Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1887/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı işağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satışının həyata keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Babək adlı şəxsin və qeyrilərinin külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, Babək adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda 4010 qram çəkidə narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 3 Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən sağ əlindəki bir ədəd polietilen bağlamada olan 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1005 qram, 1005 qram və 995 qram olmaqla ümumilikdə 4010 qram (4kq 10 qr) çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə satışı ilə məşğul deyildir, lakin narkotik vasitə istifadəçisidir. O, sosial şəbəkədən tanıdığı Babək adlı şəxslə narkotik vasitə almaq üçün əlaqə saxlamışdır. Sonuncu dəfə narkotik vasitə almasından əvvəl o, Babəklə mübahisə etmiş, Babəkə 4-5 qram narkotik vasitə üçün onlayn olaraq 140 manat pul göndərmişdir. Babək ona narkotik vasitəni qoyduğu ünvanı göndərmişdir. Narkotik vasitə Badamdar qəsəbəsində olmuş və Babək ünvanı ona “Whatsapp” mobil tətbiqi vasitəsilə və narkotik vasitəni qoyduğu yerin şəklini göndərməklə bildirmişdir. O, narkotik vasitəni götürmək üçün həmin ünvana dostu ilə birlikdə getmişdir. O, taksidə əyləşmiş, dostu isə narkotik vasitəni götürmək üçün taksidən enmişdir. Dostu narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşları onları saxlamış və idarəyə aparmışlar. Daha sonra axtarış protokolu tərtib edilmiş və o, məcbur olub protokola imza etmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Babəklə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. O, saxlanılana qədər Babəkdən 2-3 dəfə narkotik vasitə almışdır. Aldığı narkotik vasitənin müqabilində 100-150 manat pul ödəmişdir. O, saxlanılan zaman taksidə olmuş, taksidə ondan əlavə sürücü olmuşdur. Sürücü ilə onun arasında narkotik barədə söhbət olmamışdır. Yanında olan dostu cavan olduğuna görə o, narkotik vasitəni götürmək üçün taksidən enmişdir. O, taksidə oturan zaman polis əməkdaşları taksiyə yaxınlaşıb onu saxlamışlar. O, Babəki təhqir etdiyinə görə onun vasitəsilə saxlanıldığını düşünür. Polis əməkdaşları onunla birlikdə saxlanılan şəxsləri buraxsınlar deyə o, 4 kiloqram narkotik vasitənin ona aid olduğunu qəbul etmişdir. X9 Respublikasında yaşayır. Narkotik vasitənin Azərbaycan Respublikasına necə gətirildiyini bilmir. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Azərbaycan Respublikasının sərhədlərindən hər hansısa narkotik vasitə keçirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 avqust 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs əlində sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkillə təmin edilmiş, bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra saxlanılan şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın cibindən 1 ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra aşkar olunmuş heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş və çəkisi 4 kiloqram olmuşdur. Ardınca həmin kütlələr qablaşdırılıb imzalanmaqla götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon və plastik bank kartı götürülmüş, 10 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şübhəli şəxs sorğu zamanı aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri Babək adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul almalı, həmin pulları plastik bank kartına köçürülməli olduğunu, həmçinin narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Cəmiyyət oğlu eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli 008-7333-1221 nömrəli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, həmin evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, həmin evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərak Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 24 avqust 2021-ci il tarixdə, saat 22:30 dəqiqədə ünvan 9 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq X5 İdarəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 24 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 111-112 ). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 31 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, həmin gün saat 23:40-da videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 1 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 (bir) ədəd bağlamada, qəhvəyi rəngli, narkotik vasitə, heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindan 10 (on) AZN pul, **********618547 nömrəli plastik bank kartı və 1 (bir) ədəd "İphone" markalı mobil telefon aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 4 kq 94 qram (dörd kq doxsan dörd qram) müəyyən olunmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və plastik bank kartı götürülmüş, 10 (on) AZN pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri Babək adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, həmin pulların üzərindən aşkar olunan plastik bank kartına köçürüldüyünü, heroin maddəsindən istifadə etdiyini, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş “SONY” markalı videokamera vasitəsi ilə aparılmışdır (cild 1, iş vərəqi 30-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspetizasının 25 avqust 2021-ci il tarixli 6/3682 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı və imzalar olan paketdəki bir ədəd polietilen bağlamada olan 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1005 qram, 1005 qram, 1005 qram və 995 qram, ümumi təmiz çəkisi 4010 qram (4 kq 10 qram) qəhvəyi rəngli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlmətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 39-44). İşdə olan maddi sübut hesab edilməsi haqqında 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 4009,8 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 96-97). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 02.09.2021-ci il tarixli № 7384 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 102). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 09.09.2021-ci il tarixli № 19/51-9963 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 104). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd "İphone" markalı mobil telefon aparatına baxış keçirilən zaman telefonun yaddaşının "Kontaktı" bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (914) 627-33-25 nömrəsinin "Peyman" adı altında, +98 (914) 070-71-20 nömrəsinin "Aga Babak" adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Mobil telefonun “WhatsApp” proqramında yuxarıda göstərilən nömrələrlə 18.08.2021-ci il tarixdən 24.08.2021-ci il tarixədək olan müddət ərzində 36 telefon danışığı aşkar edilmişdir. Bundan başqa mobil telefon cihazında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 115). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən daxil olmuş diskdəki məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** sayli mobil telefon nömrəsini istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ya sms mətn yazışmaşı aşkar edilməmişdir. Məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (cild 1, iş vərəqi 122-123). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 3750 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticələsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127-128). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə məlumatlara baxış keçirilməsi haqqında 12 oktyabr 2021-ci il protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 12 oktyabr 2021-ci il tarixli 257000/2-5461 saylı məktubla daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, 416973******8547 nömrəli kartın X1 adınadır. X1 adına olan bank hesabına (bank kartlarına) Təqsirləndirilən şəxs tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil və məxaric edildiyi müəyyən edilsə də, məlumatlara baxiş keçirilərkən İran İslam Respublikasından pulun mədaxil edilməsi və cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar olunmamışdır (cild 1, iş vərəqi 130-133). İşdə olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş bir ədəd “Umico” kartı onun istəyi ilə müdafiəçisi X4 təhvil verilmişdir (cild 1, iş vərəqi 133). İşdə olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə apanılmasını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılması qərara alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş özünə məxsus bir ədəd “İphone” markalı mobil telefon cihazı hər hansı sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 134-142). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 113-114). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 143-144). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs İran vətəndaşı olan Babəkə cəmi 4-5 qram narkotik vasitə sifariş verməsi və bunun üçün onlayn olaraq 140 manat pul köçürməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayətlərin məhz onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satışının həyata keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, habelə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 26 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 74-76). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan 4009,8 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə apanılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd “İphone” markalı mobil telefon cihazı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 4009,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs bir ədəd “İphone” markalı mobil telefon cihazı onun yaxın qohumlarından birinə qaytarılsın. - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1887/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1887/2021
30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver