Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1885/2023 30.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, müdafiəçi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, rus-Azərbaycan dilləri üzrə tərcüməçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)–1885/2023 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: 03 avqust 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)–1885/2023 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi polis mayoru X6 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə başlanmışdır. Cinayət işindəki sənədlərə əsasən işin başlanılmasına əsas və səbəb 27 mart 2023-cü il tarixdə saat 21:00 radələrində Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1000,8 qram çəkidə narkotik vasitə heroin aşkar olunması faktı əsasında Təhqiqat şöbəsində toplanmış material olmuşdur Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Saleh Salahzadə tərəfindən şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Nəsimi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 21 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı 25 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi təqsirləndirilən şəxsin müdafiə hüququnun və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması müəyyən olunmuşdur. Qeyd olunan pozuntular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntulardır və onlar cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsaslardır. Belə ki, Müdafiəçi məhkəmənin hazırlıq iclasında vəsatətlə müraciət edərək, müdafiə etdiyi şəxsin ibtidai araşdırma zamanı hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edib göstərmişdir ki, Təqsirləndirilən şəxs milliyyətcə rus olduğundan Azərbaycan dilini tam anlaya bilmir. Təqsirləndirilən şəxs tutulan zaman tərçüməçi ilə təmin edilməmiş, tutulan zaman müdafiəçinin köməyindən istifadə edə bilməmiş, tutularkən polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilmiş, qeyri-insani - insan ləyaqətini alçaldan hərəkətlər edilmiş, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən inzibati binanın 2-ci mərtəbəsində döyülmüş, işgəncələrə məruz qalmış və törətmədiyi cinayət əməlini zorla etiraf etmək məcburiyyətində qalmışdır. Vəsatətini əsaslandıran müdafiəçi qeyd emişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan dilini tam şəkildə anlaya bilmir, milliyyətcə rusdur. Polis əməkdaşlarının təzyiqi nəticəsində və öncədən hazırlanmış plan üzrə Təqsirləndirilən şəxs Azərbaycan dilində «dərs» keçdikdən sonra üzərinə axtarış keçrilməsi ilə bağlı çəkiliş olunmuş, çəkilişdən də göründüyü kimi o, sulları tam anlamır, cavab olaraq “bəli” və “xeyr” cavabları verməklə kifayətlənir. Cinayət işi materialları ilə tanış olan zaman məlum olmuşdur ki, guya ilkin olaraq Təqsirləndirilən şəxs ifadə alan zaman tərcüməçi iştirak etmişdir. Halbuki, tərcüməçinin adı sənədləşmələrdə keçir, sonrakı prosessual hərəkətlərdə isə tərcüməçinin iştirakı təmin edilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmə tərəfindən tərcüməçinin iştirakı təmin edilmişdir. Hüquqlarını müdafiə edən vəkil kimi o, işə qoşulduqdan sonra da tərcüməçinin iştirakının təmin edilməsini xahiş etsə də nəzərə alınmamış, vəkil olaraq öz imkanları daxilində ittihamın mahiyyətini Təqsirləndirilən şəxs izah etmişdir. Hətta məhkəmə elektron kabinetə əlavə edilən zaman ittiham aktı ilə tanış olarkən məlum olur ki, müstəntiq guya ittiham aktının surətini rus dilində tərcümə edərək Təqsirləndirilən şəxs təqdim etmişdir. Halbuki, ittiham aktının rus dilində surəti təqsirləndirilən şəxsə təqdim edilməmişdir. Əgər istintaq ittiham aktını rus dilində tərtib edilməsi zərurətini bilirdisə, istintaq hərəkətləri zamanı tərcüməçinin iştirakı da təmin edilməli idi. Təqsirləndirilən şəxs tutularkən Polis İdarəsinin inzibati binasının 2-ci mərtəbəsində olan otaqlardan birində döyülmüşdür. Bunu müdafiə tərəfinin sorğu əsasında X5 və Bakı İstintaq Təcridxanasından aldığı cavabdan və eləcə də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi zamanı çəkilmiş videogörüntüdən də görmək mümkündür. Maksim döyüldüyü üçün 2 ay qabırğası üstündə yata bilməmişdir. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişdən də görünür ki, Maksimin sol gözünün altı qızarmış və şişlər vardır, eləcə də əynində olan jiletin boğaz hissəsi cırılmışdır. Sağ əlinin 5-ci barmağında qanın axması görüntüyə düşmüşdür (çəklişdə 00:30:27-ci saniyə). Çoxsaylı şikayətlərdən sonra Nəsimi rayon Prokurorluğunun müstəntiqi Mətləb Məmmədzadə araşdırma aparmış, araşdırma nəticəsində xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında əsassız qərar qəbul etmişdir. Qərarda xəsarəti yüngül formada göstərmişlər ki, guya “Material üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 876 №-li rəyində göstərilmişdir ki, Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində xx.xx.2023-cü il tarixində müayinədən keçərkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “sol dirsəkdə, sol körpücük sümüyü üstündə və sağ əlin 4 və 5-ci barmağının üstündə qartmaqlı yara”, Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən təcridxanada baxış keçirilməsindən (xx.xx.2023) təxminən 2-3 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən “dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilər”. Maraqlıdır ki, istintaq yolu ilə niyə araşdırılmadı?! Məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Mətləb Məmmədzadənin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı mübahisələndirilmiş və məhkəmə tərəfindən şikayət təmin edilərək qeyd olunan qərar ləğv edilmişdir. Hazırda döyülmə faktı təkrar olaraq prokurorluqda araşdırılacaqdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, qabaqcadan polis əməkdaşları Maksimi döyüb videoçəklişə hazırlamış, orada nə deyəcəyini bildirmişlər. Maksimi tam hazır vəziyyətə gətirdikdən sonra, yəni 3 saat sonra sellofan paketi əlinə verərək saat 00:18-də çəkilişə başlamışlar. Halbuki sənədləşmədə saat 23:45 kimi göstərilib. Şəxsi axtarış zamanı müdafiəçi olmamış, tutulan zaman guya müdafiəçi gəlmiş, amma Maksim onun iştirak etməsini istəməmiş və müdafiəçi isə artıq getmişdir. Müdafiəçinin orada olubolmamasının müəyyən edilməsi üçün anten məlumatlarının yoxlanılması ilə bağlı vəsatətləri nəinki təmin edilməmiş, ümumiyyətlə həmin vəsatətləri müstəntiq tərəfindən cinayət işinə əlavə edilməmişdir. Maksim tutulan blokun qarşısında təhlükəsizlik kameraları vardır. Müdafiə tərəfi olaraq araşdırıb həmin kameraların şəkillərini istintaq orqanına təqdim edib görüntünün götürülməsini xahiş etsələr də bu edilməmişdir. Narkotik vasitənin olduğu sellofan paketi Maksimi tutub idarəyə gətirdikdən sonra mülki geyimli polis əməkdaşı olan şəxs otağa girərək stolun üstünə qoymuşdur. Sonradan məlum olmuşdur ki, narkotik vasitəni stolun üstünə qoyan həmin polis əməkdaşı əməliyyat qrupunun üzvləri sırasında olsa da heç bir sənədləşmədə iştirak etməmişdir. Halbuki, Maksim əməliyyatçılarla üzləşdirilən zaman onların 3 yox, əslində 4 nəfər olduqlarını bildirmişdir. Müdafiəçi vəsatətində qeyd olunan tarixdə Təqsirləndirilən şəxs uşaqlıqdan bir məhəllədə böyüdüyü Şahid4 əslində əvvəllər də olduğu kimi telefonla zəng edib 30 manatlıq bir dəfə çəkmək üçün heroin istəməsi, sonuncunun avtomobili ilə hərəkət etmələri, Nəsimi rayonu ərazisində Samirin Maksimə narkotik vasitəni gətirən adamın onu görməməsi üçün maşından düşüb kənarlaşaraq gözləmək məqsədi ilə göstərdiyi bloka girməsini tapşırması, bloka girən kimi bir neçə mülki geyimli tanımadığı şəxslərin yuxarı mərtəbədən iri addımlarla düşərək Maksimi tutaraq yaxınlıqda olan maşına mindirib idarəyə aparmaları, bu zaman Şahid4 polis işçiləri ilə sağollaşaraq özünün idarə etdiyi avtomobili sürətlə idarə edib həmin ərazidən uzaqlaşması, Maksimin daha sonra polis işçilərindən Samirə zəng etmələrini və Samiri də Polis İdarəsinə gətirmələrini deməsi, amma bunun edilməməsi, adının sonradan təxminən Ruslan olduğu bildirilən mülkü geyimli şəxsin içəri girərək əlində olan sellofan paketi stolun üstünə qoyaraq Maksimə “bu sənindir, sənin əlində olub, götürüb qaçmısan” deməsini, döyülüb işgəncələrə məruz qalması, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyini vəd etməklə müxtəlif sənədlərə imza etdirilməsi, çəkliş zamanı qan damcısı olan əlini gizlətməyinin işarə edilməsi və sair halları ətraflı şərh etmiş, Təqsirləndirilən şəxs sol gözünün altının qızarmasını və şişkinliyini, sağ əlinin 5-ci barmağından qanın axmasını, əynində olmuş jiletin boğaz hissəsinin cırılmasını əks etdirən fotoşəkilləri, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman üzərindəki xəsarətlərə dair vəkil sorğusunun cavabını, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlma Yerinə daxil olan zaman üzərindəki xəsarətlərə dair vəkil sorğusunun cavabını, Təqsirləndirilən şəxs tutulan zaman müdafiəçinin Polis İdarəsində olub-olmamasının müəyyən edilməsi üçün anten məlumatlarının yoxlanılmasına dair vəsatətin göndərilməsinə dair qəbzin surətini, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Mətləb Məmmədzadə tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını da məhkəməyə təqdim etmişdir. Müdafiəçi həm də məhkəmənin hazırlıq iclasında qeyd etdi ki, onun iştirakı ilə müstəntiq tərəfindən keçirilmiş istintaq hərəkətlərinin heç birində tərcüməçi iştirak etməmiş, həmin istintaq hərəkəti protokollarına müdafiə etdiyi şəxsin mənafeyinə uyğun tərtib edilməsinə nail olaraq məzmununu şəxsən özü Təqsirləndirilən şəxs izah etməklə imzalatdırmışdır. Bu istintaq hərəkəti protokollarında tərcüməçinin adı formal qeyd olunmuş, imzası isə sonradan – müdafiə tərəfinə məlum olmayan vaxtda və şəraitdə imzalatdırılmışdır. Bütün qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında vəsatətdə göstərilən halları təsdiq edərək Bakı şəhərində doğulub böyüdüyü üçün Azərbaycan dilində müəyyən qədər danışa və yaza bilməsinə baxmayaraq cinayət təqibi ilə bağlı yazışmalardakı hüquqi məzmun daşıyan yazıları və danışıqları başa düşmədiyini, tərcüməçiyə ehtiyacı olduğu halda saxlandığı andan bu hüququnun təmin edilmədiyini, müdafiəçi ilə real təmin olunmadığını, müdafiəçini yalnız məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən gördüyünü, istinad edilən külli miqdarda narkotik vasitəyə heç bir aidiyyətinin olmadığını, həmişə şəxsi istehlakı üçün narkotik vasitə aldığı Şahid4 polis əməkdaşları ilə qurduqları tələyə salınıb əsassız yerə saxlandığını, işgəncələrə məruz qalaraq şəxsi axtarış zamanı kamera qarşısında polis əməkdaşlarının tapşırdıqları qaydada davrandığını və işgəncələr nəticəsində, həm də aldadılaraq müdafiəçi olmadan məzmununu bilmədiyi sənədlərə imza etdirildiyini bildirdi. Məhkəmə, müdafiəçinin vəsatətində göstərdiyi dəlilləri və cinayət işinin materiallarını təhlil edərək bu nəticəyə gəlir ki, müdafiəçinin vəsatəti əsaslıdır və həmin vəsatət təmin olunmalı, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən - təqsirləndirilən şəxsin müdafiə hüququnun və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması müəyyən olunduğundan cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdr. Məhkəmə həmin kobud pozuntulara yol verilməsi hallarını şərh edərək qeyd edir ki, ibtidai araşdırma mərhələsində tərcüməçi ilə təmin olunmayan Təqsirləndirilən şəxs adından Azərbaycan dilində tərcüməçinin köməyindən imtina etməsi, habelə müdafiəçi ilə təmin olunmasını istəməsi barədə ərizələr şəxsin özü tərəfindən əlyazma ilə deyil, kompüterdə tərtib olunaraq imzaladılmışdır (cild 1, iş vərəqə 9, 14). Həmin ərizələrdə, nə də sonradan tərtib olunmuş protokollarda – müdafiəçi seçmək hüququnun izah edilməsi, müdafiəçi təqdim edilməsi, şübhəli şəxsin tutulması haqqında protokollarda, şübhəli şəxsin tutulması haqqında qərarda, habelə digər sənədlərin heç birində əlyazma ilə münasibət bildirilməsi üçün ayrılmış hissələrin heç birində şübhəli şəxs tərəfindən hər hansı qeyd icra edilməmiş, yalnız qeyrisi – təhqiqatçı Saleh Salahzadə tərəfindən əlyazma ilə «heç bir etiraz və vəsatət yoxdur» və sair məzmunlu qeydlər aparılmışdır (cild 1, iş vərəqə 13, 19, 21, 23, 30, 31, 35, 37, 39-40, 50, 61). Şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən saat 22:45 dəqiqədə tutulmuşdur, tutma və protokolun tərtib edilməsi isə saat 22:45-dən saat 23:00-dək davam etmişdir. Protokola əsasən onu imzalamış vəkil X4 tutma zamanı iştirak etmiş və imzalamışdır. Bundan sonra qeyd olunan vəkilin adından kompüterdə ərizə tərtib olunmuş və həmin ərizədə vəkilin adından göstərilmişdir ki, «…hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış istintaq hərəkəti zamanı üzürlü səbəbdən iştirak edə bilməyəcəyəm» (cild 1, iş vərəqə 41). Şəxsi axtarış isə xx.xx.2023-cü il tarixdə saat 23:45 dəqiqədə başlamış və xx.xx.2023-cü il tarixdə saat 00:25-də bitmişdir. Belə olan halda şəxsi axtarışın tutulmadan kifayət qədər gec müddətdə – 45 dəqiqə sonra aparılması, gecə saat 23:00 dəqiqədə şəxsin tutulmasında iştirak etmiş vəkilin şübhəli şəxsin məhz müdafiəçiyə ən çox ehtiyac duyduğu mübahisəsiz olan şəxsi axtarışın keçirilməsində hansı «üzürlü səbəbdən» iştirak etməməsi kifayət qədər anlaşılmazdır və bu mənzərənin müdafiə tərəfinin gətirdiyi dəlillərlə müqayisəsi fərqli mənzərə yaradır. Şəxsi axtarış zamanı təhqiqatçı sual verərək şübhəli şəxsdən orta məktəbi Azərbaycan dilində bitirməsi ilə bağlı cavab alır və milliyyətcə rus olduğunu da dəqiqləşdirərək tərcüməçinin iştirakına ehtiyac olmadığı qənaətinə gəlir. Amma müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş, Bakı şəhəri Suraxanı rayonu 279 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ildə 279 saylı tam orta məktəbi rus bölməsində bitirmişdir. Həm də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 99.2-ci maddəsinə əsasən tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər. Şəxsi axtarışla bağlı tərtib olunmuş protokolla ona əlavə edilmiş videoçəkiliş arasında da aşkar fərqlər mövcuddur. Yazılı protokolda Təqsirləndirilən şəxs «CPM-nin 90cı maddəsində nəzərdə tutulan yazılı bildiriş ətraflı olaraq elan edildi və həmin vaxt şübhəli şəxs bu barədə heç bir etirazının olmadığını, hüquq və vəzifələrinin ona tam aydın olduğunu qeyd etdi» yazılsa da, çəkilişdə bu hal mövcud deyildir. Təhqiqatçı tərəfindən yalnız baxışda iştirak etməyən müdafiəçi ilə görüş zamanı hüquqlarının izah olunduğu və bu barədə bildirişi də imzaladığı xatırladılır. Videoçəkiliş zamanı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni ümumi şəkildə Nəsimi rayonu ərazisindən götürdüyünü bildirsə də protokolda onun adından tam dəqiq vaxt və ünvan təsvir edilməklə «xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində ünvan 3 ünvanın qarşısından» götürdüyünü bildirdiyi yazılmışdır. Yazılı protokolda şəxsi axtarışın 40 dəqiqə davam etdiyi göstərilsə də faktiki çəkiliş 13 dəqiqə 52 saniyədən ibarətdir. Məhkəmə onu da qeyd edir ki, şəxsə qarşı işgəncə verilməsi faktına dair material üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ləğv edilməsi və araşdırmanın davam etdirilməsi barədə qərar qəbul edildiyi, həmin araşdırmanın nəticəsinin hazırda mövcud olmadığı bir halda həm də şəxsə istinad edilən əməlin törədildiyinin təsdiqi kimi təqdim edilən sübutların sübut kimi qəbul edilməsi məsələsi artıq fərqli mənzərə yaradır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən sübutlar insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda onların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Təqsirləndirilən şəxs barəsində müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə-narkoloji ekspertizası təyin edilmiş (cild 1, iş vərəqə 100), xx.xx.2023-cü il tarixdə müvafiq rəy verilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 141). Təqsirləndirilən şəxslə əlbir olub cinayət törətməkdə təqsirləndirilən Şahid4 xx.xx.2023-cü il tarixdə tutulmuş və müvafiq istintaq hərəkətləri keçirilmişdir. Amma xx.xx.2023-cü il tarixdə müstəntiq tərəfindən faktiki heç bir əsaslandırma aparılmadan Şahid4 barəsində cinayət işini ayrı icraata ayırmışdır (cild 1, iş vərəqə 238). Müstəntiqin ayırma ilə bağlı əsaslandırılması yalnız ondan ibarətdir ki, Şahid4 barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyi hələ alınmamışdır, həmçinin istintaqın hazırkı mərhələsində Şahid4 istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan danışıqlar əldə olunmaqla həmin məlumatlara baxış keçirilməlidir. Məhkəmə qeyd edir ki, göstərilən dəlillər tam əsassızdır, faktiki iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmalı olması prinsipinə ziddir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm də Şahid4 külli miqdarda narkotik vasitənin onlara məxsus olmasını kateqorik olaraq inkar edir. Təqsirləndirilən şəxs yuxarıda şərh olunanlara əsasən şübhə altına alınan ilkin izahatı və ifadəsi də nəzərə alınmazsa şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı mövcud vəziyyətdə sübutların kifayətliliyi məsələsinin müzakirəsi əsassız mövqedir. Əgər Şahid4 istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan danışıqlarla bağlı əldə olunacaq məlumatlarda sübut əhəmiyyətli dəlillər müəyyən ediləcəksə, bu həm də eyni əsaslarla Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın təsdiqi və ya təkzibi üçün nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxs münasibətdə məhkəmə-narkoloji ekspertizasının rəyi ekspertiza təyin olunduğı tarixdən 1 ay 7 gün sonra verilmişdisə, Şahid4 tutulduqdan cəmi 22 gün sonra sonuncunun barəsində cinayət işinin “tələsik” ayrı icraata ayrılması əsassız mövqe kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. Müstəntiqin qəbul etdiyi qərar isə konkret halda bu maddənin tələblərinə ziddir. Artıq barələrində həbs qətimkan tədbiri seçilmiş, hər ikisinə eyni sübutlar əsasında eyni məzmunlu ittiham verilmiş və onlara istinad edilən cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs və Şahid4 barəsində cinayət işlərinin ayrı-ayrı icraatlara ayrılması bu vəziyyətdə tam əsassızdır və cinayət-prosessual qanunvericiliyin bu hissədə müəyyənləşdirdiyi prinsiplərə ziddir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 211.2-ci maddəsində cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması üçün zəruri olan şərtləri müəyyənləşdirmişdir. Bunlar aşağıdakılardır: «211.2.1. təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə; 211.2.2. ilkin cinayət işi üzrə icraat araşdırılan bəzi cinayətlərə aid olan hissədə dayandırılmalı olduqda; 211.2.3. ilkin cinayət işi üzrə icraat bir təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olduqda və digər təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olmadıqda; 211.2.4. digər şəxslərlə yanaşı ilkin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yetkinlik yaşına çatmayanlar cəlb edildikdə (icraatın ayrılması mümkündürsə); 211.2.5. qapalı məhkəmə baxışı üçün əsaslar bir təqsirləndirilən şəxsə aid olduqda, digərlərinə aid olmadıqda; 211.2.6. cinayət işinin həcminin həddən artıq böyüklüyü işdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətdikdə, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda.» Göründüyü kimi, sadalanan şərtlərin heç biri mövcud olmadığı halda belə bir qərar qəbul edilmişdir. Həm də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 211.3-cü maddəsinin birbaşa tələbinə görə «Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz». Yəni, əslində şərtlərdən hansısa birinin mövcud olacağı halda belə cinayət işi üzrə yaranmış mövcud sübutetmə mənzərəsinə və işin digər xüsusi diqqətəlayiq hallarına görə cinayət işinin ayrılması yolverilməz idi. Cinayət işinin bütün materialların məcmusunu nəzərdən keçirməklə, məhkəmə, təqsirləndirilən şəxsin müdafiə hüququnun və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması faktını hazırkı vəziyyətdə mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinin birbaşa tələbinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunan kobud prosessual pozuntularla yanaşı, işdə olan ilkin mərhələdə yol verilmiş digər çoxsaylı prosessual və digər pozuntuları, habelə hazırkı cinayət işinin başlanmasına səbəb olmuş əməliyyat-axtarış fəaliyyəti zamanı yol verilmiş aşkar çatışmazlıqları da diqqətə çatdırmağı zəruri hesab edir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27 oktyabr 2000-ci il tarixli, 2130 nömrəli dövlət qeydiyyatına alınmış “İstintaq hərəkətləri protokollarının qeydi Qaydası”na əsasən istintaq hərəkətləri protokolları xüsusi olaraq hazırlanmış “İstintaq hərəkətləri protokollarının qeydi kitabı”nda, istintaq hərəkətlərini aparan əməkdaşlar tərəfindən qeydə alınır. Kitabda protokolun nömrəsi, məzmunu, tərtibi tarixi, istintaq hərəkətinin aparıldığı yer, vərəqələrin sayı, qeydə alınma tarixi və qeyd rekvizitləri öz əksini tapmalıdır. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq qeydə alınmalıdır. Qeyd kitabının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun aparılmasına nəzarəti hüquq mühafizə orqanının rəhbəri və ya onun göstərişi əsasında əməkdaşlardan biri həyata keçirir. İşin təşkilinə görə məsuliyyət bu şəxslərin üzərinə düşür. Lakin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi polis mayoru X6 və Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X2 tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan tələbləri aşkar şəkildə pozulmuşdur. Ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunmalı olan prosessual qərarlar adi vərəqlərdə tərtib olunmuşdur. Bir çox hallarda isə protokolların qeydiyyatı məsələsi ciddi hesabat sənədləri olan xüsusi formalı, nömrələnmiş blanklarla qarışdırılmışdır. Bəzi protokollara isə həm qeydiyyat nömrəsi yazılmış, həm də proessual qərarda mövcud ola biləcək nömrələr xüsusi ştampla həkk edilmişdir. Çoxsaylı protokollar və digərləri ümumiyyətlə qeydiyyata alınmamışdır (cild 1, iş vərəqə 6,13, 15, 18, 20-23, 30-31, 35, 37-40, 43, 49-50, 59-61, 63-64, 82-83, 100, 116 və sair). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 134.4-cü maddəsinə əsasən qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. Məhkəmənin hazırlıq iclasında Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə yazılı vəsatətlə müraciət etmişdir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək bu nəticəyə gəlir mövcud vəziyyətdə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətin təmin edilməli olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq mərhələsində həbs qətimkan tədbiri seçilmiş, sonradan həbsdə saxlama müddəti bir neçə dəfə uzadılmışdır. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti 16 oktyabr 2023-cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi polis mayoru X6 və Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.1-ci, 303.3.2-ci, 303.4-cü, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :
1. Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin olunmasın.
2. Müdafiəçi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 16 oktyabr 2023cü il tarixədək uzadılsın.
4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi polis mayoru X6 və Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X2 haqqında xüsusi qərar çıxarılsın.
5. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).