Məhkəmə qərarları › İş №1(101)-1888/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1888/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1888/2025 11.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 16 iyun 2025-ci il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə ünvan 3 ünvanında yerləşən “Ramiz Aboyev” adına istirahət parkının girişində lotereya biletlərinin səyyar satışı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs nisyə qaydada aldığı lotereya biletlərinin pulunu sonuncunun tələb etməsini və ona məxsus mobil telefonu geri qaytarmamasını bəhanə edib ətrafda piyada hərəkət edən şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona bel nahiyəsinin sol yarısının boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol saidin İV, V barmaqların açıcı vətərinin hissəvi kəsilməsi ilə müşayiət olunmuş kəsilmiş yarası və qarının boşluğa nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs həmişə lotereya biletləri, “poz-qazan” oyunu oynamışdır. Sonuncu dəfə o, yenə lotereya almaq istəyəndə zərərçəkmiş şəxs ona ödənməmiş borcunun qaldığını bildirib, zorla onun telefonunu əlindən almışdır. O, Zərərçəkmiş şəxs telefonunu qaytarmasını və lotereyanın pulunu səhəri gün verəcəyini bildirmiş, lakin zərərçəkmiş şəxs onu təhqir etmişdir. O, 20 dəqiqə sonra yenidən zərərçəkmiş şəxsin yanına gəlmiş, yenə ondan telefonunu qaytarmasını xahiş etmiş, zərərçəkmiş şəxs onun sinəsindən yumruq vurmuş, onu təhqir etmiş, o da həmin an sonuncuya xəsarət yetirmiş, sonradan özü polisə təslim olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmiş, hadisədən sonra baş verənlər yadında qalmamış, bıçağı zərərçəkmiş şəxsi qorxutmaq niyyəti ilə almış, zərərçəkmiş şəxslə mübahisəsi təxminən 2 dəqiqə davam etmiş, onunla aralarında heç vaxt belə bir mübahisə olmamış, həmişə zərərçəkmiş şəxsdən nisyə lotereya götürmüşdür. Hadisə günü zərərçəkmiş şəxs də sərxoş vəziyyətdə olmuş, onu itələyib təhqir etdiyi üçün o, özünü alçalmış hiss etmiş, buna görə də zərərçəkmiş şəxsə xəsarətlər yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, səyyar qaydada lotereya satışı ilə məşğul olur. Hadisə günü də öz köşkündə oturub satış həyata keçirən zaman Əbdüləli ona yaxınlaşaraq “poz-qazan” oyunu oynamaq istəmiş, o da Əbdüləlinin əvvəldən borcunun olması ilə bağlı sonuncunun lotereya oynamasına imkan verməmişdir. O, Əbdüləlidən borcunu ödəməsini tələb etdikdə, həmin şəxs telefonunu girov qoyub, pul gətirəcəyini bildirərək getmişdir. Əbdüləli qayıtdıqdan sonra ona pulu gətirdiyini demiş və köşkün qapısını açmasını istəmişdir. O, qapını açdıqdan sonra Əbdüləli ona hücum edərək bıçaqla ona bir neçə dəfə xəsarət yetirmişdir. O, Əbdüləlinin onun ürəyini nişan aldığını anlayıb qolunu sinəsinin qarşısına vermiş, həmin zərbədən onun qolu kəsilmişdir. Təqsirləndirilən şəxs zərbələrini davam etdirmək istəyəndə gənc bir oğlan onun əlini saxlayaraq mane olmuşdur. Hətta o, həmin gəncə uzaq durmasını, Əbdüləlinin onu da bıçaqla vuracağını demişdir. Daha sonra o, yaranmış vəziyyətdən istifadə edib oradan qaçıb kafeyə getmiş, kafedə ona axan qanını saxlamaq üçün salfet gətirmişlər. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, o, əvvəlcə təqsirləndirilən şəxsdən borcu tələb edəndə aralarında mübahisə yaranmamış, həmin vaxt təqsirləndirilən şəxslə görüşəndə onun üzərində bıçaq olubolmadığını bilməmiş, bu zaman yanlarında başqa müştərilər olmuşdur. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirəndə yanında kimlərin olduğunu xatırlamamış, təqsirləndirilən şəxs ona xəsarət yetirməzdən əvvəl aralarında hər hansı bir mübahisə olmamış, o, təqsirləndirilən şəxsi itələməmiş, onu söyməmiş və ya təhqir etməmişdir, zorla ondan telefon almamışdır. Təqsirləndirilən şəxs telefonunu özü ona vermiş, həmin şəxsin əvvəllər də ona borcu olmuş, həmin borcunun qarşılığında dəfələrlə telefonu girov kimi qoymuş və sonra pulu gətirmişdir. Əbdüləlinin əvvəllər də telefonunu ona girov qoymasına məhkəmə iclasında şahid qismində iştirak edən Şahid da təsdiq edə bilər. Hadisə günü o, iş başında olmaqla sərxoş olmamış, lakin təqsirləndirilən şəxs sərxoş olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin əlində aşkar edilmiş xəsarətlər həmin şəxsin ona zərbə vuran zaman əlinin köşkün dəmirlərinə dəyməsi ilə əlaqədar yarandığını ehtimal edir. O, təqsirləndirilən şəxsi vurmamış, onunla hər hansı çəkişməsi olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, həm təqsirləndirilən şəxsi, həm də zərərçəkmiş şəxsi əvvəldən tanımış, onların hər ikisi ilə münasibəti normal olmuşdur. Hadisə günü o, kafedə oturmuş, zərərçəkmiş şəxs yaralı vəziyyətdə özü ona yaxınlaşmış, o da İlkinə kömək etməklə onu xəstəxanaya aparmışdır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən əvvəl həm zərərçəkmiş şəxslə, həm də təqsirləndirilən şəxslə görüşmüş, daha sonra kafeyə getmişdir. O, əvvəllər bir neçə dəfə İlkini lotereya satışında əvəz etmiş, həmin vaxtlarda da Əbdüləli mobil telefonunu girov kimi qoyub nisyə lotereya oynamışdır. İlkinlə Əbdüləlinin münasibətləri əvvəllər yaxşı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilməklə aşkar edilmiş qanabənzər ləkələrdən nümunələr, habelə hadisə yerini qeydə alan videokameraların görüntüləri götürülmüş, habelə hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 7-16) - 16 iyun 2025-ci il tarixli götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü gələndən sonra cinayətin törədilməsində istifadə etdiyi alət kimi təqdim etdiyi bir ədəd bıçaq ondan götürülmüşdür. (cild İ, i/v: 19-21) - Respublika Narkoloji Mərkəzində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 2/338/8 nömrəli Sərxoşluğun bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (cild İ, i/v: 23) - xx.xx.2025-ci il tarixli baxış protokoluna əsasən, hadisə yerindən götürülmüş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, videoyazının əvvəlində kadrın yuxarı sol küncündə “xx-xx-2025 Mon 18:09:32” məzmunlu taymer göstəricisi, aşağı sağ küncdə “Camera 3” qeydi görünür. Çəkiliş videoyazının nümayiş etdirildiyi monitordan aparılmış, videotəsvirlər rəngli formatdadır, kameranın qeydə aldığı ilkin video sabit vəziyyətdə olan kamera ilə bir nöqtədən çəkilmiş, videoyazı səslə müşaiyət olunmur. Videofraqmentin əvvəlində görüntülərdə hadisə yeri olmuş lotereya satışı köşkünün girişinin bayır tərəfinin bir hissəsi, aralıda isə üstüdə “X4 təsərrüfatı” yazısı olan mağazanın giriş hissəsi, sağ tərəfdən çoxmərtəbəli binalara, sol tərəfdən ağaclardan ibarət yaşıllıq, yolun kənarında parklanmış minik avtomobilləri, hərəkətdə olan insanlar müşahidə olunur. İlk saniyələrdən lotereya köşkünün qarşısında dayanmış əynində qara rəngli kostyum, ağ köynək olan kişi cinsli şəxsin, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs köşkdə olan kiminləsə ünsiyyətdə olması müşahidə olunur. Vaxt keçdikcə köşkə yaxınlaşıb kadrda görünməyən satıcı ilə ünsiyyətdə olandan sonra gedən müştərilərin olması, Təqsirləndirilən şəxs isə həmin yerdə qalmaqda davam etməsi, arabir əli ilə dirəkdən tutması, ayaqlarını bir yerdə saxlamayıb hərəkət etdirməsi görünür. Videoyazının 1 dəqiqə 03 saniyəsində köşkdən Təqsirləndirilən şəxs sol tərəfindən yaxınlaşan uzunqollu açıq qəhvəyi rəngli köynəkdə olan kişinin, işin hallarından məlum olduğu kimi Zərərçəkmiş şəxs gövdəsi qismən görünür, hər ikisinin diqqəti bir-biri ilə söhbətdədir. Videoyazının 2 dəqiqə 20 saniyəsində Təqsirləndirilən şəxs aqressiv tərzdə Zərərçəkmiş şəxs itələyib üstünə hücum edir, sağ əli ilə qarın nahiyəsinə qurşaq səviyyəsinə zərbələr vurur, sol əli ilə sinə və boğaz nahiyəsinə vurur və itələyir. Bu zaman yol ilə keçən iki cavan kişi onlara yaxınlaşır, qabaqdakı şəxs müdaxilə edərək Təqsirləndirilən şəxs mane olmağa başlayır, bu məqamdan istifadə edən Zərərçəkmiş şəxs aralanaraq qabağa əyilib qarnını tutmuş vəziyyətdə kameraya qarşı hərəkət edərək videoyazının 2 dəqiqə 35 saniyəsində kadrdan itir. Həmin vaxt bilavasitə dalaşma yerində köşkdən bir neçə addımlıqda dayanmış və keçən şəxslər hadisəni görürlər, Təqsirləndirilən şəxs bir müddət köşkün qarşısında dayanıb Zərərçəkmiş şəxs kadrdan itdiyi istiqamətdə baxır, sonra geri dönərək “X4 təsərrüfatı” mağazası istiqamətində gedir, geriyə dönən zaman sağ əlində tiyəsi aşağı istiqamətdə tutduğu bıçağın tiyəsinin parıltısı aşkar görünür, sonra bıçağı cibinə qoyur, ona yaxınlaşan ağarmış saçları olan kişi ilə əl verib görüşəndən sonra mağazanın sağ tərəfinə gedir və mağazanın bərabərinə çatandan sonra geri qayıdır, videoyazının 3 dəqiqə 19 saniyəsində köşkə yaxınlaşıb piştaxtadan əyilərək qara rəngli mobil telefonu götürüb gedir, bu zaman bir nəfər kişi Zərərçəkmiş şəxs getdiyi istiqamətdən kadra daxil olub köşkə yaxınlaşır və Təqsirləndirilən şəxsla danışır, sonuncu telefon tutduğu əlini qabağa verib danışaraq mağaza və binanın arasından keçməklə ərazidən uzaqlaşır, köşkə yaxınlaşan şəxs aralanıb əvvəlki istiqamətdə kadrdan çıxır, toplaşanlardan bir neçə nəfər onun getdiyi istiqamətə baxır və bəziləri həmin istiqamətdə kadrdan çıxırlar. Taymerin göstəricisi ilə saat 18:14:33-də, videopleyerdə 05 dəqiqənin tamamında videofraqment sona çatır. (cild İ, i/v: 211-212) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin videogörüntülər diskə baxış keçirilməsi haqqında protokolun məzmunu ilə eynilik təşkil edir. - Məhkəmə-tibbi ekspertizasının 08 avqust 2025-ci il tarixli 993 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qarının boşluğa nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin sol yarısının boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol saidin İV, V barmaqların açıcı vətərinin hissəvi kəsilməsi ilə müşaiyət olunmuş kəsilmiş yarası iti kənarlı əşya(alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən iti əşya(alət) ilə yetirilmə nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (cild İ, i/v: 170-173) - Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 28 iyul 2025-ci il tarixli 251/2025- MTKŞ№-li rəyinə əsasən: ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yaxalığında iki ədəd və arxa səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. 2. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild İ, i/v: 187-192) - Məhkəmə-tibbi-bioloji ekspertizasının 15 iyul 2025-ci il tarixli 388/2025-TBŞ№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-AB/İV/. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 04 ədəd çubuqlu pambıq tampon və Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “B” antigenləri alındı. Bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild İ, i/v: 200-204) - Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2333 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs məsuliyyətsizlik, səthilik, eqosentrim kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətmiş olduğu əməli qavramaq, xarakterinin və mahiyyətini adekvat olaraq dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. (cild İ, i/v: 205-209) - DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 147) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdiyi bəzi məsələlərə qiymət verilməsi zərurəti vardır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman zərərçəkmiş şəxsin onun mobil telefonunu zorla ondan aldığını, telefonu geri verməsini tələb etdiyi halda telefonu geri qaytarmadığını, onu sinəsindən itələyib söyüb təhqir etdiyini bildirsə də, yaranmış ziddiyyətlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində 16 iyun 2025-ci ildə nahar yeməyi vaxtı araq içdiyini, həmin gün saat 18 radələrində İlkinin işlədiyi köşkə gedərək lotereya götürüb pozmağa başladığını, həmin günə artıq İlkinə 30 manat lotereya borcunun olduğunu, həmin gün isə 59 manatlıq “poz-qazan” lotereyası götürüb pozmaqla istifadə edəndən sonra uduş olmadığını, borcun artdığını və İlkinin də narahat olduğunu görüb oynamağı dayandırdığını, pulu olmadığına görə İlkinlə lotereyalara görə hesablaşa bilmədiyini, İlkinin bununla bağlı dilxor olduğunu, özünün də buna görə narahat olduğunu, bu səbəbdən istifadə etdiyi “Redmi” markalı qara rəngli telefonu İlkinin yanında qoyub pul axtarmağa getdiyini, pul tapa bilmədiyi üçün qısa müddətdə geri qayıdıb İlkinə pul tapa bilmədiyini, borcunu tezliklə ödəyəcəyini dediyini və telefonunu götürmək istədiyini, lakin İlkinin narazılıq etdiyini, kobud şəkildə pulu yoxdursa oyununu oynamamasını dediyini, İlkinin telefonu qaytarmaq niyyətində olmamasını görüb əsəbləşdiyini və İlkini cəzalandırmaq qərarına gəldiyini, bu məqsədlə adını xatırlamadığı mağazaların birindən qara dəstəkli, orta ölçülü mətbəx bıçağını alıb şalvarının arxa cibinə qoyub yenidən İlkinin yanına gəldiyini, yenidən aralarında qısa mübahisə olduğunu və əlbəyaxa olduqlarını, onun İlkini nalayiq ifadələrlə söydüyünü, İlkin də ona təhqirlə cavab verdiyini, bu vəziyyətdə əsəblərini saxlaya bilməyib İlkinə bir-iki bıçaq zərbəsi atdığını, bıçağın İlkinin qarın nahiyəsinə sağ və sol tərəflərdən dəydiyini, bu zaman yaxından keçənlərdən iki nəfərin yaxınlaşıb onu tutub kənara çəkdiklərini, İlkinin isə bu vəziyyətdən istifadə edib ondan uzaqlaşdığını, onun da əlində olan bıçaqla oradan uzaqlaşdığını, bir az aralanandan sonra qayıdıb köşkdə qalmış telefonunu da götürüb getdiyini, mübahisəni görən şəxslərin İlkinə kömək etdiklərini, onun köməyinə ehtiyac olmadığını, təxminən bir saat sonra Binəqədi RPİ-yə gedib hadisə barədə könüllü olaraq məlumat verdiyini və İlkinə xəsarət yetirmək üçün istifadə etdiyi bıçağı təhvil verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirsə də, ibtidai istintaq zaman ifadə verən zaman ona hər hansı təzyiq göstərilmədiyini, öz əl yazısı ilə ifadəni oxuyub imzaladığını qeyd etdiyini, ifadədə olan imzaların və əl yazısının ona məxsus olduğunu bildirmişdir. Bundan başqa məhkəmə iclasında tədqiq olunan videogörüntülərlə zərərçəkmiş şəxsin onu vurması, sinəsindən tutub itələməsi, habelə şahidin və zərərçəkmiş şəxsin ifadəsi ilə zərərçəkmiş şəxsin ona məxsus mobil telefonu zorla ondan alması ilə bağlı ifadələri öz təsdiqini tapmamış, əksinə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin əvvəllər də olduğu kimi öz təşəbbüsü ilə mobil telefonunu borcu qarşılığında “girov” qoyması, daha sonra borcunu ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs ona narazılıq etməsi ilə əlaqədar əsəbləşib marketdən mətbəx bıçağı alaraq Zərərçəkmiş şəxs yanına qayıtması, aralarında bir qədər söz mübahisəsi olduqdan sonra insanların intensiv hərəkət etdiyi, ətrafda azyaşlı uşaqların olduğu bir yerdə zərərçəkmiş şəxsə bir neçə dəfə bıçaq zərbəsi vuraraq xəsarət yetirməsi, kənar şəxslərin müdaxiləsindən sonra zərbə vurmağı dayandırması, hətta ona müdaxilə edən şəxsə də hücum etməyə cəhd göstərməsi tam təsdiqi tapmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd olunan məzmunda ifadə verməsi, onun xuliqanlıq niyyəti ilə deyil, guya zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında ona xəsarət yetirdiyinə məhkəməni inandırmağa xidmət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nisyə qaydada aldığı lotereya biletlərinin pulunu sonuncunun tələb etməsini və ona məxsus mobil telefonu geri qaytarmamasını bəhanə edib ətrafda piyada hərəkət edən şəxslərin gözləri önündə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi tam sübuta yetmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını, habelə onun İİ tip şəkərli diabet və qaraciyərin sirrozu xəstəliklərindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Həsənov X2 RPİ-yə ərizə ilə müraciət edərək təqsirini könüllü boynuna almışdır. Həmçinin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs qaraciyərin fibrozu, sirrozu, qida borusu varikozu xəstəliyi, İİ tip şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəliliyini, ona qarşı irəli sürülmüş ittihamın ağırlığını, onun kifayət qədər yaş həddinə çatmış yetkin şəxs olmasına baxmayaraq ictimai yerdə, xüsusilə azyaşlı uşaqların olduğu bir yerdə sərxoş vəziyyətdə istinad olunan ağır cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən təqsirləndirilən şəxsin yeni cinayətlər törətməsinin qarşısını almağa nail olmaq olar. Bununla belə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların hər birini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu 16 iyun 2025-ci il tarixdən hesablanmalıdır. (cild İ, i/v 34- 35) Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş ev dustaqlığı qətimkan ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Binəqədi RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üstündə qan ləkəsi olan köynəyi, hadisə yerinə baxış zamanı qan nümunələrinin götürüldüyü 04 ədəd tampon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 418 (dörd yüz on səkkiz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilərək Binəqədi RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üstündə qan ləkəsi olan köynəyi, hadisə yerinə baxış zamanı qan nümunələrinin götürüldüyü 04 ədəd tampon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 418 (dörd yüz on səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Eldar İsmayılov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar