Məhkəmə qərarları › İş №1(101)-1912/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1912/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1912/2022 13.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, 4 may 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ev 14-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, Yeni massivdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə, həmçinin silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, Yeni massivdə yaşadığı evin qarşısında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə küçədə olan digər şəxslərin gözü qarşısında, onunla münasibətlərini aydınlaşdırmağa gəlmiş Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 ilə uca səslə mübahisə edib ünvanlanlarına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək evindən götürdüyü baltanı nümayiş etdirməklə onları vuracağı, xəsarət yetirəcəyi ilə hədələyib qanuna zidd hərəkətlərini davam etdirərək küçədə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 uca səslə söyərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə yerdən götürdüyü daşla avtomobilin mühərrik örtüyünə (kapotuna) vuraraq Zərərçəkmiş şəxs2 150 manat maddi ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri etmiş, bununla kifayətlənməyib öz hərəkətlərini xüsusi qərəzli formada inadla davam etdirərək evdən götürdüyü bıçaqla qəsdən silah qismində istifadə olunan əşyanı tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs1 1 dəfə sağ döş və qarın boşluğuna, 1 dəfə isə üz nahiyəsinə vurmaqla xuliqanlıq edərək ona burun-üst dodaq nahiyəsinin 1 ədəd deşilmişkəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid yoğun bağırsağın zədələnməsinə, sol tərəfli hemopnevmotoraksa səbəb olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən və həyat üçün təhlükəli olan 1 ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bir məhəllədə yaşadıqlarına görə onu uşaq vaxtından tanımış, düşmənçiliyi ve ədavəti olmamışdır. Özü təxminən 1 il heroindən və metafetamindən istifadə etmişdir. Şirzad da narkotik vasitə heroindən istifadə etmiş və son vaxtlar ona məlum olmuşdur ki, Şirzad narkotik vasitələrin satışı ilə də məşğul olur, hətta 16 yaşlı Fəxri adlı məhəllə uşağına da narkotik vasitə satdırır. Fəxrinin anası o tutulmazdan 1 ay əvvəl ona bu barədə məlumat verib şikayətlənmişdir. O da bu barədə Şirzada irad bildirdikdə Şirzad boynuna almamışdır. Əsl adını bilmədiyi Zabrat qəsəbəsində yaşayan qonşusu Şoşu adlı şəxs onun ünvanına söz yaymışdır ki, guya o, Fəxrini öyrətmişdir ki, Şirzaddan narkotik alması barədə danışsın, Şirzad da onun adına nalayiq ifadələr işlətmişdir. 18 iyun 2022-ci ildə saat 23 radələrində yaşadığı evdə olarkən Şirzad evinin darvazasının üzərinə çıxıb, darvazanı möhkəm vuraraq qışqır-bağırla onu çağırmış, o da darvaza qapısını açdıqda Şirzad və arxası ilə onun hərbiçi qardaşı Şirxan həyətə daxil olmuşlar. Şirzad onun üzərinə hücum çəkib boynundan tutub onu yerə yıxmış, o, Şirzada müqavimət göstərsə də, Şirxan başına boru ilə vurmuşdur. Daha sonra Şirzad əlində olan iti parıltılı bıçaqla sifətinə tərəf zərbə atanda, o, sifətini arxaya çəksə də, bıçaq sifətini cızmış, o isə müqavimət göstərməyə davam etmişdir. Şirxanla Şirzad ona yumruq və təpiklə zərbə endirməyə davam etmişlər. Şirzad ona yenə bıçaqla vurmaq istədikdə o, bıçağı ayağı ilə Şirzadın əlindən düşürməyə çalışmışdır. Bir qədər özünü itirdikdən sonra özünə gəldikdə ətrafın qan olduğunu görmüşdür. Bundan sonra darvazadan çıxıb mağazaya gedərək 1 ədəd 250 ml araq alıb yarısını yarasına tökmüş, yarısını da içə-içə evə qayıtmışdır. Həmin hadisə vaxtı Şirxanla Şirzadın yanında başqa 3-4 nəfər şəxs də olmuş, lakin həmin şəxslər ona ancaq arxadan zərbə endirdiklərindən üzlərini görə bilməmişdir. Hadisədən sonra həyat yoldaşı və bacısı gəlib yaralarına baxmış, daha sonra isə polis əməkdaşları gəlmişdir. Şirzadı etdiyi əmələ görə “WhatsApp” proqramı vasitəsilə yazaraq təhqir etmişdir. Hadisə o, Şirzadı mobil telefonda təhqir etdikdən 3-4 gün sonra baş vermişdir. Şirzad darvazanı döyərkən ona qarşı nalayiq ifadələr işlətmişdir. Hadisə günü içkili olmamış, sadəcə gündüz saatlarında 1 ədəd “Go” içkisi içmişdir. Şirxanın əlində parlaq nəsə olduğunu görüb, xəsarət aldıqdan sonra həmin əşyanın bıçaq olduğunu anlamışdır. Şirzadın bədənində olan xəsarətləri, ola bilsin ki, bıçaqdan qorunmaq üçün müqavimət göstərən zaman ona yetirmişdir. Müdafiə olunmaq üçün əlinə heç bir deşici-kəsici alət almamışdır. Şirzadgil onu artıq ölümcül vəziyyətə gətirdikdən sonra çıxıb getmişlər. Şirxanın avtomobilinə heç bir zərbə endirməmişdir. Onda balta olmamışdır. Şirzadgil təxminən 5 nəfər olmuşlar. Hadisə zamanı ona hücum edən 5 nəfər və ondan başqa ətrafda heç kim olmamışdır. Şirzadgil o, qapını açdıqdan sonra onun həyətinə daxil olmuşlar. Hadisə evinin həyətində baş vermiş, mübahisə vaxtı evinin həyətindən çıxmamışdır. Mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Şirzadgil getdikdən təxminən 10 dəqiqə sonra marketə getmişdir. Hadisədən sonra evinin həyətində və pilləkənlərdə qan ləkələri olmuşdur. Hadisə günü evdə tək olmuş, həyat yoldaşı onun anasının yaşadığı evə getmişdir. Şirzad və Şirxanın evinə gələcəklərindən xəbəri olmamışdır. Anar ona xəsarət yetirməmişdir. Hadisə vaxtı onda bıçaq olmamışdır. Həyətinə daxil olanlardan yalnız Anar, Şirzad və Şirxanı tanımışdır. Baş vermiş hadisədə onun heç bir günahı yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması zərərçəkmiş şəxslərin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təsdiq edildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir məhəllədə yaşadıqlarına görə uşaqlıqdan tanımışdır, Zahid ondan 7-8 yaş böyükdür. Zahidin narkotik vasitə istifadəçisi olmasını eşitmişdir. Təxminən 1 ildir ki, ona məlum olmayan səbəbdən Zahid ona qarşı qərəzlilik, gözü götürməzlik etməyə başlamışdır. Zahidin onun arxasınca təhqiramiz sözlər işlətməsini eşitmişdir. 2022-ci ilin may ayında Zahidə irad bildirərək, həmçinin narkotik qəbulundan uzaq olmasını, ailəsi ilə məşğul olmasını tövsiyə etmişdir. Zahid ise bunu səmimi qəbul etməmişdir. Sonrakı 1 ay müddətində Zahid mobil nömrələrinə zəng edərək onu təhqir etməyə başlamışdır. Zahidin bu hərəkətləri narkotik vasitənin təsiri altında etmiş olduğunu başa düşüb cavab qaytarmamışdır. Həmin vaxt Zahidin nömrəsini bloklamışdır. Bundan sonrakı bir həftə ərzində Zahid qardaşı Şirxana da zəng edərək narahat etməyə başlamış, Şirxanın vasitəsi ilə onu görüşə çağırmışdır. 18 iyun 2022-ci il tarixdə saat 23 radələrində Şirxanla birlikdə Şirxanın idarə etdiyi “Mercedes” markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobil ilə təşəbbüsü ilə Zahidlə görüşmək üçün sonuncunun yaşadığı Zabrat qəsəbəsi, Tramvay küçəsində “Əli” marketin yaxınlığındakı evə getmişlər. O, Zahidin evinin həyət darvazasını döyərkən Zahid qapını açmış və bu vaxt Zahidin qohumu Anar oraya gəlmişdir. Zahid qapını açıb bayıra çıxdıqda arxasında Şirxanı gördüyünü anlayaraq Zahidə demişdir ki, “buraya söhbət etmək üçün tək gəlmişəm, qardaşım məni sadəcə yolüstü düşürmüşdür, məqsədim nəyə görə məni narahat etməsinin səbəbini aydınlaşdırmaqdır”. Bu vaxt Zahid onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış və həyətindən dəmir baltanı götürüb onun üzərinə gəlmişdir. O, güləşçi olduğundan Zahidi zərərsizləşdirmək üçün onu qucaqlayıb saxlamışdır. Bunu görən Anarla Şirxan da onlara yaxınlaşmış, Anar Zahidin əlindən baltanı dartıb almış, Şirxan isə onu kənarlaşdırıb özünün avtomobilinə əyləşdirmişdir. Lakin Zahid sakitləşməyərək avtomobilin qarşısını kəsib əlində olan daşla avtomobilin qabaq kapotuna zərbələr vuraraq onları söyüb, hədələmiş, eyni zamanda Zahid əli ilə öz başına vurmağa başlamışdır. O, artıq avtomobildən düşüb Zahid tərəfə gedərək avtomobili hansı səbəbə görə əzdiyini deyərək irad bildirdikdə Zahid qaçaraq evə getmişdir. O isə əsəbini sakitləşdirmək üçün yerində dayanmışdır. Bu arada Zahid qısa müddətdə evindən çıxıb onun üzərinə qaçaraq ona hücum çəkmişdir. Zahidin qolundan tutduqda sonuncunun əlində böyük və tiyəsi uzun olan bıçaq olduğunu görüb özünü müdafiə etmək üçün Zahidi itələdikdə Zahid imkan tapıb bıçaqla bir dəfə onun sol qolunun altından, bir dəfə isə burnunun sol hissəsindən dodağına kimi bıçaq çəkərək kəsmişdir. Şirxan və Anar araya girib onları ayırmış, o, taqətdən düşüb yerə çökmüş, Zahid isə qaçaraq evinə girmişdir. Şirxan və Anar onu maşınla Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Zahidin yaşadığı evə yalnız qardaşı Şirxanla birlikdə getmiş, həmin vaxt onların yanında başqa şəxs olmamışdır. Anar oraya gələndə sonuncunun yanında 3 nəfər tanımadığı şəxslər olsa da, bu şəxslər kənarda dayanıb baxmışlar. Zahidin ifadəsində onun tərəfindən hücuma məruz qalması, əlində bıçaq olması barədə göstərdiyi xüsusatlar yalandır. Zahidin bacısı və anasının yaşadığı evlə yan-yana qonşudurlar. Zahid arabir içkili olub məhəllədə səs-küy yaratmışdır. Zahidin evinə gecə saatlarında getmə səbəbi onu təhqir etmə səbəbini tezliklə aydınlaşdırmaq olmuşdur. Zahidə onun evinə gedəcəyi barədə məlumat verməmişdir. Zahid onu görəndə heç nə demədən üzərinə hücum çəkmişdir. O, Zahidlə danışan zaman qardaşı avtombildə olmuşdur. Zahidə heç bir xəsarət yetirməmişdir. Zahidin əvvəllər məhkum olunması barədə məlumatı olmuşdur. Zahid ona heç bir əsaslı səbəb olmadan baltayla hücum çəkdiyi üçün onun hadisə vaxtı özündə olmadığını düşünmüşdür. Zahidin onu təhqir etmə səbəbi ona qarşı həmişə əsassız olaraq qərəzli olması olmuşdur. Zahidlə əvvəllər də aralarında mübahisə olmuş, ümumiyyətlə, Zahid ona qarşı həmişə aqressiv olmuşdur. Ona yetirilən xəsarətlər nəticəsində 2 dəfə əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun Zabrat qəsəbəsində qonşusudur. Zabrat qəsəbəsi, Tramvay küçəsində yaşayan Təqsirləndirilən şəxs isə anasının dayısı oğludur, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zahidin narkotik vasitə istifadəçisi olmasını eşitmişdir. 18 iyun 2022-ci il tarixdə 22 radələrində metal söküntüsü işində işini qurtardıqdan sonra fəhlə yoldaşları Elxan, Şəxsiyyət və Əli ilə birlikdə yaşadıqları evə qayıdarkən Zabrat-2 qəsəbəsində, Tramvay küçəsində Zahidin evinin yaxınlığından səs-küy eşitmişdir. Həmin vaxt Zahidin evindən təxminən 100-150 metr uzaqlıqda olmuşlar. Onlar dördü də həmin istiqamətə gəldikdə Şirzadın qardaşı Zərərçəkmiş şəxs2 “Mercedes” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Zahidin evinin qarşısında olduğunu görmüşlər. Həmin vaxt Şirxan avtomobildə olmuşdur. Şirzad isə Zahidin evinin darvazasının qarşısında sonuncu ilə əlbəyaxa olmuşdur. Bu vaxt Şirzadın darvazanın qarşısında olan iri dördkünc taxta parçasını götürüb Zahidin üzərinə atmaq istədiyini görmüş və dərhal ona mane olmuşdur. Daha sonra Zahid də əsabiləşib dairəvi formalı iri taxta ilə Şirzada hücum etmək istədikdə dərhal Zahidə mane olmuş, əlindəki taxtanı götürmüşür. Həmin vaxt, eşitdiyi qədəri ilə, mübahisə Zahid ilə Şirxanın hadisədən əvvəl mobil telefonda birbirlərinə qarşı nalayiq ifadələr işlətməsinə görə başlamışdır. Bundan sonra mübahisə bir qədər sakitləşmiş və Şirzad gedib qardaşının avtomobilinə əyləşmişdir. Onlar da artıq mübahisənin bitdiyini düşünərək oradan uzaqlaşmışlar. Daha sonra Şirzadın avtomobildən düşüb yenidən Zahidin üzərinə getdiyini görmüşdür. 5 dəqiqə keçməmiş Şirxan bağıraraq “qardaşımı bıçaqladı” demişdir. Daha sonra Şirxan qardaşı Şirzadı avtomobilə əyləşdirib aparmışdır. Onlar isə yolları ilə getmişlər. Hadisə vaxtı heç kimin əlində kəsici-deşici alət görməmişdir. Onu heç kim hadisə yerinə çağırmamış, həmin istiqamətdə evinə getməli olmuş, yolunun üstü olmuşdur. Mübahisə yalnız Zahidin darvazasının çölündə, küçədə olmuşdur. Şirxan mübahisə zamanı avtomobildən düşməmişdir. Şirzadın sonradan avtomobildən düşmə səbəbini bilməmişdir. Zahidin əlində balta və bıçaq görməmişdir. Zahidin Şirzadı bıçaqlama anının şahidi olmamışdır. Şirzadın üzündə və bədənində qan görməmişdir. O, hadisə yerinə çatdıqda mübahisə darvazanın çölündə, küçədə olmuşdur. Zahidin evinin həyətinə daxil olmamışdır. Mübahisə zamanı Zahid Şirzada “qapıma niyə gəlmisən?” demişdir. Hadisə vaxtı Şirzad içkili olmuşdur. Onlar 4 nəfər olmuşlar. Hadisə vaxtı Zahid həyətə gedib yenidən küçəyə qayıtmışdır. Zahid həyətdən çıxan zaman əlində hər hansı əşyanın olmasını xatırlamır. Onlar hadisə yerindən uzaqlaşdıqdan təxminən 5 dəqiqə sonra Şirxan qardaşının bıçaqlandığını demişdir. “Mercedes” markalı avtomobili Şirxan idarə etmişdir. Şirzad sonradan avtomobildən düşüb Zahidin üzərinə gedən zaman Zahid küçədə, darvazanın qarşısında dayanmışdır. Zahid taxta ilə Şirzadı vurmamış, ona mane olmuşdur. Zahidin əlində balta olmamış, yalnız iri taxta olmuşdur. Zahidin hər hansı kəsici-deşici alətlə Şirzada xəsarət yetirməsini görməmişdir. Hadisə vaxtı nalayiq ifadə eşitməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən balta sözünü deməmişdir. İbtidai istintaq zamanı həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qohumu olan Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 18 iyun 2022-ci il tarixdə 23 radələrində o, metal söküntüsü işindən işini qurtardıqdan sonra fəhlə yoldaşları Elxan, Şəxsiyyət və taksi sürücüsü Əli ilə birlikdə yaşadıqları evə qayıdarkən Zabrat-2 qəsəbəsində, Tramvay küçəsində (A.Ələsgər) Zahidin evinin yanından keçəndə Şirxan “Mercedes” markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobildə əyləşib, qardaşı Zərərçəkmiş şəxs1 isə Zahidin evinin həyətində Zahidlə mübahisə etmiş və onlar mübahisə edə-edə darvazadan bayıra küçəyə çıxmışlar. Zahid əlinə balta alıb Şirzadın ünvanına nalayiq sözlər işlədərək onun üstünə getmiş, bu zaman Şirzad onu qucaqlayaraq tutub saxlamışdır ki, Zahid onu balta ilə vurmasın. Bunu gördükdə o və Şirxan tez onlara yaxınlaşmış və o, Zahidin əlindən baltanı dartıb alaraq Zahidin evinin həyətinə atmış və ona irad bildirmişdir ki, dava etməsin, lakin Zahid özündə olmamış və onu da nalayiq ifadələrlə söymüşdür. Onunla oradan keçən fəhlə yoldaşları Elxan, Şəxsiyyət və Əli isə sözlə Zahidi sakitləşdirməyə çalışmışlar, lakin birbaşa Zahidə yaxın gəlməmişlər, sadəcə o, qohum kimi ona yaxınlaşıb aralaşdıraraq sakitləşdirməyə çalışmışdır. Şirxan qardaşı Şirzadı aralaşdırıb öz avtomobilinə əyləşdirmişdir. O da artıq davanın sakitləşdiyini zənn edərək fəhlə yoldaşlarına yaxınlaşıb daşıdıqları armaturları aparıb uzaqlaşmaq istədikdə, yenə Zahidgilin evinin qarşısında Zahidin əlində uzun bıçaqla Şirzada hücum çəkib onu vurmasını uzaqdan görmüş, bu zaman Şirxanın qardaşı Şirzadın qışqırıq səsini də eşidib tez qaçaraq ora yaxınlaşmış, bu zaman görmüşdür ki, Şirzadın ağzı kəsilib və qan axır, böyür tərəfindən də paltarı qan içindədir. O, ora yaxınlaşdıqda Zahid kənarda evinin qabağında dayanaraq arvadını və uşaqlarını çağırırdı. O ona demişdir ki, get polisə təslim ol, Zahid də onu söyərək özü gedəcəyini deyib evinə girmişdir. O və Şirxan köməkləşib xəsarət alan Zərərçəkmiş şəxs1 Şirxanın idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşdirmiş və avtomobili Şirxan sürərək Şirzadı xəstəxanaya tərəf aparmışdır (cild 1, iş vərəqə 44-46). Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 47-50). Cinayət işinin materiallarında olan 19 iyun 2022-ci il tarixli 1/1239 saylı “Şərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 4). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi Yeni Yaşayış massivində yerləşən Təqsirləndirilən şəxs məxsus evin qarşısındakı küçədir. Hadisə yerində sağ və sol tərəfdə fərdi yaşayış evləri vardır və evin hasar divarının kənarı ilə qaz xətləri çəkilib və divarın bayır tərəfində “Azərqaz” sayğacı quraşıdılıb, həmin küçədə döngə hissədəki qaz turbasının üstündə, yerdəki mişar daşının üstündə və küçə yolunun üzərində qana bənzər səpələnmiş ləkələr olması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin küçədəki mişar daşlarının və qaz tubasının qarşısını göstərib bildirmişdir ki, 18 iyun 2022-ci il tarixdə saat 23 radələrində qonşusu Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı ona məxsus avtomobili daşla əzdikdən sonra qərəzli hərəkətlərinə görə ona irad bildirən qardaşı Zərərçəkmiş şəxs1 da hücum çəkib evdən götürüb gətirdiyi bıçaqla onu vurub xəsarət yetirmiş, həmçinin onu da bıçaqla hədələmişdir. Həmin küçədə yerə səpələnmiş qan izləri isə onun qardaşı Zərərçəkmiş şəxs1 xəsarətlərindən axan qan izləridir. Hadisə yeri və ətrafındakı evlər yoxlanıldıqda hər hansı videomüşahidə kamerası olması müəyyən edilməmiş, həmçinin hadisə zamanı istifadə edilmiş hər hansı maddi sübut əhəmiyyətinə malik ola biləcək bıçaq aşkar edilməmişdir (cild 1, iş vərəqə 7-10). Cinayət işinin materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin avtomobil “Mersedes Benz C200” markalı 90-FZ602 dövlət nömrə nişanlı avtomobildir. 1998-ci il buraxılışlıdır, mülkiyyətçisi X2r və sənədlərinə əsasən etibarnamə əsasında Zərərçəkmiş şəxs2 idarə edir. Avtomobilin qabaq kapotunun üzərində içəriyə doğru 3-4 yerdə batıq və əzilmə izləri olması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin avtomobili göstərib bildirmişdir ki, 18 iyun 2022-ci il tarixdə saat 23 radələrində qonşusu Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı qərəzli hərəkətlər edərək ona məxsus “Mersedes Benz C200” markalı 90-FZ602 dövlət nömrə nişanlı avtomobili daşla əzmişdir, sonra isə ona irad bildirən qardaşı Zərərçəkmiş şəxs1 bıçaqla xəsarətlər yetirmişdir (cild 1, iş vərəqə 11-15). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 1278 saylı 24 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın, almacıq, sol said, sol bud nahiyələrinin sıyrıqları, sol gözyuvasıətrafı, döş qəfəsi, sağ bud nahiyələrinin qançırları, sağ əl və sol ayaq nahiyəsinin səthi kəsilmiş yaralan müəyyən edilmişdir. Xəsarətlərdən alın, almacıq və sol said, sol bud nahiyələrinin sıyrıqları, sol gözyuvasıətrafı, döş qəfəsi, sağ bud nahiyələrinin qançırları bərk-küt əşyaların, sağ əl və sol ayaq nahiyəsinin səthi kəsilmiş yaraları isə kəsici kənara malik əşyanın təsirindən törənmişdir. 18 iyun 2022-ci il tarixə uyğun gəlir, sağlamlığla zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 112-113). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 14 sentyabr 2022-ci il tarixli 2173 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində yoğun bağırsağın zədələnməsinə, sol tərəfli hemopnevmotoraksa səbəb olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna keçən 1 ədəd, burun-üst dodaq nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmiş, bıçaqla yetirilə bilər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən yoğun bağırsağın zədələnməsinə, sol tərəfli hemopnevmotoraksa səbəb olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna keçən 1 ədəd deşilmiş-kəsimiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, burun-üst dodaq nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yara xəsarəti isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 127- 129). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 5 sentyabr 2022-ci il tarixli 2375 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozlması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı heab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 131-132). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 27 avqust 2022-ci il tarixli 4780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 133-134). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon məhkəməsinin 2 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2015-ci il tarixli qərarı ilə onun cəzası 1 (bir) müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 93-95). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi əvvəlki cinayətə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 3 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 193). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 29). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 69-71). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar