Məhkəmə qərarları › İş №1(101)-1882/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1882/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1882/2024 21.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq külli miqdarda bir ədəd ağ rəngli sellofan bağlamada təmiz çəkisi 3470,0 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, Səbail RPİ-nin 39-cu Polis Bölməsi və Səbail RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 fevral 2024-cü il tarixdə, saat 20:55 radələrində ünvan 2 ünvanında yerləşən “Gümüş Residence” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq 39-cu PB-nin inzibati binasına gətirilmiş, orada 26 fevral 2023-cü il tarixdə, saat 22:10-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində saxladığı ağ rəngli sellofan torbanın içindəki qara rəngli sellofan bükümdə sonuncunun şəxsi istifadəsi üçün qanunusuz olaraq əldə edib, üzərində daşıdığı təmiz çəkisi 3470,0 qram təşkil edən külli miqdarda narkotik vasitə olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan marixuana istifadəçisidir. Ona marixuana lazım olduqda, o, həmin vasitəni Cavid adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışaraq əldə etmişdir. O, 26 fevral 2024-cü il tarixdə Cavid adlı şəxsin ona satmış olduğu və ümumi çəkisi 50 (əlli) qram təşkil edən narkotik vasitə marixuananı götürməyə getmişdir. Bu vaxt Cavid adlı şəxs ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq onun üçün ümumi çəkisi 3 (üç) kiloqram 470 (dörd yüz yetmiş) qram olan narkotik vasitə marixuananı qoyduğunu bildirmişdir. Beləliklə, onun üzərində heç bir narkotik vasitə olmaya-olmaya o, 26 fevral 2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, faktiki olaraq həmin vaxt heç bir narkotik vasitəni götürməmişdir. Polis əməkdaşları Cavid adlı şəxsin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona ümumi çəkisi 3 (üç) kiloqram 470 (dörd yüz yetmiş) qram təşkil edən narkotik vasitə olan marixuana barədə yazdığı mesaja görə saxlamışlar. O, ibtidai istintaq zamanı müstəntiqə də, bu barədə ifadə vermişdir. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə onun əlaqə qurmuş şəxsin ləhcəsi yerli türk ləhcəsi olmuşdur. O, Cavid adlı şəxsə vermiş olduğu sifarişin, yəni ümumi çəkisi 50 (əlli) qram təşkil edən narkotik vasitə olan marixuananın pulunu ödəməmişdir. O, bundan əvvəl üç-dörd dəfə Cavid adlı şəxsdən narkotik vasitə olan marixuana almış, lakin həmin vaxt ümumi çəki beş-on qram təşkil etmişdir. Bu səfər isə onun Cavid adlı şəxsə birdən-birə ümumi çəkisi 50 (əlli) qram təşkil edən narkotik vasitə olan marixuana sifariş verməsinə səbəb - narkotik vasitə olan marixuananı xırda-xırda deyil, birdəfəlik almaq istəməsi olmuşdur. O, sutka ərzində 3-4 dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Cavid adlı şəxsə narkotik vasitə olan marixuananın ödənişini “m10” elektron pulqabı vasitəsilə etmiş, 50 (əlli) qram təşkil edən narkotik vasitə marixuananın ödənişini öncədən etməməsinə səbəb - Cavid adlı şəxsin ona həmin ödənişi daha sonra etməyi təklif etməsi olmuş, Cavid adlı şəxs onun üçün narkotik vasitə olan marixuananı bir məhəllədə yerləşdirmiş, həmin narkotik vasitəni gözü ilə görsə də, həmin narkotik vasitəni götürməmiş, oradan uzaqlaşıb evə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, Cavid adlı şəxsi 2023-cü ilin noyabr-dekabr aylarında etibarən tanımış, əslində Cavid adlı şəxs onu deyil, özü Cavid adlı şəxsi tapmış, ibtidai istintaq zamanı müstəntiq Cavid adlı şəxs barəsində ondan heç nə soruşmamış, polis əməkdaşları tərəfindən saxlanılan kimi mobil telefonu əlindən alınmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ititham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə marixuana olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmədə ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 26 fevral 2024-cü il tarixdə, axşam saat 20:00 radələrində Səbail Rayon Polis İdarəsinin X1 rəisi Elnur Orucovun əməliyyat tədbiri ilə bağlı onlar İçərişəhərin yuxarı tərəfində tədbir keçirmişlər. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. X9 Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparmışlar. Polis bölməsində şəxsi axtarış nəticəsində Nurlanın üzərindən 3 kiloqram marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özü də, həmin bükümün içərisində marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Cavid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq həmin narkotik vasitəni əldə etdiyini və Cavid adlı İran vətəndaşının tapşırığı əsasında həmin narkotik vasitəni harasa aparmalı olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq Cavid Əhmədli bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir təzyiqə məruz qalmamış, Nurlan saxlanılan zaman əlin bir paket olmuş, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı polis əməkdaşı Elnur Orucova daxil olmuş, onlar əməliyyat tədbirində 04 nəfər olaraq iştirak etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə 26 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində baş vermişdir. Belə ki, məlumat gəlmişdir ki, bir nəfər külli miqdarda narkotik vasitə daşıyır. Həmin gün saat 21:00 radələrində onlar həmin şəxsi görüb yaxınlaşmışlar və sonuncunu saxlayaraq Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər. 39-cu PB-də təhqiqatçı və müdafiəçinin iştirakı ilə həmin şəxsin üzərində baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində 1 (bir) ədəd ağ rəngli bağlama olmuşdur. Bağlamanın içərisində ot olmuşdur. Sonra aşkar edilmiş ot ekspertizaya göndərilmişdir. Ekspertizanın cavabı gəldikdən sonra müəyyən edilmişdir ki, həmin ot kütləsi narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin marixuananı satış məqsədi ilə deyil, əksinə şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs hər dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almaması üçün həmin vaxt birdəfəlik külli miqdarda narkotik vasitə almışdır. Onlar hadisə yerinə xidməti maşınla getmişlər. Onlardan başqa hadisə yerində heç kim olmamışdır. Onlar Təqsirləndirilən şəxsı gördükdə, sonuncunun əlində ağ rəngli paket olmuş, həmçinin həmin vaxt Nurlan özünü şübhəli aparmışdır. Hadisə yerində həm Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları, həm də Səbail RPİ-nin NMB-nin əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs əlindəki telefona baxış keçirildikdə, görmüşlər ki, bir nəfər Cavid adlı İran vətəndaşı ilə yazışır. Həmçinin Nurlan onlara bildirmişdir ki, İranlıya həmin narkotik vasitənin pulunu ödəyəcəyini bildirsə də, narkotik vasitənin pulunu ödəmək kimi fikri yoxdur. Onlar Təqsirləndirilən şəxs heç bir zorakılıq etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onlar 26 fevral 2024-cü il tarixdə axşam saatlarında bir nəfər şəxsin barəsində əməliyyat tədbiri keçirmişlər. “Gümüş Residence” adlanan yaşayış kompleksinin yanına bir nəfər gəlmiş və məlum olmuşdur ki, həmin şəxs barəsində əməliyyat tədbiri keçirilən şəxsdir. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs həmin yerə taksi ilə gəlmiş və taksidən düşüb ara məhəlləyə daxil olduqda onlar Nurlanı saxlamışlar. Nurlanın üzərində sellofan olmuş, həmin sellofanın içində isə büküm olmuşdur. Onlar həmin şəxsi saxlayıb 39-cu Polis bölməsinə dəvət etmişlər və orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə və öz razılığı ilə sellofanın içərisindən bükülmüş bağlamanı çıxarıb ortaya qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cibindən telefon, qulaqcıq və 50 (əlli) qəpik pulu çıxarmışdır. Təqsirləndirilən şəxs həmin predmetin kiməsə çatdırmaq üçün ona verildiyini bildirmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs saxlanılan zaman onlara heç bir müqavimət göstərməmiş, əksinə saxlayanların polis əməkdaşı olduğunu bildikdən sonra tabe olmuş və onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Səbail RPİ-nin NMB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Elnur Orucov həmin idarəsinin rəisinə raportla müraciət edərək “Nurlan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində daşıması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, “Nurlan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 31-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əlində saxladığı, üzərində reklam yazıları olan, içərisi görünməyən ağ sellofan torbadan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli 01 ədəd “İphone 7” markalı mobil telefon, şalvarının sol yan cibindən ağ rəngli “Apple” markalı naqilsiz qulaqcıq, şalvarının sağ gizli cibindən göy rəngli alışqan və arxa sağ cibindən 50 qəpiklik metal pul aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-98/2024 saylı qərarından (cild 1, iş vərəqə 78-79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 80-82) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qara rəngli "İphone 7" markalı mobil telefonun "Watsapp" sosial mesencer proqramına (***-***-**-** saylı nömrə ilə qeydə alınmış) baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan "Whatsapp" sosial hesabından "+98-901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrəyə 26 fevral 2024-cü il tarixdə, saat 17:14 dəqiqədə "Salam qaqa", "buyur zəng eləmişdin" mesajı göndərilir, "+98-901- 786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və 17:14 dəqiqədə "Salam necsan", "yoxsan" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:14 dəqiqədə "Sagligin şükür Allaha", "sen necesen", "nəyə" mesajı göndərilir; "+98-901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və saat 17:15 dəqiqədə "Sagol" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:15 dəqiqədə "Yaxşı olasan" mesajı göndərilir; "+98-901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və saat 17:17 və 17:18 dəqiqədə "Mal catib lazim olsa yaz" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:17 dəqiqədə "lazim olsa deyende qaqa men dedim sene bele işdemey isdesen eger yeni işdyerem sennen", "sende dedin gerey pul atasan", "bele mal götrrem özüme prosdu çoxda yox" " isdesen 100 qr at ya nem 50 qr 6 m mene ver" mesajı "+98-901-786-2931" seriyalı "~javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrəyə göndərilir; "+98-901-786-2931" seriyalı "~javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və saat 17:19 dəqiqədə "Zang ela" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:19 dəqiqədə "İndi maşıdayam 15 de zeng edirem", "danşa blmrəm "mesajı göndərilir; "+98-901-786-2931" seriyalı "~javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və saat 17:19 dəqiqədə "mana anbar shdea bilirsan" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:20 dəqiqədə "Yox onu yalan diyerem vallah", "ondan başım çıxmır", "bele ama bir iranlı dist varydı ondan hemişe mal götürürüdm 6 manatdan verirdi mene"mesajı göndərilir, +98-901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və saat 17:21 dəqiqədə "anhax onvan ela” mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:30 və 17:31 dəqiqədə özünə maxsus olan şəxsiyyət vəsiqəsinin şəkili və "görüntülüdə isdəsn danşa binary qaqa mesajı göndərilir, "+98-901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və saat 17:31 dəqiqədə "OK" mesajı va Nurlanla razılaşaması ilə bağlı sözlər deyilən səs 07 saniyəlik səs mesajı göndərilir. Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:32 dəqiqədə "Cox sagol diqqetin uen minnetdaram" mesajı göndərilir. +98- 901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixda, saat 17:43 və 17:44 dəqiqədə "Alo" mesajları göndərilir və cavabsız zəng edilir, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:46 dəqiqədə "gozde", "ygram İ deq" mesajı göndərilir və onlar arasında 1 dəqiqəlik zəng danışığı olur, "+98-901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:46 dəqiqədə "neca yashin var" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 17:51 dəqiqədə yaşı və özü ilə bağlı məlumatları verdiyi 23 saniyəlik və 6 saniyəlik səs mesajları göndərilir; "+98- 901-786-2931" seriyalı "~javid baba " adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:56 və saat 18:00 dəqiqədə Nurlanla razılaşaması, ona narkoik maddə verəcəyi, narkotikin yerinin elektron ünvan vasitəsi ilə göndərəcəyi ilə bağlı sözlər deyilən səs 14 və 04 saniyəlik səs mesajları göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 18:01 dəqiqədə "yaxşı", "konum şekin atarsan", "qaqa" və "bakı ətrafı olacaqda yagnki hə?" mesajı göndərilir, "+98-901-786- 2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə və saat 18:04 dəqiqədə "OK" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 18:21 dəqiqədə "qaqa mene xeber elyersen 10 deq qabag", "gozleyirem seni" mesajı göndərilir; "+98-901-786-2931" seriyalı "~javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:24 dəqiqədə "OK" mesajı, həmin tarixdə saat 19:53 dəqiqədə elektron ünvan(konum) və həmin ünvana narkotik maddə qoyulması ilə bağlı Nurlana məlumatlar verilən 06 saniyəlik səs yazısı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 20:08 dəqiqədə "Yaxşı qaqa", cavid qaqa", " taksideyem gedrem", "20 deq çatram" mesajı göndərilir; "+98- 901-786-2931" seriyalı "~javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:27 dəqiqədə həmin ünvana çatanda xəbər etməsi ilə bağlı Nurlana məlumatlar verilən 08 saniyəlik səs yazısı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 20:52 dəqiqədə "qaqa" mesajı göndərilir, "+98-901-786-2931" seriyalı "-javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:52 dəqiqədə "can" mesajı göndərilir: Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 20:52 dəqiqədə "şekil atrsanmı", "canın ağrmasn" mesajı göndərilir; "+98-901-786-2931" seriyalı "~javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:52 dəqiqədə "Oldo" mesajı göndərilir; Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə və 20:53 dəqiqədə "yaxşı" mesajı göndərilir; "+98-901-786-2931" seriyalı "~javid baba" adı ilə qeydiyyata alınmış mobil nömrədən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:53 dəqiqədə narkotikin qoyulduğu yerin işarələndiyi 05 ədəd şəkil göndərilir və mesajlaşıma başa çatır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 100-101) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-7/317 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 47- 49) görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ağ rəngli polietilen bağlamada qara rəngli sellofan bağlamada təmiz çəkisi 3470,0 qram (3 kq 47 qram) olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 2959 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 120-130) görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-cü maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3469,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınanaraq saxlanılması üçün Səbail RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 9-cu bəndinə əsasən - təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 3470,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, Səbail RPİ-nin 39-cu Polis Bölməsi və Səbail RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 fevral 2024-cü il tarixdə, saat 20:55 radələrində ünvan 2 ünvanında yerləşən “Gümüş Residence” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq 39-cu PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı ağ rəngli sellofan torbanın içindəki qara rəngli sellofan bükümdə təmiz çəkisi 3470,0 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Başqa sözlə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman onun əlində olan torbada 3470,0 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın olması mübahisəsizdir. Aşkar edilmiş narkotik vasitənin çəkisinə gəldikdə isə qeyd edilməlidir ki, narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan aşkar edilmiş çəkidə narkotik vasitə qurudulmuş marixuananın qanunsuz şəkildə onun tərəfindən əldə edilib üzərində saxlanılması və daşınması ağlabatandır. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin telefona quraşdırılmış “Votsap” sosial şəbəkəsi vasitəsi ilə onunla qeyrisi arasında səsli və yazılı danışıq aparılmış və həmin danışıq zamanı o, həqiqətən də xx.xx.2024-cü il tarixdə öz şəxsi istifadəsi üçün qeyrisindən narkotik vasitə almaq istəmiş və bu barədə danışıq aparmışdır. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və natamam ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 fevral 2024-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 2959 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3469,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3469,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar