Məhkəmə qərarları › İş №1(101)-1903/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1903/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1903/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11 B, mənzil 88-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində və yaşadığı evdə saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əsgər” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və tarixdə əldə edərək ünvan 1 ünvanda yerləşən yolun sol tərəfindəki yaşıllıq sahədəki ağaclardan birinin altına yerləşdirdiyi 1 ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi 21,470 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 55,779 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini 9 iyul 2021ci il tarixdə axşam saatlarında həmin yerdən götürüb üzərində saxlayaraq yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə daşıyıb həmin mənzilin yataq otağında olan çarpayının üzərindəki yastığın altında gizlətmiş, 10 iyul 2021-ci il tarixdə günorta saatlarında satış məqsədi ilə yaşadığı mənzilin yataq otağında olan çarpayının üzərindəki yastığın altında saxladığı təmiz çəkisi 21,470 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin 3,264 qram çəkidə olan hissəsini və təmiz çəkisi 55,779 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetaminin 5,011 qram çəkidə olan hissəsini ayrılıqda olmaqla 2 bükümə yerləşdirərək həmin bükümləri əynində olan qara rəngli şalvarının sağ yan cibinə yerləşdirib üzərində gəzdirməklə həmin külli miqdarda narkotik vasitə və psixotrop maddəni istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə yaşadığı mənzildən çıxaraq ünvan 3 ünvanın yaxınlığına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində həmin gün saat 14:00-da ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 3,264 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 5,011 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 10 iyul 2021-ci il tarixdə saat 16:00-da yaşadığı ünvan 5 ünvana baxış keçirilən və götürmə aparılan zaman mənzilin yataq otağında olan çarpayının üzərindəki yastığın altında saxladığı 1 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 18,206 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 2 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 50,768 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin və “500 x 0,lg” markalı elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayından narkotik vasitələrdən istifadə etmişdir. Əsasən, “kakos” adlanan heroin və marixuandan istifadə etmişdir. Əvvəllər Sumqayıt şəhərində dəmiryol ərazisindən tanımadığı adamlardan heroinin 1 qramını 35-40 manata, marixuananın 1 qramını isə 10 manata almışdır. Özünü İran Azərbaycanlısı kimi təqdim edən, lakin Bakı şəhərində yaşayan “Əsgər” adlı şəxslə tutulmazdan təxminən 10 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Əsgər ona tanışlıq zamanı Bakı şəhərində yaşadığını, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirərək ona bağlamalarda heroin, “patı” adlanan metafetamin və tərəzi göndərəcəyini demişdir. O isə həmin bükülüləri onun göstərişi ilə Bakı şəhərində onun qeyd etdiyi ünvanlara aparıb gizlin yerlərdə gizlətməli olmuşdur. Əsgər də gördüyü işin müqabilində istifadə etmək üçün ona narkotik vasitə və psixotrop maddə verəcəyini bildirmişdir. Əvvəlcə bu işə tərəddüd etsə də, narkotikdən və psixotrop maddədən istifadə etdiyi üçün onunla razılaşmışdır. Əsgər onunla daha çox nömrəsi məlum olmayan telefonda “WhatsApp” proqramı vasitəsilə əlaqə qurmuşdur. 9 iyul 2021-ci il tarixdə mobil telefonla danışan zaman Əsgər yaşadığı ünvan 1 ünvanda yerləşən yolun sol tərəfindəki yaşıllıq sahədəki ağaclardan birinin altında 1 ədəd bağlamada 1 ədəd elektron tərəzi, narkotik vasitə heroin və psixotrop maddə metafetamin gizlətdiyini, bağlamanı götürməyini və onun göstərdiyi ünvanlara daşımağını tapşırmışdır. Həmin gün axşam saatlarında 1 ədəd bağlamanı yaşıllıq sahədəki ağacların altından götürüb yaşadığı mənzilə gətirmiş və yataq otağında olan çarpayının üzərindəki yastığın altında gizlətmişdir. Əsgərin ona göndərdiyi narkotik vasitələri və psixotrop maddələri onun göstərişi ilə ünvanlara çatdırdıqda qazanc olaraq Əsgər narkotik vasitənin və psixotrop maddənin bir hissəsi ona vermişdir. Bu da onun başqasından pulla narkotik vasitə və psixotrop maddə almadan Əsgərin ona natura şəklində verdiyi ödəniş və qazanc olmuşdur. Həmin günün səhəri 10 iyul 2021-ci il tarixdə günorta saatlarında çarpayının üzərindəki yastığın altında saxladığı 1 büküm heroini və 1 büküm metafetamini cibinə qoymuş, torbada isə 2 bükümdə metafetamin, 1 bükümdə heroin və tərəzi qalmışdır. Əsgərin göstərişi ilə üstündə olan həmin bükülüləri aparıb onun təyin etdiyi ərazidə gizlətmək üçün saat 14 radələrində ünvan 7 ünvanın qarşısı ilə piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib şəxsiyyətimi aydınlaşdırdıqdan sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah edib onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər. Polislərin təklifinə etiraz etməyərək saat təxminən saat 15 radələrində qeyd olunan idarənin inzibati binasına gəlmişdir. İdarənin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən təkrarən ona hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra təyin edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərində videoçəkilişlə şəxsi axtarış və baxış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyini təklif etmişdir. Öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metafetamini, 1 bükümdə açıq qəhvəyi rəngli heroini təqdim etmişdir. Sonra şəxsi axtarışın davamı olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 3 ədəd açar və 1 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş narkotik və psixotrop maddələr elektron tərəzidə çəkildikdə metafetamin 5 qram, heroin isə 4 qram çəkidə olmuşdur. Polis əməkdaşları tərəfindən həmin kütlələr qablaşdırılmış və o, müdafiəçisi və polislər tərəfindən imzalanaraq götürülmüşdür. Polislər sorğu edən zaman üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsdən aldığını, həmin narkotik maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində onun verdiyi narkotik maddələrdən istifadə etdiyini, həmçinin yaşadığı ünvanda narkotik saxladığını, həmin ünvana polis əməkdaşlarının baxış keçirməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 8 ünvanına gəlmişlər. Orada videoçəkilişlə mənzilə baxış keçirilmiş və mənzilin girişində sol tərəfdə olan yataq otağındakı çarpayının üzərindəki yastığın altında gizlətdiyi 1 ədəd sellofon torbada içərisindəki 1 büküm heroin, 2 bükümdə metafetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilmiş və metafetaminin çəkisi 52 qram, heroinin çəkisi isə 19 qram olmuşdur. Aşkar edilmiş narotik vasitələr və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman və mənzilinə baxış zamanı ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Əsgər ona “WhatsApp” proqramı vasitəsilə zəng etmişdir. Götürdüyü bağlamanı yaşadığı evdə saxlamışdır. Əsgər ona İran azərbaycanlısı olduğunu demişdir. Əsgər birinci dəfə əlaqə saxlayan zaman ona narkotik maddələri onun dediyi yerlərə qoymağını təklif etmişdir. Tutulmazdan 4-5 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əsgərlə heç vaxt görüşməmişdir. Narkotik vasitələri və psixotrop maddələri heç kimə əlbəəl satmamışdır. Narkotik maddələri Əsgərin dediyi yerə yalnız 1 dəfə qoymuşdur. Götürən zaman narkotik vasitə və psixotrop maddənin hamısı 1 bağlamada olmuşdur. Pul müqabilində heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Əsgər gördüyü işin qarşılığında ona şəxsi istifadəsi üçün 5 qram narkotik vasitə verməli olmuşdur. Narkotik vasitələri falqanın üzərində çəkmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 iyul 2021-ci il tarixdə xidmət etdiyi BNMİ-nə Bakı şəhəri, Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupunun yaradılması haqqında raportla məruzə etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsininin rəisinin 10 iyul 2021-ci il tarixli əmri ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun rəhbəri o, qrupun üzvü isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Zakir oğlu təyin edilmişdir. Göstərilənlərlə bağlı Şahid2la birlikdə 10 iyul 2021-ci il tarixdə Yasamal rayonu ərazisində zəruri əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlamışlar. Həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs ünvan 9 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanıldıqda özlərini təqdim edib onun şəxsiyyətini müəyyən etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə idarənin izibati binasına gəlmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsininin rəisinə Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilməsi və onun paltarında, əşyalarında, bədənində, evində olması ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün raportla məruzə etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsininin rəisinin göstərişinə əsasən, Təqsirləndirilən şəxs barəsində müvafiq tədbirlərin görülməsi Baş Narkotiklərlə Mübarizə İdarəsininin Təhqiqat Qrupunun baş təhqiqatçısı X5 həvalə edilmişdir. Baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edildikdən sonra şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs həmin qərar elan edilərək hüquq və vəzifələri izah edilmişdir. Baş təhqiqatçı X4 rəhbərliyi ilə “Sony” markalı telefon vasitəsilə video çəkilişdən istifadə etməklə onların və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmışdır.. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində, ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların və sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 2 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Nəcəf Aburşu həmin bükümlərdə nə olduğunu ondan soruşduqda şübhəli şəxs bükümlərin birində narkomanlar arasında “şüşə” adlanan metafetamin, digər bükümdə isə heroin olduğunu bildirmişdir. Daha sonra baş təhqiqatçı onların, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə həmin bükümlərə baxış keçirərkən birinci bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metafetaminə bənzər kütlə, digər bükümə baxış keçirildikdə içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin bükümlərin tamlığı qorunması üçün yapışqan lentlə bükülərək bağlanmışdır. Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 manat pul, şəxsiyyət vəsiqəsi və yaşadığı evə məxsus olan 3 ədəd açar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər elektron tərəzidə çəkildikdə bir bükümdə olan metafetaminə bənzər kütlənin çəkisi 5 qram, digər bükümdə olan heroinə bənzər kütlənin çəkisi isə 4 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər zərfin içərisinə qoyularaq DİN-nin 7 saylı möhürü ilə möhürlənərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi evinin açarları və 1 manat pul geri qaytarılmış, şəxsiyyət vəsiqəsi və 1 ədəd göy rəngli “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni İran İslan Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin maddələri “Əsgər” adlı şəxsin dediyi ünvanlara çatdıracağını, özünün də həmin maddələrdən istifadə etdiyini, Bakı şəhəri Yasamal rayonundan yerləşən evində də narkotik maddə saxladığını, həmin maddələri təqdim edə biləcəyini və evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra 10 iyul 2021-ci il tarixdə saat 16:00-da şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzil bir yataq otağı, bir qonaq otağı, mətbəx, sanitariya qovşağı və dəhlizdən ibarət olmuşdur. Baş təhqiqatçı X8 şübhəli şəxs Təqsirləndirilən şəxs, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosunun vəkili X6 və əməliyyat müvəkkili Şahid2 Zakir oğlu ilə birlikdə evə baxış keçirmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin ünvanda kirayədə tək yaşadığını, narkotik və psixotrop maddələri yataq otağında saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının baş tərəfində olan yastığın altından 1 ədəd sellofan torbanı götürərək həmin sellofan torbada narkotik maddə olduğunu bildirib təqdim etmişdir. Sellofon torbaya baxış keçirildikdə 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 2 bükümdə isə ağ rəngli, kristalşəkilli matafetaminə bənzər maddə və 1 ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Daha sonra metafetaminə bənzər kütlələr elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisinin 52 qram olması, 1 bükümdə olan heroinə bənzər kütlə isə elektron tərəzidə çəkilərkən qablaşdırma ilə birlikdə çəkisinin 19 qram olması müəyyən edilmişdir. Narkotik vasitə və psixotrop maddə ayrı-ayrılıqda sellofonla bağlanaraq elektron tərəzi ilə birlikdə aşkar edilmiş sellofan paketə qablaşdırılmış və zərfin içinə qoyularaq DİN-in 7 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni İran İslan Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, onunla sosial şəbəkədə tanış olduğunu, həmin maddələri “Əsgər” adlı şəxsin dediyi ünvanlara çatdıracağını və özünün də həmin maddələrdən istifadə etdiyini bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satan “Əsgər” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Şəxsi axtarış və mənzilə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir.Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 Zakir oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 126-130). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs böyük oğludur. Oğlu Rusiya Federasiyası Dağıstan Texniki Universitetinin Kompüter və proqramlaşdırma fakültəsini bitirmişdir. Lakin ixtisası üzrə işləməyib bankdan kreditlə aldığı “Priora” markalı **-BY-*** nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Oğlu daha sərfəli qiymətlərlə müştəri daşıyaraq dolanışığını təmin etmək üçün 2021-ci ilin iyun ayının sonlarında Sumqayıt şəhərindən Bakı şəhərinə köçərək kirayə ev götürüb orada taksiçilik fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Vüsalın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və buna görə də Daxili İşlər Nazirliyinin Baş narkotiklə Mübarizə əməkdaşları tərəfindən saxlanılması xəbərini həmin gün qeyd olunan idarənin polis əməkdaşları tərəfindən mobil telefonla məlumat verildikdən sonra bilmişdir. Həmin günədək oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından ümumiyyətlə xəbəri olmamışdır. Oğlu Vüsalda heç vaxt narkotik vasitə və psixotrop maddə görməmiş, onun narkotik vasitəni haradan, kimdən əldə etdiyini bilməmiş və İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsi tanımır. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə əhəmiyyətə malik ola biləcək digər əşya və predmetləri könüllü surətdə təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki idman şalvarının şağ yan cibindən 2 ədəd büküm çıxarıb masanın üzərinə qoymuş. Həmin bükümlərin nə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs bükümlərin birində “şüşə” (metafetamin), digər bükümdə isə heroin olduğunu bildirmişdir. Bükümlərə baxış keçirildidə 1-ci bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzə kütlə və digər bükümə baxış keçirildikdə içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirərkən əynindəki idman şalvarının sol yan cibində 1 ədəd göy rəngli “Samsung“ markalı mobil telefon, 1 manat pul, şəxsiyyət vəsiqəsi, 3 ədəd açar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş, 1 bükümdə metamfetaminə bənzər kütlənin çəkisi 5 qram və 1 bükümdə heroinə bənzər kütlənin çəkisi isə 4 qram təşkil etmişdir. Həmin bükümlər içi boş olan ağ zərfin içinə qoyularaq DİN-in 7 saylı möhürü ilə möhürlənərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni İran İslan Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırdığını və özünündə istifadə etdiyini, Bakı şəhəri Yasamal rayonundan yerləşən evində də narkotik maddə saxladığını, həmin maddələri təqdim edə biləcəyini, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 31- 33). Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik maddəni yataq otağında saxladığını bildirərək çarpayının baş tərəfində olan yastığın altından sellofan paket götürərək təqdim etmişdir. Sellofan paketə baxış keçirdikdə içərisində bir ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi, 1-ci bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 2-ci və 3-cü bükümlərdən isə kristal şəkilli matamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, 1 bükümdə heroinə bənzər kütlənin çəkisi 19 qram, 2 bükümdə olan metafetaminə bənzər kütlənin ümumi şəkisi 52 qram təşkil etmişdir. Narkotik vasitə və psixotrop maddələr aşkar edilmiş sellofan paketə qablaşdırılaraq zərfin içinə qoyulmuş, DİN-in 7 saylı möhürü ilə möhürlənərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni İran İslan Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, onunla sosial şəbəkədə tanış olduğunu, həmin maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırdığını və özünündə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 37-39). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin ünvanda kirayədə tək yaşadığını, narkotik maddəni yataq otağında saxladığını bildirərək yataq otağında yerləşən çarpayının baş tərəfində olan yastığın altından sellofan torbanı götürərək təqdim edərək həmin sellofan torbada narkotik maddə olduğunu bildirmişdir. Sellofan torbaya baxış keçirtdikdə içərisində bir ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi və 3 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirtdikdə 1-ci bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 2-ci və 3-cü bükümlərdən isə kristal şəkilli metafetaminə bənzər maddə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, 1 bükümdə heroinə bənzər kütlənin çəkisi 19 qram, 2 bükümdə olan metafetaminə bənzər kütlənin çəkisinin isə cəmi şəkisi 52 qram təşkil etmişdir. Hər üç büküm ayrı-ayrılıqda salaffanla bağlanaraq elektron tərəzi ilə birlikdə aşkar edilmiş sallafan paketin içinə qoyulmuş, zərfin içinə qoyulmuş, möhürlənərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən yaşayış evinin digər yerlərinə vizual baxış keçirtmiş və iş üzrə əhəmiyyət kəs edən heç nə aşkar etməmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni İran İslan Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə əldə etdiyini,onunla sosial şəbəkədə tanış olduğunu, həmin maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırdığını və özünündə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 55-56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2021-ci il tarixli 6/2767 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş...” yazısı olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 3,264 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 5,011 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” yazısı olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 18,206 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 50,768 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Həmin paketdəki 1 ədəd elektron tərəzinin üzərində heroinin və metafetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metafetaminin çəkisini və bükümdəki heroinlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 21,470 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metafetaminin ümumi çəkisi 55,779 qramdır və həmin metafetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 21,470 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 21,270 qram, metafetaminin ümumi təmiz çəkisi 55,779 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 55,629 qram, cild 1, iş vərəqə 47-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli 5/927 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təhciz edilmiş “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli “**********59732,**********59738” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli mobil smartfonu işlək vəziyyətə gətirdikdə mobil cihazda istifadəçi tərəfindən tətbiq edilmiş mobil smartfonun menyusuna girişi məhdudlaşdıran hər hansı bir növdə ekran kilidi müəyyən olunmamışdır. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli mobil smartfonun yaddaşında hər hansı bir (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər buraxılmış zənglər, foto, video, audio fayllar, “WhatsApp”, “Facebook”, “İnstagram” və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 207-209). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 17 sentyabr 2021-ci il tarixli 3503 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülürmüşdür (cild 1, iş vərəqə 204-205). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 15 oktyabr 2021-ci il tarixli 2401 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 211-212). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ilkin çəkisi 21,470 qram olmuş, məhkəmə kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 21,270 qram narkotik vasitə heroin və ilkin çəkisi 55,779 qram olmuş, məhkəmə kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 55,629 qram olan psixotrop maddə metafetamin və 1 ədəd tərəzi maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməklə saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətlərini özündə əks etirən DVD-R diskləri isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 114-116). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 124). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). İş materiallarında olan Yasamal rayon məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-101). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 167,65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 21,270 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 55,629 qram olan psixotrop maddə metafetamin və 1 ədəd tərəzi məhv edilməli, şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 167,65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 21,270 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 55,629 qram olan psixotrop maddə metafetamin və 1 ədəd tərəzi məhv edilsin, şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar