Məhkəmə qərarları › İş №1(101)-1876/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1876/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1876/2024 11.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 Bəhrəm oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 29 fevral 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon prokurorunun 02 mart 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə həbsdən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 01 may 2024-cü il tarixdə barəsində axtarış elan olunmuş, 08 may 2024-cü il tarixdə tutulmuş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, tamah niyyəti ilə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Əfqan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 29 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində sonuncunun yerləşdirdiyi məlum olmayan yerdən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,517 qram və 2,603 qram, ümumi təmiz çəkisi külli miqdarda - 4,120 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetmamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,25 qram, 0,29 qram, 0,37 qram və 0,11 qram olmaqla, ümumi təmiz çəkisi 1,02 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib, satış məqsədi ilə təmiz çəkisi külli miqdarda - 2,603 qram olan psixotrop maddə metamfetamini və 0,11 qram narkotik vasitə qurudulmuş marixuananı 20 manat müqabilində Şahid3 satıb, təmiz çəkisi 1,517 qram olan psixotrop maddə metamfetamini isə daha sonra Şahid3 vermək üçün üzərində saxlayıb daşıyarkən Suraxanı rayon Polis idarəsi 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,517 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında - 3 ədəd kağız bükümdə 0,25 qram, 0,29 qram və 0,37 qram, ümumi çəkisi 0,91 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapsa da, şəxsin həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. O, ifadəsində göstərdi ki, onun barəsində olan cinayət işinin istintaqını iki müstəntiq aparmışdır. Birinci müstəntiq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlamış, sənədlərə imza etdirmiş və hakimlə danışıb ona ev dustaqlığı veriləcəyini üzərinə götürdüyünü söyləmişdir. Həmin müstəntiq onu buraxmış və o, iki ay azadlıqda olmuşdur. Daha sonra heç bir xəbərdarlıq edilmədən ikinci müstəntiq onu həbs etdirmişdir. Belə ki, o, tutularaq idarəyə gətirilmişdir. Səhər tezdən yuxulu halda olarkən müstəntiq gəlmiş, sənədlərə tez imza etməsini bildirib, ona buraxılacağını demişdir. Tutularkən onun üzərində bir qram yarım narkotik vasitə olmuşdur. Səhər tezdən polis işçiləri onun evinə gəlmiş, evi axtarmış, lakin heç bir şey aşkar etməmişlər. Özü şalvarının cibində narkotik vasitə olduğunu söyləmiş, sonra onu polis bölməsinə aparmışlar. Məhəmməd adlı tanıdığı şəxs polis işçilərinə guya onun narkotik vasitə satdığı barədə məlumat vermişdir. Lakin Məhəmməd elə bir şey söyləməmiş, Məhəmməd sadəcə özünün və onun narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları Məhəmmədin üstündən külli miqdarda narkotik vasitə aşkar etmişlər. Həmin vaxt narkotikin satıldığı yerdə onu satan və alan adamlar olmuş, orada da tutulmuşlar. Onun özü narkotik vasitə istifadəçisidir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs onun üzərində 1 qram metamfetam, 3 bükümdə isə «nəşə» olduğunu, narkotik vasitəni Əmircanda tanımadığı şəxsdən əldə etdiyini, 15-20 gündən bir narkotik vasitə aldığını, narkotik vasitəni tutulduğu günün səhəri saat 10-11 radələrində aldığını, həmin günün axşamı isə saxlanıldığını, özünün sadəcə «nəşə»dən istifadə etdiyini, sürücü işlədiyini və tutulan zaman tək yaşadığını, anasının bir müddət əvvəl rəhmətə getdiyini, onu tutan şəxslərdən birinin adının Ülvi olduğunu, digər ikisinin isə adlarını bilmədiyini, saxlanıldığı vaxt ona zor tətbiq edilmədiyini, lakin evindən telefonunun və pulunun götürüldüyünü, tutulduğu vaxt videoçəkiliş aparıldığını, videoçəkilişdə qeyd olanların düz olduğunu, Məhəmmədi adlı şəxsi tanımadığını, lakin Məhəmməd onu narkotik alan zaman gördüyünü və onun da narkotik vasitə istifadəçisi olduğunu polisə dediyini, o, Məhəmməd adlı şəxsə narkotik vasitə satmadığını, polis idarəsində müstəntiq sənədlərə imza etdirib getdikdən sonra orada Məhəmmədin onunla görüşdüyünü və Məhəmmədin ona müstəntiqə 2000 manat pul verdiyini, buna görə də hər ikisinin buraxılacağını dediyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitə qurudulmuş marixuana istifadə edir, son zamanlar isə psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul edir. 29 fevral 2024-cü il tarixdə Şahid3 ilə görüşmüş və Məhəmməd ondan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin almaq istəmişdir. Onlar razılaşmış və 20 manat Məhəmməd, 20 manat isə o, ödəməklə metamfetamin və ot almağa qərar vermişlər. Buna görə də 29 fevral 2024-cü il tarixdə saat 12 radələrində Suraxanı qəsəbəsində adını “Əfqan” kimi bildiyi şəxsdən 2 büküm metamfetamin və 4 bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır. Bundan sonra 1 büküm metamfetamini və 1 büküm narkotik vasitə qurudulmuş marixuananı Məhəmmədə vermişdir. Qalan 1 büküm metamfetamini isə Məhəmməd daha sonra ondan götürəcəyini bildirmişdir. O da, 1 ədəd bükümdə metamfetamini və 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamışdır. 29 fevral 2024-cü il tarixdə saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, ev 12 ünvanının qarşısında dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı rayon Polis idarəsi, 33-cü Polis bölməsinin işçiləri olduğunu bilmişdir. Onu 33-cü Polis bölməsinə dəvət etmişlər və təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Ona dövlət hesabına vəkil təqdim olunmuş, onun və 3 nəfər polis işçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçının təklifi ilə o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və əşya aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd bükümdə maddənin metafetamin, 3 ədəd bükümdə olan maddənin isə «ot» olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş maddələr zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 129-131). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda yazılanların bəzisinin düz, bəzisinin isə yanlış olduğunu, ifadə verərkən narkotik vasitəni 20 manatdan 50 manata qədər olan qiymətə aldığını dediyini, Məhəmmədə həç bir narkotik vasitə satmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ, 33-cü Polis bölməsinin əməliyyat müvəkkili X2 təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanıdığını, fevral ayında Sabir adlı şəxsin Bülbülə qəsəbəsində narkotik vasitələrin saxlanması və istifadəsi məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradıldığını, Şahid1lə birlikdə qeyd olunan ünvanda Təqsirləndirilən şəxs yaxınlaşıb onun narkotik vasitələrin saxlanması və istifadəsində şübhəli bilindiyi izah olunduqdan sonra polis bölməsinə dəvət edildiyini, bölmədə təhqiqatçının otağında videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildiyini, üzərindən üç bükümdə marixuana və bir bükümdə metamfetamin aşkar edilərək götürüldüyünü bildirdi. Həmçinin proses iştirakçılarının suallarını cavablandıran şahid Ülvi Quliyev təqsirləndirilən şəxsi saxlayarkən ona qarşı heç bir təsir və təzyiq olunmadığını, şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələrin təhqiqatçı tərəfindən qablaşdırıldığını, Məhəmməd adlı şəxsin Sabiri narkotik vasitə satan kimi təqdim etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ, 33-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı psixotrop maddə və narkotik vasitələrin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Ülvi Quliyevin ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 Bəxşeyş oğlu ifadəsində göstərdi ki, Sabiri 2-3 ildir yaşadığı ərazidən Əmircanda Əfqan adlı şəxsdən narkotik vasitə aldığı zaman görüb tanımışdır. Sabirlə qonşu deyildir, onun özünün məhkum olunduğu cinayət işinin hazırkı işlə heç bir əlaqəsi yoxdur. İbtidai istintaq zamanı Sabirin işi ilə bağlı ifadə vermişdir. Sabir ona narkotik vasitə satmamış, Sabirin kiməsə narkotik vasitə satdığını da görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. İstintaq zamanı Sabirlə arasında üzləşmə olmuş və həmin protokolu da oxumadan imzalamışdır. Polis əməkdaşları onu tutduqdan 30 dəqiqə sonra Sabiri tutub gətirmiş və sonra ondan Sabiri tanıyıbtanımadığını soruşmuşlar. O da, narkotik vasitə aldığı zaman Sabiri gördüyünü bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid3 həmin ifadəsində göstərmişdir ki, bir müddətdir “patı” kimi tanıdığı psixotrop maddəni çəkmək yolu ilə istifadə edir. Sonuncu dəfə 28 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən Sabir adlı şəxsdən 2 ədəd bükümdə - bir ədəd bükümün içərisində metamfetamin kimi tanıdığı psixotrop maddəni 20 manata alıb həmin bükümü cibinə qoyub daha sonra istifadə etmək üçün saxlamışdır. 29 fevral 2024-cü il tarixdə təxminən saat 14:50 radələrində ünvan 7 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olması barədə soruşmuşlar. O da, özünü Şahid3 kimi təqdim etmişdir. Onlar onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ, 33-cü PB-nə dəvət etmişlər. 33-cü PB-də ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və bir bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu 28 fevral 2024-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində Sabir adlı şəxsdən 20 manata alıb öz istifadəsi üçün saxladığını polis işçilərinə bildirmişdir. Ondan aşkar edilmiş 2 ədəd büküm götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 123-125). Şahid3 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni oxumadan imzaladığını bildirdi. Həmçinin məhkəmə iclasında Şahid3 ilə Təqsirləndirilən şəxs arasına keçirilmiş üzləşdirmə istintaq hərəkətinin 23 may 2024-cü il tarixli protokolu elan və tədqiq olundu (cild 1, iş vərəqi 149- 152). Elan olunmuş protokolla bağlı sualları cavablandıran Şahid3 məhkəmədə verdiyi ifadəsini təstiq etdiyini, Sabirə saxlamaq üçün narkotik vasitə vermədiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 23 may 2024-cü il tarixli protokola əsasən, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid3 sərbəst ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə bildirmişdir (cild 1, iş vərəqi 149-152). İşə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə polis işçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən dörd ədəd bükümü təqdim etmişdir. Həmin bükümkərin birindən şəffaf rəngli, kristal şəkilli maddə, digər üç bükümdən isə yaşıl rəngli, ot şəkilli maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq öz istifadəsi məqsədi ilə saxlayıb gəzdirdiyini, həmçinin Şahid3 da psixotrop maddə və narkotik vasitə marixuana satdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər iki ədəd zərfə qoyulub qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 29-30). Həmçinin, diskə baxış keçirilməsi haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd “DVD” diskə baxış keçirilərkən oradakı görüntülərin 29 fevral 2024-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyəe olunur (cild 1, iş vərəqi 61). Cinayət işində olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarı ilə Suraxanı rayon Polis İdarəsi, 33-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Ülvi Quliyevin 29 fevral 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 89-91). Məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2024-cü il tarixli 3-16-16/2-6/1243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd selofan bükümdə təmiz çəkisi 1,517 ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində “ vət.Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan metamfetamin üzərində “vət.Şahid3 üzərindən aşkar” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 45-49). Məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2024-cü il tarixli 3-16-16/2-7/344 nömrəli rəyindən görünür ki, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdə olan üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,25 qram, 0,29 qram, 0,37 qram, ümumi çəkisi 0,91 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs və Şahid3 götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 39-42). Ambulator məhkəmə-narkoloji ekspertizasının 02 aprel 2024-cü il tarixli 2083 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 95-97). İbtidai istintaq orqanının 23 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 1,517 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,91 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxana iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,467 qram olan psixotrop maddə metamfetamin və 0,85 qram narkotik vasitə qurudulmuş mariuxana saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Həmçinin istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 153-165). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 92). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Məhəmməd adlı tanıdığı şəxsin polisə guya onun narkotik vasitə satması barədə məlumat verdiyini, lakin Məhəmmədin polisə elə bir şey söyləmədiyini, Məhəmmədin onunla birlikdə narkotik vasitələrdən istifadə etdiyini bildirdiyini, polis əməkdaşlarının Məhəmmədin üstündən külli miqdarda narkotik vasitə aşkar etdiklərini, narkotik vasitəni Əmircanda tanımadığı şəxsdən əldə etdiyini, Məhəmmədi adlı şəxsi tanımadığını, lakin Məhəmmədin onu narkotik alan zaman gördüyünü və onun narkotik vasitənin istifadəçisi olduğunu polisə dediyini, Məhəmməd adlı şəxsə özünün narkotik vasitə satmadığını məhkəməyə bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, onları 29 fevral 2024-cü il tarixdə Suraxanı qəsəbəsində adını “Əfqan” kimi adını bildiyi şəxsdən 2 büküm metamfetamin və 4 bükümdə narkotik vasitə qurudulmuş marixuana olmaqla aldığını, sonra 1 büküm metamfetamini və 1 büküm narkotik vasitə qurudulmuş marixuananı Şahid3 satdığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixdə qanuni qüvvəsini almış 15 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Şahid3 28 fevral 2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 2,603 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 fevral 2024-cü tarixdə saat 15:00 dəqiqədə ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq 33-cü PB-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 (iki) ədəd ağ rəngli kağız bükümdə bir bükümdə təmiz çəkisi 2,603 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və digər bükümdə təmiz çəkisi 0,11 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin hökmlə Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri qazanc müqabilində satmaq məqsədilə əldə etdiyini səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə qurudulmuş marixuana, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların bir hissəsini Şahid3 satmasını, üzərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin ayrı-ayrı bükümlərdə olmasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə əməli düzgün tövsif edilmişdir. Bununla belə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş bütün sübutları təhlil edib qiymətləndirərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edərkən istintaq orqanı yalnış nəticəyə gəlmiş və bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, Təqsirləndirilən şəxs həmin maddə ilə verilmiş ittihama görə o, şəxsiyyəti istintaqa məlum olmayan «Əfqan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 29 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan yerdən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,517 qram və 2,603 qram, ümumi təmiz çəkisi külli miqdarda 4,120 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetmamin, 04 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,25 qram, 0,29 qram, 0,37 qram və 0,11 qram ümumi təmiz çəkisi 1,02 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti öz səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də həmin Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 29-cu bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-nin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan”, “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Həmin Qərarın 31-ci bəndinə əsasən, cinayət iştirakçılıqla törədilmişsə, iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut mövcud deyildir, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi şəxsə ittihamın verilməsi əsassızdır. Cinayət işinin materialları ilə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmamış, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan yerdən narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edərək üzərində daşımaqla saxlaması qeyd edilmişdir. Göründüyü kimi, işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı ilə bağlı, həmçinin satış məqsədi ilə bağlı qabaqcadan razılığ əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut mövcud olmamış və istintaq orqanı bu hallara düzgün qiymət verməmişdir. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədilə əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,120 qram olan iki bükümdə psixotrop maddə metamfetamini və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,25 qram, 0,29 qram, 0,37 qram və 0,11 qram olmaqla, ümumi təmiz çəkisi 1,02 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşımaqla saxlamış, onların bir hissəsini Şahid3 satmış, qalan hissəsi isə onun şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Savbir oğluna verilmiş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından, həmin maddə ilə ona verilmiş ittiham ümumi ittihamdan çıxarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 29 fevral 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon prokurorunun 02 mart 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə həbsdən azad edilərək onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lakin o, istintaqdan yayındığına görə 01 may 2024-cü il tarixdə barəsində axtarış elan olunmuş, 08 may 2024-cü il tarixdə tutulmuş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmaqla çıxılmalı, ona qəti cəza təyin olunmalı və cəzanın başlanğıcı 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 aprel 2024-cü il tarixli 2083 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,85 qram çəkidə qurudulmuş marixuana və 1,467 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - şəxsi axtarış və götürmə keçirilməsi videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 137 (yüz otuz yeddi) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 137 (yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan çıxarılsın və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,467 qram çəkidə psixotrop maddə metamfetamin və 0,85 qram çəkidə narkotik vasitə qurudulmuş mariuxana məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 137 (yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar