Məhkəmə qərarları › İş №1(101)-1883/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1883/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1883/2023 05.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısınun, Təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlu və onun müdafiəçisi Mərkəz Vəkil Bürosunun vəkili Şahmarov Məzahir Turab oğlunun Təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Məmmədov Elşən Həsən oğluna ittiham verilmişdir ona görə ki, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 5,265 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 3,171 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə daşımış, 29 mart 2023-cü il tarixdə, saat 14:35 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İllarionova Lidiya Ruslanovna ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Lev Starçuk küçəsində yerləşən ‘Azal Arena’nın yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət olunmuş və orada Məmmədov Elşən Həsən oğlunun və İllarionova Lidiya Ruslanovna üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman Elşən Məmmədovun üzərindən qanunsuz hər hansı bir əşya aşkar olunmasa da, Lidiya İllarionovanın sağ əlində saxladığı Elşən Məmmədovun ona polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl saxlamaq üçün verdiyi göy rəngli kiçik ölçülü çantadan 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,098 qram, 0,286 qram, 0,369 qram, 0,361 qram və 0,151 qram, ümumi təmiz çəkisi 5,265 qram, yəni külli miqdarda olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qram, 1,742 qram, 0,460 qram, 0,039 qram ümumi təmiz çəkisi 3,171 qram, yəni külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş üzrə məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı məhkəməyə şifahi vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətində bildirmişdir ki, iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, Məmmədov Elşən Həsən oğlu əvvəllər də məhkum olunmuşdur. Onun barəsində olan cinayət işinə baxılan zaman 11 fevral 2009-cu il tarixli məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlunun Azərbaycan-rus dilli tərcüməçi ilə təmin edilmişdir. Onun sərbəst başa düşdüyü dil rus dilidir. Bundan başqa onun barəsində olan Bakı Ağır Cinyaətlər məhkəməsinin Respublikası Cinayət Məcəlləsinin 08 noyabr 2019-cu il tarixli məhkəmə hazırlıq iclası zamanı onun barəsində olan cinayət işinin baxılmasına xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Hesab edir ki, hazırki cinayət işinin məhkəmə baxışına təyin edilməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması deməkdir. Dövlət ittihamçısı ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularının təqsirləndirilən şəxsin ana dilindən və tərcüməçinin köməyindən istifadə etmək hüququnu pozulmasına səbəb olduğunu qeyd edərək, həmin halların məhkəməyədək icraat zamanı aradan qaldırılmamasının cinayət işinin məhkəmə icraatı zamanı baxılmasını qeyri-mümkün etdiyini bildirir. Dövlət ittihamçısı belə olan halda CPM-nin 303.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət prosesi iştirakçılarının dövlət ittihamçısının vəsatətinə münasibətini və iş materiallarını nəzərdən keçirərək belə qərara gəlir ki, vəsatət əsaslıdır və təmin edilməlidir, cinayət işi üzrə icraata xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.-cü maddəsində göstərilir ki, “cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması (303.3.2); cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi (303.3.7);”. Məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlu ona ittiham aktının rus dilində təsdiq olunmuş surətinin verilmədiyini bildirdi. Özünün Rusiyada anadan olduğunu və daha sonra Azərbaycanda orta məktəbdə rus dilində təhsil aldığını, Azərbaycan dilində hüquqi terminləri tam başa düşə bilmədiyini, yalnız sadə sözləri anladığını qeyd etdi. Həmçinin ibtidai istintaq aparılarkən tərcüməçinin köməyindən istifadə etmək hüququnun təmin edilmədiyini bildirdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Məmmədov Elşən Həsən oğlu əvvəllər dəfələrlə məhkum olunmuşdur. Məmmədov Elşən Həsən oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi üzrə barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-293/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü tədqiq olunan zaman müəyyən edilmişdir ki, həmin işə məhkəmədə baxılarkən təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlu Azərbaycan-rus dillərinin tərcüməçisi ilə təmin edilmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə olunan Məmmədov Elşən Həsən oğlu barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1057/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərarı tədqiq olunan zaman müəyyən olunmuşdur ki, həmin qərarla cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması əsası ilə Məmmədov Elşən Həsən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Bu hal bir daha onu göstərir ki, Məmmədov Elşən Həsən oğlunun sərbəst başa düşdüyü dil rus dilidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə müvafiq protokollar tərtib edilməklə Məmmədov Elşən Həsən oğlunun tutulması haqqında, onun müdafiəçi seçmək, prokurora və müstəntiqə etiraz etmək hüquqları izah edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona hüquq və vəzifələrinə dair bildirişlər təqdim edilmiş, təqsirləndirilən şəxs qismində dindirilmişdir. Daha sonra təqsirləndirilən şəxsin iştirakı ilə çoxsaylı istintaq hərəkətləri yerinə yetirilmişdir. Yuxarıda sadalanan ibtidai istintaq hərəkətləri aparılarkən təqsirləndirilən şəxsə ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ izah edilsə də, onun Azərbaycan dilində yaza, oxuya və ya danışa bilib-bilməməsi dəqiqləşdirilməmiş, belə olan halda təbii ki, tərcüməçinin iştirakı məsələsi də açıq qalmış və qeyd olunan ibtidai istintaq hərəkətlərinin nəticəsində tərtib olunan sənədlərdən həmin istintaq hərəkətləri aparılarkən tərcüməçinin iştirak etmədiyi məlum olur. Həmçinin məlum olmuşdur ki, Məmmədov Elşən Həsən oğluna ittiham aktının rus dilinə tərcümə edilmiş nüsxəsi də təqdim edilməmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları qanunvericiliyin təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququndan bəhs edən müddəalarının tələblərinin pozulmasına səbəb olmuşdur, hansı ki, göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və belə olan halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək; ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək (26.2-ci maddə). Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir (26.4-cü maddə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7 və 91.5-ci maddələrində tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxsin, həmçinin təqsirləndirilən şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək və tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinə görə cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının azadlıq və toxunulmazlıq hüququndan bəhs edən 5-ci maddəsinin 2-ci bəndinə əsasən, tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Həmin Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu özündə əks etdirən 6cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında cinayət törətməkdə ittiham olunan hər kəsin ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq və məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etməyi ehtiva edir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının çıxarışından görünür ki, Məmmədov Elşən Həsən oğlunun həbsdə saxlanılma müddəti 18 avqust 2023-cü il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1883/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə yekun qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə həbs qətimkan tədbirinin uzadılması barədə məsələni müzakirə edərkən qərar veriləndən sonra işin təyinatı üzrə çatdırılmasına sərf olunacaq vaxtı da nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Elşən Həsən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Məmmədov Elşən Həsən oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin və onun həbsdə saxlama müddəti 1 ay müddətə, yəni 05 oktyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın təsdiq edilmiş surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya göndərilməsi təmin edilsin. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar