Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1901/2025 26.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 03 avqust 1975-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Cəfərov X6 Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, Şirvan Apellyasiya Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 07 ilə endirilməsinə, daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmasına və 10 yanvar 2025-ci il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin və qeyrilərinin sifarişi ilə ona göndərilən maddələrin satışının həyata keçirilməsi üçün naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxs və qeyriləri vasitəsi ilə Bakı şəhəri Pirallahı rayonu ərazisində gizlədilən külli miqdarda 40870 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq yaşadığı ünvan 3 ünvana daşıyıb, həmin ünvanda gizlədərək saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 iyul 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02:21-də ünvan 3 evin qarşısında saxlanılaraq özünün iştirakı ilə həmin gün saat 02:26-dan etibarən yaşadığı ünvan 3 evinin həyətində olan dolabın içərisindən çıxarıb təqdim etdiyi 04 (dörd) ədəd torbada 32 (otuz iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1045,0 qram, 1045.0 qram, 2000,0 qram, 1040,0 qram, 1045,0 qram, 1040,0 qram, 1045,0 qram, 1050.0 qram, 1055,0 qram, 1055,0 qram, 2015,0 qram, 2105,0 qram, 2040,0 qram, 2030.0 qram, 1140,0 qram, 2025,0 qram, 2005,0 qram, 1055,0 qram, 1035,0 qram, 1045.0 qram, 1045,0 qram, 510,0 qram, 1030,0 qram, 1035,0 qram, 2040,0 qram, 1045,0 qram, 1035,0 qram, 1045,0 qram, 1045,0 qram, 1050,0 qram, 1040,0 qram, 1035.0 qram olmaqla ümumilikdə külli miqdarda 40870 qram çəkidə tərkibinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gecə saatlarında tanışı Rəsul adlı şəxs ona zəng edərək yaşadığı evin yaxınlığında külli miqdarda narkotik vasitə olduğunu deyərək evin qapısına tərəf getməsini və ona konum atmasını tapşırmışdır. O, Rəsulun dediklərini etdikdən sonra yaşadığı evin həyətinə narkotik vasitələr atılmışdır. Evin həyətinə narkotik vasitələri atan şəxsi tanımasa da ona səslənmiş, lakin həmin şəxs cavab verməyərək oradan uzaqlaşmışdır. Daha sonra o, həmin narkotik vasitələri götürüb həyətdəki dolabın içərisinə qoymuşdur. Sonra isə evə girmiş, yatağına uzanmışdır. Bu hadisənin üzərindən 5-10 dəqiqə keçmədən həyətdən səs gəlmişdir. Evin qapısını açan zaman 7-8 nəfər şəxsin əllərində silahla hasardan evin həyətinə keçdiklərini görmüşdür. Polis əməkdaşları onun başına silah tutaraq evə daxil olmasını əmr etmişlər. Ondan narkotik vasitələrin yerini soruşduqda o, həyətdəki dolabı onlara göstərmişdir. Polis əməkdaşları videoçəkiliş zamanı hər şeyi onların dediyi kimi danışmağını istəmişlər. Çəkiliş zamanı onu həyətə, dolabın yanına gətirmişlər. O da dolabdakı narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Lakin o, dolabdakı narkotik vasitələrin miqdarının çox olmağına təəcüblənmişdir. Polis əməkdaşları onu silahla hədələyərək ondan narkotik vasitələri boynuna götürməsini istəmişlər. Polis əməkdaşları həmin narkotik vasitələri boynuna götürmədiyi təqdirdə avtomobillərində olan 10 kq heroini və metamfetamini onun üstünə atacaqlarını bildirmişlər. O da göstərilən təzyiqə dözməyərək narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Yalnız öz istifadəsi üçün 100 qram narkotik vasitə sifariş vermiş, lakin pulunu verməmişdir. Ona narkotik vasitələri satan şəxs İran İslam Respublikasının vətəndaşı olmuşdur. Həmin şəxsi tanımamış, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. Evdə tək yaşamış, xalası isə onun qonşuluğunda qalmışdır. Dolaba narkotik vasitələr yerləşdirilmədən öncə dolabın içərisində tikinti materialları və iş paltarları olmuşdur. Daha sonra isə polis əməkdaşları dolabın içərisini boşaltmış və özləri ilə gətirdikləri 4 böyük sellofanın içərisində olan narkotik vasitələri dolaba yerlərdirmişlər. İfadə verərkən müdafiəçi yanında olmuş amma evin həyətində və polis idarəsində aparılan videoçəkiliş zamanı müdafiəçi iştirak etməmişdir. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq göstərilmişdir. Ona qarşı göstərilən psixi təzyiqlə bağlı hər hansı dövlət orqanına məlumat verməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iki azyaşlı övladı var. Heç bir narkotik vasitədən istifadə etməmişdir. Daimi iş yeri olmamış, ev təmiri ustası kimi çalışmışdır. Təxminən 1-2 ay əvvəl o, “WhatsApp” tətbiqi vasitəsilə İran nömrəsindən bir iranlı vətəndaş tərəfindən əlaqə saxlanılaraq özünü Rəsul adlı şəxs kimi təqdim etmiş İran vətəndaşı ilə danışmışdır. Telefon danışığı zamanı Rəsul ona bildirmişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur və ona da bu işdə köməklik etməyi, qarşılığında yüksək gəlir əldə etməyi təklif etmişdir. Rəsul iranlı vətəndaş olduğunu bildirərək təklif etmişdir ki, onun digər tanışları vasitəsilə İrandan Azərbaycana keçirib göndərdiyi narkotik vasitələri dediyi yerlərdən götürüb müəyyən ünvanlara paylasa, ona yüksək məbləğdə gəlir veriləcəkdir. Təklif əlverişli göründüyündən həmin şəxs bu işlə məşğul olmağa qərar vermişdir. Sonuncu telefon danışığı zamanı Rəsul təxminən 40 kiloqram narkotik vasitə nəşə göndərəcəyini demiş, o isə razılıq vermişdir. Təxminən 19 iyul 2025-ci il tarixdə Rəsul ona zəng edərək, yaşadığı evin yaxınlığında külli miqdarda narkotik vasitə olduğunu, qeyd edilən yeri izah edib götürməsini tapşırmışdır. Həmin şəxs də razılaşmış, deyilən yerə gedərək narkotik vasitəni götürüb evinə gətirmiş və ailə üzvlərinə bu barədə məlumat verməmişdir. Bundan sonra o, yaşadığı evin qarşısına çıxmışdır. 19 iyul 2025-ci il tarixdə saat 02:21-də ünvan 5 ünvanında yerləşən evin qarşısında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd Redmi markalı, üzərində ***-***-**-** nömrəsi olan mobil telefonunu, bir ədəd bank kartını, sol yan cibindən dörd ədəd açarını və arxa cibindən 15 (on beş) manat pulunu təqdim etmişdir. Daha sonra onun üzəri polis əməkdaşları tərəfindən yoxlanılmış, başqa heç bir əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd mobil telefon və bir ədəd bank kartı götürülmüş, dörd ədəd açar və 15 manat pul isə özünə qaytarılmışdır. Polis əməkdaşları tərəfindən yaşadığı ünvan 5 ünvanında narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların ola biləcəyi ehtimal edildiyindən video çəkilişlə baxış aparılmışdır. Baxışdan əvvəl ondan ünvanında ola biləcək narkotik vasitələri və digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, evin həyətindəki dolabın içərisindən dörd ədəd torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbalardan ümumilikdə 32 ədəd bağlamada qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumilikdə 42 kq 580 qram olduğu müəyyən edilmişdir. Kütlələr qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq o, evdən aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı olan Rəsul adlı şəxsin vasitəsilə həmin gün Pirallahı rayonu ərazisində gizlədilmiş yerdən götürərək müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, qarşılığında Rəsul adlı şəxsin ona pul veriləcəyini bildirmişdir. Rəsulun telefon nömrəsi onda olmamış, tapşırığına əsasən telefonundakı məlumatları dərhal silmişdir. Həmin şəxsə demişdir ki, əlavə olaraq zəng edib göndərilən narkotik vasitələrin haraya qoyulacağını bildirəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında saxlanılmışdır. Onlarda olan məlumata əsasən Cəfər Maqsud qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək üzərində və yaşadığı evdə saxlamış və daşımışdır. Videoçəkiliş vasitəsi ilə onun yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs dolabın içərisində olan 4 ədəd kisəni və kisələrin içərisində olan 32 ədəd bağlamaya bükülmüş narkotik vasitələri təqdim etmişdir. Narkotik vasitələrin ümumi çəkisi 42 kq olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Rəsul adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Əməliyyat qrupunun tərkibində 3 nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra rəhbərliyə raportla məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək üzərində və yaşadığı evdə saxlaması və daşıması barədə olmuşdur. Gecə saatlarında şəxs yaşadığı evin qarşısında tərəflərindən saxlanılmışdır. Videoçəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilən zaman üzərindən bank kartı, telefon və ev açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq ona məxsus həyətdə, dolabın içərisində narkotik vasitələr olduğunu etiraf etmişdir. Dolaba baxış keçirilən zaman oradan narkotik vasitələr aşkar edilmiş və bükümlərə baxış keçirilmişdir. Həmin narkotik vasitələr tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisi 42 kq olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri Rəsul adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Əməliyyat qrupuna özü rəhbərlik etmiş, qrupun tərkibində isə 3 nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 da şahidlər Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş: 18 iyul 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1975-cı ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 9də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Pirallahı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 9 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir (cild 1, i/v 5). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı səhəri, Pirallahı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 9 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 19 iyul 2025-ci il tarixdə, saat 02:21 dəqiqədə ünvan 10 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsı qadağan edilmış, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd Redmi markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu, 1 (bir) ədəd bank kartını, əynində olan həmin şalvarın sol yan cibindən 4 (dörd) ədəd açarı və arxa sağ cibindən 15 (on beş) manat pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd bank kartı götürülmüş, 4 (dörd) ədəd açar və 15 (on beş) manat pul özünə geri qaytarılmışdır. Daha sonra ünvan 9 unvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətində olan dolabın içərisindən 4 (dörd) ədəd torbanı təqdim etmiş, həmin torbaların içərisindən ümumilikdə 32 (otuz iki) ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 42 (qırx iki) kq 580 (beş yüz səksən) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra evin digər otaqlarına, hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evdən aşkar olunmuş kütlələri İran İR-nın vətəndaşı "Rəsul” adlı şəxsin vasitəsi ilə bu gün Pirallahı rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, "Rəsul" adlı şəxsin ona pul verəcəyini bildirmişdir (cild 1, i/v 13-14). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı səhəri, Pirallahı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 9 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün 19 iyul 2025-ci il tarixdə, saat 02:21 dəqiqədə ünvan 10 ünvanının qarşısında saxlanılaraq üstü yoxlanılmış, Təqsirləndirilən şəxs üstündən 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd bank kartı götürülmüş, yaşadığı evə baxış keçirilən zaman 32 (otuz iki) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 4 ədəd torbada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd mobil telefon və 1 ədəd bank kartı götürülmüşdür. 4 ədəd torbaya və 1 ədəd DVD-yə baxış keçirilmişdir. Həmin torbalardan ümumilikdə 32 ədəd bağlamada, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 ədəd DVD-yə HP markalı kömpüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evdən aşkar olunmuş kütlələri İran İR-nın vətəndaşı "Rəsul” adlı şəxsin vasitəsi ilə bu gün Pirallahı rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, "Rəsul" adlı şəxsin ona pul verəcəyini bildirmişdir (cild 1, i/v 17-18). “Şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2025-ci il tarixli, 7/978 nömrəli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş....” sözləri yazılmış birinci torbada yapışqan lentlə bağlanmış 10 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1045,0 qram, 2) 1045.0 qram, 3) 2000,0 qram, 4) 1040,0 qram, 5) 1045,0 qram, 6) 1040,0 qram, 7) 1045,0 qram, 8) 1050.0 qram, 9) 1055,0 qram, 10) 1055,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 11420 qramdır.
2. Tədqiqata təqdim edilmiş ikinci torbada yapışqanlı lentlə bağlanmış 05 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2015,0 qram, 2) 2105,0 qram, 3) 2040,0 qram, 4) 2030.0 qram, 5) 1140,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 9330 qramdır.
3. Tədqiqata təqdim edilmiş üçüncü torbada yapışqanlı lentlə bağlanmış 10 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2025,0 qram, 2) 2005,0 qram, 3) 1055,0 qram, 4) 1035,0 qram, 5) 1045.0 qram, 6) 1045,0 qram, 7) 510,0 qram, 8) 1030,0 qram, 9) 1035,0 qram, 10) 2040,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 12825 qramdır.
4. Tədqiqata təqdim edilmiş dördüncü torbada yapışqanlı lentlə bağlanmış 07 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1045.0 qram, 2) 1035,0 qram, 3) 1045,0 qram, 4) 1045,0 qram, 5) 1050,0 qram, 6) 1040,0 qram, 7) 1035.0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 7295 qramdır.
5. Tədqiqata təqdim olunmuş ümumi sayı 32 ədəd sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər, onların ümumi çəkisi 40870 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 manat təşkil edir (cild 1, i/v 42-45). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-900/2025 nömrəli, 19 iyul 2025ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 iyul 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 79-83). “Maddi sübut hesab edilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş beş ədəd paketdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq qalan 40 kq 866,8 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 99-100). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir (cild 1, i/v 117). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X6 Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 07 ilə endirilib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunub. 10 yanvar 2025-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, i/v 122-123). “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin müxtəlif mobil telefon nömrələri ilə telefon danışıqlarına və sms mətn yazışmalarına baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (cild 1, i/v 151). AZE 10916587 seriyalı, AA5928100 seriyalı və AZE19028195 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı üç övladı vardır (cild 01, i/v 159-160). “Cinayət işi üzrə materiallara baxış keçirilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan 523915******4810 nömrəli plastik bank kartı xx.xx.2024-cü il tarixdə aktiv edilmiş, həmin tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaiti dövriyyə edilmişdir (cild 1, i/v 161- 178). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 oktyabr 2025-ci il tarixli 6181 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 180-181). “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş beş ədəd paketdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq qalan 40 kq 866,8 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və təqdim olunan əşyaya baxış aparılmasını özündə əks etdirən 02 ədəd DVD diski maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olmadığından təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması qərara alınmışdır (cild 1, i/v 182- 188). Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, lakin telefonu işlək vəziyyətə gətirmək mümkün olmamışdır (cild 2, i/v 57). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə ilk əvvəl Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin və qeyrilərinin sifarişi ilə ona göndərilən maddələrin satışının həyata keçirilməsi üçün naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxs və qeyriləri vasitəsi ilə Bakı şəhəri Pirallahı rayonu ərazisində gizlədilən külli miqdarda 40870 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımasına dair ittiham elan olunsa da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin “Rəsul” adlı şəxslə məhz narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etməsini, narkotik vasitələrin satışı ilə əlaqədar əvvəlcədən əlbir olmasını və buna dair razılıqlarının olmasını təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, əməlin belə tövsif edilməsi üçün iki və ya daha çox şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məqsədilə əvvəlcədən sövdələşmələri, törətdikləri əməl üzrə müəyyən nəticələrin əldə olunması niyyətilə birgə hərəkətlər etmələri müəyyən edilməli, cinayətin törədilməsində iki və ya daha çox şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində iştirak etmələri müəyyən edilməlidir. Yalnız mötəbər sübutlarla bu hallar müəyyən edildikdə, hətta qabaqcadan əlbir olmuş qrupa və ya mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri bu və ya digər səbəblərdən mümkün olmadıqda, qrupun və ya mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərmiş bir şəxs də CM-in 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Belə ki, Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Hazırki işin hallarını tədqiq edərək məhkəmə hesab edir ki, şəxsiyyəti naməlum olan İran İslam Respublikasının vətəndaşının şəxsiyyəti müəyyən edilərək ifadəsinin alınmadığı, onunla təqsirləndirilən şəxs arasında narkotik vasitələrin satışına dair qabaqcadan razılıqlarının olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığı halda sadəcə təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşının göndərdiyi həmin narkotik vasitələrdən ona şəxsi istifadəsi üçün verəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlməsini göstərməsinə istinad edərək onun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən ona məxsus mobil telefona baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmiş, eyni zamanda təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin müxtəlif mobil telefon nömrələri ilə telefon danışıqlarına və sms mətn yazışmalarına baxış keçirilən zaman da cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir ki, bu da ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilməsini istisna edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, evindən aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşları tərəfindən yerləşdirildiyini, İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə aldığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikasının CM-in 234.4.3-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə- beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və məhkumluğu hazırda ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən onun əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunan Plenum qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 19 iyul 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 19 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 40866,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut – 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 19 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 40866,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Hafiz Kamranov
Hakimlər Babək Pənahov
Hüseyn Hüseynli