Məhkəmə qərarları › İş №1(101)-1899/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1899/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1899/2023 11.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1899/2023 nömrəli cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, ittiham aktının əvvəlində başlanma vaxtı kimi saat 10:00 qeyd edilsə də, giriş hissəsində saat 10:30-da tərtib edilməyə başlandığı yazılmış, ittiham aktının nəticəvi hissəsində isə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirildiyi qeyd olunmuşdur. Bundan başqa, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 536 nömrəli rəyində Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən-döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası, ön divarının daxilə-sol plevra boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının və diafraqmanın sol yarısının deşilmiş-kəsilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə müşayiət edilən bir ədəd daxilə keçən deşilmiş–kəsilmiş yaranın dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər yaraların isə ümumilikdə və ayrı-ayrılıqda yüngül zərər vurmaya aid olduğu yazılsa da, ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda zərərçəkmiş şəxsə yetirilən yüngül dərəcəli bədən xəsarətləri həyat üçün təhlükəli olan xəsarətlər kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsini, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verilməklə tərtib edilmiş ittiham aktı və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda Təqsirləndirilən şəxs kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vuraraq ona bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara; başın sol təpə-gicgah, çənəaltı və sol bud nahiyələrində deşilmiş-kəsilmiş yaralar ilə nəticələnən həyat üçün təhlükəli olan bədən xəsarəti yetirib qəsdən sağlamlığa YÜNGÜL, sonra həmin otaqdan çıxaraq otağın qarşısında üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə qəsdən sonuncunun bədən nahiyələrinə vuraraq ona və döş qəfəsinin sol yarısının ön divarının daxilə-sol plevra boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının və diafraqmanın sol yarısının deşilmişkəsilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə müşayiət olunan AĞİR zərər vurmaya aid xəsarətlər yetirməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Xətai rayon şöbəsinin 02 iyun 2023-cü il tarixli, 536 nömrəli ekspert rəyində başın sol təpə-gicgah, çənəaltı və sol bud nahiyələrində deşilmiş-kəsilmiş yaraların deşici-kəsici alətlə (bıçaqla) yetirilə bilməsi qeyd olunmuşdur. Göründüyü kimi, ittiham aktına və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən təqsirləndirilən şəxsin həmin xəsarətləri yetirmə üsulu iş materialları ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, həm ittiham aktında, həm də təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda təqsirləndirilən şəxsin kəllə ilə zərərçəkmiş şəxsin sifət nahiyəsindən vuraraq daxilə keçən (hansı orqanın?), sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirməsi barədə qeyri-müəyyən ifadələrin işlədilməsi ittihamın mahiyyətinin aydın olmamasına və ya dəqiq müəyyən edilməməsinə, təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə, nəticədə isə onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş, müvafiq ekspert rəyinin nəticə hissəsi ilə ittiham aktında qeyd olunmuş, sözügedən ekspert rəyinin nəticə hissəsi uyğunsuzluq təşkil edir. Belə ki, 02 iyun 2023-cü il tarixli, 536 nömrəli həmin ekspert rəyinin nəticə hissəsində “başın sol təpə-gicgah, çənəaltı və sol bud nahiyələrində deşilmiş- kəsilmiş yaralar”-ın olması göstərilsə də, ittiham aktına əlavə edilmiş həmin ekspert rəyinin nəticə hissəsində qeyd olunan xəsarətlər göstərilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan olunmasına baxmayaraq müstəntiq tərəfindən ittiham aktının giriş hissəsində səhvən şəxsin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsini” qeyd etmişdir. Beləliklə, təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulduğuna və ittiham aktı düzgün tərtib edilmədiyinə görə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 01 (bir) ay müddətinə uzadılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək belə qərara gəlir ki, məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsas vardır. Belə ki, cinayət işinin materialları öyrənilərkən aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması müəyyən edilmişdir. İttiham aktının tərtibi qaydalarına riayət edilmədiyinə, təqsirləndirilən şəxsə verilmiş ittiham aydın olmadığına, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğuna görə Dövlət ittihamçısı və Müdafiəçi vəsatətləri təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Eləcə də, həmin Məcəllənin 223-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Cinayət işi üzrə ittiham aktı təqsirləndirilən şəxsə münasibətdə müvafiq hissələrdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Həmin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Bundan başqa, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verilmiş ittihamın cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onun özünü müdafiə üsul və vasitələri seçə bilməməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməklə, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs müddəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaqın aparılması zərurətininin olduğunu, dövlət ittihamçının vəsatətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 11 oktyabr 2023-cü il tarixədək uzadılmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısı və müdafiəçinin vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 11 oktyabr 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.1, 303.3.1, 303.3.6, 303.4 və 306 və 307-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 11 oktyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar