Məhkəmə qərarları › İş №1(101)-189/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-189/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-189/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci ildə Füzuli rayonu, Üçbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Üçbulaq kəndində pasport qeydiyyatında olmaqla, Abşeron rayonu, Fatmayı kəndi ünvanında nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa satış məqsədi olmadan külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 10,876 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə saat 11:25-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkill Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 10,876 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 5,677 qram və 5,199 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 1978-ci ildə Füzuli rayonunda anadan olmuş, əvvəllər polis serjantı işləmiş, 2020-ci ildə təqaüdə çıxmışdır. 2020-ci ildən sonra fərdi olaraq heyvan kəsimi və satışı ilə məşğul olmuşdur. Ailəlidir və 3 övladı var. Qaz və işıq ödənişlərini həyata keçirmək və azyaşlı uşağını məktəbə qoymaq niyyəti ilə 2022-ci ildə 13 dekabr tarixdə öz maşını ilə yola düşərkən qeydiyyat nömrəsi “067” olan “Toyota Prado” markalı avtomobilin onu izlədiyini görmüşdür. Uşağı məktəbə düşürtdükdən sonra evinin yaxınlığında OBA marketdən çörək almış, qaz və işıq ödənişlərini həyata keçirtmişdir. Həmin zaman kəsiyində hündür bir adam ona yaxınlaşaraq adı ilə çağırdıqdan sonra qaşının ortasına yumruqla zərbə endirmişdir. Mağazadan, 5-6 nəfər tərəfindən döyülərək ağ “Tayota Prado” markalı avtomobillə aparılmışdır. Əməkdaşlar özlərini təqdim etməmiş, tutulması səbəbləri barədə ona getdikləri yerdə məlumat veriləcəyi bildirilmişdir. İdarəyə gətirildikdən sonra Müzəffər adlı şəxs onun üz nahiyəsinə vurulmamasını bildirdikdən sonra qolları arxadan bağlı şəkildə A4 vərəqləri olan bağlamalarla onun baş nahiyəsinə zərbələr endirilmişdir. Əvvəllər polis işçisi olduğunu bildirməsinə görə qolları açılmış, Yaşar adlı şəxsin ondan silah təşkil edə bildiyi halda buraxılacağı barədə təklifi ilə razılaşmamışdır. Döyülməsi səbəbindən bir həftə idrarından qan gəlmişdir. Ona narkotik vasitə verilmiş, cibinə qoymalı olduğu və ifadəsində narkotik vasitəni tapdığını deməsi tələb edilmişdir. Narkotik vasitələrlə əlaqəsi olmadığını, siqaret belə çəkmədiyini göstərsə də fiziki təzyiq altında polis əməkdaşların dediklərini təkrarlamış, çəkilişdən sonra onu məhkəməyə aparmışdırlar. Barəsində həbs qətimkan tədbiri seçilərkən üz və baş nahiyəsində olan xəsarətlərlə bağlı hakim tərəfindən verilmiş sualları o, tutulmamışdan əvvəl yıxılması barədə verdiyi ifadə ilə cavablandırmışdır. Təcridxanaya daxil olarkən tibbi müayinə zamanı döyüldüyünü bildirsə də döyülməsi ilə bağlı araşdırma aparılmamış, təcridxanada özünü asmaq istəmişdir. O, qəssab olduğundan tutulan zaman üzərində bıçaq olmamış,bıçaq maşında olmuşdur. O, tutularkən Şahid2 onun boğazından tutmuşdur. Ona əsas Roman adlı əməkdaş fiziki təzyiq göstərmişdir. Onu döyən Roman adlı şəxs olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən görünür ki, təxminən bir il əvvəl tanımadığı şəxsdən marağı olduğu üçün bir ədəd bıçaq alıb üzərində gəzdirmiş, bu barədə heç kimə məlumat verməmiş, həmin bıçağı üzərində gəzdirməkdə kriminal niyyəti olmamış, heç kimə xəsarət yetirməmişdir. Bundan başqa təxminən 30 gündür “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir, həmin maddəni Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. Heroini iyləmək yolu ilə qəbul etmiş, lakin narkotik vasitəyə qarşı asılılıq yaranmaması üçün mütəmadi olaraq istifadə etməməyə çalışmışdır. Təxminən 3-4 gündən bir həmin maddədən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Abşeron rayonu, Fatmayi kəndində nömrəsiz fərdi yaşayış evindən çıxan zaman yolun kənarında 02 ədəd bükümün olduğunu görmüş, həmin bükümlərə baxan zaman onların içərisində narkotik vasitə heroin olmasının şahidi olmuş, həmin maddələri istifadə etmək üçün üzərində saxlamaq qərarına gəldiyindən bükümləri götürmüş, lakin həmin maddələrdən istifadə etməmişdir. Həmin gün narkotik vasitələri götürüb oradan uzaqlaşan zaman onu kənardan kiminsə görəcəyini düşünüb qaçıb oradan uzaqlaşmaq istəmiş və bu vaxt yıxılmışdır. Həmin vaxt bədəninin müxtəlif nahiyyətlərinin və üz nahiyyəsinin əzildiyini hiss etmiş, yaşadığı evə gedib paltarlarını dəyişmiş, həmin vaxt narkotik vasitələri ailə üzvləri görməsin deyə maşına qoymuşdur. Yenidən evdən çıxıb maşına əyləşən zaman narkotik vasitəni heç kim görməsin deyə bir daha cibinə qoymuşdur. Yaşadığı evdən maşına çıxıb bir qədər getdikdən sonra müştəri gözləmək üçün avtomobildən düşmüş, özünə aid olan “Toyota Corolla” markalı, **-HY-*** qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Baş İdarəyə gələ biləcəyini bildirmişdir. Bu zaman orada olan polis əməkdaşlarından biri maşını idarə etmiş, o və başqa bir polis əməkdaşı avtomobilin arxa sərnişin oturacağında əyləşib Baş İdarəyə gəlmişlər. Baş İdarədə onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Əli Qasımovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş, buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, bu zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Birinci səfər tutulduğu və həyəcanlı olduğu üçün üzərində adını “kokain” kimi bilinən narkotik vasitənin və bıçağın olduğunu deyib əynində olan şalvarın sağ yan cibindən bir ədəd bıçağı, şalvarının sol yan cibindən iki ədəd bükümü və avtomobilinin açarını, gödəkçəsinin ciblərindən mobil telefonunu, şəxsiyyət və sürücülük vəsiqələrini və pullarını təqdim etmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz əşya aşkar edilməmiş, bükümlər açılan zaman onların içərisindən narkotik vasitə heroin aşkar olunmuş, həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və mobil telefonu götürülsə də pulu və avtomobilinin açarı özünə geri qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş maddələri tutulmamışdan əvvəl tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunmuş bıçağı isə tanımadığı şəxsdən alıb üzərində gəzdirdiyin və özünə məxsus olan avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da nümayiş etdirilmiş, sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Bundan sonra özünə məxsus olan avtomobilə baxış keçirilməsinə dair ərizə yazmış, sonra videoçəkilişdən istifadə edilməklə avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da nümayiş etdirilmiş, sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. İbtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti Təqsirləndirilən şəxs həmin ifadələrin ona məxsus olmaması, fiziki təzyiq altında imzalamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ona daxil olmuş əməliyyat məlumatında Neyman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri, psixatrop maddələri və soyuq silahı əldə edib gəzdirməsi qeyd olunmuşdur. 13 dekabr 2022-ci il tarixində Şahid3 rəhbərliyi altında 3 nəfərdən ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Bakı şəhəri, Abşeron rayonu, Fatmayi kəndində Neyman adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onun haqqında qanunsuz olaraq narkotik vasitə və soyuq silah əldə edib gəzdirmə barəsində əməliyyat məlumatı olduğunu bildirərək Baş İdarəyə dəvət etmişdirlər. Neyman könüllü sürətdə onlarla birlikdə Baş İdarəyə getmiş, xidməti otaqda videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə təhqiqatçı Neymana könüllü olaraq üzərində nə varsa masanın üzərinə qoymasını təklif etmişdir. O, üzərində olan bir ədəd bıçaq və iki ədəd sellofan bükümdə “kokain” adı ilə bildiyi narkotik vasitəni masanın üzərinə qoymuş, iki ədəd sellofan büküm açıldıqda narkotik vasitə olan “heroin” aşkar olunmuşdur. Neyman özü narkotik vasitənin növünün “kokain” olduğunu bildirmiş, lakin bükümlər açıldıqda narkotik vasitənin “heroin”olduğu bilinmişdir. Neyman narkotik vasitəni tapdığını, bıçağı isə maraq üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə üç nəfər birlikdə yaxınlaşmış, ona qarşı hər-hansı fiziki təzyiq olunmamışdır. Təqsirləndirilən şəxsi idarəyə aparıldıqdan sonra təhqiqatçının otağına apararaq üzərinə baxış keçirilmiş, baxış keçirilərkən üç nəfər yəni, əməliyyatda iştirak edən əməkdaşlar, təhqiqatçı və vəkil olmuş, onlar əməliyyatçı kimi işi bitirdikdən sonra təqsirləndirilən şəxsi təhqiqatçıya təhvil vermişdirlər. Onlar şəxsi Fatmayi kəndində mağazada saxlamışdırlar. Ceyhun İmamaverdiyev maşını idarə etmiş, Şahid1lə Neyman arxa oturacağa əyləşmiş, o da ön hissədə əyləşmişdir. Özlərini təqdim etdikləri zaman Neyman üzündə yara olduğunu, o yıxıldığını, harasa dəydiyini bildirmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün bunlar onun tam dəqiq yadında deyil. Neymanı polis idarəsinə Neymanın öz maşını olan “Toyota Corolla” markalı minik avtomobili ilə aparmışdırlar. Ağ “Prado” markalı minik avtomobili onların xidməti maşın olmuş, Neymanı “Oba” marketin çöl hissəsində saxlamış, onu öz maşını ilə idarəyə aparmışdırlar. Roman adlı şəxs həmin tədbirdə iştirak etməmişdir. Onlardakı əməliyyat məlumatı qanunsuz olaraq narkotik vasitələrin, psixatrop maddələrin və qanunsuz olaraq soyuq silahı gəzdirmə barəsində olmuşdur. Maşını Şahid3 idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərmişdir ki, əməliyyat müvəkkilinə Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuş, o da əməliyyat qrupuna daxil edilmişdir. Onlar Təqsirləndirilən şəxs şəklini görmüş və onu Fatmayı qəsəbəsində saxlayaraq Baş idarəyə dəvət etmişdir. Baş İdarədə təqsirləndirilən şəxsin üzərində baxış keçirmiş və o, üzərində olan əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərindən iki büküm heroinə bənzər narkotik vasitə aşkar edilmişdir. Onlar təqsirləndirilən şəxsi Fatmayı kəndində maşının yanında saxlamış, həmin ərazidə hər hansı bir marketin oldugunu xatırlamır. Onlar Təqsirləndirilən şəxs əməliyyat qrupunun digər üzvləri ilə birlikdə yaxınlaşmışdırlar. Təqsirləndirilən şəxs ilk olaraq hansı əməkdaşın yaxınlaşdığını xatırlamasa da sonuncu onlara qarşı müqavimət göstərməmişdir. Baş İdarədə olan zaman Təqsirləndirilən şəxs vəkil gələnə qədər təhqiqatçının otağında olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman onun üzündə zədənin olub-olmadığını xatırlamır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlaması, eləcə də qanunsuz silah gəzdirməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 13 dekabr 2022-ci il tarixli “qərar (cild 1, iş vərəqə 4-5), Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə Əməliyyat axtarış tədbirlərinin aparılması barədə qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəq 99-100). “Şübhəli şəxsin tutulması haqqında” 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsində, saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixində saat 11:25-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Toyota Corolla” markalı, ** HY *** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə avtomobillə birlikdə müşayiət altında saxlandığı yerdən Baş İdarəyə aparılmışdır (cild 1, iş vərəqə 18). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 dekabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində “kokain” adı ilə tanıdığı narkotik vasitə və bıçaq olduğunu bildirmiş, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bıçağa oxşar dəmir predmeti, şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını və 02 ədəd sellofan bükümü, qara rəngli qolsuz gödəkçəsinin sol iç cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini və 15 manat pulu, gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmiş, 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 1 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 13 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndi ərazisindən yolun kənarından tapdığını, marağı olduğu üçün üzərində saxladığını, bıçağı isə bir-neçə il bundan əvvəl tanımadığı şəxsdən aldığını şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 27-28). Cinayət işi materiallarına əlavə edilmiş 13 dekabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, idarə etdiyi “Tayota Corolla” markalı, **-HY-*** qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə icazə vermişdir (cild 1, iş vərəqə 29). “Baxış və götürmə aparılması haqqında” 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqə 31-32). Məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün №6-lı dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,677 qram və 5,199 qram ümumi təmiz çəkisi 10,876 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatdan sonra heroinin qalıq çəkisi 10,776 qram təşkil etmişdir (cild 1, iş vərəqə 47-51). 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 96). Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə əldə edilmiş 050 -366-16-28 saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrələrinin sahibinin anket məlumatları, həmin telefon nömrəsi vasitəsilə aparılmış danışıqların məzmununu özündə əks etdirən "xxxx" MMC-dən daxil olan CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 127). Məhkəmə ballistik ekspertizasının 22 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, təyinatı üzrə istifadəyə yararlıdır, soyuq silah hesab edilmir, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 131-133). “Sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,776 qram təşkil edən narkotik vasitə heroin sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə, avtomobilə baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefonun və bir ədəd bıçağın ailə üzvlərinə qaytarılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 136-142). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə (köhnə redaksiyada)əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən CD diskdən, həmçinin ibtidai istintaq dövrünün əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl elə həmin tarixdə Abşeron rayonu, Fatmayı kəndi ərazisindən yol kənarından tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını, narkotik vasitəni götürdükdən sonra qaçarkən yıxıldığını bildirməsinə,ibtidai istintaq dövrünün sonlarında isə ona yenidən ittiham elan edilərkən həmin xüsusatı təsdiq etməsinə, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq tətbiq edilməməsini göstərməsinə baxmayaraq məhkəmə iclasında döyülməsi səbəbindən həmin məzmunda ifadələr verməsini, eləcə də videoçəkilişlə qeydə alınması üsulu ilə barəsində şəxsi axtarış istintaqı hərəkəti keçirilməsinə və narkotik vasitə heroin təqdim etməyə razı olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxsin ifadəsinə əsasən məhkəmənin təşəbbüsü ilə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 19 may 2023-cü il tarixli məktubla əldə etdiyi tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən keçirildiyi tibbi müayinə zamanı sol göz altı nahiyədə tünd bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Müvafiq məlumat araşdırılması üçün Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə aparılmış araşdırma üzrə qəbul edilmiş 02 avqust 2023-cü il tarixli Qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Qərar qəbul edilərkən Təqsirləndirilən şəxs tərəfindən tutulduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid1, Şahid2 Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir göstərmədikləri barədə verdikləri izahatları, habelə tibbi müayinə sənədlərində Təqsirləndirilən şəxs sol göz ətarfının qançırının müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi istisna olunmaması barədə ekspertiza rəyi əsas götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxsə barəsində həbs qətimkan tədbiri seçilərkən üzündəki xəsarətlərin hakim tərəfindən araşdırılmaması səbəbləri barədə sualları o, Nərimanov rayon Məhkəməsinin hakiminə üzündəki xəsarəti yıxılarkən aldığı barədə ifadəsi ilə cavablandırdığını söyləmiş, döyülməsi barədə müvafiq dövlət orqanlarına məlumat verməməsini isə “müdafiə taktikası”nın bir hissəsi ilə əlaqədar olmaması ilə izah etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, barəsində ambulator narkoloji ekspertiza keçirilərkən ekspertə arabir düşəndə narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o, özünü elan edilmiş əməldə qismən təqsirli bilmişdir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, 02 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi ” haqqında Qərarla müəyyən edilən halları, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə davranışı əsas götürməklə təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması qənaətinə gələrək, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə baxış və ya axtarış istintaq hərəkətləri həyata keçirilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 16 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, 15 dekabr 2022-ci il tarixli əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da həmin şəxslərin əhatə dairəsi , analoji cinayət əməlləri, onun cinayət əməllərinə şahid olmuş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilməmişdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Üçbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bütün dövrlərdə özünü müsbət ünsiyyətli və nümunəvi vətəndaş kimi aparmışdır (cild 1, iş vərəqə 122). Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 yanvar 2014-cü il təvəllüdlü 1 azyaşlı və 26 aprel 2006-cı il təvəllüdlü , 11 yanvar 2010-cu il təvəllüdlü 2 yetkinlik yaşına çatmayan övladları vardır(cild 1, iş vərəqə 123-125). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində, özünü nümunəvi vətəndaş kimi aparmasını, ailəli olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 105). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olması barəsində olan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 91-95), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 91-95). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 134-135). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,776 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və avtomobilə baxış keçirilməsi videogörüntülərini əks etdirən disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən məhkəmə kimyəvi ekspertizanın aparılması üçün sərf olunan 114 (yüz on dörd) manat və məhkəmə ballistik ekspertizasının keçirilməsi üçün sərf edilmiş 64 (altmış dörd) manat ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 48, 131). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,776 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; -Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış istintaq hərəkətinin videogörüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar