarmışdır. Evə qayıdan həyat yoldaşını və uşaqlarını xoş üzlə qarşılamış, Xatirəyə «xoş gəlmisən» demiş, Xatirə isə cavabında ona «nə deyirsən, şərəfsiz» ifadəsini işlədib onu təhqir etmişdir. Qapıdan onları yola salan Ramazan aralanıb getdiyindən qızının ona dediyi bu sözləri eşitməmiş, onun özü də əslində o anda Ramazan kişinin bu biabırçı vəziyyəti eşitməsini də istəməmişdir. Amma o bu təhqirdən sonra Xatirənin üstünə getməmş, sakitcə həyat yoldaşına belə söz deməyin düzgün olmadığını bildirmiş, evə yenicə qayıtmış, özü də belə əhvalda olan Xatirənin daha da özündən çıxa biləcəyini ehtimal edərək mübahisə etmək istəməmişdir. Bu narazılıqlar başlanan vaxtdan etibarən Xatirə onunla bir yerdə yatmaqdan, arvad kimi vəzifəsini icra etməkdən imtina etmiş, onu ümumiyyətlə yaxın buraxmamış, ayrı otaqda yatmışdır. Özlüyündə bunun müvəqqəti olduğunu düşünsə də bu hal uzun müddət davam etmişdir. Ona görə də Xatirəyə iradını, yaranmış hala görə ər kimi narazılığını bildirməyə başlamış, amma arvadı ona heç bir əhəmiyyət verməmişdir. May ayının dəqiq xatırlamadığı günlərinin birində günorta saatlarında işdən evə gəlmiş, Xatirənin bəzənib-düzəndiyini, həm də onun üzünə baxıb güldüyünü görmüş, ona görə də yaxınlıq üçün arvadına yaxınlaşmışdır. Amma Xatirə qəflətən onu təhqir etməyə başlamış və «sənin üçün bəzənməmişəm» demişdir. Xatirənin bu sözü ona çox pis təsir etmiş, kişi kimi qüruru alçalmış, amma birtəhər özünü toparlayıb sakit durmuşdur. Həm də ona görə sakit durmuşdur ki, nə qədər ürəyində şübhələr artsa da Xatirənin ona xəyanət etməsi fikrinə gəlmək üçün əsası olmamışdır. Belə düşünmüşdür ki, yəqin Xatirə bu sözləri ona mənəvi işgəncə vermək üçün deyir. Fikirləşmişdir ki, əslində çox kinli insan olan Xatirə onu döyməyinin əvəzini bu üsulla, belə danışıqlarla çıxırmış. Həmin gecə yatmağa gedərkən, o, yaxınlıq üçün Xatirəyə yataq otağına gəlməsini desə də Xatirə gəlməmişdir. Ona görə də özü gedib arvadının əlindən tutub yataq otağına gətirmiş, amma Xatirə özünü çox aqressiv aparmış, yaxınlıq etməmişdir. Buna baxmayaraq Xatirə onun yanında uzanmış və bir müddət sonra yuxuya getmişdir. O isə namaz qıldığından telefonunda Qurandan ayə qoyub səsinə qulaq asmışdır. Xatirə də əvvəllər namaz qılmış, amma sonra bunu atmışdır. Az sonra siqaret çəkmək üçün otaqdan çıxmış və qayıdanda Xatirəyə yaxınlaşmaq istəyərkən arvadı qəti olaraq etiraz etməyə başlamış, nalayiq sözlər işlətmişdir. O, əsəbiləşib sakit şəkildə arvadına düzgün hərəkət etmədiyini demiş və bunun cavabında Xatirə gecənin o vaxtında daha da bərkdən qışqırmağa, söyməyə başlamışdır. Özü çox hirslənsə də vəziyyətin daha da gərginləşdiyini görüb Xatirəyə bir kəlmə “axırda əlimdə öləcəksən” deyib otaqdan çıxmışdır. Bir gün sonra işdən evə gələrkən Xatirənin ondan Polis Bölməsinə şikayət etdiyini eşitmişdir. Məlum olmuşdur ki, Xatirə şikayətində qadın xəstəliyinin olduğunu, cinsi əlaqədə olmaq istəmədiyi halda ərinin onu məcbur etdiyini, boğazını sıxdığını, ölümlə hədələdiyini yazmışdır. X12 dəvət edib sorğu-sual etmişlər. Hər şeyin əslində başqa cür baş verdiyini deməklə yenidən atası evinə getmiş Xatirəni yalançı çıxartmaqla arvadını pis vəziyyətə sala biləcəyindən ehtiyat etmiş, bu düşüncə ilə də hər şeyi öz boynuna götürüb ailədaxili məsələ kimi məsələnin bitməsini istəmişdir. Sonradan aralarında barışıq əldə olunduğundan araşdırma yekunlaşmışdır. Qohum-əqrəba işə qarışmış, onların təkidi ilə Xatirəni atası evindən onun evinə gətirmişlər. Ancaq Xatirə sonralar da onu təhqir etməkdə davam etmiş, faktiki normal ailə kimi yaşamamışlar. Xatirə həm də uşaqlara qarşı kobudluğa başlamış, uşaqları incitmiş, ancaq onların üstünə qışqırmaqla ünsiyyətdə olmuşdur. Şəxsən özü Xatirənin qardaşı Əzizağaya, yəni qaynına müraciət edib bacısının onunla yola getmədiyini, daim təhqir etdiyini, bu təhqirləri ilə onu dözülməz vəziyyətə gətirdiyini və sonunda bir hadisə törətmək istəmədiyindən atalarına da deyib Xatirəni başa salmaqlarını istəmişdir. Bir gün sonra o işə getdikdən sonra Xatirə uşaqları da götürüb, atası evinə getmişdir. Bu özbaşınalığına çox əsəbiləşdiyindən hətta Xatirənin işlətdiyi salondakı əşyaları yandırmaq istəmiş, amma birtəhər özünü cilovlayıb bunu etməmişdir. Həmin gedişindən sonra Xatirə təxminən beş ay atası evində qalmışdır. Həmin müddətdə o müntəzəm olaraq uşaqları ilə zəngləşmiş, görüşmüş, imkan olanda isə Xatirəyə hər dəfə barışmaq istədiyini çatdırmışdır. Amma arvadı cavabında hər dəfədə də onu təhqir etmişdir. 2020-ci ilin dekabr ayında növbəti dəfə uşaqları ilə danışmaq istəyərkən Xatirə buna imkan verməmiş, ona görə də Xatirənin analığı Nailəyə zəng vurub Xatirənin belə hərəkətlərinin onu qıcıqlandırdığını, bir həddə çatdırdığını demişdir. Nailə də telefonu Ramazana ötürmüşdür. O, Ramazandan niyə uşaqlarını öz evində saxladığını və qızını başa salmadığını soruşmuşdur. Ramazan da qızının öhdəsindən gələ bilmədiyini, əlacsız olduğunu bildirmiş, sonra onun qaynatasının evinə gəlməyinə dair razılığa gəlmişlər. O, Ramazanın evinə getmiş, normal şəkildə salamlaşmış və Ramazan onun yanında ağlamağa başlamışdır. Həmin vaxt Xatirə digər otaqda olmuş və bir müddət sonra onların yanına gələrək, onu günahlandırmağa başlamış, guya onun atasını yoldan çıxartdığını və buna görə də atasının onu evdən qovmaq istədiyini deməyə başlamışdır. Arvadına müraciət edib əyləşib sakit söhbət edib məsələni aydınlaşdırmağı təklif etmiş, ancaq Xatirə qışqıra-qışqıra otaqdan çıxmışdır. O, Ramazanla oturub yemək yemiş və uşaqları özü ilə aparacağını bildirmişdir. O, uşaqlara hazırlaşmaqlarını dedikdə, Xatirənin qonşu otaqda ağladığını eşitmişdir. O, Xatirəyə yaxınlaşıb, əzizləməyə başlamış və onun xatirinə hər şeydən keçməyə razı olduğunu demişdir. Xatirə evə qayıdacağını, ancaq ondan həyat yoldaşı, arvadı kimi heç nə istəməməyini, ona arvadlıq etməyəcəyini bildirmiş, həm də onun üçün ayrı ev almasını istəmişdir. O, arvadının əsəbi olduğundan belə danışdığını düşünmüş və evə qayıtması üçün dedikləri ilə razılaşmışdır. Onlar birlikdə evə qayıtmışlar. Amma evdə yenə mütəmadi Xatirənin inadkarlığına görə dəfələrlə mübahisələri baş vermişdir. 2021-ci ilin qış aylarında dəqiq tarixini xatırlamadığı gündə səhər tezdən uşaqları məktəbə aparmaq üçün yerindən qalxmış, Xatirəni də uşaqlara yemək hazırlaması üçün oyatmışdır. Ancaq Xatirə gec durduğundan vaxt darlığı yaranmış və həmin tələskənlikdə uşaqlardan birinin çantası evdə qalmışdır. O, uşaqları məktəbə aparıb yenidən evə qayıdaraq qalan çantanı götürüb məktəbə aparmalı olmuşdur. Həmin vaxt evə dönüb çıxanda Xatirənin bu cür səhlənkarlığına əsəbiləşmişdir. Məktəbdən yenə evə qayıtmış və özünə çay süzərkən təsadüfən, ehtiyatsızlıqdan qabın birini salıb sındırmışdır. Həmin vaxt Xatirə ona əsəbiləşərək “sən bu evə qab almısan ki” ifadəsini işlətmişdir. Dözməyib onu bezdirmiş Xatirənin boğazından tutub nə istədiyini demiş, sonra isə sakitləşib arvadını buraxmışdır. Xatirə səs-küy salıb başı açıq vəziyyətdə həyətə çıxmaq istəyərkən onu tutub saxlamışdır. Ona görə saxlamışdır ki, həmişə hicab geyinən arvadını çöldə-bayırda kimsə hicabsız qışqıra-qışqıra küçəyə çıxdığını görməsin. Həmin mübahisədən sonra əlinə bəhanə düşən Xatirə yenə polisə şikayət etmişdir. X9 çağırmışlar. Bölmədə Xatirə onun tərəfindən döyüldüyünü demiş, hər ikisinin izahatı alınmış və evə gəlmişlər. Sonra qohumların təkidi ilə Xatirəni müalicə etmək üçün psixoloqun yanına da aparmışlar. Bölmədə isə şikayət barışıq əsasında bağlanmışdır. Aygün adlı psixoloq Xatirənin çox əsəbi olduğunu, əsəblərinin yerində olmadığını deyərək bir neçə seans qəbul etmək üçün onun yanına gəlməli olduğunu demiş, ancaq Xatirə sonradan psixoloqun yanına daha getməmiş, özündə heç bir problem olmadığını deyərək yenə onun üstünə gəlmiş, problemlərin əslində onda olduğunu bildirmişdir. Buna baxmayaraq hər ikisi psixoloqun verdiyi məsləhətlərə riayət etmişlər və bir müddət sakitçilik olmuşdur. Novruz bayramından sonra o, arvadına yenə psixoloqun yanına getməsini təklif' etmiş, Xatirə isə bundan imtina edərək getmək istəmədiyini demişdir. Yaranmış vəziyyətdə arvadını psixoloji, əsəbi vəziyyətdən çıxartması üçün özü psixoloq Aygünə zəng vurmuş və ondan Xatirəyə zəng vurub müalicəyə çağırmasını xahiş etmişdir. Aygün də Xatirəyə zəng vurmuş, amma arvadı psixoloqun özünün də dəvətini qəbul etməmiş, Aygünün yanına getməmişdir. Psixoloqla əlaqə saxladığı vaxtlarda Xatirə təhqirləri bir az yığışdırmışdır. Sonradan adi günlərin birində evdə olarkən arvadından nə isə istəmiş, cavabında Xatirə yenə heç nədən əsəbiləşib onunla mübahisə etməyə başlamışdır. Əsəblərini cilovlaya bilməyib Xatirənin üstünə getmiş, ancaq arvadının yenə polisə şikayət edəcəyini düşünüb sakitləşərək geri çəkilmişdir. Sonra yuyunmaq üçün hamama girmiş, hamamdan çıxanda heç nə etmədiyi halda Xatirə onun üstünə hücum edib ucadan qışqırmağa başlamışdır. Səslərinə qonşular gəlmiş və Xatirəni sakitləşdirməyə çalışmışlar. Amma Xatirə qonşulara da qulaq asmayıb səs-küyü davam etdirmişdir. Yəni, faktiki olaraq belə bir davranışı ilə Xatirə öz bildiyi kimi yaşamış, ailəyə heç bir qayğı göstərməmiş, salondan qazandığı puldan evə heç nə xərcləmirmiş, əksinə, onun evə gətirdiyi qazancdan istifadə etməyə çalışmışdır. Xatırlayır ki, Xatirəyə evlərinin həyətinin darvazasının olmadığını demiş və pullarını birləşdirib darvaza düzəltdirməyi təklif etmişdir. Amma Xatirə kobud şəkildə cavab verib ona pul verməyəcəyini, pulunu özü üçün yığdığını demişdir. Habelə mətbəx otağında təmir işləri apararkən Xatirəyə birləşib mətbəx üçün mebel almağı təklif etmiş, amma Xatirə yenə razılaşmamış və həm də onsuz da ondan boşanacağını, bir yerdə yaşamayacağını bildirmişdir. Həmin vaxt o, əsəbiləşib arvadından pulu nə üçün yığdığını, fikrinin nəhayətdə nə olduğunu soruşmuş, pulu onun tikdiyi salonda işləyib qazandığını demişdir. Amma Xatirə ona yığıdığı pulların yerini deməmiş, həm də bir qəpik də pul verməmişdir. Sonra arvadından salonun açarlarını və mobil telefonunu almışdır.O anda Xatirə sanki yumşalmışdır. Həmin vaxt salona müştəri gəlmiş və Xatirə ondan açarları xahiş etmiş, o da vermişdir. Xatirə salonda müştərini yola salıb işini yekunlaşdırıb gələrək ondan telefonunu istəmiş, o da qaytarmışdır. Həmin vaxt Xatirə özünü normal aparmağa başlamış, hətta onun paltarlarını da ütüləmiş, o da yenə dava olmasın deyə arvadının üstünə getməmişdir. Bir gün sonra o işə getmiş, qayıdanda Xatirənin yenə paltarlarını və uşaqları da götürüb getdiyini, salonun açarlarını isə evdə qoyduğunu görmüşdür. Xatirəyə zəng vurub bunun nə məsələ olduğunu soruşmuş, evə gəlməsini istəmiş, sonuncu ondan boşanacağını və daha ayrı yaşayacağını demişdir. Bir daha Xatirəyə evə qayıtmağını dedikdə sonuncu razılaşmamış və kirayə ev tutduğunu bildirərək daha onu axtarmamasını təklif etmiş, əks halda polisə şikayət edəcəyini vurğulamışdır. Bu hadisədən 3-4 gün sonra Xatirəyə zəng edib uşaqlarla danışmaq istədiyini demişdir. Uşaqlarla əlaqə saxlayıb Qurban bayramı günlərində görüşəcəklərini demişdir. Həmin vaxt Xatirə görüşlə bağlı razılaşmayaraq, oktyabr ayında boşanma ilə bağlı məhkəmə proseslərinin olacağını və yalnız bundan sonra uşaqları görə biləcəyini bildirmişdir. Hər tərəfdən ona qarşı dözülməz münasibət göstərən arvadının bu hərəkətlərindən çox hiddətlənmiş, qəzəbli və əsəbi vəziyyətdə qalmışdır. Hadisədən 4 gün əvvəl o, Xatirəyə zəng etmiş, amma arvadı zənginə cavab verməmişdir. Ona görə də başqa nömrədən istifadə etməklə Xatirəyə zəng vurmuş və sonuncu bu zəngə cavab vermişdir. O, uşaqlarla danışmış, uşaqlarını görmək istədiyini bildirmiş və arvadını buna razı sala bilmişdir. Həmin gün Xatirə taksi ilə uşaqları onun yanına göndərmiş, uşaqlar biriki gün onunla qalmışdır. Sonra isə uşaqları Xatirənin dediyi yerə, yəni analarının onları götürəcəyini bildirdiyi yerə aparmışdır. Deyilən yerdə uşaqları düşürtmüş, sonra da əlaqə saxlayıb uşaqları götürüb-götürmədiyini soruşduqda, Xatirə onları götürdüyünü bildirmişdir. Yenə evə qayıtmasını təklif etmiş, amma Xatirə daha onun yanına gəlməyəcəyini bildirmişdir. 23 iyul 2021-ci il tarixdə evə soyuducu almaq üçün Binə qəsəbəsinin mərkəzində gedərkən təsadüfən Xatirəni orada yerləşən salonların birində görmüşdür. O, kənardan durub həmin istiqamətə baxaraq müşahidə aparmış və Xatirənin həmin salonda işləməyə başladığını başa düşmüş, bu vəziyyət onu daha da hiddətləndirmiş, onu atıb getmiş, başqa yerdə ondan icazəsiz kirayədə yaşamağa, həm də tikdiyi salonu qoyaraq başqa birisinin salonunda işləməyə başlamış arvadının hərəkətləri səbr kasasını daşırmışdır. Həm də bu şəkildə davam edərsə faktiki nəzarətiz qalan üç qız uşağının gələcəyinin yaxşı heç nə vəd etmədiyini təsəvvür edərək daha da hiddətlənmişdir. Yaxınlıqdakı kiçik mağazadan açılıb-qatlanan bıçaq almış və yenə salonun yaxınlığına qayıtmışdır. Artıq özündə olmamışdır. Bir müddət sonra qızı Zeynəbin əlində iki ədəd çanta ilə salona gəldiyini görmüşdür. Günorta saatlarında Xatirə və Zeynəb salondan çıxıb bazara getmiş, o da onların arxasınca getmişdir. Sonra onlar yenə salona qayıtmışlar. Saat 20 radələrində salondan çıxıb dükana girmiş, alış-veriş edib kirayə qaldıqları evə getmişlər. O da öz evinə qayıtmışdır. 24 iyul 2021-ci il tarixdə səhər saatlarında Xatirənin kirayə qaldığı evin yaxınlığına getmiş, bir qədər gözlədikdən sonra Xatirənin çıxmadığını görmüşdür. Hadisə baş vermiş yerdən təxminən 200 metr aralıda dayanıb Xatirəni gözləməyə başlamışdır. Dayandığı yerdən küçənin hər iki tərəfi göründüyündən Xatirə haradan gələsi olsa idi, sonuncunu görə biləcəkdi. Bir az keçmiş Xatirənin gəldiyini görərək ona yaxınlaşmış və yenə evə qayıtması üçün onu razılaşdırmağa çalışmışdır. Amma Xatirə cavabında ağır sözlərlə onu yenə təhqir etmiş və ona yaxın durmamasını, arxasınca gəlməməsini tələb etmiş, əks halda polisə şikayət edəcəyini bildirmişdir. Xatirənin onsuz da onun dedikləri ilə razılaşmayacağını bilsə də ümidini itirməyib yenə də təkidlə arvadını yola gətirməyə çalışmış, heç olmazsa bəlkə son dəfə dediklərinə əməl edəcəyinə ümid bəsləmişdir. Amma heç bir nəticəsi olmamış, Xatirə təzə iş yerinin istiqamətində hərəkətini davam etdirmişdir. O da bir qədər kənardan gedib yenidən Xatirəyə çatmış, artıq bütün əsəbləri son həddə çatmış vəziyyətdə, qəzəbindən özünü idarə edə bilməyəcək bir halda arxadan Xatirəyə yaxınlaşıb heç bir söz demədən bıçağı çıxarıb, cəld və əsəbi hərəkətlərlə arvadının kürək nahiyəsinə bir neçə zərbə endirmişdir. Xatirə ona tərəf çevrilib qışqıraraq əl-qol atmaqla müqavimət göstərmək istəmiş, o səbəbdən də yan tərəfinə çevrildiyi anda bir neçə bıçaq zərbəsi həm də onun ola bilsin ki, qol hissəsinə dəmişdir. Amma Xatirə hər hansı aktiv müqavimət göstərə bilməmiş və dərhal da arxası üstə yerə yıxılmışdır. Yerə yıxılmağa başladığı anda ola bilsin ki, ona daha bir-iki zərbə vurmuş, həmin anda Xatirədən güclü qan gəldiyini görmüşdür. Güclü qanaxmanı görən kimi Xatirənin artıq öləcəyini başa düşüb kənara çəkilmiş, arxası üstə yıxılan anda Xatirənin gözlərini görüb baxışları ilə rastlaşmamaq üçün üzünü də yana çevirmişdir. Yəni, Xatirənin öldüyü anda o baxışlarını görməkdən qorxmuşdur. Cəmi neçə bıçaq zərbəsi vurduğunu dəqiq bilməmiş və hər şey çox ani baş vermiş, onun arxadan Xatirəyə çatandan sonra bıçaq zərbələri vurub aralanması cəmi maksimum bir-iki dəqiqə ərzində davam etmişdir. Üzünü yana çevirəndən sonra hələ də huşunu itirməmiş Xatirədən aralanaraq əlindəki bıçağı qatlayıb sağ arxa cibinə qoymuş və könüllü təslim olmaq üçün yaxınlıqda olan 3-cü Polis Bölməsinə doğru hərəkət etmişdir. Həmin vaxt ətrafda çoxsaylı insanlar olmuş, amma maksimum iki dəqiqə ərzində baş vermiş hadisənin gedişində heç kim imkan tapıb onlara yaxınlaşmamışdır. Yəni, bu an çox sürətlə baş verdiyindən əslində heç kim nə baş verdiyini də anlamamışdır. Yalnız Xatirə qışqırıb yerə yıxılan vaxt ətrafdakılar bu hadisəni bilmişlər. Xatirə yerə yıxılan anda isə artıq o özü oradan aralanmışdır. Polis Bölməsi istiqamətində gedərkən kənardan bir nəfər mülki geyimli şəxs yaxınlaşıb onun qolundan tutmuşdur. O, həmin şəxsdən kim olduğunu soruşmuş, sonuncu konkret bir söz deməmiş, amma bölməyə birlikdə getdiklərindən həmin şəxsin polis əməkdaşı olduğunu başa düşmüşdür. Bölmədə törətdiyi cinayəti səmimi etiraf etmiş, başına gələnləri danışmış, hərəkətləri ilə artıq onu bezdirmiş arvadını öldürdüyünü demiş, bıçağı və "‘Samsung A41” markalı mobil telefonunu polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən səmimi olaraq çox peşmandır. Amma onun mərhum arvadını xüsusi amansızlıqla öldürmək kimi bir fikri olmayıb, belə fikir onun heç ağlına da gəlməyib. Mərhum Xatirəyə əzab vermək, ona qarşı amansızlıq etmək niyyəti olsa idi, bunu dəfələrlə öz yaşadığı evdə əlverişli bir şəraitdə edə bilərdi. Bunu etmək üçün hər imkanı olmuşdur. Ona görə də irəli sürülmüş ittihamın xüsusi amansızlıqla bağlı hissəsini heç bir halda qəbul etmir, belə fikri tam əsassız hesab edir. Onsuz da həyatını tam məhv edilmiş sayır. Üç körpə qız uşağını anasız qoyduğu, özünün isə həmin körpə övladlarından ayrı düşməsinə görə vicdan əzabı çəkir və etdiyi günahı özünə bağışlaya bilmir, haqlı olaraq cəzasını çəkməli olduğunu başa düşür, qəbul edir. Əməlindən peşmandır. Mərhumun valideynindən hər cür üzrxahlıq etməyə həmişə hazırdır, qaynatasından onun bağışlamasını istəyir. Məhkəmədən barəsində qərar qəbul edilərkən bütün bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin faktiki törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərdi ki, 1988-ci ildə Mahirə İsgəndərova ilə ailə həyatı qurmuş və həmin evlilikdən üç qız, bir oğlan övladı dünyaya gəlmişdir. Doğma qızı olan mərhum Zərərçəkmiş şəxs evin böyük övladı idi. Xatirə 2008-ci ildə Təqsirləndirilən şəxsla rəsmi nikah bağlayıb ailə qurmuşdur. Meyxos əslində əvvəldən də onların qohumudur. Belə ki, Xatirə Meyxosun xalası nəvəsidir. Əslində şəxsən o özü qızının Meyxosla evliliyinə qarşı olmuşdur. Çünki, Meyxosun atasından əvvəlcədən xoşu gəlməmişdir. Amma Xatirə və anası bu evliliyi çox istədiklərindən sonda o da razılığını vermişdir. Həmin evlilikdən onların üç qız övladı dünyaya gəlmişdir. Evliliklərinin ilk dövrlərində bu ailə Meyxosun ata evində, sonra isə bir müddət kirayədə yaşamışlar. Daha sonra isə Binə qəsəbəsinə köçmüşlər. Təxminən 5-6 il əvvəl Meyxos ona zəng vurub evlərinə dəvət etmişdir. Onların evinə getmiş və Meyxos evlərinin qarşısında qadın salonu tikmək istədiyini bildirmiş və usta olduğundan həmin tikintidə ona köməklik etməsini xahiş etmişdir. O da bir söz deməyib razılaşmış və əlindən gələn köməyi etmişdir. Amma əslində o qızına qadın salonu əvəzinə başqa istiqamətli bir iş görməsini, yəni tikilmiş obyektdə başqa iş qurmasını təklif etmişdir. Çünki, Meyxosun bacısı Elnarə də yaxınlıqda qadın salonu işlətmişdir. Bu səbəbdən müştəri məsələləri ilə bağlı son nəticədə narahatlıq, narazılıq yarana biləcəyindən ehtiyatlanmışdır. Amma Xatirə öz fikrində qalmış və obyekti qadın salonu kimi işlətməyə başlamışdır. O vaxta qədər Meyxos ilə Xatirənin arasında nə vaxtsa ciddi bir münaqişə baş verməsini eşitməmişdir. Amma əsasən salon işlətməyə başlayandan sonra evdə söz-söhbətlər başlamışdır. Həm öz müşahidəsinə, həm də qızının deməsinə əsasən məlum olmuşdur ki, bir qayda olaraq Meyxos bacısı Elnarə ilə ünsiyyətdə olub söhbətləşəndən sonra evə gələndə həmişə dava-dalaş salmağa başlamışdır. 2020-ci ilin yanvar ayının təxminən əvvəllərində Meyxos Xatirəni bərk döymüş və bunu eşidib onların evinə getmiş, Xatirənin həqiqətən döyüldüyünü və vəziyyətinin yaxşı olmadığını görmüşdür. Həkim çağırmaq üçün təcili tibbi yardıma zəng vurmaq istəyəndə qızı yalvarıb zəng etməməsini xahiş etmiş, zəng edəcəyi halda polisə də məlumat veriləcəyini və bundan sonra Meyxosun daha da qəzəblənəcəyini bildirmişdir. Xatirənin sözünə qulaq asıb təcili tibbi yardıma zəng vurmamışdır. Meyxosdan niyə belə hərəkət etdiyini soruşduqda sonuncu ona «mülk mənimdir, sən kimsən ki, qarışırsan» kimi və sair cavablar vermişdir. Elə həmin vaxtdan da başlayaraq onların arasında mütəmadi dava-dalaşlar başlamışdır. Qızının ona danışdığına görə Meyxos uşaqlara qarşı da kobud davranmış, hətta onları döymüşdür. Xatirə isə bütün bunlara dözmüş, amma Meyxosdan iki dəfə polisə də şikayət etmiş, hər iki dəfədə də böyüklərin məsləhəti ilə aralarında barışıq yaradılmışdır. Narazılıqldarın olduğu müddətdə Xatirə bir neçə dəfə uşaqları da götürüb onun evinə gəlmiş, günlərlə qalmışdır. Həmin vaxtlarda da Meyxos hər dəfə onun yanına gəlib bir daha belə etməyəcəyinə söz verdiyindən, həm də qızının ailəsinin dağılmasını istəmədiyindən hər gəlişində bir müddət qalandan sonra Xatirəni ər evinə yola salıb göndərmişdir. Hər dəfəsində də Xatirə qayıtmaq istəmədiyini demiş, o da qızı ilə söhbət aparıb bəlkə bundan sonra mehriban yaşayacaqlarına ümid etdiyini demişdir. Ailə münasibətlərindəki gərginliklə bağlı Meyxosla Xatirə bir müddət psixoloqun yanına da getmişlər. Arada münasibətləri normallaşmış, ancaq sonradan yenə korlanmışdır. Əslində vaxtilə qızının Meyxosla evlənməyinə qarşı olduğundan Xatirənin özündən də incikli olmuşdur. Bu münasibəti bildiyindən qızı mütəmadi şiddət gördüyünü ondan gizlətmişdir. O özü Meyxosda psixi problemlərin olduğunu hiss etmişdir. Danışanda özünü çox sakit, alicənab aparan Meyxos əslində əsəbi, tez özündən çıxan birisi olmuşdur. Onun özünün şəxsi qənaətinə görə məhz bu səbəbdən onların ailədaxili münaqişələrinin baş verməsində səbəbkar Meyxos olmuşdur. Artıq onların söz-söhbətlərindən bezdiyi üçün son dövrlərdə qızı ilə əlaqə saxlamamışdır. Öldürülməsindən sonra ona məlum olmuşdur ki, hadisədən bir müddət əvvəl Xatirə uşaqları da götürüb evdən çıxmış, kirayə yaşamağa başlamışdır. Belə ki, eşitdiyinə görə Meyxos yenə Xatirəni döymüş, boşanma ilə bağlı verdiyi ərizəni geri götürməyini tələb etmişdir. Bu səbəbdən Xatirə bir gün sonra ev taparaq uşaqları da götürüb, kirayə qalmağa başlamışdır. 24 iyul 2021-ci il tarixdə isə Meyxosun Xatirəni bıçaqla qətlə yetirməsi xəbərini eşilmişdir. Qızının ekspertiza üçün göndərilmiş meyitini götürüb el adəti ilə dəfn etmişdir. Nəvələri isə hazırda onun himayəsindədir. Hesab edir ki, Meyxosun bu qətli törətməsi üçün heç bir tutarlı bəhanəsi olmamışdır, yalandan özünü təmizə çıxartmaq üçün guya Xatirənin evə, uşaqlara yaxşı baxmaması ilə bağlı dediklərinin də heç biri həqiqət deyil. Əslində Meyxos faktiki evə qazanc gətirməmiş, evin dolanışıq yükü Xatirənin üstündə olmuşdur. O, qızını öldürmüş Meyxosla hazırda barışmamışdır və onu bağışlamamışdır. Ona görə də Meyxosun qanuna müvafiq qaydada ağır şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 24 iyul 2021-ci il tarixdə səhər saatlarında fotoşəkil çəkdirmək üçün Binə qəsəbəsindəki Xasiyeva küçəsində yerləşən fotostudiyaya getmiş, içəridə növbə olduğu üçün küçəyə çıxmışdır. Həmin anda görmüşdür ki, sol tərəfində bir nəfər nisbətən balacaboylu, saçının üst hissəsi tökülmüş kişi cəld addımlarla arxadan piyada hərəkət edən hicablı qadına yaxınlaşmış, əlindəki bıçaqla həmin qadının kürək nahiyəsindən bir neçə zərbə endirmişdir. Qadın qışqırmış, bir anlıq arxaya dönüb müqavimət göstərmək istəmiş, amma heç bir söz deməyə macal tapmadan bir neçə zərbədən sonra yerə yıxılmışdır. Qadına dəqiq olaraq neçə zərbə vurulduğunu xatırlaya bilmir. Hər şey çox sürətlə və bir anda baş vermiş, gördüklərindən özü də şok vəziyyətinə düşmüş, o anda nə edəcəyini də bilməmişdir. Qadın yerə yıxalan kimi xəsarətləri yetirmiş həmin şəxs əlindəki bıçağı arxa sağ cibinə qoyub oradan uzaqlaşmağa başlamışdır. O, həmin şəxsin arxasınca bir az hərəkət edib «polis, polis» deyə qışqırmağa başlamışdır. Həmin şəxs bir az aralandıqdan sonra polis olduğunu başa düşdüyü bir nəfər mülki geyimli şəxsə qadını bıçaqlamış şəxsi işarət etmiş, polis də onun qolundan tutub yaxınlıqdakı Polis Bölməsi istiqamətində aparmışdır. Hərəkətlərindən həmin mülki geyimli şəxsin polis əməkdaşı olduğunu başa düşmüşdür. Həmin andan sonra səs-küy düşmüş, qadının ətrafına çoxlu sayda insanlar toplaşmağa başlamışdır. Elə orada ümumi şəkildə həmin kişinin bıçaqladığı qadının əslində öz arvadı olduğunu bilmişdir. Bu şəxsləri əvvəllər görməmiş və tanımamışdır. Hadisənin baş vermə səbəbləri ilə bağlı da ona heç nə məlum deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 24 iyul 2021-ci il tarixdə səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Xasiyeva küçəsində xidmətdə olmuş, saat təxminən 10 radələrində bir neçə metr aralıda səs-küy eşitmişdir. Bir nəfər şəxsin - xidməti ərazidə yaşayan şəxs kimi üzdən tanıdığı Şahid1 «polis, polis», «kömək edin» deyə qışqırdığını eşitmiş, nə baş verdiyini soruşduqda, o, yanlarından keçən kişini göstərib bu şəxsin qadını bıçaqladığını demişdir. Həmin vaxt o, göstərilən şəxsin iti addımlarla irəlilədiyini görmüş, dərhal yaxınlaşıb həmin şəxsin qolundan tutmuşdur. Adını sonradan bildiyi Meyxos aşkar şəkildə çox həyəcanlı və faktiki şok vəziyyətində olmuşdur. Bununla belə Meyxos heç bir müqavimət göstərməmiş, ümumiyyətlə nəinki qaçmağa, heç ondan aralanmağa da cəhd etməmiş, sakitcə onunla yanaşı getmişdir. Qoluna girdiyi anda Meyxosun istiqaməti Polis Bölməsinə tərəf olmuş, amma Bölməyə çatana qədər həmin yoldan sağa və sola müxtəlif yollar ayrıldığı üçün Meyxosun məhz Polis Bölməsinə getdiyini iddia edə bilməz. Yəni, hətta belə fikirdə olmuş olsa idi belə, ora çatana qədər dönüb bir neçə başqa istiqamətə getmək imkanları da olmuşdur. Meyxosu 3-cü Polis Bölməsinə aparmış, orada anket məlumatları dəqiqləşdirilmiş, orada Təqsirləndirilən şəxs arxa sağ cibindən bir ədəd açılıb-qatlanan bıçaq çıxardıb təqdim etmiş, arvadı Zərərçəkmiş şəxs bu bıçaqla qətlə yetirdiyini səmimi etiraf etmişdir. Müvafiq sənədləşmə aparılmış və Meyxosu dindirilməsi üçün rayon prokurorluğuna təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı Şahid3 göstərdi ki, 149 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alır. Anası Zərərçəkmiş şəxs, atası isə Təqsirləndirilən şəxsdur. Özü evin böyük uşağıdır. İki bacısı var. Ortancıl bacısı Zeynəbin 10, kiçik bacısı Ruqəyyənin isə 4 yaşı var. Yadında qalana görə əvvəllər valideynləri arasında dava olmamışdır. Amma atası Meyxos evdə tez-tez əsəbiləşirmiş, hətta onu və bacılarını vurduğu hallar da olmuşdur. Son vaxtlarda atası ilə anası tez-tez dalaşmışlar. Atası anasını bir neçə dəfə döymüşdür. Polis də onların işinə baxmışdır. Anasını döydükdən sonra atası onları da vurmuşdur. Ona görə də fikirləşir ki, atası onları sevmədiyi üçün vururmuş, ona görə də o da atasını istəməmişdir. Bir neçə dəfə döyüldükdən sonra anası onları da götürüb babaları Ramazanın evinə aparmışdır. Sonradan atası gəlib onları yenə evə qaytarmışdı. Ona və bacılarına anası Xatirə baxmış, hər istəklərini yerinə yetirmiş, mağazadan hər şey alıb gətirmişdir. Anası həyətlərinin qarşısında olan gözəllik salonunda işləmişdir. Yenə çoxlu döyüldüyü üçün anası boşanma ərizəsi də yazmışdır. Amma atası boşanmaq istməmiş, anasından ərizəsini geri götürməsini tələb etmişdir. Anası da boşanmayacağına söz vermişdir. Səhərisi gün atası işə getdikdən sonra anası kirayə ev tapmış və oraya köçmüşlər. Hadisədən 2-3 gün əvvəl atası ilə görüşmüşlər. Anası onları görüşə taksi ilə göndərmişdir. Anası tapşırmışdır ki, qaldığı yeri atası bilməsin. İki gün atası ilə qalmışlar və həmin vaxt ataları onlarla çox yaxşı davranmış, qaldıqları yeri də soruşurmuş, ancaq onlar yeri deməmişlər. Sonra analarının yanına qayıtmışlar. Atası da onlarla bir yerdə çıxmış, birlikdə taksiyə minmişlər. Həmin vaxt anası Binədə başqa bir salonda işə düzəlmiş və onlara da salonun yaxınlığına gəlmələrini demişdir. Onlar salonun yaxınlığına gəlmişlər, ancaq atalarma analarının iş yerinin olduğunu bildirməmişlər. Həmin vaxt salondan anasının iş yoldaşı çıxıb, onları qarşılamış və onlar salona doğru getmişlər. Atası isə ustaya gedəcəyini desə də, o, salona gedən zaman arxaya boylananda maşının yerindən tərpənmədiyini görmüşdür. Onlar həmin gün evə gəlmişlər. 24 iyulda anaları işə getmiş, onlar üçü isə kirayə evdə qalmışlar. Bir qədər sonra anasına zəng vursa da anası cavab verməmişdir. Sonra onun iş yoldaşı Jaləyə zəng vurmuş, anasının harada olduğunu soruşmuş, Jalə də iş yerinə gəlməyi demişdir. Onlar salona getmişlər, orada heç nə deməsələr də artıq nəsə baş verməsindən şübhələnmişdir. Sonra isə atasının anasını öldürdüyünü bilmişlər. Hadisədən sonra babaları Ramazanın yanında qalırlar və oradan heç yerə getmək istəmirlər. Anasını öldürdüyü üçün atasını bağışlamır. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, “Harmony” psixologiya mərkəzinin rəhbəri və baş psixoloqudur. 2021-ci ilin fevral ayında mərhum Zərərçəkmiş şəxs və əri Meyxos ilk dəfə onun qəbuluna gəlmiş, söhbət zamanı ailə-məişət zəminində baş verən mübahisələrlə əlaqədar əri Təqsirləndirilən şəxs tərəfindən mütəmadi şiddətə məruz qaldığını, döyüldüyünü, bu səbəbdən də intihar etmək istədiyini demişdir. Apardığı söhbət nəticəsində belə qənaətə gəlmişdir ki, əslində bu ər-arvadın arasında qlobal problem mövcud deyildir. O cümlədən heç bir tərəf bir-birini xəyanətdə günahlandırmır, ancaq xırda səbəbləri şişirib dava-dalaşa çevirirlər, sözləri bir-birilərinə qıcıq verir, heç bir tərəf güzəştə getmək istəmir. Xatirə həm də əri Meyxosun onunla yaxınlıq etmək istədiyini, ancaq pis münasibət gördüyündən əri ilə cinsi əlaqədə olmaq istəmədiyini və bunun üstündə də evdə mübahisələrin olduğunu bildirmişdir. Xatirə və Meyxos bir neçə dəfə onun qəbulunda olmuşlar. O, Xatirənin dedikləri barədə Meyxosdan soruşduqda, sonuncu əksinə olaraq arvadının ona hörmət etmədiyini demişdir. Xatırlayır ki, həmin vaxtlar Xatirə və Meyxos bir otaqda yatmamış, küsülü olmuşlar. Xatirə artıq boşanmaq istədiyini demişdir. O, bir psixoloq kimi onların ailəsinin sevgi üzərində qurulmadığını və aralarında olan yaş fərqinin də münasibətlərə ciddi təsir etdiyini hiss etmişdir. Meyxos özü də normalda pis insan təsiri bağışlamamışdır. Ancaq əsəbiləşəndə sanki özünü idarə edə bilməyən, müəyyən psixi pozuntuların əlamətlərini hiss etdirən adam kimi xarakterizə olunmuşdur. Onun yanına bir neçə kurs gəldikdən sonra ər-arvadın münasibətləri nisbətən düzəlmiş və Xatirə intihar fikrindən dönmüşdür. O, arada bir Xatirə ilə telefon vasitəsi ilə əlaqə saxlamış, boşanacağı təqdirdə üç azyaşlı qız uşağının psixologiyasına çox pis təsir edəcəyini bildirmişdir. Meyxosun gətirdiyi əsas səbəblər Xatirənin gündəlik qrafıkini düzgün qurmaması, uşaqlara kifayət qədər vaxt ayırmaması, əsasən salon ilə məşğul olması və bunların üstündə mübahisələrinin düşməsi olmuşdur. O da Xatirəyə bu haqda demiş, başa salmış və Xatirə də bu istiqamətdə olan yanlışlarını düzəltməyə çalışmışdır. Ümumiyyətlə, bir psixoloq kimi xarakter baxımından bu ər-arvadın fərqli insanlar olduğu qənaətinə gəlmişdir. Xatirə söhbətlərində Meyxosun uşaqlara qarşı da sərt olduğunu, əsəbiləşəndə onları da döydüyünü də demişdir. Sonuncu dəfə Xatirə ilə 2021-ci ilin aprelmay aylarında danışmış, həmin vaxt Xatirə artıq Meyxos ilə birlikdə yaşaya bilmədiyini və boşanma ilə bağlı ərizə verdiyini də demişdir. O da bəlkə belə olan halda Meyxosun məsuliyyətli olub ailəsini qoruyub saxlamağa çalışacağını və yekunda xeyirlisi nədirsə, onun da olmasını arzuladığını demişdir. Bundan sonra heç bir tərəflə əlaqəsi olmamış və iyul ayının sonlarında sosial şəbəkələrdən Meyxosun Xatirəni qətlə yetirməsi ilə bağlı xəbəri oxumuşdur. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyini bilməsə də, ailəni tanıyan psixoloq kimi aralarında olan ailədaxili münaqişənin bu nəticəyə gətirib çıxardığını ehtimal edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, mərhum bacısı Xatirə ilə həmişə mehriban münasibətləri olmuşdur. Xatirə onlara qohum olan Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Meyxos xasiyyətcə çətin insandır, özünü hamıdan ağıllı, çoxbilmiş kimi aparıb. Onların yanında Xatirə ilə özünü mehriban aparsa da, təklikdə olanda pis rəftar etmişdir. Bu barədə o qətl hadisəsindən sonra Xatirənin qızlarından öyrənmişdir. Bacısının Meyxosla mübahisələri əsasən 2020-ci ilin yanvar ayından pisləşməyə başlamışdır. Eşitdiyinə görə həmin vaxt onlar ailəliklə şəhərə getmiş, qayıtdıqdan sonra Meyxos Xatirəni döymüşdür. Elə həmin gün o özü bacısının evinə getmiş və döyüldüyünü bilavasitə görmüşdür. O, Meyxosu çağırıb söhbət etmək istəmiş, amma Xatirə ərinin artıq yatdığını deyib çağırmamış, problem yaratmasın deyə ondan bu barədə əri ilə danışmamasını xahiş etmiş, əks halda Meyxosun sonradan daha da əsəbiləşəcəyini bildirmişdir. Bir gün sonra o atası Ramazanla birlikdə bacısıgilə gəlmiş, ancaq Xatirə yenə Meyxosa heç nə deməmələrini xahiş edib özləri öz aralarında məsələni həll edəcəyini bildirmişdir. Ona görə də onlar Meyxos ilə söhbət açıb mübahisə etməmişlər. Ancaq ondan sonra da aralarında mübahisələr olduğuna görə Xatirə bir neçə dəfə uşaqları da götürüb atası evinə gəlmişdir. Sonradan Meyxos gəlib üzr istəyib ailəsini evə qaytarmışdır. Hətta döyülməsi ilə bağlı Xatirə Meyxosdan iki dəfə polisə şikayət ərizəsi də vermişdir. Hər dəfə də hər iki tərəfdən qohumlar söhbətə qarışmış, Meyxosun qohumları daha belə hal təkrarlanmayacağını demişlər və barışıq əldə olunmuş, Xatirə də şikayətini geri götürmüşdür. Kənar adamların yanında Meyxos Xatirə və uşaqları ilə tamam başqa cür – xoş və çox mehriban bir şəkildə ünsiyyətdə olmuş, münasibət göstərmiş, amma özləri qalanda tamam başqa cür olmuşdur. Xatirə də həmişə bundan əsəbiləşirmiş, elə onların yanında Meyxosa özünü həmişə olduğu kimi aparmasını təklif etmişdir. Həmin məqamlarda Meyxos özünü günahsız və yazıq kimi aparmışdır. Məlum hadisədən bir müddət əvvəl Xatirə ailədəki söz-söhbətdən bezmiş və ayrılmağa qərar vermişdir. İyul ayının əvvəllərində Xatirə uşaqları da götürüb kirayə evə köçmüşdür. Bu məsələ onlara da sonradan məlum olmuşdur. Onun fikrincə Xatirə məhz kirayəyə ona görə getmişdir ki, atası evinə gələcəyi təqdirdə Meyxosun sonradan gəlib bir dillə onu yenidən evə qaytaracağını başa düşmüşdür. Kirayəyə getdiyini biləndən sonra o Xatirə ilə telefonla danışan zaman qaldığı yeri soruşanda da, ona deməmişdir. Ona görə heç kim Xatirənin kirayə qaldığı evin harada yerləşdiyini bilməmişdir. Xatirəni Meyxosun öldürməsi xəbərini ona qohumlarından biri hadisədən sonra zəng edib məlmat vermişdir. Onun fikrincə Meyxos Xatirənin evdən çıxmasından qəzəblənib belə hərəkət etmişdir. Çünki, ailədəki söz-söhbətdən başqa Meyxosun əlində Xatirəyə qarşı ciddi bir fakt olmamışdır. Meyxosdan heç vaxt Xatirənin əxlaqsızlıq etməsi, ona xəyanət etməsi kimi fikirləri eşitməmişdir. Hadisədən sonra Xatirənin qızlarından eşitməsinə görə sonuncu dəfə evdən çıxmamışdan əvvəl Xatirə ilə Meyxos yenə mübahisə etmiş, Meyxos Xatirənin boğazından tutub boşanacağı halda onu öldürəcəyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Aqasi qızı göstərdi ki, doğma qardaşı olan Meyxos Zərərçəkmiş şəxs ilə evləndikdən sonra bir müddət digər qardaşı Cabirin evində yaşamış, sonradan özlərinə ev quraraq ayrı yaşamışlar. Üç azyaşlı qız övladları olan Meyxosla Xatirənin son iki il ərzində münasibətləri korlanmış, mütəmadi narazılıqlar, dava-dalaşlar baş vermişdir. Bütün qohum-əqrəbanın belə münaqişəli vəziyyətdən xəbəri olmuşdur. Qohumlar dəfələrlə müdaxilə edib onları sakitləşdirməyə, barışdırmağa çalışmışdır. Amma bütün cəhdlərə baxmayaraq münasibətləri düzəlməmişdir. Hətta Xatirə döyülməsi ilə bağlı Meyxosdan polisə də şikayət etmişdir. Xatırlayır ki, polisə şikayətdən bir neçə gün sonra Meyxoslə söhbət edərkən Xatirəni hansı səbəbdən döydüyünü soruşmuşdur. Meyxos da danışmışdır ki, Xatirəyə zəng vurub yemək hazırlamağını tapşırmış, amma bir neçə saat sonra evə gəldikdə Xatirənin heç nə hazırlamadığını görmüşdür. Sonra uşaqlarla birlikdə şəhərə gəzməyə getmişlər və həmin vaxt Xatirəyə saç üçün hansısa maddə gətiriləcəyini deyib 45 dəqiqə onları gözlətmişdir. Bu məsələdən Meyxos çox əsəbiləşmiş, həm də Xatirə soyuqda onları ac gəzdirdiyinə görə Meyxosa iradını bildirmişdir. Bütün bunlar Meyxosu qəzəbləndirmiş, evə çatdıqdan sonra bu azmış kimi söhbətləşərkən Xatirə də onun üstünə qışqırmış, həmin səbəbdən Meyxos özünü saxlaya bilməyib Xatirəni döymüşdür. Sonradan barışdıqları üçün polisdə araşdırma yekunlaşmışdır. Meyxos dəfələrlə Xatirənin ona hörmətsizlik etdiyini, sözünə qulaq asmadığını demişdir. Belə vəziyyətdə şəxsən o özü Meyxosa yola getmirlərsə boşanmalarını təklif etmiş, amma Meyxos uşaqlara görə boşanmaq istəmədiyini bildirmişdir. Xatirə bir neçə dəfə uşaqlarını da götürüb ata evinə getmişdir. Sonuncu dəfə məlum hadisədən təxminən 15 gün əvvəl Xatirə yenə uşaqları da götürüb evdən çıxmış və başqa yerdə kirayədə qalmağa başlamışdır. Həmin vaxt Meyxosdan Xatirənin evdən çıxma səbəbini soruşmuş, Meyxos da evlərinin təmiri üçün Xatirə ilə pullarını bir yerə toplamağı təklif edərkən, Xatirənin pulunun olmadığını dediyini və bunun üstündə mübahisələrinin yarandığını bildirmişdir. Bu mübahisədən sonra Meyxos evdə olmayanda Xatirə uşaqları da götürüb evdən getmişdir. Hadisədən bir neçə gün əvvəl uşaqları Meyxosun yanına gəlib qalmışdılar. Həmin günlərdə qardaşı Meyxos Xatirə ilə dəfələrlə danışıb arvadını evə qaytarmağa çalışmış, amma nəticə olmamış və əksinə, Xatirə onu daha da qıcıqlandırmışdır. 24 iyul 2021-ci il tarixdə evdə olduğu vaxtda qardaşı Cabir zəng vurub Meyxosun Xatirəni öldürdüyünü demişdir. Qardaşının hərəkətinə haqq qazandırmır və pisləyir. Hadisənin baş vermə səbəbi ilə bağlı onun gümanı odur ki, Xatirənin evdən çıxıb getməsi Meyxosu daha da bərk qəzəbləndirmiş və son həddə çatdırmış, bir kişi kimi arvadının bu hərəkətlərini sonadək qüruruna sığışdıra bilməmiş və evə qayıtmaqdan imtina edən arvadını öldürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Şahid8 Aqasi qızının ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Xasiyev 1A küçəsidir. Həmin ərazi mərkəzi küçədir, yol asfaltdır, hər iki istiqamətdə avtomaşınlar hərəkət edir. Yolun hər iki tərəfindən müxtəlif təyinatlı obyektlər, gözəllik salonları, apteklər, fotostudiyaların olduğu müəyyən edilmişdir. Yolun kənarında, piyadaların hərəkət etdiyi səkinin üzərində arxası üstə uzanmış vəziyyətdə, üzəri və paltarları qana bənzər ləkələrə bulaşmış və üstü ağ mələfə ilə örtülmüş meyit vardır. Mələfəni götürdükdə qadın cinsli meyit olduğu aşkar olunmuş və həmin şəxsin Zərərçəkmiş şəxs olduğu müəyyən edilmişdir. Baxış zamanı hadisə yerindən 3 ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu, həmçinin Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar və sonuncunun üzərindən aşkar edilmiş “Mi 8 Lite” markalı mobil telefon qablaşdırılıaraq götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 2-13). İfadənin yerində yoxlanılması barədə 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarətlər yetirdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 49-55). Məhkəmə tibbi ekspertizasının 20 avqust 2021-ci il tarixli 124 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sağ kürək nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sağ kürək nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol kürək nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; (cəmi 4 ədəd daxilə - döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar); sol kürək nahiyəsinin (1 ədəd), sağ kürək nahiyəsinin (1 ədəd) daxilə döş boşluğuna nüfuz etməyən; sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol saidin orta üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin arxa səthinin (1 ədəd), sol saidin aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ saidin orta üçdə birinin bayır səthinin (1 ədəd) deşilmiş- kəsilmiş yaraları (cəmi 7 ədəd); sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd) kəsilmiş yaraları (cəmi 2 ədəd). Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 11 ədəd) və kəsilmiş yaralar (cəmi 2 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən az əvvəl olmaqla 24.07.2021-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən və sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, sağdan az sola, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Sağ kürək nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən sağ ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş- kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə sağdan az sola, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Sağ kürək nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə sağdan az sola, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Sol kürəkaltı nahiyənin daxilə - döş boşluğuna nüfuz edən sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, soldan az sağa, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin, sağ kürək nahiyələrinin, sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz edən sağ ağciyərin yuxarı və orta payının və sol ağciyərin aşağı payının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 4 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sol kürək nahiyəsinin (1 ədəd), sağ kürək nahiyəsinin (1 ədəd) daxilə döş boşluğuna nüfuz etməyən; sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol saidin orta üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin arxa səthinin (1 ədəd), sol saidin aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ saidin orta üçdə birinin bayır səthinin (1 ədəd) deşilmiş-kəsilmiş yaraları (cəmi 7 ədəd); sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol əlin arxa səthinin (l ədəd) kəsilmiş yaraları (cəmi 2 ədəd) həyatidirlər, Ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə; ayrı-ayrılıqda isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli xəsarətlərin zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ və sol ağciyərin zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan kəsilmiş və deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan kəsilmiş və deşilmiş-kəsilmiş yaralardan başqa digər xəsarətlər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarı oturaq, yarı uzanıqlı və sair ola bilərdi). Mərhum Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir (məhkəmə-bioloji müayinə aktı № 9/111, 05.08.2021). Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı 2204/K, 06.08.2021). Mərhum Zərərçəkmiş şəxs xarici və daxili müayinəsində onun hər-hansı bir xəstəlikdən əziyyət çəkməsi əlamətləri aşkar edilməmişdir (cild 1, iş vərəqə 190-199). Məhkəmə tibbi ekspertizasının 26 iyul 2021-ci il tarixli 1035 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir (cild 1, iş vərəqə 80-82). Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 440-MTKŞ/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus trusikin ön səthinin üzərinə tikilmiş krujevlı materialında iki ədəd məhdud cırılmalar vardır. Bu cırılmalar küt yaranma mexanizminə malikdirlər, trusikin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalterin (lifçikin) ön səthində sağda bir ədəd, sağ yan hissəsinin yuxarı kənarında bir ədəd (kənari), gödəkçənin ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd, arxa səthinin sol yuxarı nahiyəsində iki ədəd, arxa səthinin sağ yuxarı nahiyəsində üç ədəd, sağ qolun aşağı nahiyəsində üç ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolunun aşağı hissəsində tikilmiş bir düymənin öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus papaqda (bone), hicabda və şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəkdə və şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik olan soyuq silahdır (cild 2, iş vərəqə 45-51). Əşyanın tanınması haqqında 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş üç ədəd bıçaq arasından ortada qoyulmuş, 02 rəqəmi ilə işarələnmiş, bir ədəd qatlanan tipli, dəstək və tiyədən ibarət, ümumi uzunluğu 22,5 sm olan, dəstəyi qara və tünd boz rəngli metal materialdan, dəstəyinin uzunluğu 12,6 sm olan, tiyəsinin uzunluğu 9,9 sm, bir ucu kəsici, digər ucu küt, ucu iti olan bıçağı tanıdığını, həmin bıçağı hadisədən bir gün əvvəl Binə qəsəbəsində dükandan aldığını və həmin bıçaqla Zərərçəkmiş şəxs qətlə yetirdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqə 119-121). Məhkəmə tibbi-bioloji ekspertizasının 14 sentyabr 2021-ci il tarixli 612/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B alfa(H)/İİİ/. Təqsirləndirilən şəxs portal kserosurətinə əsasən qan qrupu - B/İİİ/. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş üç ədəd çubuqlu pambıq tamponlara hopdurulmuş ləkələrdə, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus köynək, Zərərçəkmiş şəxs məxsus tunik tipli köynək, şalvar, trusik, lifçik, hicab üstü şərf və hicab papağı üzərində qadın genetik cinsinə mənsub insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutini alınmışdır. Bu qan ləkələri B alfa(H)/İİİ/qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi H antigeni varsa). Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 2, iş vərəqə 52-57). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 avqust 2021-ci il tarixli 1874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs hadisəni törətməzdən əvvəl psixoloji vəziyyətində həyat yoldaşının ondan ayrılmasını, işləməyini, sərbəstliyini qəbul edə bilməməsi ilə əlaqədar qıcığa qarşı həssaslıq yaranmışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Eqosentrizm, xırdaçılıq, konservantlıq, özünə qarşı ətrafdakılardan yüksək hörmət tələb etmək, öz üstünlüyünü nümayiş etdirmək, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl və hadisədən sonra öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl həyat yoldaşının ondan ayrılmasını, işləməyini, sərbəstliyini qəbul edə bilməməsi ilə əlaqədar qıcığa qarşı həssaslıq yaranmış, hadisəni törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən ekstremal psixi vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 200-203). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 21 sentyabr 2021-ci il tarixli 7945 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 178). Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında xoşagəlməz hal ilə bağlı heç bir məlumat daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 22). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 187-188). İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi – mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürməsi nəticəsinə gələrək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə yekun ittiham elan etmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız sübutların qiymətləndirilməsi haqqında 27 oktyabr 2021ci il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xüsusi amansızlığa tövsif etmənin yeganə əsası olaraq yalnız bıçaq zərbələrinin çoxsaylı olmasına istinad edilmişdir (cild 2, iş vərəqə 109). Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlar məcmusunu qiymətləndirərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş qəsdən adam öldürmə əməli ilə bağlı ittihamın xüsusi amansızlıqla öldürmə tövsifedici əlaməti təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və sair) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Hazırki iş üzrə isə Təqsirləndirilən şəxs həyat yoldaşını qətlə yetirərkən niyyətinin zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Zərərçəkmiş şəxs həyatdan məhrumetmə ərəfəsində, həm də bilavasitə öldürmə prosesində əri tərəfindən zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halları yoxdur. Zərərçəkmiş şəxs təqsirkar tərəfindən qətlə yetirilməsi prosesi cinayət işinin materiallarına əsasən cəmi bir-iki dəqiqə ərzində, zərərçəkmişin ümumiyyətlə gözləmədiyi, ehtimal etmədiyi bir şəraitdə - ictimai yerdə, ətrafda çoxsaylı insanların olduğu ərazidə baş vermiş, piyada hərəkətdə olduğu vaxtda gözlənilmədən kürək nahiyəsinə arxadan ani zaman kəsiyində endirilmiş zərbələrdən sonra geri dönüb aktiv müqavimət göstərməyə başlamış, belə olan halda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin müqavimətini qırmaq, ölümü tezləşdirmək üçün ardıcıl zərbələr endirmişdir. Bunu həm də yetirilmiş xəsarətlərin xarakteri və lokalizasiyası da birbaşa təsdiq edir. Belə ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərdən yalnız 4 ədədi ölümlə birbaşa səbəbli əlaqəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş xəsarətlərdir. Ərinin onun həyatına qəsd etdiyini başa düşən zərərçəkmiş şəxsin aktiv müqavimət göstərdiyini təsdiq edən digər xəsarətlər - sağ və sol kürək nahiyələrinə, sol və sağ said nahiyələrinə yetirilmiş xəsarətlər ölümlə səbəbli əlaqələri olmayan yüngül dərəcəli xəsarətlərdir. İş üzrə müəyyən edilmiş bütün bu xüsusatlar isə Təqsirləndirilən şəxs niyyətinin birbaşa və ya dolayı qəsdlə zərərçəkmişə xüsusi iztirabların yetirilməsinə deyil, onun müqavimətini qırmağa, qətlə yetirmənin tezliklə yekunlaşmasına, başa çatdırılmasına yönəlməsinə dəlalət edir. Təqsirkarın məhz xüsusi amansızlıqla həyatdan məhrum etmək niyyətində olmasını təsdiq edən məlumatlar ümumiyyətlə cinayət işində yoxdur. İttihamın məzmunundan da görünür ki, hadisə şəxsi ailə münasibətləri zəminində uzun müddət ərzində davam etmiş mübahisələrin nəticəsində baş vermişdir. Digər tərəfdən, məhkəmə həm də bu qənaətə gəlir ki, təqsirkarın zərərçəkmiş şəxsi öldürmək üçün seçdiyi üsul, əməlin törədilməsi üçün seçilmiş zaman və məkan, təqsirkarın və zərərçəkmişin hadisə anında olduqları qarşılıqlı vəziyyətləri, xəsarətlərin xarakteri və lokalizasiyası, habelə işin digər faktiki halları da nəzərə alınmaqla hazırkı iş üzrə adam öldürmə prosesinin baş verdiyi maksimum iki dəqiqə ərzində xüsusi amansızlığın reallaşdırılmasının mümkünlüyünün israr edilməsi əsassızdır. Məhkəmə digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 24 iyul 2021-ci il tarixdə cinayət işi başlanması ilə bağlı qərar qəbul edilərkən zərərçəkmiş şəxsin çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi halı artıq müəyyənləşdirilmişdi və həmin qərarda da bu xüsusat birbaşa əksini tapmış, bununla belə xəsarətlərin çoxsaylı olmasının xüsusi amansızlığa dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs həmin tarixdə məhz Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, eyni gündə də qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham olunması qərarı qəbul edilməsi anınadək əməlin xüsusi amansızlıqla törədilməsini, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayişini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmin mərhələ ərzində cinayət işinin materiallarında yalnız ibtidai istintaq orqanına 28 sentyabr 2021-ci il tarixdə daxil olmuş, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsin əməlinin tövsif edilərək ona Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə ittiham olunması xahişi ilə bağlı ərizəsi mövcuddur (cild 1, iş vərəqə 204). Digər diqqət çəkən mühüm hal isə ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib olunmuş ittiham aktının özündə belə əməlin xüsusi amansızlıqla törədilməsi məqamı ilə bağlı ziddiyyətli mövqe ifadə olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3-cü maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində ilk növbədə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Hazırkı iş üzrə də ittiham aktının həmin hissəsində göstərilmişdir ki, «Aparılmış istintaqla müəyyən edilmişdir ki, …Təqsirləndirilən şəxs rəsmi nikahda olan arvadı Zərərçəkmiş şəxs ilə aralarında davam edən ailədaxili münaqişələr səbəbindən, sonuncunun 08 iyul 202l-ci il tarixdən evdən çıxıb getməsindən qəzəblənərək, 24 iyul 202l-ci il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanında arvadına hücum edərək, ona çox saylı bıçaq xəsarətləri yetirib, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir: cinayət işinin materialları». Amma ittiham aktının nəticəvi hissəsi təsviri-əsaslandırıcı hissədə israr olunan «aparılmış istintaqla müəyyən edilmiş» Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş tərkibi əhatə edən əməldən fərqli olaraq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittihamın təsviri ilə yekunlaşdırılmışdır (cild 2, iş vərəqə 180-181). Beləliklə, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə tövsif edilməlidir. Bu əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 01, iş vərəqə 29, 90-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd açıq yaşıl rəngli pencək, bir ədəd açıq yaşıl rəngli şalvar, bir ədəd qara rəngli hicab, bir ədəd qara rəngli trusik, bir ədəd açıq rəngli lifçik, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli, qəhvəyi zolaqlı gödəkçə, hadisə yerindən götürülmüş 3 ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu, bir ədəd qatlanan tipli, soyuq silah hesab olunan bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Mi 8 Lite” markalı mobil telefon atası X4, Təqsirləndirilən şəxs məxsus “Samsung A41” markalı mobil telefon isə yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 24 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan maddi sübutlar: - Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd açıq yaşıl rəngli pencək, bir ədəd açıq yaşıl rəngli şalvar, bir ədəd qara rəngli hicab, bir ədəd qara rəngli trusik, bir ədəd açıq rəngli lifçik, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli, qəhvəyi zolaqlı gödəkçə, hadisə yerindən götürülmüş 3 ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu, bir ədəd qatlanan tipli, soyuq silah hesab olunan bıçaq məhv edilsin; - Zərərçəkmiş şəxs məxsus bir ədəd “Mi 8 Lite” markalı mobil telefon atası X4 qaytarılsın; - Təqsirləndirilən şəxs məxsus “Samsung A41” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına X5 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1875/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1875/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver