Məhkəmə qərarları › İş №1(101)-188/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-188/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-188/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 163-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,243 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 5 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,243 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,327 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 4 noyabr 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən bir bükümdə təmiz çəkisi 0,327 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 163-də yaşayır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 2022ci ilin iyun ayından saxlanıldığı vaxtadək yalnız narkotik vasitə marixuanadan istifadə etmişdir. 17 noyabr 2022-ci il səhər saat 10 radələrində anası ilə birlikdə evdə olmuşdur. Birdən qapı döyülmüş, qapını açdıqda polis əməkdaşlarını görmüşdür. Sonuncular özlərini təqdim edib 20-ci polis bölməsinin əməkdaşları olduqlarını, onun banka borcu olduğundan barəsində şikayət olduğunu və buna görə bölməyə getməli olduğunu bildirmişlər. O, banka borcu olmadığını, buna baxmayaraq bölməyə gedəcəyini demişdir. Bölməyə getdikdən sonra ona barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. O isə evinə gələn polis əməkdaşlarının ona niyə başqa cür məlumat verdiyinə görə etiraz etmişdir. Bundan sonra polis əməkdaşları ona fiziki zorakılıq göstərməyə başlamış, üzərinə su tökərək elektroşok vermiş və bunun nəticəsində ağır vəziyyətə düşmüşdür. Polis əməkdaşları ondan CM-nin 234.1-ci maddəsi ilə cinayət işininin başlanmasına dair sənədlərə imza etməsini tələb etmiş, əks halda CM-nin 234.4.3cü maddəsi ilə cinayət işinin başlanılacağını bildirmişlər. Odur ki, məcbur qalıb razılaşmış, ona deyilən sənədlərə imza etmiş və videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Sonradan müstəntiq tərəfindən dindirilərkən barəsində CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işinin başlanıldığını bilmişdir. Müstəntiq məhkəmə tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzasının veriləcəyini demişdir. Sonuncudan başqa sahə müvəkkili və əməliyyatçı da onu arxayın etmişlər. Təzyiqlərə tab gətirməyib, müstəntiq tərəfindən tərtib edilən sənədləri imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxarkən hakimə fiziki təzyiqlər nəticəsində narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur edildiyini bildirmişdir. Buna görə də hakim təqdimatı təqdim etməyib, onu azad etmişdir. 2022-ci ilin noyabr ayının 4-də 2-ci dəfə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılıb polis bölməsinə aparılmışdır. Həmin vaxt da üzərində narkotik vasitə olmamış, polis əməkdaşlarının fiziki təzyiqindən sonra videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmiş və ona qarşı edilən qanunsuzluqlara mane olmamışdır. Polis bölməsində məruz qaldığı fiziki zorakılığa görə bədənində yaralar və xəsarət izləri yaranmışdır. Döyüldüyünə görə şikayət etmiş, bundan sonra onu əsassız olaraq inzibati qaydada iki ay müddətə həbs etmişlər. Həmin müddətdə yaraları sağalmışdır. Əməliyyatçılardan qorxduğundan sonradan heç bir dövlət orqanına şikayət etməmişdir. Polislər ona mütəmadi olaraq «Rahat market»in qarşısında narkotik vasitələrin satışı ilə məşğul olduğunu, buna görə də onun barəsində cinayət işinin başlanıldığını bildirmişlər. Əslində isə narkotik vasitələrin satışı ilə məşğul olmamış, saxlanılarkən üzərində narkotik vasitələr olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin 20-ci PB-nin sahə rəisi vəzifəsində xidmət edir. 5 oktyabr 2022-ci il tarixdə bölmənin sahə inspektoru Şahid2 ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində xidmətdə olarkən, saat 11 radələrində həmin küçədə 163 saylı ünvanın qarşısında sonradan adını bildikləri Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb, ona yaxınlaşmışlar. Özlərini təqdim edib, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Sonuncu üzərində sənəd olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından və üzərində heç bir sənəd olmadığından onu 20-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onun şəxsiyyətini müəyyən etmişlər. Söhbət zamanı Rəşad narkotik vasitə aludəçisi olduğunu demiş, odur ki, onun üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi üçün rəhbərliyə raportla müraciət olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu Papanin adlı ərazidə tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim edilən bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə yox, 3-cü Alatava küçəsi, 163 saylı ünvanın qarşısında saxlanılmış, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq və ya psixi təzyiq göstərilməmiş, ona elektroşok verilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindəki narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 4 noyabr 2022-ci il tarixdə saat 12:30 radələrində bölmənin əməliyyat müvəkkili Şahid4 Müslüm oğlu ilə xidməti əraziləri olan ünvan 3 ünvanın qarşısında olarkən sonradan adını bildikləri Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edib, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Sonuncu üzərində sənəd olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından və üzərində heç bir sənəd olmadığından onu 20-ci polis bölməsinə dəvət etmişlər. Sonuncu etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Orada söhbət zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Odur ki, sonuncunun üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi üçün raportla bölmə rəhbərliyinə müraciət etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sol yan cibindən bir ədəd büküm çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu şəxsi istifadəsi üçün «Papanin» adlı ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra təqdim edilən bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonda şəxsi axtarış və götürmənin nəticəsini özündə əks etdirən protokol tərtib olunmuş və bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs 3-cü Alatava küçəsi, 163 saylı ünvanın qarşısında özünü şübhəli apardığına və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə saxlanılıb polis bölməsinə aparılmışdır. Saxlanılarkən və bölməyə gətirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmiş və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmiş, ona elektroşok verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Müslüm oğlu Şahid3 ifadəsinə oxşar ifadə verdi. İşin 1-ci cildinin 42-48-ci vərəqlərindəki şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 5 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 oktyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, videogörüntü faylının köçürüldüyü disk cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 157-163-cü vərəqlərindəki şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 4 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 noyabr 2022-ci il tarixdə Nəsimi RPİ- nin 20-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, videogörüntü faylının köçürüldüyü disk cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 53-57-ci vərəqlərindəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 5 oktyabr 2022-ci il tarixli, 6/5720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 188» dairəvi möhür əksi olan, «şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,243 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 1-ci cildinin 168-171-ci vərəqlərindəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 4 noyabr 2022-ci il tarixli, 6/6409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 188» dairəvi möhür əksi, «şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs....» sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 1-ci cildinin 254-255-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 yanvar 2023-cü il tarixli, 106 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 254-255-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının 5 yanvar 2023-cü il tarixli, 1/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına stasionar müalicə üçün müraciət etməmişdir. İşin 1-ci cildinin 259-269-cu vərəqlərindəki 21 yanvar 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,243 (tədqiqatdan sonra qalıq 2,193) və 0,327 (tədqiqatdan sonra qalıq 0,277) qram narkotik vasitə heroinlər maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nə təhvil verilmişdir. İşin 1-ci cildinin 243-245-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzadan 4 ay 19 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs ilə cəzadan vaxtından əvvəl şərti azad edildiyi müddətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. İşdəki Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən döyülməsi barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi rayon prokurorluğunda toplanmış 410-c-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, izahatı alınmış Təqsirləndirilən şəxs məhkəmədə əsəbi olduğundan polislər tərəfindən döyüldüyünü dediyini, həmin izahatının həqiqətə uyğun olmadığını və polis əməkdaşlarına qarşı şikayətinin olmadığını göstərdiyindən cinayət işinin başlanması rədd edilmişdir. İşin 1-ci cildinin 19-20-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 93-96-cı vərəqlərindəki Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin 1-ci cildinin 101-102-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 7 oktyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 134-135-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 208-213-cü vərəqlərindəki Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 noyabr 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral və 6 mart 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbs edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək hər iki epizod üzrə saxlanılarkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi altında şəxsi axtarışlar zamanı üzərinə qoyulan bükümlərin özünə məxsus olmasını deməyə məcbur edildiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə hər iki epizod üzrə verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzası və hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 19 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən qəti azadlıqdan məhrum etmə cəzasına Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 19 gün hissəsini qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 5 oktyabr 2022-ci il tarixdən 7 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 4 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,243 (tədqiqatdan sonra qalıq 2,193) və 0,327 (tədqiqatdan sonra qalıq 0,277) qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin videogörüntülərini özündə saxlayan iki ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarına sərf edilmiş 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 648 (altı yüz qırx səkkiz) manat onun işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 19 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 19 gün hissəsini qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 5 oktyabr 2022-ci il tarixdən 7 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,243 (tədqiqatdan sonra qalıq 2,193) və 0,327 (tədqiqatdan sonra qalıq 0,277) qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin videogörüntülərini özündə saxlayan iki ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 120 (yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 648 (altı yüz qırx səkkiz) manat onun işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar