Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1881/2023 16.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, bacısı Şahid2 əri Zərərçəkmiş şəxs tərəfindən təzyiqə və kobud davranışa məruz qalması, sonuncu dəfə də 23 mart 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs növbəti dəfə belə hərəkətlərə yol verməsi səbəbindən Şahid2 yaşadığı ünvandan atası evinə getməsi ilə əlaqədar yaranmış narazılığa aydınlıq gətirilməsi üçün həmin gün saat 23 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən 59 saylı tam orta məktəbin qarşısına dəvət edərək görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxsla mübahisə edərkən üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla sonuncunun bel və qarın nahiyələrindən vuraraq ona bel nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər, qarının ön divarının daxilə nüfuz edərək qaraciyərin girdə bağının və köndələn-çənbər bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, uzun illər Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yaşamış, 2022-ci ilin yanvar ayında Azərbaycana gələrək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Ailədə üç qardaş və iki bacıdırlar. Bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs həm də onun uşaqlıq dostudur. Hər ailədə olduğu kimi bacısı ilə Yamənin arasında da ailədə problem olmuş, söz-söhbətlər yaranmışdır. Hadisə baş verən gün də Yamənin ailəsində yenə mübahisə olmuş, Zəhra çıxıb atasıgilə getmişdir. Bunu biləndən sonra Yamənlə əvvəlcə telefonda danışmış, sonra isə sonuncunu görüşüb söhbət etməyə dəvət etmişdir. Yamən razılaşmış və 59 saylı tam orta məktəbin qarşısında görüşmüşlər. Yamən həmin vaxt bir az içkili olmuş və onunla pis, kobud danışmış, özünü bir az aqressiv aparmış, həm də bunun təsirindən aralarında anlaşmazlıq olmuş və münaqişə yaranmışdır. Münaqişə zamanı özü də istəmədən Yamənə iki bıçaq zərbəsi vurmuşdur. Amma bıçaqla vurandan sonra səhvini, etdiyi hərəkəti başa düşmüş və dərhal Yamənin xəstəxanaya çatdırılmasına köməklik göstərmişdir. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxsla barışmış, sonuncu onu bağışlamış və barışmışlar. Yamənin hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Yamənlə bacısı əvvəlki kimi bir ailədə mehriban yaşayırlar. Məhkəmədən bütün bu halların, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Müdafiə Sənayesi Nazirliyində mühafizəçi işləyir. Təqsirləndirilən şəxs onun arvadının qardaşıdır. Münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin mart ayının 23-də saat 23 radələrində qaynı Orxan zəng edib onu 59 nömrəli məktəbin yanına çağırmışdır. O, Orxandan nə olduğunu soruşanda sonuncu ona orada söhbət edəcəyini bildirmiş, o da telefonda Orxana kobud cavab verib bir az söyüşlə danışmışdır. Amma razılaşıb görüş yerinə getmişdir. Görüş zamanı aralarında mübahisə yaranmış, gözlənilmədən Orxan onu bıçaqla vumuşdur. Orxan hadisədən sonra onun xəstəxanaya aparılmasına kömək etmişdir. O, həyat yoldaşı Zəhranı döyməmiş, sadəcə hər ailədə olduğu kimi aralarında mübahisə olmuşdur. Bu gün də ailə bir yerdədir, mehriban yaşayırlar. Təqsirləndirilən şəxs bağışlamış və onnla barışmışdır. Orxana qarşı heç bir şikayəti və tələbi yoxudr. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə bacısı Zəhranın əridir. Yamənlə münasibətləri həmişə yaxşı olmuşdur. 23 mart 2023-cü il tarixdə Orxan ona zəng edib tez məktəbin yanına gəlməyini xahiş etmişdir. O, həmin yerə çatanda Yamənin yerdə uzandığını, Orxanın isə tanımadığı avtomobilin yanında dayandığını görmüşdür. Orxandan nə olduğunu soruşanda sonuncu Yamənlə mübahisə etdiyini demişdir. O, Yaməni əvvəlcə təcili tibbi yardıma çatdırmış, sonra isə oradan təcili tibbi yardım avtomobili ilə Sabunçu xəstəxanasına aparmışlar. Yamən hazırda Orxanla barışmışdır və Yamənin Orxana qarşı hər hansı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs onun əridir. İki övladı vardır. 23 mart 2023-cü il tarixdə saat 20 radələrində Yamənlə aralarında evdə mübahisə baş verdiyi üçün o, atası evinə getmişdir. Orada demişdir ki, Yamənlə mübahisə etmiş, bunu da qardaşı Orxan eşitmişdir. Orxan elə hesab etmişdir ki, Yamən onu döymüşdür, lakin Yamənlə aralarında sadəcə hər ailədə olduğu kimi mübahisə etmişlər, amma Yamən onu döyməmişdir. Sonra təxminən saat 23 radələrində eşitmişdir ki, qardaşı Orxan Yaməni bıçaqlayıb. Orxan hesab etmişdir ki, Yamən onu döyüb ona görə də Yaməni bıçaqlamışdır. Ancaq Yamən onu döyməmiş, onun sonuncuya qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Xəsarəti də olmadığına görə həkim müayinəsindən keçmək istəməmişdir (cild 1, iş vərəqə 114-116). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən 59 nömrəli tam orta məktəbin qarşısında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 7-9). Götürmə aparılması haqqında 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli uzunqol köynək Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 81-82). İfadənin yerində yoxlanılması haqqında 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 136-138). Məhkəmə-tibbi ekspertizasının 17 aprel 2023-cü il tarixli 418 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək qaraciyərin girdə bağının və köndələn-çənbər bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, 23 mart 2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə qarının ön divarının daxilə nüfuz edərək qaraciyərin girdə bağının və köndələn-çənbər bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, bel nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 103-105). Ambulator məhkəmə psixiatrik ekspertizasının 07 aprel 2023-cü il tarixli 905 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 107-108). Məhkəmə tibbi-bioloji ekspertizasının 06 iyun 2023-cü il tarixli 325/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd uzunqol köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "A" antigeni alınmışdır. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 123-126). Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına 25 mart 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 48). Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş 21 iyul 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 avqust 2015-ci il və 31 may 2019-cu il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 91-92). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Xətai rayon prokurorluğuna vəsatət verilmiş, 26 mart 2023-cü il tarixdə Xətai rayon prokuroru tərəfindən vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərar qəbul olunmuş və Təqsirləndirilən şəxs saxlandığı Xətai rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad edilmişdir. 26 mart 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 25, 51-52, 66-73). Ona görə də məhkəmə göstərilənləri də nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdən 26 mart 2023-cü il tarixədək tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi 16 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Pro Bono” Vəkil Bürosunun vəkili X5 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1881/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1881/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver