Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1876/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, 17 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində, Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş keçmiş arvadı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək birgə nikahda olduqları dövrdən onda qalmış 01 cüt qızıl sırğasını və 01 ədəd samovarını tələb etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs ilə görüşüb birgə nikah münasibətlərinin bərpa olunmasını müzakirə etməyini düşünərək sonuncuya 01 cüt qızıl sırğasını və 01 ədəd samovarın əvəzinə isə 100 manat pul verəcəyini yalandan vəd edərək 18 aprel 2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Vakı” kinoteatrının yanında olan avtobus dayanacağında görüşməyi təklif etmişdir. Zərərçəkmiş şəxs ilə həmin yerdə görüşərkən sonuncuya yalan vəd verdiyini bildirib barışmaqlarını xahiş edib birgə nikahdan olan qızları Xatirə Əliyevanın onun ünvanına olan söyüş və təhqirlərinə son qoyması üçün tədbir görməsini tələb etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 01 cüt sırğa ilə 100 manat pulu gətirməməsindən qəzəblənib onunla barışmayacağını bildirərək onu nalayiq sözlərlə təhqir etməyə başlamış, evə qayıtmaq məqsədilə görüşdükləri yerdən avtomobil yolunu qarşı tərəfə keçərək Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanın qarşısında yerləşən avtobus dayanacağında durmuş, Təqsirləndirilən şəxs isə sonuncunun arxasınca gələrək israrla barışmalarını tələb etmişdir. Buna cavab olaraq Zərərçəkmiş şəxs növbəti dəfə Təqsirləndirilən şəxs təhqir etdikdə 18 aprel 2023-cü il tarixdə saat 14:44-də Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanın qarşısında aralarında yaranmış mübahisə zamanı qisas alaraq qəsdən öldürmək məqsədi ilə istintaqla müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici xassəyə malik, tiyəsinin uzunluğu 100 mm, dəstəyinin uzunluğu 135 mm olan soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağı ilə Zərərçəkmiş şəxs ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qarın boşluğuna keçən qaraciyərin yaralanması, təxminən 1,5 litr hemoperitoneum, solda retroperitoneal hematoma ilə nəticələnən daxilə - qarın boşluğuna keçən 03 ədəd deşilmiş-kəsilmiş yara, sol tərəfdə döş boşluğuna keçən, hemopnevmotoraks, İİİ dərəcəli hemorragik şok ilə nəticələnən daxilə-döş boşluğuna keçən 01 ədəd deşilmiş-kəsilmiş yara, ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin ön səthinin sol yarısında 02 ədəd, sol süd vəzi, sol bazu, sol qoltuqaltı və qarın nahiyələrinin hər birində 01 ədəd olmaqla ümumilikdə 04 ədəd deşilmiş-kəsilmiş xəsarətlər cəmi 10 ədəd bədən xəsarətləri yetirmiş, ətrafdakı şəxslərin Təqsirləndirilən şəxs zərərsizləşdirib Zərərçəkmiş şəxs ayırması, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi və vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olunduğundan, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, 18 iyun 2016-cı ildə qızı Xatirə doğulmuşdur. 2021-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və bir müddət sürücü, sonra fəhlə işləmişdir. 2022-ci ilin iyul ayında Amilə ilə boşanmışlar. Boşandıqdan sonra Amilə qızı Xatirəni onunla görüşdürməkdən imtina etmiş, ona zənglər edərək təhqir etmiş, başqa şəxslərlə münasibətdə olduğunu bildirmiş, həmçinin qızı Xatirəyə təhqirlər öyrətməklə onu təhqir etdirmişdir. O, aralarında olan mübahisələrdən Amilənin atası Şahid2 məlumat vermiş, Şahid2 isə ona Amiləni narahat etməməyi bildirmişdir. Evli olduqları dövrdə o, Amilənin bir cüt sırğasını lombarda girov qoyaraq pul götürmüş və cehizi olan samovarı satmışdır. 17 aprel 2023-cü ildə saat 20 radələrində Amilə ona zəng edərək qızıl sırğanı və samovarı tələb etmişdir. O, Amiləyə işlədiyini, bu səbəbdən növbəti gün günorta saatlarında “Vakı” kinoteatrının qarşısına gəlməyini, qızıl sırğa və samovar üçün isə 100 manat verəcəyini bildirmişdir. 18 aprel 2023-cü ildə saat 14 radələrində o, “Bakı” kinoteatrının yaxınlığındakı dayanacaqda Amilə ilə görüşmüş, Amilə ondan sırğanı tələb etmişdir. O, Amiləyə qızıl sırğanın və pulun onda olmadığını, onunla görüşmək üçün yalan dediyini və barışmaq istədiyini bildirmişdir. Amilə barışmaq istəmədiyini, evə qayıtdığını bildirərək onutəhqir etmiş və yolu keçərək üzbəüzdə yerləşən dayanacağa getmişdir. O, Amilənin arxası ilə getmiş və ondan qızı Xatirənin nə üçün onunla soyuq münasibət saxladığını soruşmuşdur. Amilə isə bunun səbəbini bilmədiyini bildirmişdir. O, Amiləyə qızına təhqirlər öyrədərək onu təhqir etdirməməsini və yenidən anasına görə ailəni dağıtmamalı olduqlarını deyib barışmağı təklif etmişdir. Amilə isə bundan qəzəblənərək onu təhqir etməyə başlamışdır. O, Amilənin təhqirlərinə dözməyərək onu dayanacağın arxasına çağırmış və üzərindəki bıçaqla Amiləyə 5 və ya 6 bıçaq zərbəsi vurmuş, Amilə isə qışqırmağa başlamışdır. Ətrafdakı şəxslər Amiləyə bıçaqla zərbələr vurduğunu görüb onlara yaxınlaşıb ayıraraq əlindən bıçağı almışlar. Onun keçmiş arvadı Zərərçəkmiş şəxs öıdürmək niyyəti olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuş, 2016-cı ildə qızı Xatirə Əliyeva doğulmudur. Onlar 2022-ci ildə ayrılmışlar, qızı Xatirə onun himayəsinə verilmişdir. O, boşandıqdan sonra Samilin anasına zəng edərək samovarını tələb etmiş, anası isə Samilin samovarı satdığını bildirmişdir. Samil evli olduqları dövrdə onun bir cüt qızıl sırğasını lombarda girov qoyaraq pul götürmüş, girov haqları Samil deyil, onun tərəfindən ödənilmişdir. Amma sırğa Təqsirləndirilən şəxs tərəfindən lombarda qoyulduğu üçün ona təhvil verilməmişdir. 17 aprel 2023-cü ildə saat 20 radələrində Samilə zəng edərək qızıl sırğasını tələb etmiş, Samil ona işlədiyini, bu səbəbdən günorta saatlarında “Bakı” kinoteatrının qarşısına gəlməli olduğunu, qızıl sırğa və samovar üçün isə 100 manat verəcəyini bildirmişdir. O, saat 14 radələrində taksi ilə Hövsan qəsəbəsindən Əhmədli qəsəbəsinə getmiş, oradan da 46 nömrəli marşrutla “Bakı” kinoteatrının yaxınlığındakı dayanacağa gedib orada Samillə görüşmüşdür. O, Samildən sırğasını tələb etmiş, Samil isə sırğanı gətirmədiyini, onun gəlməyi üçün yalan dediyini, barışmaq istədiyini demişdir. O isə barışmaq istəmədiyini bildirmiş və yolu keçərək üzbəüzdə yerləşən dayanacağa getmişdir. Samil onun arxasınca gəlmiş və nə üçün qızının onunla soyuq münasibət saxladığını soruşmuş, o da səbəbini bilmədiyini demişdir. Samil yenidən ona barışmaq istədiyini bildirmiş, o isə barışmaq istəmədiyini demişdir. Bundan sonra Samil qəzəblənərək onu dayanacağın arxasına çağırmış, sol əli ilə onun sinəsindən tutaraq sağ əlindəki bıçaqla ona zərbələr vurmağa başlamışdır. Amma ətrafda olan şəxslər Samilə müdaxilə edərək onu öldürməsinin qarşısını alıb xəstəxanaya aparmışlar. Hazırda Təqsirləndirilən şəxslə barışmamış və onu bağışlamamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2018-ci ildən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin təsisçi direktoru vəzifəsində işləyir. O, 18 aprel 2023cü il tarixdə saat 15 radələrində ofisdə olarkən küçədə bir qadının qışqırıq səslərini eşitmiş və cəld şəkildə küçəyə çıxmışdır. O, qapıdan küçəyə çıxdıqda sol tərəfdə pilləkənin yanında bir kişinin qadının sinəsindən sol əli ilə tutaraq sağ əlində olan bıçaqla zərbələr vurduğunu görmüş, həmin kişini zərərsizləşdirmək üçün tez yaxınlaşaraq sağ qolunun bilək nahiyəsindən tutmuşdur. Bundan sonra ətrafda olan tanımadığı şəxslər yaxınlaşaraq adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlindən bıçağı almışlar. Təxminən 2 və ya 3 dəqiqə sonra iki nəfər polis əməkdaşı yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Təqsirləndirilən şəxs saxlamış və Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparmışlar. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, bıçağı uzaqdan görmüş, amma itilənmiş bıçağa oxşatmışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs məqsədi məhz qadını öldürmək olmuşdur, sonuncu bıçağı dalbadal vurmuş, əli dayanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2017-ci ildən ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin direktorudur. 18 aprel 2023-cü il tarixdə saat 15 radələrində ofisdə olarkən birdən küçədən “kömək edin” deyə qışqıran qadın səsi eşitmiş və tez küçəyə çıxmışdır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu, həmin vaxt başqa bir şəxsin də Təqsirləndirilən şəxs mane olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs biləyini burduqdan sonra sonuncu əlindəki bıçağı vermişdir. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs ətrafda olan şəxslərin köməyi ilə xəstəxanaya aparılmışdır. Həmin vaxt iki nəfər polis əməkdaşı da yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlayıb Polis Şöbəsinə aparmışlar. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, onun ofisindən hadisə yerinə qədər təxminən 20-30 metr məsafə olmuşdur. O, əvvəlcə səs eşidib çölə çıxmış, elə bilmişdir ki, kimsə özünü pəncərədən atıb. Ramal şəxsin qolundan, o isə biləyindən tutmuşdur, sonuncu ilə səmimi söhbət də etmişlər. O, “niyə belə edirsən” deyə soruşmuş, Təqsirləndirilən şəxs də namus-qeyrət məsələsi olduğunu demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 göstərmişdir ki, 2015-ci ilin fevral ayında qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə nişanlanmış, həmin ilin mart ayında nikaha daxil olmuş və bu nikahdan xx.xx.2016-cı ildə nəvəsi Xatirə Əliyeva doğulmuşdur. Evli olduqları dövrdə Amilə ona Samil barəsində heç bir şikayətini bildirməmişdir. Evli olduqları dövrdə Amilənin ailəsinin bütün maddi ehtiyacları onun tərəfindən ödənilmiş, Samil ailəsinin maddi ehtiyaclarını qarşılamamışdır. Hətta onun Amiləyə ailəsinin xərcləri ilə əlaqədar verdiyi pulları Samil Amiləni döyərək əlindən almış və öz ehtiyacları üçün xərcləmişdir. 2022-ci ilin fevral ayında Amilə ona Samildən boşanmaq üçün Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. O, Amilədən nə səbəbə boşanmaq istədiyini soruşduqda, Amilə ona Samilin ailəsinə baxmadığını, həmçinin, onu döydüyünü və təhqir etdiyini bildirmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə Samillə Amilənin nikahı pozulmuş, nəvəsi X8 himayəsinə verilmiş və Samil aylıq 193 manat miqdarında aliment ödəmək öhdəliyi qoyulmuşdur. Boşandıqdan sonra Amilə və Samil ünvan 4 ünvanında 1 həftə birlikdə yaşamış, 1 həftədən sonra Təqsirləndirilən şəxs evdə mübahisə yaratmış, əşyaları sındırmışdır. Samil boşandıqdan sonra dəfələrlə Amiləyə barışmaq istədiyini bildirmiş, lakin Amilə Şamillə barışmaq istəmədiyini bildirmişdir. Amilə Samilin onu narahat etməsi ilə əlaqədar bir neçə dəfə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və 35ci Polis Bölməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə o, işi ilə əlaqədar “X14"də olmuş, saat 15 radələrindən qızının mobil nömrəsindən ona zəng gəldiyini görmüş, zəngə cavab vermiş və tanımadığı kişi qızı Amilə Əliyevanın “Turan” Klinikasında olduğunu və onun da həmin klinikaya gəlməli olduğunu bildirmişdir. O, tez “Turan” Klinikasına getmək üçün taksiyə əyləşmiş, taksidə olan zaman o, qızının mobil nömrəsinə zəng etmiş, zəngə cavab verən qadın “Turan” Klinikasının tibb bacısı olduğunu və qızının keçmiş əri tərəfindən döyüldüyünü bildirmişdir. O, “Turan” Klinikasına gəldikdə klinikanın baş həkimi ona qızı Zərərçəkmiş şəxs keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını və hal-hazırda cərrahi əməliyyatda olduğunu bildirmişdir. Əməliyyatdan sonra Zakir adlı həkim ona qızı Amiləyə 10 bıçaq zərbəsi vurulduğunu bildirmişdir (cild 1, iş vərəqə 108- 111). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 göstərmişdir ki, o, 2020-ci ildən ünvan 5 ünvanın qarşısında parklanma nəzarətçisi işləyir. O, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində avtomobilin parklanmasına kömək edən vaxt birdən “kömək edin” deyə qışqıran qadın səsi eşitmiş, səs gələn istiqamətə baxmış və dayanacağın arxasında pilləkənlərin arasında, adlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən sol əli ilə tutaraq sağ əlində olan bıçaq vasitəsilə sonuncuya zərbələr vurduğunu görmüşdür. Zərərçəkmiş şəxs sol qolu ilə Təqsirləndirilən şəxs müqavimət göstərməyə çalışmışdır. Təqsirləndirilən şəxs zərərsizləşdirmək üçün o, tez bir şəkildə onlara yaxınlaşmış və Təqsirləndirilən şəxs dayanmağı tələb etmişdir. Təqsirləndirilən şəxs ona ailəvi məsələ olduğunu və işinə qarışmamalı olduğunu bildirmişdir. O, tez ətrafda olan şəxslərə səslənmiş, ətrafdakı şəxslər də gəlmişlər. Bu zaman hadisə yerinin yanında “Rent a car” adlı obyektdə işləyən Şahid1 yaxınlaşıb Təqsirləndirilən şəxs sağ qolundan tutmuş və ətrafda olan şəxslər bıçağı Təqsirləndirilən şəxs əlindən almışlar. Ətrafdakı şəxslərin Təqsirləndirilən şəxs zərərsizləşdirməsindən sonra Zərərçəkmiş şəxs Samildən uzaqlaşmışdır. Ətrafdakı şəxslər müdaxilə etməsə, Təqsirləndirilən şəxs Amilə Əliyevaya bıçaqla zərbələr vurmağa davam edəcəkdi. O, Zərərçəkmiş şəxs yaxınlıqda parklanmış ağ rəngli avtomobilə söykənməsinə kömək etmiş və “103” təcilli tibb yardım xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ətrafda olan qadınlardan biri “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdi. Lakin, təcilli tibbi yardım xidmətinin həkim briqadasının gec gələ biləcəyini düşünərək iş yoldaşı X9 və tanımadığı qadın Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən “Turan” klinikasına aparmışlar. O, “103” təcili tibbi yardım xidmətinə yenidən zəng edərək artıq gəlməyə ehtiyac olmadığını, Zərərçəkmiş şəxs “Turan” Klinikasına yerləşdirildiyini bildirmişdir. Həmin vaxt iki nəfər polis əməkdaşı yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Təqsirləndirilən şəxs saxlamış və Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparmışlar. Sonradan o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs evli olduqlarını lakin, boşandıqlarını öyrənmişdir (cild 1, iş vərəqə 114-117) Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanının qarşısıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 2-5). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş eyni növdən olan oxşar bıçaqlar arasında üçüncü sırada qoyulmuş bıçağı göstərərək Zərərçəkmiş şəxs məhz həmin bıçaqla vurduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 32). İfadənin yerində yoxlanılması haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 86-88). Hadisə yerindən götürülmüş içərisində təhlükəsizlik kamerasının videogörüntüsü olan DVD diskə baxış keçirilməsi haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə 01 ədəd videgörüntü vardır. Videogörüntü müddəti 04 dəqiqə 00 saniyədir. Videogörüntü ünvan 5 ünvanında yerləşən “Rentacar” adlı iaşə obyektinin qarşısını çəkən kamera vasitəsilə çəkilmişdir. Videogürüntüdə tarixin xx.xx.2023-cü il saat 14:44:00-da başayıb 14:48:00-da başa çatdığı müəyyən edildi ki, bu da real vaxta uyğun gəlir. Videogörüntünün 18-ci saniyəsindən 45-ci saniyəsinədək, yəni saat 14:44:18-dən 14:44:45-dək əynində qara rəngli paltar olan kişi cinsli şəxsin əynində qara rəngli paltarlar olan qadın cinsli şəxsə sağ əlində olan alətlə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq xəsarətlər yetirdiyi, videogörüntünün 45-ci saniyəsində ətrafdakı şəxslərin münaqişəyə müdaxilə edərək kişi cinsli şəxsi zərərsizləşdirdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində qara rəngli paltarlar olan kişi cinsli şəxs odur, əlindəki alət bıçaqdır və bıçaqla xəsarətlər yetirdiyi əynində qara rəngli paltarlar olan qadın cinsli şəxs onun keçmiş arvadı Zərərçəkmiş şəxsdır (cild 1, iş vərəqə 85). Telefona baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J3 2017” markalı mobil telefona baxış zamanı “WhatsApp” sosial şəbəkəsinin söhbətlər bölməsində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan yazışmalar və səsli mesajların olduğu müəyyən edilmişdir. Həmin yazışmalara və səsli mesajlara baxış keçirilərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına sistematik olaraq təhqirlərdən istifadə etdiyi, Təqsirləndirilən şəxs isə Amilə Əliyevaya qarşılıq verərək təhqirlərdən istifadə etdiyi və ya sonucudan onu təhqir etməməyi tələb etdiyi müəyyən edilmişdir. “WhatsApp” sosial şəbəkəsinin zənglər bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 10:56-da və 10:58-də Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə 2 dəfə zəng etdiyi müəyyən edilmişdir. “Samsung Galaxy J3 2017” markalı mobil telefonun zənglər bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 10:19 və 10:33 olmaqla 2 dəfə zəng etdiyi, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömərəyə saat 13:59, 14:08 və 14:11-də olmaqla 3 dəfə zəng etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 106). Məhkəmə-genetik ekspertizasının 12 may 2023-cü il tarixli 23/361 R nömrəli rəyindən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 01 ədəd qara rəngli koftanın-ön hissəsi, sol qoltuqaltı hissəsi və yaxa hissəsi, 01 ədəd qara rəngli idman şalvarın - ön hissəsi, yan hissələri və bel hissəsi, 01 ədəd qəhvəyi rəngli qolsuz gödəkçənin - ön hissəsi, astar hissəsi və arxa hissəsi, 01 ədəd ağ rəngli mayka üzərində, 01 ədəd qırmızı rəngli büstqalter üzərində, 01 cüt corab üzərində, 01 cüt idman ayaqqabısı üzərində və hadisə yerindən götürülmüş 01 ədəd bıçağın tiyəsi üzərində olan qanabənzər ləkələr, insan qanıdır. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 01 ədəd qara rəngli koftanın ön, sol qoltuqaltı və yaxa hissəsində olan qan ləkələri, 01 ədəd qara rəngli idman şalvarının-ön, yan və bel hissələrində olan qan ləkələri, 01 ədəd qəhvəyi rəngli qolsuz gödəkçənin-ön, astar və arxa hissəsində olan qan ləkələri, 01 ədəd ağ rəngli mayka üzərində olan qan ləkələri, 01 ədəd qırmızı rəngli büstqalter üzərində olan qan ləkələri, 01 cüt corab üzərində olan qan ləkələri, 01 cüt idman ayaqqabısı üzərində olan qan ləkələri və hadisə yerindən götürülmüş 01 ədəd bıçağın tiyəsi üzərində olan qan ləkələri, Zərərçəkmiş şəxs məxsusdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 ədəd qara rəngli koftanın-boyun və bilək hissələrindən götürülmüş tədqiqat nümunəsi, 01 ədəd qara rəngli cins şalvarın cib hissələrindən götürülmüş tədqiqat nümunəsi və hadisə yerindən götürülmüş 01 ədəd bıçağın dəstəyindən götürülmüş yaxmada olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir (cild 1, iş vərəqə 131-137). Məhkəmə-tibbi ekspertizasının 20 may 2023-cü tarixli 510 nömrəli rəyindən görünür ki, «Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qarın boşluğuna keçən qaraciyərin yaralanması, təxminən 1,5 litr hemoperitoneum, solda retroperitoneal hematoma ilə nəticələnən daxilə qarın boşluğuna keçən üç ədəd deşilmiş- kəsilmiş yara, sol tərəfdə döş boşluğuna keçən, hemopnevmotoraks, İİİ dərəcəli hemorragik şok ilə nəticələnən daxilədöş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sol yarsında iki ədəd, sol süd vəzi, sol bazu, sol qoltuqaltı və qarın nahiyələrinin hər birində bir ədəd olmaqla ümumilikdə dörd ədəd deşilmiş-kəsilmiş yaralar, deşici-kəsici, əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdilər, qeyd olunan xəsarətlərdən qarın boşluğuna keçən,qaraciyərin yaralanması, təxminən 1,5 litr hemoperitoneum, solda retroperitoneal hematoma ilə nəticələnən daxilə qarın boşluğuna keçən üç ədəd deşilmiş-kəsilmiş yara; sol tərəfdə döş boşluğuna keçən, hemopnevmotoraks, İİİ dərəcəli hemorragik şok ilə nəticələnən daxilə - döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, döş qəfəsinin ön səthinin sol yarısında iki ədəd, sol süd vəzi, sol bazu, sol qoltuqaltı və qarın nahiyələrinin hər birində bir ədəd olmaqla ümumilikdə dörd ədəd deşilmiş-kəsilmiş yaralar isə ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zədə yetirən əşya (əşyaların) fərdi xüsusiyyətləri xəsarətlərdə əks olunmadığından əşya (əşyalar) barədə daha dəqiq fikir söyləmək mümkün deyildir, lakin Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin eyni silah, eyni əşya və ya eyni predmetlə yetirilməsi hadisə zamanı onun əynindəki paltarların və bıçağın məhkəmə-tibbi kriminalistik müayinəsi zamanı müəyyən oluna bilər. «Özünü müdafiə və qarşılıqlı mübarizə» məhfumları hüquqi məhfumlar olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Xəsarətlər yetirilən anda zərərçəkmiş və hücum edən dinamikada (hərəkətdə) olduqları üçün hansı duruş vəziyyətdə olmaqlarını dəqiq müəyyən etmək mümkün deyil. Lakin xəsarətlər Zərərçəkmiş şəxs bədəninin ön və yan səthlərində yerləşdiyindən xəsarətlər yetirilən zaman onun özü və xəsarətlər yetirən şəxsin əsasən üzbəüz və yan tərəfində olması istisna olunmur (cild 1, iş vərəqə 145-149). Məhkəmə tibbi-kriminalistik 08 iyun 2023-cü il tarixli 240/MTKŞ-2023 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ və sol yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər.Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın və qolsuz maykanın hər birinin ön səthinin orta hissəsində və sol yarısında, koftanın və maykanın sol qolunun alt səthində, koftanın sol qolunun arxa səthində çoxsaylı deşilmiş-kəsilmiş zədələr, idman şalvarının ön səthinin sağ və sol yarısının hər birində bir ədəd, idman şalvarının sol ayağının arxa səthində bir ədəd, büstqalterin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kesilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kesici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələr və onun bədən səthində olan xəsarətlər eyni bir alətin yaxud oxşar konstruksiyalı bir neçə alətin təsirindən törənə bilər, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur.Zərərçəkmiş şəxs məxsus iki ədəd corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqollu koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır ve deşici-kəsici xassayə malik soyuq silahdır (cild 1, iş vərəqə 155-166). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 may 2023cü il tarixli 1473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik və sair aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb kimi hallar yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində, fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqə 168-171). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 13 may 2023-cü il tarixli 6508 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 112). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(011)-2587/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Yurdçu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən 02 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2016-cı il təvəllüdlü X3 anası X4 yanında qalması və cavabdeh Təqsirləndirilən şəxs birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 55-57). Cinayət işinin materiallarına əlavə edilmiş Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 432299 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs ilə vətəndaş X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022ci il tarixdə, 570 nömrəsi ilə qeydiyyat aparılmış, X5 Vəliyeva soyadı verilmişdir (cild 1, iş vərəqə 58). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 175-176). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Hadisəsinin videogörüntüsünün təhlili də bu qənaət üçün yetərli əsaslar verir. Belə ki, həmin görüntüdən aşkar şəkildə müəyyən olunur ki, təxminən 27 saniyə ərzində – kənar müdaxilə nəticəsində zərərsizləşdirilənədək Təqsirləndirilən şəxs cəld və nizamsız hərəkətlərlə, dayanmadan və həm də həyati vacib orqanları istiqamətində Zərərçəkmiş şəxs bədəninə xəsarətlər yetirir. Ona görə də məhkəmə hesab edir ki, iti ucu və iti ülgücü olan, deşici-kəsici xassəyə malik, tiyəsinin uzunluğu 100 mm olan ov bıçağı ilə təsvir olunan şəraitdə yetirilən xəsarətlərin işin faktiki hallarının digər diqqətəlayiq məqamları da nəzərə alınmaqla məhz zərərçəkmişin həyatdan məhrum edilməsinə yönəlməsi ilə bağlı gəlinmiş nəticə tam əsaslıdır. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zaman, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 13- 14, 96-100). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bozumtul rəngli bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli kofta, qırmızı rəngli büstqalter, qırmızı rəngli idman ayaqqabısı, ağ rəngli corab, ağ rəngli mayka, qara rəngli qolsuz gödəkçə, qara rəngli idman şalvarı, ona məxsus qan nümunəsi, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli kofta və bir ədəd qara rəngli şalvar məhv edilməli, “Samsung Galaxy J3 2017” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 9 (doqquz) il 3 (üç) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bozumtul rəngli bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli kofta, qırmızı rəngli büstqalter, qırmızı rəngli idman ayaqqabısı, ağ rəngli corab, ağ rəngli mayka, qara rəngli qolsuz gödəkçə, qara rəngli idman şalvarı, ona məxsus qan nümunəsi, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli kofta və bir ədəd qara rəngli şalvar məhv edilsin; - Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, “Samsung Galaxy J3 2017” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1876/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1876/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver