Məhkəmə qərarları › İş №1(101)-1881/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1881/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1881/2021 14.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, K.Balakiyev küçəsi ev 2436, mənzil 199da qeydiyyat olan və yaşamış, hazırda AR ƏN PX-nin 3 saylı İT-da saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə saat 09:40 dəqiqələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakiyev küçəsi, ev 2436 saylı binanın 199 saylı mənzilində birgə yaşadığı qardaşı Zərərçəkmiş şəxs ilə sonuncunun anaları Şahid3 xəstə halda evdə tək qoyub ailəsi ilə birlikdə rayona getməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu əli ilə vuraraq xəsarət yetirməsinə əsəbləşib qisas almaq məqsədi ilə masanın üzərindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə dörd dəfə qardaşı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq, sonuncuya daxili qanaxma, sol böyük və kiçik döş əzələlərinin hematoması, divar aralığının hematoması ilə müşayiət olunan divararalığı (mediastinum) daxili magistral arteriyanın zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin daxilə (divararalığına) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ saidin ön səthinin 1 ədəd deşilmişkəsilmiş yarası, sağ saidin ön səthinin 2 ədəd səthi kəsilmiş yarasından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdən qardaşı Anarla, anası Şahid3 ilə Anara məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev 2436 və ya A.Manafov küçəsi 1 ev 199-dakı mənzildə birlikdə yaşayırmışlar. Anar 2013-cü il tarixdə evlənmiş və arvadı ilə onların yaşadığı həmin evdə yaşamağa başlamışdır. Anar evləndikdən sonra Turkiyə Respublikasına köçmüş və ailəsi ilə ildə 1-2 dəfə Bakı şəhərindəki həmin evinə gəlib 2-3 ay qalmışdır. 14 iyul 2021-ci il tarixdə o, evdə olmayanda anasının səhhəti pisləşdiyi üçün evlərinə təcili yardım gəlmiş və anasına kömək edib getmişdir. Lakin anasının təzyiqi yuxarı ola-ola Anar öz ailəsini də götürüb həmin gün Lənkəran şəhərinə istirahətə getmişdir. O da həmin gün evə gec gəlmiş və anasının təzyiqinin yuxarı olmasını və Anarın da getməsini öyrənmişdir. Səhəri gün Anara zəng edib nə üçün anasını xəstə halında evdə tək qoyub ailəsi ilə rayona getməsini və bu barədə ona məlumat verməməsini sonuncuya irad bildirərkən, Anar ona öz işi olması və bunun ona aidiyyətı olmamasını bildirmişdir. O da Anara Bakıya gələrkən bu barədə danışmalarını bildirmişdir. 25 iyul 2021ci il tarixdə gecə 23 radələrində qapı döyülmüş və o, yuxudan durub qapını açmış, Anarın evə tək gəlməsini görmüşdür. Salamlaşmadan hərəsi öz otağına keçmişdir. Anar evə girərkən heç anası ilə də görüşməmiş və otağına gedib yatmışdır. 26 iyul 2021-ci il tarixdə saat təxminən 09:40 radələrində o, otağında yatdığı yerdə Anar qışqıraraq durmasını demişdir. O da yuxulu halda əli ilə Anara işarə edərək getməsini bildirmişdir. Lakin Anar bu zaman onun qarın nahiyəsindən təpik vurmuş və o, sancılarkən Anar sağ dizini onun sinəsinə qoyub iki əli ilə baş və bədən nahiyəsindən yumruq zərbələri vurmağa başlamışdır. O, Anarın əlindən çıxıb otağın eyvan tərəfinə gedərkən Anar ondan əl çəkməyib və onu vurmuşdur. Anar onu vuran zaman Anara ondan əl çəkməsini, vurmamasını, oturub söhbət etmələrini desə də, Anar onu vurmağa davam etmişdir. O da artıq otağın digər tərəfinə qapıya tərəf gəlib Anarın əlindən çıxmaq istəmişdir. Bu zaman artıq Anarın ondan əl çəkməyəcəyini görmüş və həmin vaxt stolun üzərində dəstəyi sarı rəngli olan mətbəx bıçağını görmüşdür. Həmin vaxt bıçaqla Anarı vurub sonuncudan uzaqlaşmaq istəmişdir. Buna görə həmin bıçağı əlinə götürüb Anarın qolundan vurub xəsarət yetirib ordan qaçmaq istəyərkən qapıdan çıxanda Anar ondan öndə olmuş, yəni qapının ağzında olmuş və Anar qapını onun üzünə çırpmaq istəyərkən o, sağ qolu ilə qapıya vurarkən qapının şüşəsi sınmış və sağ qolunu kəsmişdir. O, Anarı bıçaqla bir dəfə vuran kimi elə həmin yerə də bıçağı atmış və bundan sonra Anar qapını onun üzünə çırpmışdır. Daha sonra Anar evin giriş qapısına tərəf getmiş və qapının dəstəyini burub açmaq istəyərkən qapının bağlı olduğu görüb evin mətbəxinə tərəf getmək istəyərkən o, Anara sakit olmasını və sonuncu ilə işinin olmamasını deyib, giriş qapısını özü əli ilə açmış və Anara evdən getməsini demişdir. Anar isə yanından keçib evdən çıxmışdır. O da Anarın arxasınca çıxıb liftin yanına getmişdir. Anar liftin düyməsini sıxmış və lift yuxarı mərtəbəyə qalxanacan o, Anarın 2 metr məsafəsində durub sonuncuya onu nə üçün yatdığı yerdə vurmasını və işin bu yerə çatmasının günahının onda olmasını və hətta daha ağır nəticələrinin ola biləciyini deyən zaman lift artıq çatmışdır. Anar liftə daxil olarkən çıxıb getməsini və hər ikisinin də sakitləşmələrini, hadisənin günahkarının onun özü olmasını bildirmişdir. Bu zaman artıq liftin qapısı bağlanmış və Anar getmişdir. O isə evə geri qayıdıb evi təmizləməyə başlamışdır. Çünki anası evə gələrkən evdə qan olmasını görərsə qorxa biləcəkdir. Anası həmin gün üçün əvvəldən xəstəxanadan növbə götürmüş və həmin gün səhər tezdən evdən çıxıb xəstəxanaya getmişdir. O, bıçağı təmiz yumuş və evdə mətbəxdə qab dolabının üzərinə qoyub gizlətmişdir. Evdə yerdəki qanları silmiş və öz kəsilmiş qolunu məxbətdə yuyub bağlamışdır. Qardaşı Anar evdən gedəndən təxminən 1 saat sonra özü də evdən çıxıb Qara Qarayev metrosunun yanındakı parkda oturmuşdur. Bir qədər sonra polis əməkdaşları ona zəng etmiş və o, dostu ilə 25-ci PŞ-nə gəlmişdir. Aralarında olan dava təxminən 10 dəqiqə davam etmiş, evdə ikisindən başqa heç kim olmamışdır. O hazırda zərərçəkmişlə barışdığını, əməlindən peşman olmasını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 04 iyul 2021-ci il tarixdə ailəsilə birlikdə ünvan 1 ünvandakı evinə gəlmişdir. Evdə anası və qardaşı ilə qalmışdır. 14 iyul 2021-ci il səhər saatlarında anası ilə arvadı X3 arasında məşiət zəminində söz mübahisəsi düşmüş və anası əsəbləşdiyi üçün o, təcili tibbi yardım çağırmışdır. Həkimlər anasına baxaraq ciddi problem olmadığını və sakit yerdə dincəlməsini məsləhət görüb getmişlər. O, da anasının dincəlməsi üçün və arvadı ilə mübahisə etməməsi üçün ailəsi ilə birlikdə baba yurdu Lənkəran rayonuna getmişdir. 15 iyul 2021-ci il tarixdə səhər saatlarında Emil ona zəng edib, nə üçün anasını evdə xəstə qoyub getməsini ona bildirərkən o, Emilə anasına həkimin baxdığını və sonuncunun heç bir xəstəliyinin olmamasını bildirmişdir. Bu zaman Emil onu nalayiq sözlərlə təhqir edib, yenə də onu günahlandırmağa başlamışdır. O, Emilə söyüş ifadələri işlətməmələrini bildirsə də, Emil onu təhqir etməkdə davam etdiyi üçün o, telefonu söndürmüş və sonuncunun nömrəsini qara siyahiya salmışdır. 26 iyul 2021-ci il tarixdə saat 02 radələrində Lənkəran rayonundan ünvan 1 mənzilinə gəlmiş, qapını döymüş və Emil qapını açıb daha sonra öz otağına getdiyi üçün o, da Emilə salam vermədən öz otağına getmişdir. Həmin gün saat 09:20 radələrində yuxudan durub, avtomobilini yuduzdurmaq üçün avtoyuma məntəqəsinə aparmış və avtoyuma məntəqəsi işləmədiyi üçün evinə geri qayıtmışdır. O, öz avtomobilindən çantalarını evinə qoyduqdan sonra Emillə anasının yatdığı qonaq otağına keçmişdir. Orada anasının otaqda olmadığını və nə səbəbdənsə evdən getdiyini müəyyən etmişdir. O, həmin qonaq otağında divanda oturmuş və Emil isə divanın qarşısında yerdəki döşəkdə uzanıb yatmışdır. O, Emilə yuxudan oyanmasını və söhbət etmələrini demişdir. Emil yuxudan qalxıb, yerindən qalxmadan ona təhqiredici sözlərlə getməsini bildirmişdir. O, yenə Emilə telefonda onu nə üçün təhqir etməsini və indi yuxudan durub onunla söhbət eləməsini deyərkən, Emil yenə onu söymüşdür. Bundan sonra o, Emilin yanında aşağı əyilib, yaxasında tutub ayağa qalxmasını və nə üçün onu söyməsini bildirərkən, Emil yenə onu söymüş və o, artıq dözə bilməyib bir sağ, bir də sol yumruğu ilə sonuncunun sifət nahiyəsindən zərbə vurmuşdur. Emil də ona uzandığı yerdən sillə və yumruq atmışdır. Bu zaman Emil ona “mən yerdə uzanmış vəziyyətdə olanda gücün çatır mənə?” deyərkən, o, geri çəkilmiş və sonuncuya ayağa qalxmasını demişdir. Emil ayağa qalxıb eyvan tərəfdə dayanmış və o, Emilə nə üçün onu söyməsini deyərkən, Emil yenə onu təhqir etmişdir. O, yenə Emili sağ əli ilə bir dəfə də vurmuş və Emil də onu vurub, otağın giriş tərəfinə getmiş, orada stolun üzərində olan sarı dəstəkli bıçağı götürüb dərhal da onu vurmuşdur. Həmin yerdə onun sinə, yəni ürək nahiyəsindən hələ qan çıxmamışdır. O, bundan çox qorxmuş və həmin otaqdan çıxıb qapını bərk örtmüş və Emil qapının ona dəyməməsindən ötrü qapının şüşəsi əli ilə vurmuş, qapının şüşəsi sınaraq ətrafa səpələnmişdir. Həmin sınmış şüşə hissəcikləri onun də qoluna dəymişdir. Bundan sonra o giriş qapısına tərəf getmişdir. Orada giriş qapısını açmaq istədikdə qapının bağlı olmasını görmüş və geri dönərkən Emil artıq onun qarşısında durmuşdur. Buna görə də o qorxduğundan Emilin əlində bıçağın olubolmamasını fikir vermədən mətbəxə qaçmış və qapını örtüb tutmuşdur. Mətbəxdə artıq onun ürək nahiyəsindən qan çıxırmış və o halsızlaşdığı üçün qapını buraxmış və Emil də evin giriş qapısı tərəfdə durub yenə ona təhqiredici sözlərlə özü açdığı evin açılmış giriş qapısını göstərərək çıxıb getməyini demişdir. O, qapıdan çıxıb liftin düyməsini sıxmış və bu zaman Emil də arxasınca çıxıb liftin divarının tinində durub ona “adamı belə edərlər, günahın onda olmasını” demişdir. O isə artıq liftlə aşağı düşüb, binanın qapısından həyətə çıxmış və binanın mühafizəçini çağırıb, öz avtomobilinin açarlarını ona vermişdir. Həmin Elçin adlı mühafizəçi onu Audi S4 markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib onun yanına gəlmiş və o da özü bir əli ilə sinəsini sıxmış vəziyyətdə avtomobilə əyləşmiş və Elçin onu “Bona Dea” xəstəxanasına aparmışdır. Daha sonra həkimlər ona tibbi yardım göstərmişlər və onu əməliyyat etmişlər. Onların davası təxminən 8-10 dəqiqə davam etmişdir. Lakin Emil onu bıçaqla vurandan sonrakı onun liftə minməyinə qədər keçən vaxt az olmuşdur. Təqsirləndirilən şəxs qapının şüşəsini sındırarkən sınmış şüşə hissəciyi onun da üstünə düşmüşdür. Lakin qolunu sınmış şüşə hissəciyinin və ya Emilin onu bıçaqla ürək nahiyəsindən vurduqdan sonra onu itəliyib otaqdan çıxarkən Emilin əlindəki bıçağın kəsməsini dəqiq bilməmişdir. Qolunu ola bilər şüşə hissəciyi və ya Emilin əlindəki sarı dəstəkli bıçaq kəsmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsin onun qardaşı olduğunu, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, 6 ildir ki, Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev 2436 saylı binanın 2 əsas girişinin təmizlikçisi kimi çalışır. Hər gün saat 7-8 radələrində işə gəlir və binanın 2 girişini bütünlüklə təmizləməyə başlayır. 26 iyul 2021-ci il tarixdə saat təxminən 09:45 radələrində binanın 1-ci mərtəbəsində təmizlik edərkən qəfildən həmin binanın 14-cü mərtəbəsində yaşayan adının Anar olduğunu bildiyi şəxs liftdən çıxmış, sonuncu əlini sinəsinə sıxmış, üstü də qan içərisində olmuşdur. O, Anardan nə baş verdiyini soruşarkən Anar qardaşı Emilin onu vurmasını demiş və qapıdan çıxıb mühafizəçinin oturduğu yerə getmişdir. O, da Anarın arxasınca həyətə düşmüş və Anara əski vermək üçün paltarını dəyişdiyi yerdən əski axtarmağa başlamışdır. Bu zaman orada tanımadığı bir şəxs Anarın öz avtomobilini idarə edərək Anarın yanına gəlmiş və sonuncunu avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan sonra o, binada yenidən işlərini görərkən həmin binada da yaşayan adını bilmədiyi qadın iki azyaşlı uşağı ilə girişdən çölə çıxarkən uşaqlarının yerdəki qan ləkələrini görüb qorxduqları üçün, yerdə olan qanı silib təmizləməsini xahiş etmişdir. O, da haqlı olmasını düşünüb 14-cü və 1-ci mərtəbədəki liftin qarşısındakı və liftin içərisindəki qanı silib təmizləmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 16 ildir ki, Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev 2436 saylı binanın mühafizəçisi kimi çalışır. 2 gündən bir saat 7-8 radələrində işə gəlir və bir sutka işdə olur, 2 gün isə evdə istirahətdə olur. 26 iyul 2021-ci il tarixdə saat təxminən 09:45 radələrində K.Balakişiyev 2436 saylı binanın zirzəmisindəki istirahət otağında olmuş, bu zaman həyətdən səs-küy eşitmiş və binanın qarşısına çıxarkən binada yaşayan Anar adlı sakinin yerdə oturmuş vəziyyətdə olmasını görmüşdür. sonuncuya yaxınlaşan zaman Anar ona cibindən çıxardığı avtomobil açarını vermiş və sonuncunun “Audi” markalı avtomobilini idarə edərək xəstəxanaya aparmasını istəmişdir. O, dərhal açarı götürüb binanın qarşısındakı Anara məxsus avtomobili işə salmış və Anarı avtomobilə əyləşdirib “Bona Dea” xəstəxanasına aparmışdır. Avtomobildə olarkən Anar onu bıçaqlayan şəxsin öz qardaşı Emil olmasını bildirmişdir. O sonradan binanın müşahidə kamerasına baxmış və Emillə Anar qardaşlarının binanın önündən çıxıb getmələrini əks etdirən görüntüləri mobil telefonu ilə videoya çəkmiş və həmin görüntüləri təqdim etmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, oğlu Anar 2013-cü il tarixdə evlənmiş və o öz arvadı ilə onların yaşadıqları evdə yaşamağa başlamişdir. Həmin Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev 2436 və ya A.Manafov küçəsi 1 ev 199-dakı mənzil Anarındır. Anar evləndikdən sonra Turkiyə Respublikasına köçmüş və öz ailəsi ilə ildə 1-2 dəfə Bakı şəhərindəki həmin evinə gəlib 2-3 ay qalır və yenidən çıxıb gedirlərmiş. 25 iyul 2021-ci il tarixdə gecə 23 radələrində o, otağında imiş və sonrdan öyrəndiyinə görə Anar həmin vaxtlar evə gəlmiş və gedib otağında yatmışdır. 26 iyul 2021-ci il tarixdə saat təxminən 07:20 rdələrində o, evdən çıxıb həkimə gədərkən oğlu Emilin onunla eyni otaqda yatdığı üçün hələ də yatmasını görmüş və onu oyatmadan özü həkimə getmişdir. Həmin vaxt Anarın da öz otağında yatmasını bilməmişdir. Çünki gecə onun evə gəlməsini eşitməmiş və o da gəlib onunla görüşmədən özü qaldığı digər otağa keçib orada yatmışdır. Səhəri gün, yəni 26 iyul 2021-ci il tarixdə isə o, Anarın otağına baxmadan, onun da evdə olmasını bilmədən özü həkimə getmişdir. Həkim müayinəsindən və digər tibbi presedurdan keçib, axşamçağı aptekdən də dərmanlarını alıb evinə gedərkən orada Emillə Anarın dava etməsini və Emilin onu bıçaqla vurmasını öyrənmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün, məhkəmədə elan olunmuş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri ilə yanaşı digər sübutlarla da öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan "şübhəli olan şəxsin tutulması haqqında" 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DİN Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirilməsi ilə bağlı olaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gəlmiş Təqsirləndirilən şəxs sağ əlinin üst hissəsi, bilək nahiyələrinin çoxsaylı kəsilmiş yaraları müəyyən edilmiş və sonuncu həmin xəsarətləri qapının şüşəsini vurub sındırarkən əmələ gəlməsini bildirmişdir. Cinayət işinin materiallarında olan 26 iyul 2021-ci il tarixli «İfadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yeri olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 2436 saylı binanın 199 saylı mənzilində göstərməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 26 iyul 2021-ci il tarixli «Götürmə aparılması haqqında» protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 2436 saylı binanın 199 saylı mənzilində cinayətin aləti olan bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 02.08.2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqlar içərisindən qardaşı Təqsirləndirilən şəxs onu vurduğu bıçağı tanıyaraq göstərmişdir. Cinayət işinin materiallarında olan 10 oktyabr 2021-ci il tarixli «Videogörüntüyə baxış və götürmə barədə» protokoldan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs yaralı vəziyyətdə yaşadığı binanın önünə gəlməsi və xəstəxanaya aparılmasını və Təqsirləndirilən şəxs binanın həyətdən çixıb getməsini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk götürmüş və videogörüntüyə baxış zamanı birinci görüntüdə 26.07.2021-ci il, saat 09:46 tarix yazılmış vaxtda bir nəfər kişi cinsindən şəxsin ( Zərərçəkmiş şəxs ) sağ əli ilə ürək nahiyəsini sıxaraq binanın girişindən mühafizə otağına tərəf gəlməsi, orada yerdə oturması, bir nəfər kişi cinsindən şəxsin (Şahid1) şəxsin ona yaxınlaşaraq nəsə götürüb, “Audi” markalı avtomobili işə salaraq Zərərçəkmiş şəxs yaxınlaşması və onu avtomobilə əyləşdirib, binanın həyətindən getməsi, ikinci görüntüdə 26.07.2021-ci il, saat 11:05 tarix yazılmış vaxtda iki nəfər kişi cinsindən şəxsin ( bir nəfər Təqsirləndirilən şəxs ) binanın girin qapısından çıxmaları, Təqsirləndirilən şəxs bənzər şəxsin sağ qolunun bükülmüş vəziyyətdə binanın həyətindən getməsi müşahidə olunur. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 28 iyul 2021-ci il tarixli 644 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ saidin aşağı 1/3-nin arxaiç səthi və sağ mil-bilək oynağının ön səthinin cərrahi tikişə ehtiyac olan kəsilmiş yaraları, sağ saidin ön səthi, sağ əlin arxa və ovuc səthi, sağ əlin İ barmağının bayır səthi, səthi kəsilmiş yaralar, sol məməətrafı nahiyənin şişkinlik halında əzilməsi, sol məməaltı nahiyə, döş qəfəsinin ön səthi və sol bazunun iç səthinin qançırları xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlərn kəsilmiş və səthi kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, sınmış şüşə qırıntılarının, şişkinlik halında əzilmə və qançırlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəxsin bildirdiyi şəraitdə, yəni 26.07.2021-ci il tarixdə yarana bilər. Dərəcəsinə görə kəsilmiş yaralar həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 avqust 2021-ci il tarixli 645 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma, sol böyük və kiçik döş əzələlərinin hematoması, divararalığının hematoması ilə müşiyət olunan divararalığı (mediastinum) daxili magistral arteriyanın zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin daxilə (divararalığına) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, sağ saidin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ saidin ön səthinin 2 ədəd səthi kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 26.07.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 622/2021 MTKŞ saylı 16 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə təqdim olunmuş laborator anketinin kserosurətinə əsasən -0 (İ) Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş kişi alt tumanı, idman şalvarı və qısaqol köynək «futbolka» üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olanduqda 0 alfa beta (İ) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, betaaqqlyutininləri alındı. Beləliklə, bu qan 0 alfa beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş bıçaq üzərində tədqiqat zaman qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 446/2021 MTKŞ saylı 25 avqust 2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və özünü kafi dərəcədə biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. - Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər – sağ saidin ön səithinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ saidin ön səthinin 2 ədəd səthi kəsilmiqş yarası bədəninin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində olan xəsarətləri yetirən alətin daxil olma səviyyəsində eni 2 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin ön səthinin yuxarı hissəsində iki ədəd küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik iki ədəd kombinə olunmuş sökülmüş-cırılmış zədələr vardır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şortun və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 sentyabr 2020-ci il tarixli 2203 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması aşkar olunur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilir.Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs X9 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin həmin tələblərinə əsasən X5 cəzasının həddi təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən onun, bu hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan cəzasını yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddətinin əvvəli hökmün icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulmalı və sınaq müddəti ərzində davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Ədliyyə Nazirliynin Bakı şəhər İcra İdarəsinə həvalə edilməlidir. Həbsdə olan təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. X5 barəsində hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının CM-nin 132-ci maddəsinin tələblərinə əsasən DİN Nizami rayon Polis İdarəsinin Saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd şort, bir ədəd tuman və bir ədəd qısaqol kişi köynəyi məhv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər İcra İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclasının zalında həbsdən dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və DİN Nizami rayon Polis İdarəsinin Saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd şort, bir ədəd tuman və bir ədəd qısaqol kişi köynəyi məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar