Məhkəmə qərarları › İş №1(101)-1879/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1879/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1879/2024 24.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: 10 iyun 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)–1879/2023 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 06 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran islam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyriləri tərəfindən istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddəni əldə edib kiçik ölçülü ayrı-ayrı bükümlərə bölüb eyni məqsədlə Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda gizlədib həmin yerin fotoşəkillərini çəkərək “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə “Həsən” adlı şəxsə göndərməklə narkotik vasitə və psixotrop maddələrin satışını həyat keçirmiş, eyni qaydada qrup üzvü “Həsən” adlı şəxsin göndərdiyi külli miqdarda 18,074 qram çəkidə psixotrop maddə metamfetamini naməlum tarix, vaxt və şəraitdə qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına qanunsuz daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə saat 22:10 radələrində qeyd edilən ünvanın qarşısında saxlanılıb ünvan 3a yerləşən Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki şalvarın sağ yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı dörd ədəd bükümlərdə, xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 3,035 qram, 4,237 qram, 7,746 qram və 3,056 qram olmaqla ümumilikdə külli miqdarda - 18,074 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ Siyahısına daxil olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Şəxsin hərəkəti, yaxud da hərəkətsizliyi ilə başlayan və azçox müəyyən müddətə fasiləsiz olaraq davam etdirilən konkret cinayət uzanan cinayətdir. Hazırkı cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istinad edilən ictimai təhlükəli əməlin törədilməsi - 18,074 qram çəkidə psixotrop maddə metamfetamini «naməlum tarix, vaxt və şəraitdə qanunsuz olaraq satış məqsədilə əldə etməsi» ilə başlanmışdır. Onun cinayət tərkibini yaradan əməli fasiləsiz olaraq törətməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 21 dekabr 2023-cü il tarixdə saat 22:10 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılması ilə başa çatmışdır. Yəni, Təqsirləndirilən şəxs fasiləsiz olaraq kriminogenlik mənbəyi kimi mövcudluğu məhz Abşeron rayonu ərazisində göstərilən vaxtda bitmiş, kriminal vəziyyətə - uzanan cinayətə şəxsin iradəsindən asılı olmayan səbəblə - daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanması anı ilə son qoyulmuşdur. Təqsirləndirilən şəxs saxlanaraq faktiki tutulduğu andan polis əməkdaşlarının bilavasitə nəzarətində olmuş, azadlığı məhdudlaşdırılmışdır. Ona görə də sərbəst hərəkət etmək imkanından tam məhrum edildiyindən, saxlandığı andan sonrakı bütün hərəkətlər, o cümlədən Bakı şəhərinə aparılması onun iradəsi xaricində olmuşdur. Bu səbəbdən də saxlandığı andan sonrakı müddətdə, yəni Abşeron rayonundan Bakı şəhərinə aparılarkən yola sərf olunmuş vaxt ərzində polis əməkdaşlarının tabeliyində və nəzarətində olduğundan şəxsin cinayət törətməkdə davam etməsinin israrı istisna olunur. Bununla da məhkəmə qeyd edir ki, istintaq hərəkətinin aparıldığı yer cinayətin törədildiyi yer kimi qəbul edilə bilməz. Həmin istintaq hərəkətinə qədər cinayət artıq törədilmiş, cinayəti törətməkdə şübhəli bilinən şəxs isə saxlanmışdır. Buna görə də şəxsin polis əməkdaşları tərəfindən psixotrop maddə ilə birlikdə saxlanıldığı yer cinayətin törədildiyi son yer kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin törədildiyi yer aşkar müəyyəndir, yəni Abşeron rayonunun ərazisidir. Məhkəmə gəldiyi bu qənaəti qanuni, əsaslı və mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)–1879/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 21 iyul 2024-cü il tarixdə bitdiyindən hazırkı cinayət işinin aidiyyəti məhkəməyə daxil olması və iş üzrə hazırlıq iclası təyin edilib keçirilənədək sərf olunacaq müddət nəzərə alınmaqla seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətinə uzadılması zəruridir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu, 69-cu, 74-cü, 75-ci, 299.3.5-ci və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)–1879/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 21 avqust 2024-cü il tarixədək uzadılsın. Hazırkı qərarın surəti qətimkan tədbiri ilə bağlı hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Hakimlər: (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar