Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1906/2023 23.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: 08 avqust 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1906/2023 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 12,209 qram çəkidə psixotrop maddə metamfetamini və 0,354 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Göyçay rayonu, Çayarxı kəndi ərazisinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə saat 16:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 1 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,257 qram, 2,957 qram və 3,995 qram olmaqla ümumilikdə külli miqdarda 12,209 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 0,354 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Şəxsin hərəkəti, yaxud da hərəkətsizliyi ilə başlayan və azçox müəyyən müddətə fasiləsiz olaraq davam etdirilən konkret cinayət uzanan cinayətdir. Hazırkı cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istinad edilən ictimai təhlükəli əməlin törədilməsi - 12,209 qram çəkidə psixotrop maddə metamfetamini və 0,354 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı «istintaqa məlum olmayan mənbədən əldə etməsi, üzərində saxlamaqla daşıması» ilə başlanmışdır. Onun cinayət tərkibini yaradan əməli uzanan cinayət kimi fasiləsiz olaraq törətməsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 dekabr 2022-ci il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 16:30-da Göyçay rayonunun Çayarxı kəndi ərazisində saxlanılması ilə başa çatmışdır. Yəni, Təqsirləndirilən şəxs fasiləsiz olaraq kriminogenlik mənbəyi kimi mövcudluğu məhz Göyçay rayonunun Çayarxı kəndi ərazisində göstərilən vaxtda bitmiş, kriminal vəziyyətə - uzanan cinayətə şəxsin iradəsindən asılı olmayan səbəblə - daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanması anı ilə son qoyulmuşdur. Təqsirləndirilən şəxs saxlanaraq faktiki tutulduğu andan polis əməkdaşlarının bilavasitə nəzarətində olmuş, azadlığı məhdudlaşdırılmışdır. Ona görə də sərbəst hərəkət etmək imkanından tam məhrum edildiyindən, saxlandığı andan sonrakı bütün hərəkətlər, o cümlədən Bakı şəhərinə aparılması onun iradəsi xaricində olmuşdur. Bu səbəbdən də saxlandığı andan sonrakı müddətdə, yəni Göyçay rayonundan Bakı şəhərinə aparılarkən yola sərf olunmuş vaxt ərzində polis əməkdaşlarının tabeliyində və nəzarətində olduğundan şəxsin cinayət törətməkdə davam etməsinin israrı istisna olunur. Bununla da məhkəmə qeyd edir ki, istintaq hərəkətinin aparıldığı yer cinayətin törədildiyi yer kimi qəbul edilə bilməz. Həmin istintaq hərəkətinə qədər cinayət artıq törədilmiş, cinayəti törətməkdə şübhəli bilinən şəxs isə saxlanmışdır. Buna görə də şəxsin polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddə ilə birlikdə saxlanıldığı yer cinayətin törədildiyi son yer kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənatə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin törədildiyi yer aşkar müəyyəndir, yəni Göyçay rayonunun ərazisidir. Məhkəmə gəldiyi bu qənaəti qanuni, əsaslı və mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Göyçay rayonu Şəki Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1906/2023 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 21 sentyabr 2023-cü il tarixdə bitdiyindən hazırkı cinayət işinin aidiyyəti məhkəməyə daxil olması və iş üzrə hazırlıq iclası təyin edilib keçirilənədək sərf olunacaq müddət nəzərə alınmaqla seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətinə uzadılması zəruridir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu, 69-cu, 74-cü, 75-ci, 299.3.5-ci və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1906/2023 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 21 oktyabr 2023-cü il tarixədək uzadılsın. Hazırkı qərarın surəti qətimkan tədbiri ilə bağlı hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1906/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1906/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver