Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1903/2022 28.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 02 avqust 1984-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci, 234.4.1ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, Beyləqan rayonu, Allahyarlı ərazi dairəsi, Allahyarlı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən qeyrisinin “WhatsApp” proqramı vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda - ümumi təmiz çəkisi 1029,342 qram narkotik vasitə olan heroini, 1050,808 qram olan psixotrop maddə olan metamfetamini, üzərində “Methadone 40” markalanma göstəricisi olan narkotik vasitə hesab edilən 80 ədəd konvalyutdakı ümumilikdə 800 ədəd qəhvəyi rəngli metadon tərkibli dərmanları, 1020,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilinə daşıyaraq saxlamış, orada həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayıraraq, qeyrisinin “WhatsApp” proqramı vasitəsi ilə ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə həmin narkotik vasitə və psixotrop maddədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,342 qram narkotik vasitə olan heroin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 10,808 qram psixotrop maddə metamfetamin üzərində saxlıyaraq daşımış, 22 iyun 2022-ci il tarixdə saat 01:40 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,342 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 10,808 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və əməliyyat tədbiri davam etdirilərək 22 iyun 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında axtarış keçirilən zaman evin giriş hissəsində sol tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabın üst hissəsində olan bir ədəd yaşıl rəngli çantanın içərisindən 01 ədəd bağlamada ümumi təmiz çəkisi 1025 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bağlamada 1040 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” markalanma göstəricisi olan narkotik vasitə hesab edilən təsiredici maddəsinin ümumi miqdraı 32 qram olan 80 ədəd konvalyutdaki ümumilikdə 800 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatları, ümumi təmiz çəkisi 1020,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində heroin və metamfetamin izləri olan “DM 3” yazısı olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələri satış məqsədilə deyil, özünün şəxsi istehlakı üçün əldə etmişdir. 22 iyun 2022-ci il tarixdə saat 01:40 radələrində Sabunçu rayonundə piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibindən bir bükümdə metamfetamini və bir bükümdə qəhvəyi rəngli heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı şalvarının sol yan cibindən bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar, pul qabının içindən isə 20 manat pul, iki dənə bank kartı, ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri aşkar olunmuşdur. Təqdim eydiyi narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş “Samsung” və “Redmi” markalı mobil telefonlar, iki ədəd bank kartı, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu, 20 manat pul və pul qabı isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar olumuş narkotik maddələri əvvəllər cəza çəkdiyi cəzaçəkmə müəssisəsində tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, ümumilikdə dörd aydır ki narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu və təxminən 4000 pul qazandığını, həmin pulları bank kartları vasitəsi ilə nağlaşdırdığını, “Əli” adlı şəxslə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladığını, qurudulmuş marixuanadan istifadə etdiyini, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini işlətdiyini, Sabunçu rayonunda yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddələri də təqdim edə biləcəyini, mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra o, müdafiəçi və polis əməkdaşları birlikdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına getmişlər. Orada polis əməkdaşları ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsini təklif etmişlər, o da mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağındaki taxta konustruksiyalı dolabın üst hissəsində gizlətdiyi bir ədəd yaşıl rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içindən bir bükümdə metamfetamin, bir bükümdə heroin, bir ədəd sellofanda qurudulmuş marixuana, 800 ədəd metadon həbi, bir ədəd elektron tərəzi və narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı iki ədəd dəftər aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Həmçinin iki ədəd dəftər götürülmüşdür. O, həmin dəftərlərdə heroin, metamfetamin və marixuanın adlarını şərti olaraq torpaq, daş və təbiət kimi qeyd etmişdir. Məhkəmədən əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və idarənin baş əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra o və Natiq 22 iyun 2022-ci il tarixdə saat 01:40 radələrində ünvan 2 ünvanın yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üstüstə düşən şəxsin orada olduğunu və özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxsə üzərində narkotik vasitələr olması barədə əməliyyat məlumatı aldıqlarını deyərək üzərinə baxış keçirilməsi üçün onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə idarəyə getmişdir. İdarədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunduqdan sonra sonuncu müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilərək videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni və bir bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun şalvarının sol yan cibindən bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu, “Samsung” və “Redmi” markalı iki ədəd mobil telefon, pul qabının içindən isə 20 manat pul, iki ədəd bank kartı, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartlan, sürücülük və şəxsiyyət vəsiqələri də götürülmüş, açar, içində siqaret dənələri olan siqaret qutusu, 20 manat və pul qabı Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri cəzaçəkmə müəssisəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, ümumilikdə dörd aydır narkotik maddələrin dövriyyəsi ilə məşğul olaraq təxminən 4000 manat pul qazandığını, həmin pulları bank kartları vasitəsi ilə nağdlaşdırdığını, Əli ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladığını, qurudulmuş marixuanadan istifadə etdiyini, əlavə olaraq Sabunçu rayonunda yerləşən yaşadığı mənzildə də narkotik maddə saxladığını, mənzildəki narkotik maddələri də təqdim edə biləcəyini, mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanına getmişlər və sonuncuya evində hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağındakı dolabın üst hissəsində gizlətdiyi bir ədəd yaşıl rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içindən bir bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə, bir bükümdə, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd sellofanda açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər maddə, 800 ədəd metadon həbinə bənzər həblər, bir ədəd elektron tərəzi və narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər aparılan iki ədəd dəftər aşkar olunmuşdur. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, qablaşdırma üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd dəftər də götürülmüşdür. Həmin dəftərlərdə onun narkotik vasitələrin satışı ilə birbaşa məşğul olmasını təsdiq edən çoxsaylı qeydlər müəyyən olunmuş, Təqsirləndirilən şəxs özü də etiraf edərək bu yazıların satdığı narkotik vasitələrlə bağlı olduğunu etiraf etmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarışı keçirilərkən sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop madə olan metamfetaminə bənzər kütləni və bir ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd “Samsung” markalı, bir ədəd “Redmi” markalı mobil telefonlar, pul qabının içindən 20 manat pul, **********701970, **********994770 nömrəli bank kartları, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri aşkar olunmuşdur (cild 1, iş vərəqə 34-37). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə videoçəkiliş aparılmaqla keçirilən baxış zamanı Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağındakı dolabın üstündən bir ədəd yaşıl rəngli çantanı götürüb təqdim etmişdir. Həmin çantanın içindən bir ədəd bükümdə, ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd sellofanda açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə, 800 ədəd metadon həbinə bənzər həblər, bir ədəd elektron tərəzi və narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər aparılan iki ədəd dəftər aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 40-43). Məhkəmə-kimyəvi ekspertizanın 22 iyun 2022-ci il tarixli, 6/3478 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 4,342 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 10,808qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlələr ” yazısı və imzalar olan yaşıl rəngli çantasındakı bir ədəd bağlamada təmiz çəkisi 1025 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bağlamada təmiz çəkisi 1040 qram ağ rəngli kristalardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40“ markalanma göstəricisi olan 80 ədəd konvalyutdaki ümumilikdə 800 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və bir ədəd üzərində “DM 3“ yazısı olan elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. 800 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 32 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1029,342 qram (1 kq 29,342 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1050,808 qram (1 kq 50,808 qr) təşkli edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqdim edilmiş elektron tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, onların təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkiləri 1024,8 qram və 4,242 qram, metamfetaminin qalıq çəkiləri 1039,8 qram və 10,708 qram, metadon həblərinin qalığı 790 həb təşkil etmişdir (cild 1, iş vərəqə 50-55). Məhkəmə-bioloji ekspertizasının 22 iyun 2022-ci il 7/671 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzrəində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzrəində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazı və imzalar olan çantada təmiz çəkisi 1020,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunan elektron tərəzinin səthində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 1019,95 qram təşkil etmişdir (cild 1, iş vərəqə 56-59). Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, ünvan 4 ünvanından aşkar edilərək götürülmüş iki ədəd dəftərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, üzərində “İçərişəhər və Bakı şəhərinin” şəkilləri, “Oyal plus”, Azerbaijan”, “Baku is ancient City” və “Zaman bizi dəyişdirmir, yalnız təkmilləşdirir” yazıları əks edilmiş 40 vərəqli 16*22 ölçülü dəftərin 3-cü vərəqində “torpaq - 15600 q (satılıb-14579q), daş - 4400 qram (satılıb-4200 qram), təbiət- 5k (satılıb-4700 qram)”, “ təbiətə konum pulu - 200 m verdi, bizə verilib 11880 manat, bizə qalan xeyir 8400 manat oldu, maşına heçnədən 3500 m ziyana düşdük” yazıları əks edilmişdir. Digər vərəqdə “Maqa 100 q toz verdim, 100 q toz verdim xx.xx.2022” yazıları əks edilmişdir. (Təqsirləndirilən şəxs ifadəsinə əsasən torpaq heroin, daş metamfetamin, təbiət qurudulmuş marixuanadır). Digər vərəqlərə baxış zamanı nartkoik vasitələrin alqı-satqısı ilə bağlı qeydlərin olması müəyyən edilmişdir. Qara rəngli dəri örtüklü digər dəftərə baxış zamanı 2-ci vərəqədə “ayna 4400 kq, torpaq 15600 kq, ot- 5kq” yazıları əks edilmişdir. Bundan başqa həmin dəftərdə tarixlər və həmin tarixlərdə narkotik vasitələrin çəkiləri və aldığı pulların məbləği əks edilmişdir (cild 1, iş vərəqə 206- 223). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 avqust 2022-ci il tarixli, 4494 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 224-225). Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində ***-***-**-** olan mobil telefon nömrəsi olan “Redmi MİUİ” markalı telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən “WhatsApp” proqramında adı “Nigar” kimi qeyd olunan **********02 saylı mobil nömrəsinə narkotik vasitələrin şəkilləri, həmin narkotik vasitələrin tərəzi üzərində şəkilləri göndərilmiş, həmin nömrənin sahibi isə üzərində iran yazıları olan **********039061 nömrəli bank kartının şəklini göndərmişdir. “X10” adı ilə qeyd edilmiş +**********17 saylı mobil nömrəsinə tərəzi üzərində narkotik vasitələrin şəkilləri göndərilmiş, həmin şəxs ona təzə partiya malların gələcəyini bildirmişdir. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qoyduğu yerlərin şəkillərini çəkərək müəyyən şəxslərə göndərmiş, sonra isə həmin yerlərin dəqiq ünvanını izah etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində ***-***-**-** saylı mobil telefon nömrəsi olan “Samsung Galaxy A41” markalı mobil telefona baxış keçirilərkən telefonun şəkillər bölümünə daxil olduqda narkotik vasitə olan qururdulmuş marixuananın şəkillərini əks etdirən görüntülər və bir neçə şəxsə yeri göstərən işarələr atması müəyyən edilmişdir (cild 1, iş vərəqə 130-148). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsindən 22 dekabr 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəsinə “nagdi pula pres isdeyen var tesgil eliye bilersen?”, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəsinə “vüsal 5 metir torpaq 3 metir guzgu almaq olar” məzmunlu mesajlar göndərilmişdir (cild 1, iş vərəqə 162-205). İbtidai istintaq orqanının 17 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 239-240). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 158, 263). Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunfa Şuşa şəhərində həlak olmuşdur (cild 1, iş vərəqə 267). Azərbaycan Respublikası Qarabağ müharibəsi Əlilləri, Veteranları və X6 Birliyi tərəfindən verilmiş Ş005475 saylı xx.xx.2006-cə il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anasıİmanova Həqiqət Şəvahət qızına “şəhid ailəsi” statusu verilmişdir (cild 1, iş vərəqə 265). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Şirinov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 09 dekabr 2021-ci il tarixli qərarla barəsində amnistiya aktı tətbiq edilərək cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən özünün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını özündə əks etdirən sms yazışmalarının məzmunları, telefon yaddaşında olan şəkillər, sair dəlillərlə tam təkzib olunur. Sadalanan mötəbər sübutlarla bərabər Təqsirləndirilən şəxs Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə mərhələsində faktiki törətdiyi cinayət əməllərini tam etiraf etmiş, şəxsi istehlak üçün əldə etmə məqsədini qeyd etməsi ilə bərabər həm də satışla bağlı fəaliyyətini tam etiraf etmişdir. Bütün istinad olunanlar Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, atasının Birinci Qarabağ müharibəsi zamanı şəhid olmasını, anasına şəhid ailəsi statusu verilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 81-84). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1029,042 qram təşkil edən heroin, 1050,508 qram metamfetamin, 1019,95 qram marixuana, 790 ədəd metadon həbi və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 202 (iki yüz iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri cəmi 1029,042 qram təşkil edən heroin, cəmi 1050,508 qram metamfetamin, 1019,95 qram marixuana, 790 ədəd metadon həbi və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 202 (iki yüz iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1903/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1903/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver