Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1881/2025 19.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Quba rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, xx.xx.2022-ci il tarixli Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.2 və 333.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 12 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Quba rayonu, Vladimirovka Ə/D, Vladimirovka kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, H.Bayramov küçəsi, nömrəsiz fərdi evdə kirayə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 10115 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs satış məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanından külli miqdarda, ümumi təmiz çəkisi 10115 qram olan narkotik vasitə qurudulmuş marixuananı 11 iyun 2025-ci il tarixdə saat 23:50 radələrində götürüb qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 11 iyun 2025-ci il tarixdə, saat 23.50-də Nizami RPİ-nin 24-cü PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanının yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman əlində olan qara rəngli idman çantasının içərisində olan yapışqan lentlə sarılmış vəziyyətdə qara rəngli sellofan paketin içərisində bir ədəd bağlamada təmiz çəkisi 10115 qram, külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələrin Bakı şəhəri, Nizami rayonu ərazisində istifadə və dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1,iş vərəqi 3).
4. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələrin Bakı şəhəri, Nizami rayonu ərazisində istifadə və dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Nizami RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1,iş vərəqi 4-5).
5. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan, ona əlavə olunmuş diskdən və xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlama və daşımaqda şübhəli bilinərək 11 iyun 2025-ci il tarixdə, saat 23:50-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 nömrəli binanın yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu və əlində daşıdığı qara rəngli idman çantasının içərisində olan yapışqan lentlə sarılmış vəziyyətdə qara rəngli selofan paketdə açıq yaşıl rəngli, spesifik iyə malik olan bitkiyə bənzər maddəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya və digər predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “marixuana” kimi tanıdığı narkotik vasitə olduğunu, “Baba” adlı İran vətəndaşının “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi ünvandan götürüb istintaqa məlum olmayan ünvana çatdırması məqsədi ilə üzərində daşıdığını bildirmişdir (cild 1,iş vərəqi 9-11 və 142).
6. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bağlamaya baxış keçirilmiş, bağlama bağlı vəziyyətdədir, bağlamanın üzərində 4 (dörd) ədəd, üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 164 №-li möhürlə möhürlənmiş vəziyyətdədir, üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs və imza, həmçinin X7 imza, Şahid2 imza, Şahid4 imza, qablaşdırdı Şahid1 imza yazıları yazılmış, bağlamanın tamlığı pozulmamışdır. Daha sonra 1( bir) ədəd DVD-yə Acer markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (cild 1, iş vərəqi 17).
7. “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, qeyd olunan GSM nömrəsinin 10 iyun 2025-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək anten dairələri, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatlar qeyd edilmiş “CD” diskə baxış keçirilmiş, baxış zamanı CD diskdə cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. CD diskdə olan anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsi sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 22:58:37-də Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, Heydər Əliyev adına parkın ərazisində şəbəkəyə qoşulmuşdur (cild 1, iş vərəqi 140-141).
8. “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** GSM nömrə olan “Redmi" markalı, qara rəngli mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefon «2707» müdafiə şifrəsi daxil edildikdən sonra aktivləşmişdir. Telefonda olan “WhatsApp” proqramına daxil olduqda Təqsirləndirilən şəxs dəfələrlə həmin proqramdan istifadə etməklə +98 937 *** **** mobil telefon nömrəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladığı, həmin şəxslə narkotik vasitələrin əldə olunması barədə danışıqlar apardığı, İİR vətəndaşının Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu işarələnmiş məkanın fotoşəkillərini göndərdiyi, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İİR vətəndaşının bildirdiyi yerlərə qoyacağı təqdirdə ona ödəniləcək pulu köçürülməsi üçün öz istifadəsində olan «UNİBANK» Kommersiya bankı tərəfindən verilmiş 4098 5844 7850 1735 nömrəli “Leo bank” bank kartının fotoşəklini göndərdiyi müəyyən olunmuşdur. Baxış zamanı aşkar olunmuş fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 173-177).
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(007)- 504/2025 nömrəli qərarından görünür ki , Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 11 iyun 2025-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1,iş vərəqi 156).
10. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/862 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş qara rəngli sintetik çantadakı ağ kağız üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 10115 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. Qeyd: marixuananın ümumi çəkisi 10115 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 10114,8 qram. (cild 1, iş vərəqəsi 48-50).
11. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3491 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 91-92).
12. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2241 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri (kəmağıllıq) qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq,öz maraqlarını üstün tutmaq, laqeydlik, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli imkanları nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Əqli imkanlarına görə Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir, Təqsirləndirilən şəxs əqli gerilik əlamətləri aşkar edilmir (cild 1, iş vərəqi 163-165).
13. xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınması haqqında, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10115 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, 10114,8 qram olan qalıq hissəsi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 107 və 178-187).
14. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməklə əlbir olduğu “Baba” adlı İran İslam Respublikasının vətəndaşı və digər şəxslər habelə narkotik vasitələrin mənbəyi ilə bağlı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 189-190).
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı daxil olan məlumata görə, qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxs müəyyən edilmişdir. Bununla bağlı rəhbərliyə raportla məruzə edilmiş və təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Nizami rayonu, Babək prospekti 75 ünvanının yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, şəxs sözügedən əraziyə daxil olarkən qrup tərəfindən saxlanılmışdır. Əməliyyat qrupunun üzvləri özlərini təqdim edərək, şəxsi saxlamışdır. Baxış zamanı şəxsin üzərindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyindən, əməliyyat qrupunu rəhbərlik edən şəxsin kimliyini dəqiq xatırlamır. Onun tərəfindən aşkar etmə yerində videoçəkiliş aparılmışdır. Əməliyyat zamanı 4 nəfər polis əməkdaşı iştirak etmişdir. Təqsirləndirilən şəxs heç bir təsir və ya təzyiq göstərilməmişdir. İstintaqdakı ifadəsini təsdiq edir. Xatırladığı qədərilə, məhz marixuana aşkar olunmuşdur. Dəqiq çəkisini yerində müəyyən etmək mümkün olmasa da, vizual olaraq miqdarının kifayət qədər çox olduğu yadındadır. Həmin vaxt əsasən videoçəkilişinin aparılması ilə məşğul olduğundan, saxlanılan şəxsi yerində ətraflı sorğu-sual etməmişdir. Narkotik vasitənin qanunsuz dövriyyəsi dedikdə satışı, istifadəsi nəzərdə tutula bilər. Bu anlayışı tam bilmədiyi üçün onu ifadə edə bilmir. Aşkar edilmiş külli miqdarda narkotik vasitə qara rəngli dəri və ya idman çantasının içərisində olmuşdur, qıfılı da var idi. Keçirilmiş bütün əməliyyat tədbirləri daxil olmuş məlumatlar əsasında icra edilmişdir, hər hansı özbaşına hərəkətə yol verilməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir.
16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2025-ci il tarixində Quba şəhərinin Vladimirovka kəndində anadan olmuş Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs olduğu ünvan müəyyən edilərək həmin ünvana, Babək prospekti 75 ünvanına yollanmışdıq. Orada mövqe seçildikdən sonra, təxminən saat 23:50 radələrində Təqsirləndirilən şəxs bənzər bir şəxsi gördükdə yaxınlaşdıq və özümüzü təqdim elədik. Üstünü yoxlamadan qabaq özünə təklif elədik ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, bizə təqdim eləsin. O da telefon təqdim elədi və əlində olan qara çantanı, içində sellofana bükülmüş açıq yaşıl rəngli narkotik vasitəni bizə təqdim elədi. Özündən nə olduğunu soruşduqda sonuncu marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, hamısını “WhatsApp” vasitəsilə yazışdığı “Baba” adlı şəxsdən konum vasitəsilə aldığını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar təqsirləndirilən şəxsə dörd nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir olunmamışdır.
17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, səhhətində yaranmış müəyyən problemlərlə əlaqədar olaraq, hadisənin təfərrüatlarını tam dəqiqliyi ilə xatırlamaqda və ətraflı izahat verməkdə çətinlik çəkir. Daxil olmuş məlumat əsasında Babək prospekti 75 ünvanında müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Bu məqsədlə 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış və keçirilən tədbir nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə qara rəngli çantanın içərisində idi. Xatırladığı qədərilə həmin çanta məhz idman çantası idi. Şəxsin həmin vaxt ona nə isə dediyini xatırlamır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılma zamanı həmin şəxsə qarşı hər hansı fiziki təzyiq, zorakılıq və ya qeyri-insani rəftara yol verilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı şəraitdə əldə etməsini xatırlamır. Aşkar edilmiş marixuananın həcmi vizual olaraq kifayət qədər böyük idi, lakin çəkisini dəqiq söyləməkdə çətinlik çəkir. O, təqsirləndirilən şəxsi vurmamışdır. Onlar orada 10 nəfər deyil, 4 nəfər olmuşlar.
18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində Baş İdarənin müvəkkili Şahid1 daxil olmuş məlumata əsasən yaradılmış əməliyyat qrupunun üzvləri Şahid2, Şahid4, Şahid1 və o olmuşdur. Bakı şəhərinin Nizami rayonunun Babək prospekti 75 ünvanına yollanmışlar. Saat 00:00 radələrində qeyd olunan ünvanın yaxınlığında Təqsirləndirilən şəxs aşkar eləmişlər. Belə ki, əvvəlcədən daxil olunmuş məlumat hissəsi ilə onlar tanışdılar. Şəxsə yaxınlaşaraq özlərini təqdim eləmiş, xidməti vəsiqələrini göstərmişlər. Ondan sonra videoçəkilişlə üzərində hər hansı bir qanunsuz maddə və əşya varsa, göstərməsi təklif olunmuşdur. Həmin proses əsasında narkotik vasitə aşkar olunmuş, qablaşdırmışlar, polis şöbəsində də digər proseslər həyata keçirilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, videoçəkiliş zamanı təqsirləndirilən şəxsə yaxınlaşan əməliyyat qrupunun qeyd olunan üzvləri idi. Şəxsə qarşı heç bir fiziki təsir olunmamışdır. Təqsirləndirilən şəxsə yaxınlaşanda çanta onun əlində idi və o heç düşünmürdü ki, onun içində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxın müddətdir narkotik vasitələrdən istifadə etmişdir. 11 iyun 2025-ci il tarixdə təsadüfən tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxsdən “Baba” adlı İran vətəndaşının hazırda nömrəsini xatırlamadığı mobil nömrəsini alıb həmin şəxslə əlaqə saxlamışdır. Səhv etmirsə adı Hafiz olmuşdur. «Baba» adlı şəxs “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ona “Məkan” göndərib qeyd olunan ünvanda olan “gül” adlandırdığı narkotik vasitə olan bağlamanı götürüb 400 manat pul qarşılığında digər ünvana çatdırmağını xahiş etmiş və bağlamanı qoymalı olduğu ünvanı sonradan ona bildirəcəyini demişdir. Həmin bağlamanı göstərilən ünvana çatdırdıqdan sonra 400 manat pulu hesab kartı vasitəsi ilə ona göndərəcəyini bildirmişdir. Həmin gün o, bağlamanı götürüb həmin ərazidən uzaqlaşmaq istəyən zaman saat 23:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanında 4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib kimliyini soruşmuşlar. Bundan sonra video çəkiliş aparılmaqla üzərində qanunla qadağan olunmuş əşya olub-olmamasını soruşaraq olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, üzərində olan bir ədəd «Redmi» markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına vermiş və əlində daşıdığı qara rəngli idman çantasını təqdim etmişdir. Polis əməkdaşları tərəfindən çantaya baxış keçirilərkən içərisindən yapışqan lentlə sarılmış vəziyyətdə olan qara rəngli sellofan paketdə marixuana kimi tanıdığı narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış apardıqdan sonra təqdim etdiyi bağlama möhürlənmiş və üzəri imzalanmışdır. Ona məxsus üzərində ***-***-**-** GSM nömrə ilə işləyən «Redmi» markalı mobil telefon da ona məlumat verilərək götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü PŞ-in inzibati binasına gəlmişdir. Polis şöbəsində otaqların birində dövlət hesabına təyin olunan vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. O, «Baba» adlı şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Əlində olan çantadan aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Həmin narkotik vasitəni «Baba» adlı şəxsin dediyi yerdən götürdükdən sonra «Baba»nın ona bildirdiyi ünvana qoyacaqdı. «Baba»nın tapşırığını yerinə yetirəndən sonra ona 400 manat pul göndərəcəkdi. Lakin «Baba»nın tapşırığını yerinə yetirə bilmədiyi üçün ona heç bir məbləğdə pul göndərilməmişdir. «Baba» adlı şəxsin bildirdiyi yerdən götürdüyü çantanın içərisində «Baba»nın «gül» adlandırdığı narkotik vasitə marixuana olduğunu bilmişdir. Lakin həmin bağlamanın dəqiq ölçülərini və çəkisini bilməmişdir. Bildiyinə görə təxminən 100 qram olmalı imiş. Lakin götürəndə bağlamanın böyük olduğunu görmüşdür. O, hələ həmin bağlamanı götürüb “Baba”nın dediyi yerə aparmamışdır. Ona məxsus «Redmi» markalı mobil telefonun üzərində ***-***-**-** GSM nömrəsindən istifadə etmişdir. Başqa nömrəsi olmamışdır. Mobil telefonuna giriş kodu 2707 və WhatsApp mobil tətbiqinə giriş kodu yoxdur. O, “Unibank” tərəfindən verilmiş 4098 5844 7850 1735 nömrəli “Leo bank” kartından istifadə etmiş, həmin kartı itirmişdir. Lakin mobil telefonunda olan mobil tətbiqdən istifadə edərək həmin kartdan istifadə etmişdir. Telefonunda həmin kartın mobil tətbiqinə giriş kodu «0000» qoymuşdur. İran İslam Respublikası vətəndaşının adını «Baba» kimi bilmiş, həmin şəxs özünü ona İran vətəndaşı kimi təqdim etmişdir. Səhv etmirsə əsl adı Hafiz olmuşdur. Nə saxlanılarkən, nə də ki, polis şöbəsinə gətirilərkən ona heç bir fiziki və ya psixi təsir olmamışdır (cild 1, iş vərəqi 72-74).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə, gecə saat 23.30 radələrində daim narkotik vasitə aldığı İran İslam Respublikasının vətəndaşı ilə növbəti dəfə yaxınlaşaraq onun atdığı konumdan 100 qram narkotik vasitə götürməyə getmişdir. Həmin ünvana taksi ilə getmiş, qeyd olunan konuma çatanda görmüşdür ki, həmin yerdə böyük çanta var, tez həmin yerdən uzaqlaşmaq istəmiş, həmin vaxt polis əməkdaşları onu tutmuşlar. Ona fiziki təzyiqlər göstərmişlər və ondan sonra çəkiliş etmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin konuma marixuana üçün getmişdir. Həmin narkotik vasitəni İran vətəndaşı “Baba” adlı şəxsdən alacaqdı. Həmin narkotik vasitəyə 200 manatdan çox pul vermişdir. Pulu ödəmə terminalından vurmuşdur. Pulu ödəməyi barədə qəbz telefonda qalmamış, silmişdir. Konuma çatanda görmüşdür ki, böyük çantadı, əlini də vurmadan geri qayıtmaq istəmişdir. Getdiyi ünvanı tanımır, həmin yer Nizami rayonunun ərazisi idi. Çəkiliş həmin ərazidə keçirilmişdir. İstintaqda yazılanlar düzgün deyil. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmuşdur. Təcridxanada onu yoxlamışlar, qolunda yara var idi. Ondan yaranı soruşduqda demişdir ki, onu döyüblər. “Baba” adlı şəxsə pulu atdıqdan sonra həmin konuma getmişdir. Onun atdığı pula 100 qramdan çox narkotik vasitə düşməz. Pulu “ E Manat” ödəmə terminalı vasitəsilə atmışdır. Babanın “M10” hesabına atmışdır. Çantaya ona görə əl vurmamışdır ki, çox böyük idi və onda şübhə yaratmışdır. O, narkotik vasitədən istifadə edir və baş verən hadisələri bilir, yəni qurma olmasından şübhələnmişdir. Narkotik qoyulan yer 5 mərtəbəli binanın həyəti idi. İbtidai istintaq dövründə verdiyi ifadəsi düz deyil, fiziki təzyiqlər altında yazmışdır. Əməliyyat qrupunda ən azı 10 nəfər polis əməkdaşı var idi. Polis əməkdaşları ona yaxınlaşmamış, çantanı görüb qaçanda polis əməkdaşları hərtərəfdən çıxmışlar. Müdafiəçisinin dedikləri ilə razıdır, ədalətli hökm çıxarılmasını xahiş edir.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2025-ci il tarixli 629 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol saidin sıyrığı olmuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. xx.xx.2025-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyətlərinə əsasən həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir, lakin xəsarətin yıxılma nəticəsində alınması inkar olunmur. (cild 1, iş vərəqi 160- 161).
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcdirxanasının 6 dekabr 2025-ci il tarixli məktubundan və ona əlavə olunmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur.Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilən zaman təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəstəlik bildirməmişdir. Səhhəti ilə bağlı şikayət bildirməmiş, fizioloji göstəriciləri norma civarında olmuşdur. Həbs zamanı xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sol dirsək nahiyyəsində qərtməkli yara aşkar edilmişdir (cild 2).
22. 25 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz işgəncə, qəddar, qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilmişdir (cild 2).
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
23. CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
28. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir.
29. Maddə 61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.
30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
33. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
34. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
38. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
39. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
40. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
42. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
46. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
47. Qərarın 10-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
48. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
49. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
50. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ:
51. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
52. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, mobil telefonunda narkotik vasitələrin qoyulduğu işarələnmiş məkanın fotoşəkillərinin olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Məhkəmə qeyd edilənləri, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
53. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 33-cü bəndi)
54. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 42-45-ci bəndləri)
55. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, ona qarşı polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsir və təzyiqlər göstərildiyini, böyük çantanı görüb ona əlini belə vurmadan geri qayıdarkən tutulduğunu, 100 qram narkotik vasitə üçün getməsi, polis əməkdaşlarının həmin torbanın onun olduğunu bildirdiklərini, ona məxsus olmadığını bildirəndə təzyiq göstərdiklərini, ona görə də məcbur qalıb qəbul etdiyini və s. bildirərək özünü təqsirli bilməmişdir.
56. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs, təqsirləndirilən şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin onun üzərində olmaması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmuyu təqsirləndirilən şəxsin cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Bundan başqa, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 34, 46, 47, 48, 49, 50-ci bəndlərindəki normativ aktlara əsasən).
57. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi təqsirli olması iş üzrə toplanmış başqa sübutlarla təsdiq edilmir. Belə ki, ittiham tərəfindən məhkəməyə təqdim edilən sübutlarla Təqsirləndirilən şəxs ona elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə ““Baba” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, gəlir əldə etmək müqabilində «Baba» adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirməsi barədə razılığa gəlməsi” ittihamını təsdiq edən məlumatlar aşkar edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən, sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “«Baba» adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, gəlir əldə etmək müqabilində «Baba» adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirməsi barədə razılığa gəlməsini” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadəsindəki məlumatlar (məhkəmə istintaqı zamanı tədqiq olunan) belə onun, “Baba” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyrilərinin birgə, yəni sadalanan “şəxslər” üçün ümumi olan cinayəti törətmək üçün hərəkət etdiklərini təsdiq etmir. Belə ki, CM-in 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönlü), bir-birini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə - vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır.
58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.
60. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda qeyd edilən əməllərinin Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan “Baba” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir.
61. Ümumiyyətlə, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“Baba” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Cinayət təqibi orqanının Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Təqsirləndirilən şəxs qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.
62. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə “Baba” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
63. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.
64. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 31-ci bəndi).
65. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
66. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 24, 25, 26, 27-ci bəndləri).
67. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.
68. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran haldır (qərarın 29-cu bəndi).
69. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və 7 fevral 2022-ci il tarixli Tərtər Hərbi Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.2 və 333.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 12 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 120-121 və 124- 133).
70. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
71. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 28-ci bəndi).
72. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 iyun 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 27, 86-90). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 30, 35 və 36-cı bəndləri).
73. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 iyun 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
74. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
75. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 10114,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (qərarın 37-ci bəndi).
76. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
77. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 40-cı bəndi).
78. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 30 (otuz) hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir (qərarın 38, 39-cu bəndləri ).
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 10114,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Leyla Əsgərova-Məmmədova