Məhkəmə qərarları › İş №1(101)-1890/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1890/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1890/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 63 A-da qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, bina 68, mənzil 36-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqla müəyyən olunmayan İran İslam Respublikasının vətəndaşları Mikayıl və Musa adlı şəxslərlə qazanc əldə etmək niyyəti ilə narkotik vasitələrin satışı ilə məşğul olmaq barədə qabaqcadan əlbir olub bir qrup halında birləşmiş, Mikayıl və Musa adlı şəxslər narkotik vasitələrin əldə olunması, alıcı tapması, Təqsirləndirilən şəxs isə narkotik vasitənin bir hissəsinin istifadəsi üçün ona çatması müqabilində alıcıların əldə etmələrindən ötrü Mikayıl və Musa adlı şəxslərin tapşırığı ilə Bakı şəhərində müxtəlif yerlərdə gizlətməsi rollarını yerinə yetirilməsi barədə razılaşmış və razılaşmalarına əsasən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə gecə saatlarında Mikayıl adlı şəxsdən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində istintaqla müəyyən olunmayan ünvanda daşın altında gizlədilməsi barədə telefon vasitəsi ilə verdiyi məlumatla əlaqədar öz rolunu yerinə yetirmək üçün həmin ünvana gəlib 1 ədəd şəffaf sellofan kəsiyinə qablaşdırılmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələr”-in İ siyahısına daxil edilmiş narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış küllü miqdarda təmiz çəkisi 4,270 qram olan heroini müştərilərə çatdırmaq, yəni satış məqsədilə həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib göy rəngli “Sobranie” yazısı olan siqaret qutusunun içərisində gizlətmiş və Mikayıl adlı şəxsin narkotik vasitə heroinin qoyulacaq yeri barədə tapşırığını gözləməklə 20 iyul 2022-ci ilədək özündə saxlamış, həmin gün ünvan 2 ünvanına kimi daşımış, saat 20:30-da isə orada Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli “Sobranie” yazısı olan siqaret qutusunun içərisindən 1 ədəd sellofan kəsiyindən olan bükümdə külli miqdarda təmiz çəkisi 4,270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd içərisində narkotik vasitə heroinə məxsus izlər olan dəmir borucuq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 1 il əvvəl bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroini iyləmək yolu ilə qəbul eməyə başlamışdır. Tutulmazdan təxminən 6-7 ay əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı əvvəllər adının “Əli” olduğunu deyən “Mikayıl” adlı şəxslə əlaqə saxlayıb öz istifadəsi üçün təxminən 2 qrama yaxın narkotik vasitə heroin sifariş vermişdir. Bunun müqabilində “Mikayıl” adlı şəxsin göndərdiyi hazırda xatırlamadığı hesab nömrəsinə “Million” ödəmə terminalı vasitəsi ilə 150 manat pul ödəmişdir. Həmin narkotik vasitəni hazırda xatırlamadığı yerdən götürüb istifadə etmişdir. Bir müddət Mikayıl adlı şəxsdən narkotik vasitə aldıqdan sonra Mikayıl ona təklif etmişdir ki, özü üçün narkotik vasitəni götürərkən onun qardaşı Musa üçün də göndərdiyi narkotik vasitəni götürsün və Musaya çatdırmaq üçün onun dediyi yerə qoyub həmin yerin fotoşəkilini çəkib göndərsin. O da Mikayılın dediyi ilə razılaşmış və dediklərini yerinə yetirmişdir. 19 iyul 2002-ci il tarixdə səhər saatlarında Mikayıl onunla əlaqə saxlayıb Saray qəsəbəsinə gedib hazırda ünvanını xatırlamadığı yerdən daşın altından sifariş verdiyi 1 ədəd sellefon bükümə bükülmüş narkotik vasitəni götürməyini demişdir. Mikayılın dediyi yerə gedib 1 bükümdə narkotik vasitə heroini götürüb “Sobranie” siqaret qutusunun içərisinə yerləşdirib əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 20 iyul 2022-ci il tarixdə səhər saatlarında idarə etdiyi “BMW-530” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəllər yaşadığı Sabunçu ərazisində yerləşən evinə getmişdir. Həmin vaxt aldığı 4 qram heroin avtomobilində olmuşdur. Dar küçə ilə avtomobilini idarə edərkən polis əməkdaşlarının avtomobillində olan nasazlıqla əlaqədar dayandıqlarını görmüşdür. Avtomobilini saxlayıb onlardan köməyə ehtiyacları olub-olmadığını soruşmuş və avtomobildən düşmüşdür. Həmin vaxt yanlarında olduğu və ətrafda gizlənmiş polis əməkdaşları cəld üzərinə qaçıb onu tutmuşlar. Daha sonra polis əməkdaşları onu öz xidməti avtomobillərinə əyləşdirməzdən əvvəl üzərində olan ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi “iPhone 13 Pro” markalı mobil telefonunu götürmüşlər. Bundan sonra onu Nərimanov RPİ-nə gətirmişlər. İdarədə olarkən polis əməkdaşları avtomobilindən narkotik vasitə aşkar etdiklərini bildirib onu axşam saat 9-a qədər sorğu sual etmişlər. Axsam saat 9-da artıq üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı avtomobilindən aşkar olunan narkotik vasitə masanın üzərinə qoyulmuşdur. Daha sonra üzərindən aşkar olunan narkotik vasitələri satış məqsədilə əldə etməyini bildirməsi üçün Nərimanov RPİ-də Turqay adlı şəxs tərəfindən fiziki təsirə məruz qalmışdır. Ümumilikdə, mobil telefonu ilə onun tərəfindən narkotik vasitə qoyulan yerin fotoşəkilini 1-2 dəfə göndərmişdir. Həmin fotoşəkillərin hamısı Mikayılın qardaşı Musa üçün narkotik vasitə götürdüyü zaman atılan şəkillər olmuşdur. Narkotik vasitəni Musaya çatdıran zaman ondan və ya Mikayıldan bunun müqabilində pul almamışdır. Musa üçün götürdüyü narkotik vasitə heroin təxminən 5-10 qram olmuşdur. Narkotik vasitələri istifadə etməsindən ailə üzvlərinin xəbəri olmamışdır. Narkotik vasitə alarkən satış məqsədi olmamışdır. Sonuncu dəfə narkotik vasitəni Saray qəsəbəsi ərazisindən götürmüşdür. Mikayılla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Musanı heç vaxt görməmiş, ona narkotik vasitəni əlbəəl çatdırmamışdır. Mikayılı tanımazdan əvvəl narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən almışdır. Musanın sadəcə Mikayılın qardaşı olduğunu bilmiş, anket məlumatlarını bilməmişdir. Mikayılın deməsinə görə, Musa onun qardaşı olmuşdur. Mikayıl Musaya narkotik vasitəni nə üçün onun vasitəsi ilə çatdırmasının səbəbini deməmişdir. Ümumilikdə, 1-2 dəfə Musa üçün narkotik vasitəni deyilən ünvana qoymuşdur. Tutulan zaman üzərində narkotik vasitə olmamış, avtomobilində 4 qram heroin olmuşdur. 4 qram heroini şəxsi istifadəsi üçün avtomobilində saxlamışdır. Üzərində şəxsi axtarış həyata keçirilənədək Nərimanov RPİ-də saxlanılmışdır. Nərimanov rayon məhkəməsində olarkən polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərildiyini bildirməmişdir. Tutulan zaman saat səhər 9-10 radələri olmuşdur. Tutulduğu küçənin adını xatırlamır. Onu 5 nəfər polis əməkdaşı tutmuşdur. Mikayıl onunla İran nömrəsi vasitəsilə əlaqə saxlamış, həmin mobil nömrəsi hazırda xatırlamır. Turqay adlı şəxs yumruqla və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Polis əməkdaşlarının onu dar küçədə məqsədli şəkildə gözlədiklərini düşünür. Ola bilsin ki, dar küçənin sonunda da onu polis əməkdaşları gözləmişlər. Müstəntiq tərəfindən dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını deməyi ehtiyac bilməmişdir. Müstəntiq tərəfindən heç bir fiziki və psixi təsirə məruz qalmamışdır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Polis əməkdaşı Şahid1 tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir olmamış, digər polis əməkdaşı tərəfindən ona tətbiq edilən fiziki təsirlə əlaqədar şikayəti və həmin halların araşdırılmasına ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroini iyləmək yolu ilə qəbul etmişdir. Təxminən 6-7 ay əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı əvəllər adını ona “Əli” kimi təqdim edən “Mikayıl” adlı şəxslə əlaqə saxlayıb istifadəsi üçün təxminən 2 qrama yaxın narkotik vasitə heroin sifariş vermişdir. Bunun müqabilində “Mikayıl” adlı şəxsin göndərdiyi hazırda xatırlamadığı hesab nömrəsinə “Milliön” ödəmə terminalı vasitəsi ilə 150 manat pul ödəmişdir. Həmin narkotik vasitəni hazırda xatırlamadığı yerdən götürüb bir hissəsini istifadə etmiş, bir hissəsini isə müxtəlif şəxslərə satmışdır. Bir müddət Mikayıl adlı şəxsdən narkotik vasitə aldıqdan sonra Mikayıl adlı şəxs ona təklif etmişdir ki, əgər onun və qardaşı Musa adlı şəxsin sifarişlərini müəyyən yerlərdən götürüb başqa bir yerlərə yerləşdirsə, onun narkotik vasitələrə olan təlabatını ödəyəcəkdir. O, narkotik vasitələrə olan təlabatını ödəmək üçün Mikayıl adlı şəxslə razılaşmış və onun yönləndirməsinə əsasən narkotik vasitələri müəyyən yerlərdən biri büküm şəkilində götürüb, tərəzi vasitəsi ilə Mikayılın deməsinə əsasən çəkilərə böldükdən sonra digər yerlərə yerləşdirib fotoşəkillərini Mikayıl adlı şəxsə göndərmişdir. Narkotik vasitələri xırda bükümlərə böldükdə özünün istifadəsi üçün götürmüşdür. 19 iyul 2002ci il tarixdə səhər saatlarında “Mikayıl” adlı şəxs onunla əlaqə saxlamış, Saray qəsəbəsinə gedib hazırda ünvanını xatırlamadığı yerdən daşın altından 1 ədəd sellofon bükümə bükülmüş narkotik vasitəni götürüb üzərində saxlamağı, deyəcəyi yerə yerləşdirməyini demişdir. O da Mikayılın dediyi yerə gedib 1 bükümdə narkotik vasitə heroini götürüb “Sobranie” siqaret qutusunun içərisinə yerləşdirib əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, Mikayılın dediyi təqdirdə həmin narkotik vasitəni yerləşdirib fotoşəkilini ona atsın. 20 iyul 2022-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar idarə etdiyi “BMW-530” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonuna gəlmişdir. Nərimanov adına parkda işləri olduğu üçün avtomobilini 193 saylı orta məktəbin yaxınlığında saxlayıb park istiqamətinə getmişdir. Gedərkən özünə məxsus ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi “İphone 13 Pro” markalı mobil telefonunu avtomobilində qoymuşdur. Nərimanov ərazisində bir qədər gəzişdikdən sonra təxminən saat 20:30 radələrində Nərimanov rayonu Təbriz küçəsi ilə hərəkət edərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Nərimanov RPİ-nə dəvət etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün çox narahat olmuşdur. Daha sonra onu idarənin xidməti otaqlarının birinə aparmışlar. Xidməti otaqda polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş, hüquqlarının qorunması üçün vəkil dəvət etmişlər. Polis əməkdaşları ona üzərində qeyri-qanuni əşya varsa, könüllü təhvil verməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifindən sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Sobranie” siqaret qutusunu və onunun içərisində saxladığı 1 ədəd sellofana bükülmüş bükülünü və narkotik vasitəni istifadə etmək üçün borucuğu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni götürərək zərfə qoymuş və protokol tərtib etmişlər. Polis əməkdaşları zərfi möhürləmiş və zərf imzalarla təsdiq edilmişdir. Üzərinə baxış vəkilin və onun iştirakı ilə videoçəkiliş ilə qeydə alınmışdır (cild 1, iş vərəqə 49-52, 73-76 və 174-179). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə inzibati ərazidə olarkən Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanının qarşısında bir nəfər özünü davranışı ilə şübhəli aparan şəxsi görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs verilən suallara aydın cavab verməyib, yayınmağa çalışdıqda həmin şəxsi Nərimanov RPİ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi ev 63A-da qeydiyyatda olan, faktiki Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, ev 68, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis idarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya varsa, çıxarıb təqdim etsin. Onların təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellefona bükülmüş bükülünü və 1 ədəd narkotik vasitəni istifadə etmək üçün nəzərdə tutulan borucuğu çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli toz halında, spesifik qoxuya malik maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümdə olan kütlə narkotik vasitə olan heroindir və 20 iyul 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Saray qəsəbəsindən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin yönləndirilməsinə əsasən 150 manat pulu “Million” ödəmə terminalı vasitəsi ilə ödəməklə özünün istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və bu haqda protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğuna görə həmin protokola və zərfin üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs axşam saatlarında tutmuşlar. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuş, piyada hərəkət edən zaman tutulmuşdur. Təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitə idarədə şəxsi axtarış həyata keçirilən zaman aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxsla bağlı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman üzərində mobil telefon olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Saxladıqdan sonra Təqsirləndirilən şəxs iş yoldaşına məxsus avtomobillə idarəyə gətirmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, sanki nəsə axtarmışdır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 112-114). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasında təhqiqatçı, polis mayoru Nadir Rza-zadə xidməti otaqda müdafiəçisi X4, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona baş təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPMnin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü və 1 ədəd narkotik vasitəni istifadə etmək üçün nəzərdə tutulan borucuğu təqdim edir və təqdim etdiyi 1 ədəd bükülüdə olan qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroini olmasını bildirir. Təqsirləndirilən şəxs qeyd olunan həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Saray qəsəbəsində “İnstgram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin yönləndirməsinə əsasən 150 manat pul “Million” ödəmə termnalı vasitəsi ilə ödəməklə özü istifadə etməsi üçün əldə etdiyini bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə oxşar kütlə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 93-94). Cinayət işinin materiallarında olan “götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “BMW-530” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı 1 ədəd “İphone 13 Pro” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 57-60). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “İphone 13 Pro” markalı olmaqla ön tərəfi qara, arxa tərəfi açıq göy rənglidir, arxa hissəsində 3 ədəd kamerası, işıq vardır, arxa hissəsində “İphone” markası vardır. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Beləliklə, mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Bundan sonra mobil telefonda olan “WhatsApp” tətbiqetməsinə baxış keçirilmiş, baxış zamanı Mikayıl adlı şəxsin istifadəsində olmuş +**********39 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********79 mobil nömrələri arasında narkotik vasitələrin satışına dair müxtəlif ünvanların fotoşəkillərinin, ünvanların, səsli və yazılı ismarıcların gördərilməsi müəyyən edilmişdir. Digər nömrələr arasında müxtəlif məzmunlu ismarıclar olsa da, istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. Bundan sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxş keçirilən zaman fotoşəkil bölməsində müxtəlif narkotik vasitələrin, həmçinin narkotik vasitələrin yerləşdirildiyi ünvanların fotoşəkilləri müəyyən olunmuşdur. Bundan başqa “WhatsApp” tətbiqetməsinə baxış zamanı Musa adlı şəxsin istifadəsində olmuş +**********69 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********79 mobil nömrələri arasında narkotik vasitələrin satışına dair müxtəlif ünvanların fotoşəkillərinin, ünvanların, səsli və yazılı ismarıcların, gördərilməsi müəyyən edilmişdir. Digər nömrələr arasında müxtəlif məzmunlu ismarıclar olsa da, istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. Bundan sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxş keçirilən zaman fotoşəkil bölməsində müxtəlif fotoşəkillər müəyyən olunmuşdur (cild 1, iş vərəqə 124-140). Cinayət işinin materiallarında olan “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən 1 yanvar 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixə kimi olan müddət ərzində müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılmışdır. Baxış zamanı sms yazışmalarından Təqsirləndirilən şəxs müxtəlif şəxslərin istifadəsində olan nömrələr arasında narkotik vasitələrin satışına dair sms yazışmaları müəyyən olunmuşdur (cild 1, iş vərəqə 144-161). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2022- ci il tarixli 6/3954 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində Azərbaycan Respublikası DİN-in Zərflər üçün № 44” dairəvi möhür əksləri olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim....” sözləri, ad, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdəki 1 bükümdə təmiz çəkisi 4,270 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 1 ədəd dəmir borucuğun içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün maddə nümunəsi ilə müqayisəli tədqiqatı aparılmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 4,270 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 4,220 qram, cild 1, iş vərəqə 34-37). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 13 avqust 2022-ci il tarixli 2165 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 168-169). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 15 sentyabr 2022-ci il tarixli 5249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 170-171). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təhqiqatdan sonra qalıq çəkisi 4,220 qram olan narkotik vasitə heroin və 1 ədəd “İphone 13 Pro” markalı mobil telefon Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 2 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 181-192). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 103). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə tutulmuşdur(cild 1, iş vərəqə 14-15). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 88-92). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,220 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd “İphone 13 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,220 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “İphone 13 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar