Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1911/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, 8-ci Viyezdnoy küçəsi, ev 22-də qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 10 dekabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin" adlanan ərazidən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,140 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 11 dekabr 2023-cü il tarixdə saat 09:30-da Bakı şəhəri, Yasamal rayonu, 8-ci Vıyezdnoy küçəsi, 22 saylı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibində bir ədəd şəffaf sellofana bükülmüş bükümdə külli miqdarda təmiz çəkisi 3,140 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 4 dəfə məhkum olmuşdur. O, əvvəllər narkotik vasitələrdən istifadə etsə də çox istifadə etməmişdir. O, narkotik vasitə olan «patıdan» istifadə etmişdir. O, narkotik vasitəni müxtəlif yerlərdən alır, açıq satan şəxslər də var amma adlarını deyə bilməz. 10 dekabr 2023-cü il tarixində tanımadığı şəxsdən 3 qram narkotik vasitəni 20 manata almışdır. 11 dekabr 2023-cü il tarixində səhər saat 09:00-da ya da saat 09:30-da polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, “Sovetski” ərazisində yaşayır. İttiham aktında yazılanlar düzgün deyil. Çünki onun “Sovetski”–dən “Papaninə” yeriməyə ehtiyacı yoxdur. O, yaşadığı ünvanın qabağında dayanmamış, çünki o onu tutan polis əməkdaşlarını tanıyır əgər o onları görsə imiş qapını bağlayarmış. Üstündə olan narkotik vasitənin miqdarı yarım qramdan da az imiş. O, bu yaşına kimi oğurluq etməmişdir. Polis əməkdaşları onu döyməmişdir. Elan olunmuş cinayət işinin 94-95-ci vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahatı, ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 96-cı vərəqəsində olan izahatında, 111-113 və 124-126-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...20 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Nəsimi rayonu Papanin adlı ərazidə tanımadığı 55-60 yaşlı bir kişidən 20 manat verərək heroin almışdır. Həmin günün səhərisi, yəni xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində yaşadığı ünvanın qarşısında dayanan zaman iki nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal polis idarəsinə dəvət etmişlər. ...Üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi təklif olunduqda əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı içərisində heroin olan bükümü masanın üzərinə qoymuşdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolu və izahatı oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Təxminən 11 dekabr ya da 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Bölmənin kiçik əməliyyat inspektoru, polis baş serjantı Şahid2la birgə Bakı şəhəri, Yasamal rayonu, 8-ci Vıezdnoy küçəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla İdarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümü təqdim edərək həmin maddənin heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin heroini bir gün əvvəl gecə saatlarında Nəsimi rayonu, Papanin ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs özü könüllü hər şeyi etiraf etmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 62-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin rəisi, polis mayoru Anar İbrahimovun 11 dekabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 11 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsnin 12 dekabr 2023-cü il tarixli, 5(004)-1340/2023 nömrəli qərarından görünür ki, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 11 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 65-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirovun 11 dekabr 2023-cü il tarixli, 3-13- 53/Ə411/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim etmiş, bükümün içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmin 01 ədəd bükümdə olan heroini o, bir gün əvvəl gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlandığını bildirmişdir. Həmin bükümə baxış keçirdikdə, içərisində spesifik qoxuya malik, tünd qəhvəyi rəngli heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd «DVD» diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd polietilen sellofan bükümü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir və həmin büküm açılır və içərisində tünd qəhvəyi tozşəkilli maddə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sual verilir, o həmin maddənin narkotik vasitə heroin olduğunu xx.xx.2023-cü il tarixdə «Papanin» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirir. Həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Cinayət işinin 102-105-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6347 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə” “imza” “Təqsirləndirilən şəxs” və digər ad, soyad, imza, yazılar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,140 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə!ər»-in İ siyahısına daxildir. Cinayət işinin 168-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-dən daxil olmuş 20 yanvar 2024-cü il tarixli, 275/74 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Kamran Əliyevin 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, X1 məxsus zirzəmidən oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-dən daxil olmuş 07 aprel 2024-cü il tarixli məktubdan görünür ki, X1 məxsus zirzəmidən oğurluq edilməsi faktı üzrə cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 10 aprel 2024-cü il tarixli cinayət işinin digər cinayət işinə birləşdirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi iləistintaqı aparılan cinayət işinə sonuncunun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 235-242-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 25 may 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində oğurluq cinayətinin tərkibi olmadığından, qeyd edilən fakt üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 247-249-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 25 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, lakin saxlanılan zaman üzərində yarım qramdan az narkotik vasitə olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə istintaq və təhqiqat orqanına verdiyi izahatından və ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanuna əsasən narkotik vasitə olan “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 163-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Xalq Məhkəməsinin 15 iyun 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-2ci maddəsi ilə təqsirli bilinərək 02 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmiş; Yasamal Rayon Xalq Məhkəməsinin 22 iyul 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarının 1.4-cü maddəsinə əsasən azad edilmiş; Yasamal Rayon Xalq Məhkəməsinin 07 iyun 199-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən 01 il 11 ay 08 gün əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmiş; Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən CM-nin 77-ci maddəsi ilə 9 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad olunmuş; cinayət işinin 229-234-cü vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 172-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X3 məhkəmə-narkoloji ekspertizasının 23 dekabr 2023-cü il tarixli, 8415 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 175-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 3590 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 83-cü vərəqəsində olan 11 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 136-137-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 4(004)-965/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,090 qram qalan heroin məhv edilməli, şəxsi axtarışı əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,090 qram qalan heroin məhv edilsin. Şəxsi axtarışı əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1911/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1911/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver