Məhkəmə qərarları › İş №1(101)-1908/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1908/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1908/2023 14.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ “Cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə” Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir. Həmin cinayət işi 14 sentyabr 2023-cü il tarixə məhkəmənin hazırlıq iclasına təyin edilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İbrahim Əliyevin direktor olduğu "xxxx" MMC-nin faktiki sahibi olmaqla özünü nüfuzlu iş adamı kimi təqdim edib "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 etibarını qazanmaqla sonuncunun 06 may 2022-ci il tarixdə Belarusiya Respublikasından ölkəyə idxal etdiyi cəmi 40 ton çəkidə, hər kiloqramı 2 manat 90 qəpikdən olmaqla 116.000 manat dəyərində paketsiz toyuqları qısa müddət ərizində pulunu ödəyəcəyinə yalandan vəd verib inandırmaqla aldadaraq, 06 may 2022-ci il tarixdə həmin toyuq məhsulları ünvan 1 ünvanında yerləşən "xxxx" MMCnin anbarına yerləşdirilməsinə nail olduqlan sonra 06 may 2022-ci il tarixdən həmin ayın sonunadək olan müddətdə götürərək oğlu İbrahim Əliyevlə həmin toyuqların satışını təşkil edib, satışdan əldə etdikləri pulları ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda cəmi 116.000 manat ( yüz on altı min) maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, özünü oğlu İbrahim Əliyevin direktor olduğu "xxxx" MMC-nin faktiki sahibi olmaqla özünü nüfuzlu iş adamı kimi təqdim edib Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən «Kapital Bank»m Gənclik filialından 04 may 2022-ci il tarixdə Belarusiya Respublikasına göndərdiyi maddi vəsait hesabına "xxxx" MMC tərəfindən Belorusiya Respublikasından Azərbaycan Respublikasına idxal olunan iki yük avtomobilində, hər yük avtomobilində 1667 qutuda 20.004 kq olmaqla, ümumilikdə 40.008 kq içalatı çıxarılmış 2-ci növ bütöv toyuqları 27 may 2022-ci il tarixdə və 2 yük avtomobilində, hər yük avtomobilində 1667 qutuda 20.004 kq olmaqla, ümumilikdə 40.008 kiloqram dondurulmuş, içalatı çıxarılmış polietilen paketdə 2-ci növ bütöv toyuqları 09 iyun 2022-ci il tarixdə onun adından "xxxx" MMC-nin anbarına saxlanca verilməsinə nail olduqdan sonra 09 iyun 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək olan müddətdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin anbarından zərərçəkmiş şəxsin məlumatı olmadan oğlu İbrahim Əliyevlə hər kiloqramı 2 manat 65 qəpik olmaqla ümumi dəyəri 106.021,2 (yüz altı min iyirmi bir manat iyirmi qəpik) manat 40.008 kiloqram paketsiz 2-ci növ toyuqları və hər kiloqramı 2 manat 75 qəpik olmaqla ümumi dəyəri 110.022 (yüz on min iyirmi iki ) manat olan 40.008 kiloqram polietilen paketli 2-ci növ bütöv toyuqları götürüb, satışından əldə etdiyi pulları vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 külli miqdarda cəmi 216.043,2 (iki yüz on altı min qırx üç manat iyirmi qəpik) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X1 Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində içərisində yarımtikili olan 0,03 ha torpaq sahəsini satacağına, sonuncunun adına çıxarış alacağına dair yalandan vəd verib inandırmaqla aldadaraq 28 dekabr 2022-ci il tarixdə beh olaraq Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindəki həmin torpaq sahəsinin yanında 500 manat, 29 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Məzahir Dostuyevdən 4.500 manat, 2023-cü ilin yanvar ayininin əvvəllərində X2 **********854930 nömrəli «Kapital bank» kartı hesabına köçürülmüş 2.000 manat pulu, 2023-cü ilin mart ayının əvvəllərində yenə həmin bank kartı hesabına köçürülmüş 500 manat pulu ələ keçirib, sonra isə oğlu X3 ilə güya torpaq üzərində qoyulmuş məhdudiyyəti aradan qaldırmaq məqsədi ilə ünvan 3 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron ərazi İdarəsinin qarşısında 2.500 manat, sonra isə hissə-hissə olmaqla X2 ********* ******* nömrəli «Kapital bank» kart hesabına 1.900 manat, sonuncu dəfə isə 05 aprel 2023-cü ildə yenə həmin hesaba ünvan 5 ünvanında yerləşən «E-Manat» ödəmə terminalı vasitəsi ilə köçürülmüş 100 manat pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs X1 xeyli miqdarda cəmi 12.000 (on iki min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttihamın mahiyyətindən göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda cəmi 116.000 manat ( yüz on altı min) maddi ziyan və təkrarən Zərərçəkmiş şəxs2 külli miqdarda cəmi 216.043,2 (iki yüz on altı min qırx üç manat iyirmi qəpik) manat maddi ziyan vurması ilə əlaqədar ağır cinayət əməllərini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində törətmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X1 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyanın vurulması ilə əlaqədar törədilmiş cinayət əməlinin Bakı şəhəri ərazisində başa çatmasına əsaslanaraq, ümumilikdə cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olması qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, yalnız X1 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyanın vurulması ilə əlaqədar törədilmiş cinayət əməli üzrə sonuncu dəfə 100 manat məbləğinin zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “E-Manat” terminalı vasitəsilə ödənilməsinin cinayət işinin aidiyyətinin müəyyən edilməsi üçün əsas hesab olunması düzgün hüquqi mövqe deyildir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 4-cü bəndində qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Əsas məqam isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 ittihamda qeyd edildiyi kimi 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurduğu halda, onun qeyd edilən maddi ziyanla bağlı əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.5ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hər birinə ayrıayrılıqda vahid niyyətlə maddi ziyan vursa da, ümumilikdə onun zərərçəkmiş şəxslərə maddi ziyan vurması ilə əlaqədar cinayət əməli vahid niyyətlə əhatə olunmamışdır. İttihama əsasən, Təqsirləndirilən şəxs ağır cinayətlər kateqoriyasına aid olan sonuncu cinayət əməlini 09 iyun 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək olan müddətdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində törətmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-468/2022 nömrəli Qərarlarından görünür ki, hazırki cinayət işinə baxan məhkəmə tərkibinin aidiyyət məsələsi ilə əlaqədar gəldiyi nəticə, analoji məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarında əsas götürülmüş hüquqi mövqeyə uyğundur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarının 8-1.1-ci bəndinə əsasən, Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Məhkəmə tərkibi yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 avqust 2023-cü il tarixədək uzadılmış, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının yekun qərarı elan edilənədək dəyişdirilmədən saxlanılmışdır. Hazırkı cinayət işinin aidiyyəti məhkəməyə daxil olması və iş üzrə hazırlıq iclası təyin edilib keçirilənədək sərf olunacaq müddət nəzərə alınmaqla seçilmiş həbs qətimkan tədbirinin 2 (iki) ay müddətinə uzadılması zəruridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69, 74, 75, 299, 300.1.4, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1908/2023 nömrəli cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 2 (iki) ay müddətinə, yəni 24 oktyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti qətimkan tədbiri ilə bağlı hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar