Məhkəmə qərarları › İş №1(101)-188/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-188/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-188/2020 18.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Şahid5 İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökmdən verilmiş apellyasiya protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilərək ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarına əsasən, təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında yaşamış, 11 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, həmin əməlinə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə cəzasının 2 il müddətə dəyişdirilməsinə və Bakı şəhəri, Xətai rayon məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarı ilə çəkilməmiş qalan 5 ay müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq iki ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda 251,189 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və iki ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda 250,015 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz əldə edib daşımaqla üstündə saxlamış, həmin narkotik vasitələri satması ilə bağlı müştəri tapmaqda köməklik etməsini tanışı Şahid6 təklif etmiş, 11 iyun 2019-cu il tarixdə Şahid6 bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumata əsasən, qeyd edilən Baş idarənin və Baş X3 idarəsinin əməkdaşları tərəfindən 11 iyun 2019-cu il tarixdə saat 21:00 radələrində həyata keçirilən birgə əməliyyat-axtarış tədbiri zamanı Quba-Bakı avtomagistral yolunun Abşeron rayonu ərazisindəki 23-cü kilometrliyində yerləşən Baş X3 idarəsi Yol-Patrul Xidməti Alayının 1-ci tağımının 706 saylı Yol-Patrul Xidməti postunda Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli «Kia Rio» markalı 90TE593 dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən külli miqdarda iki ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda 127,274 qram və 123,915 qram olmaqla, ümumi təmiz çəkisi 251,189 qram olan xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən narkotik vasitə heroin və həmin şalvarın sol yan cibindən isə külli miqdarda iki ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda 134,214 qram və 115,801 qram olmaqla, cəmi 250,015 qram olan xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən narkotik vasitə tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etsə də, heç kimə narkotik vasitə satmamışdır. Hadisə ərəfəsində bir gün Xaçmazda olarkən dostu Feyruz ona zəng edib onlara qonaq gələcəyini bildirmişdir. Sonradan Feyruz onlara gəlmiş, ona tək gəlmədiyini, yanında iki nəfərin də olduğunu bildirmişdir. O, problem olmadığını deyərək gələn şəxsləri evə dəvət etmişdir. Feyruzla gələn şəxs Elnur adlı oğlan olmuş, sonuncunun yanında isə bir xanım da onlara gəlmişdir. Elnur tez-tez ondan buralarda yaxşı narkotik olduğunu eşitdirərək, onun narkotik maddə təşkil etməsini istəmişdir. O, həmin şəxsi yola vermək üçün hələ vaxtı olmadığını bildirərək, xətrinə dəyməmək üçün yalandan ona narkotik təşkil edəcəyini söyləmişdir. Həmin vaxt bir-iki nəfərə zəng də etmiş, lakin zəng vurduğu şəxslər telefonu götürmədiklərindən Elnura sonra narkotik təşkil edəcəyini bildirmişdir. Bakıya qayıdandan sonra maşınını təmir etdirmək üçün pul lazım olduğundan Xaçmaza qayıtmalı olmuş, bu vaxt Elnur yadına düşmüş və ona zəng edib yalandan «sənin dediyin məsələni danışmışam, Xaçmaza getmək lazımdır” sözlərini demişdir. Elnur da onunla razılaşmış və 8-ci mikrorayonda görüşüb onun maşını ilə Xaçmaza gəlmişlər. Yolboyu Elnurun maşınını o, sürmüş, Elnur isə onun yanında oturub ya telefonla kiminləsə yazışmış, ya da narkotik vasitədən istifadə etmişdir. O, Xırdalan dairəsinə gəlib orada dostundan maşının təmiri üçün 200 manat pul götürmüş, sonra Xaçmaza çatanda dayısı oğlundan 200 manat, bibisi qızından isə 300 manat pul almışdır. Həmin vaxt Elnur təkidlə «nə oldu, zəng elə, gör narkotik nə oldu» deyərək yenə də ondan narkotik istəmişdir. O da, Elnuru yola vermək üçün bir-iki nömrəyə zəng etmiş və nömrələrin bağlı olduğunu bildirmişdir. Elnur ona Xaçmazda qalmağı, birdəfəlik narkotiki də götürüb sonra Bakıya qayıtmağı təklif etmişdir. O, razılaşmamış və bir-iki saatdan sonra birlikdə Bakıya yola düşmüşlər. Yolda «Saray» postunu keçərkən bir nəfər polis əməkdaşının yandan əl elədiyini görmüş və postu keçib təxminən 500 metr qabaqda maşını saxlayaraq arxaya vermişdir. Maşından düşüb polis əməkdaşına tərəf yaxınlaşanda arxadan onu tutub maşına basmışlar və Narkotiklərlə mübarizə idarəsinə gətirmişlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Elnuru dostu Feyruz Abbasovun vasitəsi ilə tanımış, Elnur Xaçmazda onun qonağı olmuşdur. Hadisə günü onlar Elnurun maşını ilə Xaçmaza getmiş, həmin vaxt maşını o, sürmüşdür. Xaçmazdan gələndə hava artıq qaranlıq olmuşdur. Onun əvvəlcədən polis əməkdaşı Anar Rüstəmovla aralarında mübahisə olmuş və o, həmin mübahisəyə görə Anarın dostu Səttarın vasitəsi ilə saxlanılmışdır. O, tutulan gün əynində boz kətan şalvar və köynək olmuşdur. Onlar Xaçmazda təxminən 1-2 saat qaldıqdan sonra geri Bakıya qayıtmışlar. Postdan təxminən 500 metr keçdikdən sonra polis əməkdaşı əl edib onları saxladığı üçün maşını geri sürmüşdür. Maşından düşüb gedəndə kameraya çatmamış onu arxadan tutub maşına basaraq gətirmişlər. Xaçmaza gedərkən yolboyu Elnur narkotik vasitələr olan heroindən və şüşədən istifadə etmişdir. Onu tutduranın Elnur olduğunu sonradan bilmişdir. O, tutulan zaman polis əməkdaşlarından Elnuru tutmamalarını xahiş etmişdir. 100 qram narkotik vasitə heroin təxminən bir ovuc, 100 qram tiryək isə heroindən bir az çox olar. Göstərilən narkotik vasitələrin onun ciblərinə yerləşməsi mümkünsüzdür. O, maşını postdan 500 metr keçəndən sonra saxlamış və əgər onun üstündə narkotik vasitə olsaydı, onun həmin narkotiki yerə tullamaq imkanı olmuşdur. Anar Rüstəmov əvvəllər Xətai RPİ Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olmuşdur. Necə olur ki, 2007-ci ildə də tutulan zaman eyni ssenari üzrə onu yol polisi əməkdaşları saxlamış, həmin vaxt da ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş, sonradan onun şikayətləri əsasında Bakı şəhər prokurorluğu araşdırma apararaq əməlini CM-nin 234.1-ci maddəsinə dəyişmişlər. Xətai rayon Məhkəməsində işi olarkən Anar Rüstəmov məhkəməyə gəlmiş və məhkəmədə onu hədələyərək "görərsən, sən elə bilirsən ki, buradan çıxa biləcəksən, gör sənin başına nə oyun açacağam" sözlərini demişdir. Anarın hədələrindən sonra o, prokurorluğa şikayət etmiş, bundan sonra Xətai rayon prokurorluğunun əməkdaşı 2018-ci il iyun ayında onun izahatını almışdır. Həmin məsələ üzrə nə qərar qəbul edildiyini bilmir. Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin təhqiqat zamanı özü tərəfindən yazılmış izahatı məhkəmə iclasında elan və tədqiq edildi. Həmin izahatında və ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 1986-cı ildə oğurluq cinayəti törətdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 1991-ci ildə azadlığa buraxılmış və 1992-ci ildə narkotik maddə qəbul etdiyinə görə 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 1993-cü ildə azadlığa buraxılmışdır. 1995-ci ildə yenidən narkotik maddə ilə bağlı tutulmuş və bir il müddətinə azadlıqdan məhrum edilmiş və 1996-cı ildə azadlığa buraxılmışdır. 1998-ci ildə narkotik vasitə satdığına görə 9 il müddətinə azadlıqdan məhrum edilmiş, 2005-ci ildə məntəqə tipli cəza çəkmə müəssisəsinə köçürülmüş və 6 aydan sonra şərti azadlığa buraxılmışdır. 2007-ci ildə satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etdiyinə görə 8 il 3 ay azadlıqdan məhrum edilmiş və 2015-ci ildə azadlığa buraxılmışdır. 2017-ci ildə narkotik maddə qəbul etdiyinə görə 2 il müddətinə azadlıqdan məhrum edilmiş və 28 fevral 2019-cu il tarixdə azadlığa buraxılmışdır. 1997-ci ildə ailə həyatı qurmuş, 20 yaşında bir oğlu vardır, 2015-ci ildən ailəsi ilə birlikdə Xaçmaz şəhəri Y.Şahbazov küçəsi ev 15 mənzil 6-da yaşayır. Təxminən 3 aya yaxındır ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. 11 iyun 2019-cu il tarixdə Xaçmaz şəhərində olarkən tanışı Şahid6 onda olan narkotik vasitə heroini və tiryəki Bakı şəhərinə aparmaq üçün avtomobil lazım olduğunu bildirmiş və onda olan narkotik vasitələri satmaq üçün müştəri tapmasını xahiş etmişdir. Şahid6 maşını ilə Bakı şəhərinə getməyə razılıq verdikdən sonra 11 iyun 2019-cu il tarixdə o, Elnurun «Kia Rio» markalı 90TE593 dövlət qeydiyyat nişanlı avtomobili ilə qabaq oturacaqda əyləşib Bakı şəhərinə yollanmışlar. Təxminən saat 21:00 radələrində Bakı şəhəri istiqamətində magistral yolla hərəkət edərkən Abşeron rayonu ərazisində Baş Dövlət Yol Polis İdarəsi Yol Patrul Xidməti postunun polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobil saxlanılmışdır. O, avtomobildən düşmüş, ona yaxınlaşmış şəxslər polis vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, özünü polis əməkdaşlarına təqdim etmiş, polis əmkdaşları ona əməliyyat tədbirinin keçrilməsi barədə qərarı göstərib tanış etmişlər. Polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib hal şahidlərini təqdim etmişlər. Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. O, üstündə iki ədəd bükümdə 250 qram narkotik vasitə heroin və iki ədəd bükümdə 250 qram narkotik vasitə tiryək olduğunu polis əməkdaşlarına bildirmiş və hal şahidlərinin iştirakı ilə əynində olan boz rəngli şalvarının sağ yan cibindən iki ədəd içərisində narkotik vasitə heroin olan şəffaf rəngli polietilen bükümləri, şalvarının sol yan cibindən iki ədəd içərisində narkotik vasitə tiryək olan şəffaf rəngli polietilen bükümləri, eləcə də üstündə olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, mobil telefonunu və 80 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə onun təqdim etdiyi 4 ədəd bükümləri açıb baxdıqdan sonra həmin bükümləri ayrı-ayrılıqda iki ədəd zərfin içərisinə qoyub bağlamış, zərflərin üstünü möhürləmiş və imzalamışlar. Polis əməkdaşları 80 manat pulu ona qaytarmış, şəxsiyyət və sürücülük vəsiqələrini, eləcə də mobil telefonunu götürmüşlər. Polis əməkdaşları tərəfindən üzərinə keçirilmiş baxış zamanı əlavə qanunsuz əşya aşkar olunmamışdır. Sonra polis əməkdaşları onunla bir avtomobildə olan Şahid6 üstünə və avtomobilinə baxış keçirmiş, Elnurdan və avtomobildən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı o, üstündə olan narkotik vasitə heroinin bir qramını 22 manat olmaqla ümumilikdə 250 qram narkotik vasitə heroini 5.500 manata, narkotik vasitə tiryəkin isə bir qramını 7 manat olmaqla ümumilikdə 250 qram narkotik vasitə tiryəki 1.750 manata təxminən 15 gün əvvəl Cəlilabad rayonu Göytəpə kəndində yaşayan istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olan Vüqar adlı şəxsdən həmin narkotik vasitələrin müəyyən hissəsini öz istifadəsi üçün, müəyyən hissəsini isə satmaq məqsədi ilə aldığını bildirmişdir. O, üstündə olan narkotik vasitələri satmaq üçün müştəri tapmaqda köməklik etməsini Şahid6 xahiş etmişdir. Şahid6 onun narkotik vasitələri satması ilə bağlı müştəri tapmaqda etdiyi xahişi ilə bağlı polis əməkdaşına zəng vurub məlumat verdiyini bildirmişdir. Sonra protokol tərtib edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, həmin idarədə hüqüqlarının müdafiə olunması üçün vəkillərin siyahısı verilmiş, o, həmin siyahıdan istənilən vəkilin verilməsinə etiraz etməmiş, həmin siyahıdan vəkil Cavanşir Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, həmin vəkil gəldikdən sonra ona təqdim edilmiş və o, vəkili ilə təklikdə görüşmüşdür. Sonra protokol tərtib olunmuş, protokol ona, vəkilinə, hal şahidlərinə və tədbirdə iştirak edən şəxslərə ucadan oxunmuş, heç bir əlavəsi olmadığına görə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Üstündə olan külli miqdarda narkotik vasitə heroin və tiryək barədə, eləcə də həmin narkotik vasitələri satmaq istəməsi barədə təkcə Şahid6 məlumat vermişdir. Bu barədə ailə üzvlərinin və digər şəxslərin məlumatı olmamış və bu barədə heç bir kəsə məlumat verməmişdir. Ekspert rəyində göstərilən ondan aşkar olunmuş iki ədəd şəffaf polietilen bükümlərdə 251,189 qram narkotik vasitə heroin və iki ədəd şəffaf polietilen bükümlərdə 250,015 qram narkotik vasitə tiryəkin olması doğru qeyd edilmişdir, odur ki, etirazı olmamışdır. Ondan aşkar olunmuş külli miqdarda narkotik vasitə heroin və tiryəki Cəlilabad rayonu Göytəpə kəndində yaşayan ***-***-**-** mobil telefon nömrəsi olan Vüqar adlı şəxsdən almışdır. Vüqar adlı şəxsin anket məlumatları, idarə etdiyi avtomobil, olduğu yerlər barədə heç bir məlumatı olmamışdır. Bəlkə də Vüqar adlı şəxsin əsl adı Vüqar deyil, həmin şəxs ona özünü Vüqar kimi təqdim etmişdir. Vüqar adlı şəxsin boyu təxminən 175-180 sm olmuş, qarayanız, dolu bədən quruluşuna malik şəxs olmuşdur. Başqa heç bir əlamətləri yadında qalmamışdır. Vüqar adlı şəxsi təxminən bir ay olar ki, tanımış, əvvəllər Vüqar adlı şəxsdən narkotik vasitələr almamış, Vüqar adlı şəxs aldığı narkotik vasitələri hansı məqsəd üçün aldığını bilməmiş və o, bu barədə məlumat verməmişdir. O, nağd pul verib Vüqardan narkotik vasitələr almışdır. Ailəsinə məxsus qızılları lombardan çıxartmaq üçün pulu olmuş və həmin pulları narkotik vasitələr almağa görə xərcləmişdir. «Samsung» markalı mobil telefonda istifadə etdiyi mobil telefon nömrəsi ***-***-**-**-dür. O, narkoloji dispanserdə müalicə olunmuş, narkoloji dispanserdə qeydiyyatdadır, QİÇS-lə mübarizə mərkəzində qeydiyyatdadır, vərəm və ruhi-əsəb dispanserində qeydiyyatda deyildir, digər ağır xəstəliklərdən əziyyət çəkmir. O, polis əməkdaşları tərəfindən yaxalanan zaman, üstünə və avtomobilə baxış keçirilən vaxt, eləcə də Baş Narkotiklərlə Mübarizə İdarəsində barəsində sənədləşdirmə aparılarkən və izahatı alınarkən ona heç bir kəs fiziki təsir etməmiş və psixi təzyiq göstərməmişdir (cild 1, iş vərəqi 65-67). Elan olunmuş ifadə ilə bağlı suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda izahatı öz xətti ilə yazdığını, polis əməkdaşlarının həmin vaxt evdəkilərlə danışdıqlarını və onu buraxacaqlarına söz verildiyinə görə arxayın olub onların dedikləri izahatı yazdığını, sonradan müstəntiqə ifadə verəndə də onu aldadıb buraxacaqlarını bildirdiklərinə görə narkotiklərin özünə məxsus olduğunu etiraf etdiyini, sonradan isə aldanıldığını başa düşdüyündən əsil həqiqəti danışmaq qərarına gəldiyini, telefonun yaddaşında olan şəkillərdən xəbəri olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmədə göstərdi ki, işlədiyi Baş idarəyə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə Elnur adlı şəxsdən məlumat daxil olmuşdur. Həmin məlumata əsasən, Təqsirləndirilən şəxs narkotik vasitəni Vüqar adlı şəxsdən alaraq Elnur adlı şəxsə təklif etmişdir. O, Elnuru taksi sürücüsü kimi tanımışdır. Xaçmazdan gələn zaman avtomobili Mübariz idarə etmişdir. «Saray” postunda saxlama əmri veriləndə Mübariz əmrə riayət etmiş və postdan təxminən 20-30 metr keçəndən sonra maşını saxlamışdır. Həmin vaxt Mübarizin üzərində tiryək və heroin olmuş, həmin narkotik vasitələrin hər biri təxminən bir ovucun içi boyda olmuşdur. Saxlanılan vaxt Mübarizin əynində cins şalvar olmuş və narkotik vasitələr onun əynindəki şalvarın hər iki cibində olmuşdur. Narkotik vasitənin Mübarizin cibində olması hiss olunmuşdur. Birinci dəfə olmuşdur ki, Elnur ona cinayət barədə məlumat vermiş, sonuncu ilə onun telefon danışıqları olmuşdur. Mübarizin saxlanması zamanı videoçəkiliş aparılmamış, lakin hal şahidləri iştirak etmişdir. Hal şahidlərini idarənin yanından dəvət etmişlər. Mübariz saxlanılan vaxt üzərində olan narkotik vasitələri könüllü çıxarıb təqdim etmişdir. Əməliyyatda onunla birlikdə Şahid2 və Şahid3 da iştirak etmişdir. Əməliyyat tədbirini keçirmək üçün hadisə yerinə gedəndə hal şahidlərini onlar özləri ilə birlikdə aparmışlar. Onlar təxminən saat 8-də «Saray» postuna getmişlər. Həmin ərazidə hal şahidi tapa bilməyəcəklərini fikirləşib, onları özləri ilə həmin yerə aparmışlar. Mübarizin üzərindən aşkar olunmuş narkotik vasitənin şəklini çəkməmişdir, adətən tədbir çəkilişlə aparılanda narkotik vasitələrin şəklini çəkirlər. Mübarizin üzərinə baxış hadisə yerində olmuş, Mübariz özü çıxarıb narkotik vasitələri təqdim etmişdir. Onlar Mübarizin üstünü axtarmamış, ciblərinə baxmamışlar. Baxış protokolunu isə onlar idarədə yazmışlar. Avtomobilə də baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Hal şahidləri Seymur və Əli adlı şəxslər olmuş, onları konkret olaraq kimin dəvət etdiyini xatırlamır. Tədbirə başlamamışdan qabaq hal şahidlərinə onların hüquq və vəzifələri izah olunmuşdur. Mübarizin də hüquq və vəzifələri izah olunmuş, bütün bunları Şahid2 etmişdir. Mübarizə vəkillə təmin olunmaq hüququ izah olunmuş və növbətçi vəkil dəvət olunmuşdur. Növbətçi vəkil onlarla birlikdə getməmişdir. Vəkil idarəyə dəvət olunmuş və orada təqdim olunmuşdur. Mübariz saxlanılan zaman narkotik vasitəni Vüqar adlı şəxsdən aldığını demişdir. Vüqar adlı şəxsin müəyyən olunması üçün heç bir tədbir görməmişlər. Mübarizgilin Xaçmazdan gəldiklərini bilmiş, lakin narkotiki haradan aldığını bilməmişdir. Narkotik vasitəni Mübariz həmin gün deyil, bir-iki gün əvvəl almışdır. Xaçmazda narkotik vasitənin mənbəyi ilə bağlı heç bir tədbir görməmişlər. Mübarizin üstündən tərəzi aşkar olunmamışdır. Şahid6 zəng edib ona cinayət barədə məlumat vermiş, onun Elnurla əvvəllər heç bir münasibəti olmamışdır. O, əvvəllər Elnurun idarə etdiyi maşından taksi kimi istifadə etmiş, bu səbəbdən də onun polis əməkdaşı olduğunu bilmiş və nömrəsini bildiyi üçün Elnur zəng edib ona məlumat vermişdir. Elnurla bir-iki dəfə telefonla əlaqə saxlamışdır. Mübarizin idarə etdiyi maşını saxlayan yol polisi əməkdaşının adını bilmir. O, Anar Rüstəmov adlı polis əməkdaşını tanımır, ümumiyyətlə o, Ağdamlı deyil, Naxçıvan MR-da anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirərək, Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin əməkdaşı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsi saxlanılması ilə əlaqədar tanıdığını, onunla düşmənçiliyi və ədavəti olmadığını bildirdi. Şahid5 ifadəsinə görə, dəqiq tarixini xatırlamadığı hadisə günü “Saray” postunda xidmətdə olan zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları posta gələrək Xaçmaz istiqamətindən bir maşının gəldiyini, maşında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir şəxsin olduğunu və həmin maşını saxlamaq lazım olduğunu demişlər. O, kamera ilə maşının nömrəsini vurmuş və həmin maşının yaxınlaşdığını bildirmişdir. Postda onun xidmət yoldaşları həmin maşının sürücüsünü saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlanılan şəxsi maşına mindirib aparmışlar. Şəxs saxlanılandan sonra o, öz işi ilə əlaqədar həmin postdan bayıra çıxmış, sonra içəri girəndə stolun üstündə "şey" görmüşdür. Polis əməkdaşları saxlanılan şəxsdən həmin narkotik vasitənin çıxdığını demişlər. Verilən sualları cavablandıran Şahid5 bildirdiyinə görə, polis işçiləri Bakı istiqamətində bir maşının gəldiyini, onu müşahidəyə götürmək lazım olduğunu demiş, həmin polis əməkdaşlarının iş yerinin Tofiq Bəhramov adına stadionunun arxasında yerləşdiyini hesab etmiş, maşının nömrəsini kompüterdə vurduqda, artıq Ceyranbatanı keçdiyini görmüşdür. Avtomobili yol polisi əməkdaşı saxlamış, lakin konkret kimin saxladığını bilməmiş, saxlanılan şəxsi isə götürüb aparan Baş idarənin əməkdaşları olmuşlar. Saxlanılan şəxs həmin vaxt heç kim tərəfindən döyülməmiş və ona təzyiq olunmamışdır. O, kompüterdə şəxsin saxlanmasını və götürülməsini görməmiş, sadəcə maşının nömrəsini kompüterdə vuraraq, yolda harada olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs saxlanmasını öz gözü ilə görməmişdir. O, qapının ağzından görmüşdür ki, maşına polis işçiləri yaxınlaşmış və söhbət etmiş, sonra Mübariz özü düşmüş və polis əməkdaşları onun kəmərindən tutaraq yolla posta tərəf keçirmişlər. Narkotik vasitənin konkret olaraq haradan aşkar olunduğunu görməmişdir. Lakin stolun üstündə narkotik vasitəni gördükdə, orada olan polis əməkdaşları həmin narkotikin Mübarizdən çıxdığını demişlər. O, narkotik vasitəni növbətçi hissədə stolun üstündə görmüş, lakin haradan çıxdığını gözü ilə, nə də ki, kamera müşahidəsi aparmaqla görməmişdir. Postda kameralar olmuş, lakin həmin vaxt onlar işləməmiş və həmin hadisədən bir həftə əvvəldən bu kameralar işləməmişdir. Növbətçi hissədə də kamera olmuş, həmin kamera da işləməmişdir. Kameraların işləməməyi hazırkı işlə bağlı görüntünü götürməyə gələn zaman müəyyən olunmuşdur. Onu bir dəfə müstəntiq Kürdəxanıya təcridxanaya üzləşmə keçirilıməsi üçün aparmışdır. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə bu işlə bağlı getməmişdir. Müstəntiq onu Təqsirləndirilən şəxs ilə üzləşdirmişdir. Bir dəfə hadisədən 3-4 gün sonra xidmətdə olan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət olunmuş və iş yoldaşı Şahid4la birlikdə gedib 6-7 sənədə imza etmişdir. Sənədlərə imza edib idarədən çıxmağı təxminən 20 dəqiqə-yarım saat çəkmişdir. Həmin vaxt müstəntiq onlara suallar verməmiş, onlar sadəcə içəri girib sənədlərə imza edib çıxmışlar. Baş idarəyə Şahid4la birlikdə getsə də, ayrı-ayrılıqda müstəntiqin yanına girib sənədlərə imza edərək çıxmışlar. Adillə orada olması təxminən 20-30 dəqiqə çəkmişdir. Həmin sənədləri tam oxumamış, onu bilmişdir ki, hadisə yerində iştirak edən hal şahidi kimi sənədlərə qol çəkmişdir. O, Kürdəxanıda təcridxanada üzləşmə aparılanda da indiki kimi ifadə vermişdir. Mübarizdən aşkar olunan narkotik vasitə iki böyük bükümdə olmuş, iki bükümün bir yerdə çəkisi təxminən 400 qram olmuşdur. Narkotik vasitəni növbətçi hissədə stolun üstündə görmüş, o, işi ilə əlaqədar bayıra çıxıb 10-15 dəqiqədən sonra yenidən postun növbətçi hissəsinə qayıdan zaman stolun üstündə bükülüləri görmüş, Baş idarənin əməkdaşları həmin narkotikin saxlanılan şəxsdən aşkar olunduğunu bildirmişlər. Şahid5 ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edildi. Bu zaman şahidin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ibtidai istintaqda və məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadələr verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 165-167). Tədqiq olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid5 Baş Narkotiklərlə Mübariz İdarəsinə hadisədən təxminən 3-4 gün sonra getdiyini, həmin idarənin “Çanaqqala» restoranının yanında yerləşirdiyini, bundan başqa bir dəfə Kürdəxanıya, bir dəfə isə yenə də «Çanaqqala» restoranının yanındakı idarəyə getdiyini, Baş Narkotiklərlə Mübariz İdarəsinin Tofiq Bəhramov stadionunun arxasında yerləşdiyini və özünün oraya dəvət olunduğunu, idarədə ondan sənədlərə imza etməsini istədiklərini, o da, həmin sənədləri imzaladığını, “konfidensial» sözünün nə demək olduğunu bilmədiyini, hadisə baş verən gün xidmətdə olduğunu və Badamdara getmədiyini, məhkəmə iclasında verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin əməkdaşı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsi saxlanılması ilə əlaqədar tanıdığını, düşmənçiliyi və ədavəti olmadığını bildirdi. Şahid4 ifadəsinə görə, hadisə günü “Saray” postunda xidmətdə olan zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları posta gələrək Xaçmaz istiqamətindən bir maşının gəldiyini, maşında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir şəxsin olduğunu və həmin maşını saxlamaq lazım olduğunu demişlər. O da, həmin maşını posta çatanda saxlamış və sonra avtomobilə yaxınlaşıb sürücünün sənədlərini götürmüşdür. Bu vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Mübarizə yaxınlaşıb özlərini təqdim edərək onu aparmışlar. Həmin vaxt Mübarizin ciblərindən selofana bükülmüş narkotik vasitələr aşkar olunmuşdur. Sürücü postdan təxminən 15 metr qabaqda maşını saxlamış, həmin ərazidə müşahidə kameraları olmuşdur. Mübarizin avtomobilini saxladığı yer müşahidə kameralarının altına düşür. O, sürücüyə piyada keçidinin yanında «saxla» əmri vermiş, Mübariz isə təxminən 15 metr keçəndən sonra maşını saxlamış, sonra təxminən 5 metr arxaya vermişdir. O, sürücüyə yaxınlaşıb sənədlərini almış, sonra sürücü maşından düşmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həmin vaxt postda olmuşlar. Saxlanılan vaxt Mübarizin əynində nə olduğunu xatırlamır. O, Mübarizdən aşkar olunmuş selofan paketləri görmüş, lakin həmin selofanların haradan çıxdığını görməmişdir. Mübarizin sənədləri onda olmuş, lakin üstündən hansısa başqa alət və ya cihaz çıxdığını bilməmişdir. Hadisənin baş verdiyi ərazinin kamera altına düşüb-düşmədiyini bilmir. Polis əməkdaşları Mübarizi saxlayandan təxminən 15-25 dəqiqə sonra onu aparmışlar. Mübariz saxlanılandan sonra xidməti otağa aparılmamışdır. Onlara əvvəlcədən saxlanılacaq maşının nömrəsi deyilmiş və həmin maşın müşahidəyə alınmışdır. Mübariz narkotik vasitələrdə şübhəli bilindiyi üçün ona «saxla» əmri verilmişdir. Həmin vaxt protokol tərtib olunmamış, o, protokolu idarədə imzalamışdır. Şahid4 ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edildi. Bu zaman şahidin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ibtidai istintaqda və məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadələr verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 162-164). Tədqiq olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid4 postda Mübarizə “saxla” əmrini verərək maşını özünün saxlatdığını, həmin hadisədən bir neçə gün sonra Baş Narkotiklərlə Mübariz İdarəsinə getdiyini və orada bəzi sənədləri imzaladığını, bir dəfə Kürdəxanıya, bir dəfə də «Çanaqqala» restoranının yanındakı idarəyə gedərək hansısa sənədləri imzaladığını, ifadələrini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş Şahid6 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, «Kia Rio» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 taksi fəaliyyəti ilə məşğul olarkən təxminən 2019-cu ilin əvvəllərindən, «Makkena» ləqəbli Təqsirləndirilən şəxs isə 2019-cu ilin iyun ayının əvvəllərindən tanımışdır. Belə ki, 2019-cu ilin iyun ayının əvvəllərində Xaçmaz şəhərində olarkən ümumi tanışı vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və bu tanışlıq nəticəsində sonuncunun dəvəti ilə Xaçmaz şəhərindəki evində bir gecə qonaq qalmışdır. Bu zaman Təqsirləndirilən şəxs onda külli miqdarda narkotik vasitə heroin və tiryək olduğunu bildirmiş, həmin narkotik vasitələri satmaq üçün müştəri tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmçinin, Mübariz onu Xaçmaz şəhərindən Bakıya aparmasını xahiş etmişdir. 11 iyun 2019-cu il tarixdə Xaçmaz şəhərində olarkən o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 zəng edərək tanışı Mübarizin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, bunun üçün ondan müştəri tapmasını xahiş etdiyini bildirmişdir. Həmçinin Şahid1 məlumat vermişdir ki, idarə etdiyi avtomobillə Mübarizi Xaçmaz şəhərindən Bakıya gətirəcək və Mübarizin üstündə külli miqdarda narkotik vasitə heroin və tiryək vardır. Polis əməkdaşı yalan məlumat verməyə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə ona xəbərdar etmişdir. O, həmin gün avtomobili xeyli sürdüyünə görə yorulduğundan, həm də Mübarizin xahişi ilə maşını sürmək üçün ona vermişdir. 11 iyun 2019-cu il tarixdə Mübarizlə rayondan yola düşmüş, o, qabaq sağ oturacaqda əyləşmişdir. Saat 21:00 radələrində «Saray» postunda Mübarizin idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Mübariz avtomobildən düşmüş və polis işçilərinə yaxınlaşmış, polis işçiləri Mübarizə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində olan qanunsuz əşyaları təqdim etməsini təklif emişlər. Polis əməkdaşlarının təklifi ilə Mübariz üstündə olan 250 qram narkotik vasitə heroini və 250 qram narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etmiş, həmçinin şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, bir ədəd «Samsung» markalı mobil telefonu və 80 manat pulu da polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə Mübarizin verdiyi 4 ədəd bükümləri açıb baxdıqdan sonra həmin bükümləri ayrı-ayrılıqda iki ədəd zərfin içərisinə qoyub bağlamış, zərflərin üstünü möhürləmiş və zərflərin üstü imzalanmışdır. Polis əməkdaşları 80 manat pulu Mübarizə qaytarmış, şəxsiyyət və sürücülük vəsiqələrini, eləcə də mobil telefonu götürmüşlər. Sonra polis əməkdaşları onun üstünə və avtomobilə baxış keçirmiş və heç bir qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı Mübariz üstündə olan narkotik vasitələri həm öz istifadəsi üçün, həm də satmaq üçün saxladığını, narkotik vasitələri satmaq üçün müştəri tapmaqda köməklik etməyi ona təklif etdiyini polis əməkdaşlarına bildirmişdir. O, Mübarizin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis əməkdaşına zəng vurub məlumat verdiyini bildirmişdir. Sonra polis əməkdaşları protokol tərtib edilməsi üçün hamını Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarədə protokol tərtib olunmuş və o da, protokolu imzalamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək bildirdi ki, tarixi dəqiq yadında qalmadığı gün Badamdarda Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısından keçən zaman mülki geyimli şəxs ona yaxınldaşaraq polis əməkdaşı olduğunu deyərək, ondan keçiriləcəkləri əməliyyatda hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, həmin şəxsin təklifi ilə razılaşaraq polis əməkdaşları ilə birlikdə «Saray» postuna gəlmiş, orada tanımadığı daha bir şəxsin də hal şahidi kimi dəvət olunduğunu görmüşdür. Həmin postda yol polisi əməkdaşı ağ rəngli maşını saxlamış və onlar polis işçiləri ilə birlikdə maşına yaxınlaşmışlar. Adını sonradan bildiyi Mübariz adlı şəxsdən iki bükümdə - biri ağ, digəri qara rəngdə olmaqla narkotik vasitələr aşkar olunmuşdur. Polis əməkdaşlarının və Mübarizin sözlərindən bilmişdir ki, həmin narkotiklər tiryək və heroin olmuşdur. Polis əməkdaşlarına desə də, hazırda Mübarizin həmin narkotik vasitələri haradan aldığını deməsi yadında qalmamışdır. Polis işçiləri onun yanında Mübarizə qarşı heç bir təzyiq və təsir göstərməmişlər. Verilən suallara cavabında Şahid8 göstərdi ki, onu hal şahidi qismində iştirak etmək üçün polis əməkdaşları dəvət etmiş və o, birinci dəfədir ki, hal şahidi qismində iştirak edir. Hazırda ayıq sürücü kimi fəaliyyət göstərir, lakin hadisə vaxtı Badamdarda həyətlərin birində fəhlə işləmişdir. Təxminən saat 4-5-də o, işini qurtarıb gedəndə polis əməkdaşları ona yaxınlaşmışlar. “Saray» postunda yol polisi Mübarizi saxlamış, narkotik vasitələrin hərəsi Mübarizin bir cibindən aşkar olunmuşdur. Yol polisi saxlayandan sonra onlar idarənin polis əməkdaşları ilə birlikdə Mübarizə yaxınlaşmışlar. Aradan xeyli müddət keçdiyinə görə, hansı narkotik vasitələrin Mübarizin hansı cibindən çıxdığını, əynində hansı paltarlar olduğunu xatırlamır. Mübariz maşından düşəndən sonra özü cibindəki narkotik vasitəni çıxarıb təqdim etmişdir. Mübarizin özü cibindən çıxan narkotik vasitələrini adlarını demiş, o da, həmin vaxt bu narkotik vasitələrin adlarını bilmişdir. Narkotik vasitənin biri qara, digəri isə sarımtıl rəngdə olmuşdur. Mübariz maşından düşəndən sonra polis postuna aparılıb-aparılmadığı yadında qalmamışdır. Sonradan “Gənclik» metrostansiyası tərəfdə yerləşən polis idarəsinə gedib ifadə vermişdir. Badamdar qəsəbəsində də polis idarəsində olmuş, bəzi sənədlərə imza etmişdir. Mübarizin üstündən çıxan narkotik vasitələr selofanların içində olmuşdur. Narkotik vasitələr olan selofan bükümlər hərəsinin içərisində iki nisbətən xırda büküm olmaqla 2 ədəd böyük bükümlər olmuş, onların da hər biri təxminən ovuc içi boyda olmuşdur. Narkotik vasitələrin tərəzidə çəkildiyini və ya Mübarizdən tərəzi aşkar olunduğunu xatırlamır. Həmin vaxt Mübariz ağ sedan tipli maşın sürmüş, ancaq maşının markası dəqiq yadında qalmamışdır. Maşında Mübarizdən başqa bir nəfər də olmuş, həmin şəxs maşında qabaqda oturmuşdur. Hadisə baş verən zaman o, ***-***-**-** nömrəsindən istifadə etmişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Şahid Dövlət ittihamçısı1 həmin ifadəsində bildirmişdir ki, 11 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində məktəbin yaxınlığından keçərkən ona yaxınlaşmış polis işçisi keçirəcəkləri əməliyyat tədbirində hal şahidi kimi iştirak etməyi xahiş etmiş, o, etiraz etməyib Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. Həmin idarədə ona və digər hal şahidinə hüquqlarıı və vəzifələri izah edilmiş, Mübariz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı polis əməkdaşlarına daxil olmuş məlumatla əlaqədar tədbir keçirəcəklərini bildirmişlər. 11 iyun 2019-cu il tarixdə polis işçiləri ilə birlikdə Quba-Bakı avtomagistral yolunun Abşeron rayonu ərazisindəki Yol-Patrul Xidməti postuna gəlmişlər və polis işçiləri müşahidəyə başlamışlar. Həmin tarixdə təxminən saat 21:00 radələrində Bakı şəhəri istiqamətində hərəkət edən «Kia Rio» markalı 90TE593 dövlət qeydiyyat nişanlı avtomobil Yol Patrul Xidməti postunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobilin sükanı arxasından düşən şəxs sənədlərini yol-patrul xidməti əməkdaşına təqdim edərkən polis işçiləri yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də Mübariz olduğunu polis işçilərinə bildirmişdir. Polis işçiləri Mübarizi əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edib onu və digər hal şahidini təqdim etmişlər. Polis əməkdaşları Mübarizin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üstündəki əşyaları təqdim etməsini xahiş etmişlər. Mübariz üstündə narkotik vasitə heroin və tiryək olduğunu bildirib onun və digər hal şahidinin iştirakı ilə əynində olan boz rəngli şalvarının sağ yan cibindən iki ədəd polietilen bükümləri, şalvarının sol yan cibindən iki ədəd polietilen bükümləri, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, mobil telefonunu və 80 manat pulu polis işçilərinə vermişdir. Polis işçiləri Mübarizin verdiyi 4 ədəd bükümləri açıb baxdıqda orada narkotik vasitə heroin və tiryəkə oxşar maddələr aşkar olunmuş, həmin bükümlər ayrı-ayrılıqda iki ədəd zərfə qoyulmuş, zərflər möhürlənmiş və zərflərin üstünü imzalamışlar. Mübarizə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, mobil telefon polis işçiləri tərəfindən götürülmüş, 80 manat pul isə Mübarizə qaytarılmışdır. Mübarizin üstündən əlavə qanunsuz əşya aşkar edilməmişdir. Avtomobildə əyləşmiş digər şəxs Elnur olduğunu bildirmiş və baxış zamanı Elnurun üstündən və «Kia Rio» markalı avtomobildən qanunsuz əşya aşkar olunmamışdır. Mübariz aşkar olunmuş narkotik vasitələri Cəlilabad rayonunda yaşayan şəxsdən həm öz istifadəsi üçün, həm də satmaq üçün aldığını, həmin narkotik vasitələri satmaq üçün müştəri tapmasını Elnurdan xahiş etdiyini bildirmişdir. Elnur Mübarizin narkotik vasitələri satması üçün müştəri tapmasını xahiş etdiyinə görə barəsində dərhal mobil telefon vasitəsi polis əməkdaşına zəng edib məlumat verdiyini söyləmişdir. Polis əməkdaşları protokolun tərtib edilməsi üçün hamını Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə Mübarizin hüqüqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, Mübarizin vəkili ilə təklikdə görüşməsinə şərait yaradılmış, sonra protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmuş, heç bir əlavə olmadığına görə protokolu imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 150-152). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 avqust 2019-cu il tarixli və 15 avqust 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokollarına əsasən, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmələr keçirilərkən, adları çəkilən polis əməkdaşları ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə ifşa etmişlər (cild 1, iş vərəqi 189-192, 200-202, 203-205, 206-209, 210-212). İş materiallarına əlavə edilmiş 10 avqust 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən, Şahid6 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 1, iş vərəqi 193-196). Cinayət işinə əlavə edilmiş 10 avqust 2019-cu il tarixli və 30 avqust 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokollarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid7 və Şahid8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən şahidlər Dövlət ittihamçısı1 və Şahid8 ibtidai istintaqda verdiyi ifadələrini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı analoji ifadə vermişlər (cild 1, iş vərəqi 197-199, 229-231). Cinayət işində olan 11 iyun 2019-cu il tarixli əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən külli miqdarda iki ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda 127,274 qram və 123,915 qram olmaqla, ümumi təmiz çəkisi 251,189 qram olan narkotik vasitə heroin və həmin şalvarının sol yan cibindən külli miqdarda - iki ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda 134,214 qram və 115,801 qram olmaqla, cəmi 250,015 qram olan narkotik vasitə tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 7-9). İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2019-cu il tarixli 15214 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində: «Vət. Təqsirləndirilən şəxs 2 (iki) ədəd şəffaf polietilen bükümlərdə tünd qəhvəyi rəngli.. narkotik vasitə heroinə oxşar maddələr»..» yazısı olan paketdə, 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 251,189 qram olan qəhvəyimtil rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində: «Vət. Təqsirləndirilən şəxs 2 (iki) ədəd şəffaf polietilen bükümlərdə tünd qəhvəyi rəngli.. narkotik vasitə tiryəkə oxşar maddələr» yazısı olan paketdə, 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 250,015 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 251,189 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 251,089 qram. Tiryəkin ümumi təmiz çəkisi: 250,015 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq: 249,815 qram (cild 1, iş vərəqi 41-45). İbtidai istintaq orqanının 13 iyun 2019-cu il tarixli qərarına əsasən, 11 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd paketə qablaşdırılmış tədqiqatdan sonrakı bir ədəd zərfdə qalıq çəkisi 251,089 qram olan narkotik vasitə heroin və bir ədəd zərfdə qalıq çəkisi 249,815 qram olan narkotik vasitə tiryək iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir ((cild 1, iş vərəqi 81- 82). Həmçinin, 17 oktyabr 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ********** cin-kart nömrəsi ilə birlikdə bir ədəd «Samsung» markalı, SM-A520F modelli, **********77373 və **********77371 İMEİ kodlu mobil telefon aparatı da maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 274-275). Məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2019-cu il tarixli 1463 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs ikinci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(cild 1, iş vərəqi 114-115). Abşeron rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 5(012)-141/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs qanunazidd əməllərinin ifşa olunması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 iyun 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 219-220). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 25 iyul 2019-cu il tarixli 008-2108-1219 nömrəli məktubundan görünür ki, 11 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 251,189 qram çəkidə narkotik vasitə heroini və 250,015 qram çəkidə narkotik vasitə tiryəki nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, əlaqələrini, narkotik vasitələrin satışı və ya saxlaması ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 187). Təqsirləndirilən şəxs saxlanılması və üzərinə baxış keçirilməsində hal şahidlərinin həqiqətən də iştirak edib-etməməsinə şübhə ilə yanaşıldığını bildirən müdafiə tərəfinin vəsatəti əsasında hal şahidi Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin 11 iyun 2019-cu il tarixdə əhatə dairəsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən qərar qəbul edilmiş və həmin qərar icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 04 mart 2020-ci il tarixli BKC/LGL-1505/20 nömrəli məktubla məhkəməyə daxil olmuş anten əhatə dairəsinə dair məlumatdan görünür ki, qeyd olunan əməliyyat tədbirində hal şahidi qismində iştirak etmiş Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs saxlanıldığı 11 iyun 2019-cu il tarixdə mövcud əhatə dairəsi yalnız saat 08:27:11-dən 11:39:29-dək olan vaxtla məhdudlaşır. Halbuki, cinayət işinin materialları ilə sübut olunur ki, Təqsirləndirilən şəxs saxlanılması və maddi sübutun götürülməsi ilə bağlı əməliyyat tədbirləri gecə saat 21 radələrində “Saray” postu kimi tanınan Quba-Bakı avtomagistral yolunun Abşeron rayonu ərazisindəki 23-cü kilometrliyində yerləşən Baş X3 idarəsi Yol-Patrul Xidməti Alayının 1-ci tağımının 706 saylı Yol-Patrul Xidməti postunda keçirilmişdir. Göründüyü kimi, təqdim olunan anten əhatə dairəsinə dair məlumatlar hal şahidi Şahid8 əməliyyat tədbiri keçirilən zaman həmin ərazidə olub-olmamasını nə təsdiq, nə də təkzib edir. Bu isə, əməliyyat tədbirinin keçirilməsində adı çəkilən şahidin həqiqətən də iştirak etməsi barədə onun özünün ifadəsinin, habelə əməliyyat tədbirində iştirak etmiş digər hal şahidinin və polis əməkdaşlarının ifadələrinin şübhə altına alınmasına dair müdafiə tərəfinin ehtimallarının əsassız olduğunu bir daha təsdiq edir. Həmçinin, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona ittiham verilmiş narkotik vasitələrin həcminə görə əynində olan şalvarın sağ və sol qabaq ciblərinə yerləşməsinin qeyrimümkünlüyü barədə məhkəmədə gətirdiyi dəlilin yoxlanılması məqsədilə müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iş üzrə maddi sübut - bir ədəd paketdə qablaşdırılmış bir ədəd zərfdə olan tədqiqatdan sonrakı qalıq çəkisi 251,089 qram narkotik vasitə heroin və bir ədəd zərfdə olan tədqiqatdan sonrakı qalıq çəkisi 249,815 qram narkotik vasitə tiryək məhkəmə iclasına gətirilərək baxışı keçirildi. Baxışa başlamazdan əvvəl narkotik vasitələrin qablaşdırıldığı zərfin ekspertiza mərkəzinin 59 №-li möhürü ilə möhürlənmiş vəziyyətdə olduğu, zərf açddıqda isə içərisində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li” möhürün dairəvi əksi olan 2 ədəd ayrı-ayrılıqda zərflərin olduğu, həmin zərflərin hər birinin üzərində hal şahidlərinin və saxlanılan şəxsin imzalarının çəkilməsi və möhürlənməsi müəyyən edildi. Tədqiqat zamanı narkotik vasitələrin qablaşdırıldığı iki ədəd selofan paketlərin hər birinin ayrı-ayrılıqda şalvarın sağ və sol qabaq ciblərinə yerləşməsi inkar olunmadı. Bu isə, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin əynindəki şalvarın ciblərinə yerləşməsinin mümkünsüzlüyü barədə məhkəmə iclasında gətirdiyi dəlilin təkzib olunması deməkdir. İş materiallarına əlavə edilmiş 18 iyun 2019-cu il tarixli tələbnamədən, həmçinin aşağıda qeyd olunan hökmlərin və qərarların surətindən görünür ki, əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs: - sonuncu dəfə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökmdən verilmiş apellyasiya protesti əsasında Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilmiş və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 105-108, 137-142, 169-181, 185-186). Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilərək, ondan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotiki satmaq üçün Şahid6 müştəri tapmasını xahiş etdiyini və bu məqsədlə Elnurla birlikdə Xaçmazdan Bakı şəhərinə gəldiklərini bildirsə də, məhkəmə iclasında verdiyi ifadəsində onun əvvəlcədən Anar Rüstəmov adlı polis əməkdaşı ilə aralarında mübahisə olduğunu və həmin mübahisəyə görə Anarın dostu Səttarın vasitəsi ilə saxlanıldığını, onu tutduran şəxsin Elnur olduğunu sonradan bildiyini, üzərindən çıxdığı iddia edilən narkotik vasitələrin onun cibinə yerləşməsinin mümkünsüz olduğunu, maşını postdan 500 metr keçəndən sonra saxladığını və əgər onun üstündə narkotik vasitə olsaydı, onun həmin narkotiki yerə tullamaq imkanının olduğunu göstərərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında öz təqsirsizliyi ilə əlaqədar gətirdiyi yuxarıda göstərilən dəlillər onun məsuliyyətdən yaxa qurtarmaq məqsədilə seçdiyi müdafiə taktikası kimi dəyərləndirilməlidir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, qeyd olunan əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qeyd olunan ittiham üzrə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına görə Təqsirləndirilən şəxs əvvəllər altı dəfə müxtəlif cinayətlər törətdiyinə görə məhkum olunmuş və həmin məhkumluqlardan beşi ödənilmişdir. Lakin sonuncu dəfə o, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökmdən verilmiş apellyasiya protesti əsasında Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilərək ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində qəsdən törədilmiş cinayətə görə şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunsa da, o, bu dövrdə yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə, təqsirləndirilən şəxsə cəza təyin edilərkən cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələblərinə uyğun olaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəasını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarı ilə tətbiq olunmuş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə ona təyin olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına tam toplama yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 iyun 2019-cu il tarixdən hesablanmaqla, həmin tarixdən hökmün çıxarıldığı 18 avqust 2020-ci il tarixədək olan bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş materiallarında olan məhkəmə-narkolojı ekspertizasının 24 iyun 2019-cu il tarixli 1463 nömrəli rəyinə görə, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs ikinci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmamalı, lakin o, ərazi narkoloji dispanverində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, iş üçün əhəmiyyət kəsb etməyən əşyalar isə onun qanuni sahibinə qaytarılmalıdır. Qeyd olunan müddəalar əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd paketə qablaşdırılmış bir ədəd zərfdə tədqiqatdan sonrakı qalıq çəkisi 251,089 qram olan narkotik vasitə heroin və bir ədəd zərfdə qalıq çəkisi 249,815 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ********** cin-kart nömrəsi ilə birlikdə bir ədəd «Samsung» markalı, SM-A520F modelli, **********77373 və **********77371 İMEİ kodlu mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarı ilə tətbiq olunmuş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə təyin olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası tam toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd paketə qablaşdırılmış bir ədəd zərfdə tədqiqatdan sonrakı qalıq çəkisi 251,089 qram olan narkotik vasitə heroin və bir ədəd zərfdə qalıq çəkisi 249,815 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ********** cin-kart nömrəsi ilə birlikdə bir ədəd «Samsung» markalı, SM-A520F modelli, **********77373 və **********77371 İMEİ kodlu mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Şahid5 Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar