Məhkəmə qərarları › İş №1(101)-190/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-190/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-190/2020 04.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x1 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs (07 avqust 1999-cu ildə Şamaxı rayonu,Qəleybuğurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Qəleybuğurd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 iyul 2019-ci il tarixdə saat 20:30 radələrində tanışı Zərərçəkmiş şəxs çağırışı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən qəbiristanlığın giriş hissəsinə, həmin günün günorta saatlarında onun Zərərçəkmiş şəxs ayağını tapdalaması səbəbi ilə aralarında bununla bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisəni araşdırması üçün gəlmiş, orada o, Zərərçəkmiş şəxslə söhbət etmək üçün kənara çəkilərkən qəflətən Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə yetirdiyi yumruq zərbəsindən əsəbləşmiş və üzərində gəzdirdiyi cib bıçağını çıxardıb Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən qəsdən bir dəfə vuraraq, sol ağciyərin aşağı payının zədələnməsi, sol plevra boşluğuna qan (250 ml) və havanın toplanması ilə müşayiət olunan, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuq xətti üzrə Vİİ qabırğa arası sahədən daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02 iyul 2019-cu il tarixdə saat 20 radələrində, yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivin dağlıq hissədə yerləşən həyət evindən şıxıb Badamdar qəsəbəsinin mərkəzi istiqamətinə, qəsəbə qəbiristanlığının ərazisindən keçən yolla gedərkən, qəbiristanlığın giriş hissəsinə çatdıqda qarşı-qarşıya bir nəfər əvvəllər tanımadığı, ilk dəfə gördüyü, sonradan adının Rəşad olmasını bildiyi həmyaşıdının gəlib yanından keçib gedərkən, çiyinləri bir-birinə toxunmuş, bu səbəbdən aralarında qısa mübahisə yaranmış, o, əsəbi olduğundan, həmin şəxslə tutaşıb əlbəyaxa olmuş, qarşılıqlı dartışarkən, daimi üstündə, yəni əynindəki şalvarının bel hissəsində gəzdirdiyi, dəstəyi ağ rəngli plasmasdan olan, ümumilikdə tiyəsi ilə birlikdə uzunluğu təxminən 8-10 sm. olan bıçağı çıxarıb bir dəfə Rəşada tərəf atmış, bu hərəkətindən sonra sonuncu heç nə demədən ondan ayrılıb qəbiristanlığın içərisi ilə qəbirlərin arasına tərəf qaçmışdır. O, bıçağın Rəşada dəyib-dəymədiyini bilməmiş, sonuncunun arxasınca getməmiş, yolunu davam etdirib qəsəbənin mərkəzinə düşmüş, oradan da Bakı şəhərinə gəzməyə getmişdir. O, Badamdar qəsəbəsində mindiyi 53 saylı avtobusdan Bakı şəhəri, 20 saylı orta məktəbin yaxınlığında düşmüş, piyada binaların arasından keçib gedərkən yol kənarında zibil qutuları görüb, üstündə gəzdirdiyi bıçağı zibil qutusuna atmışdır. Bıçağı zibil qutusuna atarkən üzərində hər hansı bir qan izi olmamışdır. Sonra o, Bakı şəhərində müxtəlif internet kafe və parklarında gecələyərək gününü keçirmiş, 2019-cu ilin avqust ayının əvvəllərində gəzmək üçün Gürcüstan Respublikasının Tbilisi şəhərinə getməyə 07 avqust 2019-cu il tarixinə təyyarəyə bileti almış, uçuş günü H.x3 gedib qeydiyyatdan keçərkən, kömrük işçiləri tərəfindən saxlanıb polis əməkdaşlarına təhvil verililmişdir. Polisə gətirildikdə ona məlum olmuş ki, Badamdar qəsəbəsinin qəbiristanlığında dalaşdığı zaman Rəşada bıçaq dəymiş və o ağır xəsarət almışdır. O, etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 02 iyul 2019-cu il tarixdə günorta saatlarında idarə etdiyi Vaz-2106 markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən “Ekspress” marketin qarşısında avtomobili saxlayıb marketə gedərkən, Badamdar qəsəbəsində yaşayan sifətdən tanıdığı Şəhruz adlı həmyaşıdı ayağının dabanına basmış, o geri döndükdə sonuncu əlini onun ciyninə üzür istəmək anlamında qoymuşdur. O, yolunu davam etdirərkən, Şəhruz təkrar ikinci dəfə dabanına basmış, bu zaman o, qəsdən basmasını fikirləşib “sözün var nə olub?” deyə soruşmuş, Şəhruz cavabında acıqlı şəkildə “sözüm olsa başıvı tapdalıyaram, ayağıvı yox” sözlərini demişdir. O, Şəhruzdan dediyi sözün mənasını soruşduqda sonuncu “axşam Badamdar qəbiristanlığına gələrsən, orada izah edərəm” demiş və öz mobil nömrəsini ona verdikdən sonra ayrılmışlar. Sonra o, dostu Şamilin işlətdiyi Badamdar qəsəbəsində yerləşən “Korola” çay evinə gəlmiş, orada dostları Cəfər, Şamil və Elcana, Şəhruzla aralarında olan mübahisəni danışaraq qəbiristanlığa söhbətə çağırmasını bildirmişdir. O, dostları ilə Şəhruzla görüşə gedib aralarında olan söhbəti aydınlaşdırmaq qərarına gəlmişdir. Sonra saat 20 radələrində o, Şəhruza zəng edib əvvəlcə Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin həyətinə gəlməsini təklif etmiş, Şəhruz isə razı olmadıqda, Badamdar qəsəbəsində yerləşən qəbiristanlıqda görüşə dostları ilə birlikdə idarə etdiyi Vaz-2106 markalı avtomobillə getmişdir. O, qəbiristanlığın girişində avtomobili saxlayıb düşdükdə, ətrafda heç bir avtomobil və ya kənar adam olmamış, yalnız girişin sol hissəsində, onun avtomobilinin dayandığı yerin əks tərəfində, qəbir daşının yanında Şəhruzun qohumu Yusif, tanışı Fərid və bir nəfər tanımadığı şəxslə dayanmasını görmüşdür. Həmin vaxt saat 20:30 radələri olmuş, hava işıqlı olsa da yavaşyavaş qaralmağa başlamışdır. Avtomobildən o, dostları ilə düşdükdən sonra, Şəhruz ona yaxınlaşıb söhbət etmək üçün kənara apararkən, Cəfər və Şamil kənara getməmələrini, elə orada birlikdə söhbət edib məsələni aydınlaşdırmasını təklif etmişlər. Şəhruz isə “ikimiz söhbət edib məsələni həll edəcəyik” demişdir. O, Şahruzla yan-yana gedib dostlarından təxminən 10-15 metr aralandıqda, sonuncunun əynindəki ağ rəngli, uzun qol köynəyin qol hissəsində nəyinsə gizlətməsini, bu zaman Şəhruzun əlinin ovuc hissəsində bıçağın tiyəsini gizlətməyə çalışmasını görüb, sonuncunun onu kənara aparıb bıçaqla vuracağını başa düşmüş, buna görə qərara gəlmişdir ki, Şəhruzu yumruqla vurub yerə yıxsın və bıçağı əlindən alsın. Bu məqsədlə o, qəflətən sağ əlinin yumruğu ilə Şəhruzun sifətinə zərbə endirmiş, zərbədən sonuncunun səndələdiyini görüb ayağına badalaq vurub yerə yıxmaq istəyərkən, Şəhruz sağ əlində olan bıçaqla onun sol bel nahiyəsinə vurmuş, o, belindən ağrı hiss etmişdir. Şəhruzun ikinci zərbə endirməsindən qorxub, orada aralaşıb qəbiristanlığın içərisinə doğru qəbirlərin arası ilə qaçmış, bir neçə dəqiqədən sonra arxasınca dostları Cəfər və Şamil gəlib aldığı bıçaq yarasının üstünə maykasını sıxaraq, gəldikləri avtomobilə onu qoyub xəstəxanaya aparmışlar. Şəhruz və dostlarının hara getmələrini, nə etmələrini, Şəhruz bıçağı nə etməsini o bilməmişdir. O,qəbiristanlığa Şəhruzla söhbət etməyə gəldiyini, özü ilə heç bir alət və predmet aparmamasını, Şəhruzla gəlmiş dostlarının da onunla və ya dostları ilə heç bir mübahisə və ya dava etməməsini bildirmişdir. O hazırda Şahruz Heydərovla barışmasını bildirmiş, ona qarşı şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəmədə şahid kimi ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 02 iyul 2019-cu il tarixdə, saat 15 radələrində, Mərdəkan qəsəbəsində olduğu zaman dostu Zərərçəkmiş şəxs ona zəng edib harada olmasını soruşmuş və onunla işi olmasını bildirərək Badamdar qəsəbəsində yerləşən dostu Şamilin işlətdiyi “Korona” çay evində onu gözləyəcəyini bildirmişdir. Həmin günü axşam saat 20 radələrində o, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Korona” çay evinə gəlmiş, orada dostları Rəşad, Şamil və Elçanı görmüşdür. Rəşad çay evində dostlarının yanında ona həmin günü günün günorta saatlarında Badamdar qəsəbəsində yerləşən “Ekspress” marketin qarşısında avtomobili saxlayıb marketə gedərkən Badamdar qəsəbəsində yaşayan tanıdıqları, özlərindən yaşca balaca Şəhruzun iki dəfə ardıcıl Rəşadın dabanına basmasını, bunun üstündə aralarında mübahisə düşməsini bildirmiş və qeyd etmişdir ki, Şəhruzla axşam qəbiristanlıqda görüşərək mübahisəni aydınlaşdırmaq barədə razılaşmışlar. O və orada olan digər dostları Rəşadla birlikdə gedib Şəhruzla görüşərək, aralarında olan mübahisəni həll etmək qərarına gəlmiş, eyni zamanda Şəhruzun həmin görüşə tək gəlməyəcəyini əvvəlcədən bilmişlər. Rəşad hadisəni ona danışdıqdan sonra Şəhruza zəng etmiş, Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin həyətinə gəlməsini təklif etmiş, Şəhruz isə razı olmayıb, Badamdar qəsəbəsində yerləşən qəbiristanlıqda görüşməyi istəmişdir. Sonra o, Rəşad, Şamil və Elcan, Rəşada məxsus və idarə etdiyi ağ rənli Vaz-2106 markalı 10 NN154 dövlət qeydiyyat nişanlı avtomobilə minib Badamdar qəsəbəsinin qəbiristanlığına gəlib avtomobili girişdə saxlamışlar. Ətrafda heç bir avtomobil və kənar adam olmamış, yalnız girişin sol hissəsində, onların gəldikləri avtomobilin dayandığı yerin əks tərəfində, qəbir daşının yanında Şəhruzun və 3 nəfər özü ilə həmyaşıd olan, adlarını bilməsə də sifətdən tanıdığı Badamdar qəsəbəsində yaşamalarını bildiyi uşaqların dayanmasını görmüşlər. Həmin vaxt saat 20:30 radələri olmuş, hava işıqlı olsa da yavaş-yavaş qaralmağa başlamışdır. O, dostları ilə avtomobildən düşdükdən sonra dostu Rəşad və digər tərəfdə olan Şəhruz bir-birilərinə tərəf qarşı qarşıya gəlmişlər. Bu zaman o, digər dostları ilə gəldikləri avtomobilin yanında, Şəhruzla gəlmiş şəxslər də olduqları yerdə dayanmışlar. Şəhruz Rəşadı kənara çəkib apardıqda o və dostu Şamil dava etməmələrini, söhbətlə məsələni həll etmələrini təklif etmiş, cavabında Şəhruz “özümüz söhbət edib həll edəcəyik” deyə ona cavab vermiş və Rəşadı kənara aparmış və onların dayandığı yerdən təxminən 10-15 metr aralanmışlar. Şəhruz qabaqda Rəşad isə ardınca getmiş, aralarında yarım addım məsafə olmuş, bu zaman qəflətən Rəşad yumruqla Şəhruzun sifətinə bir dəfə vurmuş, cavabında isə Şəhruz haradan çıxardığını görmədiyi bıçaqla, bir dəfə Rəşadın kürəyindən vuran kimi sonuncu üzü yuxarı qəbiristanlığın içərisinə doğru qaçmışdır. Şəhruz isə əlində bıçaq “hara qaçırsan,gəl bura” deyə qışqırmışdır. O, Rəşadın vurulduğunu görüb arxasınca getmiş kürəyindən qan gəlməsini görmüşdür. O,Rəşadın əynində olan tünd qırmızı rəngli maykasını çıxarıb bədəninin sol bel hissəsindəki yarasının üzərinə qoymuş, qan kəsilmədiyini görüb əynindəki açıq mavi rəngli uzun qol köynəyini də çıxarıb yarasının üzərinə qoymuş və Rəşadı gəldikləri avtomobilə tərəf aparmışdır. Bu zaman Şəhruz dostları ilə artıq qaçıb getmişdir. Sonra o, Şamil və Elçan birlikdə köməkləşib Rəşadı avtomobilə qoyub Badamdar qəsəbəsində yerləşən DTX-nin Hospitalına gətirmişlər. Orada Rəşada tibbi yardım göstərilmişdir. Həmin hadisə zamanı yalnız Rəşad yumruqla bir dəfə Şəhruzu, o da bıçaqla bir dəfə Rəşadı vurmuş, həmin vaxt nə o, nə də dostları Şamil və Elcan Şəhruzla və ya sonuncu ilə gəlmiş adlarını bilmədiyi 3 nəfərlə əlbəyaxa olmamış, dalaşmamış və vurmamışlar. Şəhruz Rəşadı bıçaqla vurduqdan sonra, o yalnız Şəhruzun əlində 10-12 sm.lik bıçağın tiyəsini görmüş, dəstəyini görməmişdir. Rəşad vurulduğundan Rəşadın arxasınca getdiyi üçün Şəhruzun dostları ilə hara getmələrini və bıçağı atıb atmamasını görməmişdir. Həmin vaxt Rəşad, Şamil, Elcan və onun əlində heç bir alət olmamış, o, dostları ilə oraya söhbət etməyə gəlmiş, həmçinin Şəhruzla gəlmiş 3 nəfərin də əlində heç bir alət görməmişdir. Məhkəmədə şahid kimi ifadə vermiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. O, valideyinləri ilə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən həyət evində kirayədə yaşayır, heç bir yerdə işləmir. Belə ki, 02 iyul 2019-cu il tarixdə saat 20 radələrində o yaşadığı binanın qarşısında dayandığı zaman aşağıdan Badamdar qəsəbəsinin dağlıq hissəsində yerləşən qəbiristanlıq istiqamətində Şəhruzun tək hirsli şəkildə piyada getməsini görmüş, sonuncu onun yanından keçərkən, nə baş verməsini və hirsli şəkildə hara getməsini soruşduqda, Şəhruz ona yalnız işi olmasını bildirərək yolunu davam etmişdir. O, Şəhruzun qəbiristanlığa gedib kiminləsə mübahisə və ya dava edəcəyini fikirləşib arxasınca getmişdir. Təxminən 100 metr getdikdən sonra qəbiristanlığa gedən beton yolda iki nəfər Şəhruzun dostları Fərid və Məcnun adlı həmyaşıdları ilə rastlaşmış, sonuncular da Şəhruzun hirsli şəkildə getməsini görüb onunla birlikdə Şəhruzun dalınca getmişlər. O, Şəhruz, Fərid və Məcnunla qəbisitanlığa çatıb həyətə girən kimi arxalarınca ağ rəngli Vaz-2106 markalı avtomobil gəlmiş, həmin vaxt qəbiristanlığın həyətində heç kəs olmamış, avtomobildə dörd nəfər sifətdən tanıdığı, yəni dəfələrlə Badamdar qəsəbəsində rast gəldiyi, lakin adlarını bilmədiyi və heç bir əlaqəsi olmayan cavan oğlanlar gəlmişlər. Həmin şəxslər avtomobildən düşən kimi, biri sonradan polisdə adının Rəşad olmasını bildiyi şəxs Şəhruza yaxınlaşıb qoluna girib söhbət etmək üçün kənara aparmışdır. Rəşadla gəlmiş 3 nəfər avtomobilin yanında, o da tanışları ilə dayandığı yerdə qalmışlar. Şəhruz Rəşadla kənara gedərkən, həm Rəşadla gələn, həm də o, tanışları ilə kənara getməmələrini, bir yerdə dayanıb söhbət edib məsələni aydınlaşdırmağı demişlər. Lakin onlar onların sözlərinə əhəmiyyət verməmişlər. x4 boyür-böyürə, Rəşad azca irəlidə onun dayandığı yerdən təxminən 10-15 metr aralaşmışlar və qəflətən Rəşad yumruqla bir dəfə Şəhruzun sifətinə vurmuşdur. O dərhal Rəşadla gələn uşaqlara tərəf baxmış ki, birdən həmin şəxslərdə Şəhruzun üstünə getsələr qarşılarını alsın, lakin həmin şəxslər yerlərindən tərpənmədiklərini görüb geriyə Şəhruza tərəf baxdıqda, Rəşadın yerə çökməsini və beli qan içində olmasını, sonra Rəşadın dərhal qalxıb qəbiristanlığın içərisinə tərəf qaçmasını görmüşdür. Bu zaman Şəhruz qəbiristanlığın çıxışına tərəf qaçmış, Rəşadla gəlmiş oğlanlar isə sonuncunun arxasınca getmişlər. O da Şəhruzun arxasınca qaçmış, Fəridlə Məcnun da arxalarınca getmişlər. O, Şəhruza çatdıqda, sonuncu ona digər dostlarına çıxıb evilərinə getmələrini bildirmiş, özü isə ayrılıb Badamdar qəsəbəsinin içərisinə tərəf getmişdir. O, çıxıb evinə getmiş və bir daha Şəhruzu görməmiş, harada olmasını bilməmişdir. Hadisə vaxtı Şəhruzla Rəşadın bir-birilərindən başqa orada Rəşadla gələn şəxslərlə onun, Fərid və Məcnun arasında heç bir dava baş verməmiş və bir-birilərini vurmamışlar. Hadisə vaxtı Şəhruzun əlində bıçaq görməmiş, sonuncunun bıçağı harasında gətirdiyini və necə çıxarıb Rəşadı vurmasını görməmişdir. Məhkəmədə Şahid5 və Şahid6 ibtidai araşdırma zamanı verdiyi ifadələri elan olunmuşdur. Onlar həmin ifadələrində Şahid4 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişlər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan 07 avqust 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)- 449/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cəzasının əvvəli 07 avqust 2019-cu il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan keçirilmiş məhkəmə-tibbi ekspertizasının 12 iyul 2019-cu il tarixli 371 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol ağciyərin aşağı payının zədələnməsi, sol plevra boşluğuna qan (250 ml) və havanın toplanması ilə müşayiət olunan, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuq xətti üzrə Vİİ qabırğaarası sahədən daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, deşici-kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02 iyul 2019-cu il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gəlməyə xarakterikdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan keçirilmiş məhkəmə-trasoloji ekspertizasının 17 iyul 2019-ci il tarixli 17577 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tünd qırmızı rəngli köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin köynəyin üzərində olan zədə öz formasına, quruluşuna və sair ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri aiddir. Tədqiqata təqdim edilmiş göy rəngli köynəyin üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 sentyabr 2019-cu il tarixli 1646 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan keçirilmiş məhkəmə-psixoloji ekspertizasının 17 sentyabr 2019-cu il tarixli 1788 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində və emosiolnal-iradi sferasında emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik aşkar olunur. Nümayişkaranəlik, eqosentrizm, hövsələsizlik, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi- emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan 05 iyul 2019-cu il tarixli protokoldan məlum olur ki, həmin protokolla götürülmüş bir ədəd qolu qısa mayka və bir ədəd qolu uzun köynək iş üçün əhəmiyətli olduğundan maddi sübut kimi tanınmış, həmin paltarlar olan bir ədəd bağlama saxlanması üçün Bakı şəhəri Səbail RPİ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, 08 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail RPİ İstintaq şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən müəyyən olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət təqibi üzrə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə obyektiv hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə məhkum olunmasını, əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Səbail rayon Pİ-nə təhvil verilmiş bir ədəd qolu qısa mayka və bir ədəd qolu uzun köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 07 avqust 2019-cu il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 56 (altı manat) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 07 avqust 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Səbail rayon Pİ-nə təhvil verilmiş bir ədəd qolu qısa mayka və bir ədəd qolu uzun köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 56 (altı manat) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar