Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1912/2023 24.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 6,746 kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 29 mart 2023-cü il tarixdə saat 22:30-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,245 qram və 3,501 qram olmaqla, ümumi təmiz çəkisi 6,746 qram olan qəhvəyi rəngli maddələr, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə, gecə saat 3 də gəlib evinin qapısını döyüblər. O da evdə olmamışdır. Evdəkilər onun mobil telefonuna zəng vurub bildirmişlər ki, polis əməkdaşları onların evinə gəlib qapını döyüb onu axtarırlar. 5-10 dəqiqə ərzində gəlib özünü evə çatdırmışdır. Onun çoxdan tanıdığı Polis İdarəsinin rəis müavini Məhərrəm müəllimdən soruşmuşdur ki, nə olub ki, gecə saat 3 də evimə gəlmisiniz?”. Rəis müavini də ona demişdir ki, “Hacı gedək 5 dəqiqəliyə Polis Bölməsinə qayıdarıq”. O da razılaşmışıdr. Onlar birlikdə Bölməyə getmişlər. 29 mart günorta saat 4-ə kimi onu orda ac-susuz saxlayaraq Fazil Mustafanın vurulması ilə bağlı izahatı alınmış, ondan soruşmuşlar ki, “20:00-dan 22:00 kimi harda olub ?” Sonra kameralara baxıb görmüşlər ki, həmən saatlarda o, evində olmuşdur. Saat 5 də onu Bölmədən buraxmışlar. O, saat 5 də evə gəlib yatmış, iftara yaxın durmuşdur. Axşam saat 11-ə işləmiş evdən çıxmış avtomobilinə oturub avtomobilinin mühərrikini qızdırmış, bu vaxt 2 nəfər polis əməkdaşı biri tanıdığı adı Etibar olan şəxs onu Bölməyə dəvət etmişlər. O, onlara bildirmişdir ki, bölmədən bir az müddət olar qayıtmışdır. Etibar adlı polis əməkdaşı ona demişdir ki, “Namiq müəllim dedi təcili gəlsin, 5-10 dəqiqəyə hər nə qədər orda olsan, özüm sənin yanında olacağam.” O, evə qalxıb əynindəki idman şalvarını dəyişmiş, Etibargil onu aşağıda gözləmişdir. Telefonunu da evdə qoyub bölməyə getmişdir. Bölmədə ona demişlər ki, “vəziyyət xarabdır, sən tutulmalısan, sən narkotiklə olan ittihamı öz üzərinə götürməlisən.” O, bildirmişdir ki, bu vaxta kimi heç siqaret çəkməmişdir niyə narkotiki üzərinə götürməlidir. Tədqiqatçı ona 2 büküm narkotiki üzərinə götürməsini, X3 məhkəməyə çıxacağını, məhkəmədə də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəza qismində ayağına qolbaq vurub onu zaldan azad edəcəklərini bildirmişdir. O, da razılaşaraq təhqiqatçının verdiyi sənədlərə, ifadələrə imza etmişdir. Sonradan dövlət tərəfindən təyin olunmuş müdafiəçi gəlib çıxmışdır. Videoçəkilşdə təhqiqatçının istəyi ilə onu öyrətdikləri kimi danışmış, guya narkotik vasitəni 30 manata Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən almışdır. İttihamda yazılıb ki, guya polis əməkdaşları ona 22:30 radələrində evinin yanında yaxınlaşıblar. O da polisləri görən kimi həyacanlanıb özünü itirmişdir. Cibində narkotikin olduğunu bildirərək, narkotik istifadəçisi olduğunu etiraf etmişdir. Sonra da guya bölmədə vəkilin iştirakı ilə onun cibindən narkotik çıxarılıb. İzahatlara imza edəndən sonra onu aparıblar X5, 2 gün sonra müstəntiq sənədləri gətirib. Sənədlərdə onun Cinayət məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmağı yazılıb. O da izahatlara imza etməmiş və bildirmişdir ki, ona başqa cür söz vermişdilər. Dövlət tərəfindən təyin olunmuş müdafiəçi ona bildirmişdir ki, videoçəkilişdə dediyi kimi narkotiki 30 manata almağını yazsın. O, da elə də yazmışdır. Ordan da onu İstintaq Təcridxanasına gətirmişlər. İbtidai araşdırma zamanı ona heç bir fiziki zor tətbiq olunmamışdır. Ona ancaq yalançı vədlər veriblər. Guya onun evinə baxış keçirəndə ondan soruşublar, o da demişdir ki,etirazı yoxdur və vəkili ilə getmişlər evə baxış keçirməyə. Bu da yalandır. Vəkil evdə keçirilən baxışda iştirak etməyib, o ancaq vəkili bölmədə görmüşdür. İttihamda yazılıb ki, “həmin narkotik maddəni 29 mart 2023-cü il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən cəmi 30 manata öz şəxsi istifadəsi üçün alaraq əldə edib üzərində saxladığını bildirmişdir, təcridxanada yanında saxlanılan şəxslərə bildirdilər ki, heroinin qramı 50 manatdır. Bunların hamısını yazdıran polis kapitanı Vuqar olub. O da bu ifadəni vermişdir. Amma belə ifadə verməmişdir ki, 29 martda Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata narkotik vasitəni almışdır. Bu ittiham aktında onun ad və soyadından başqa yazılanların hamısı yalandır. 0, 29 mart tarixində saat 5 də bölmədən buraxıldıqdan sonra evə gəlib yatmış, iftara yaxın durmuşdur. Axşam saat 11-ə işləmiş evdən çıxmışdır. 29 martda imkan tapıb gedib narkotik ala bilməzdi. İttihamda yazılıb ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunub və guya bunlar ikisi gəlib onu tutublar. Səməndər sahə müvəkkilidir, onu sonuncu dəfə bir neçə ay bundan əvvəl görmüşdür. O bölməyə Etibarla gedəndə Səməndər onların yanında olmayıb. İttihamı qəbul etmir. Suraxanı rayon DTX-nin şöbəsinin əməkdaşları onu yaxşı tanıyırlar. Onlar bilirlər ki, nə gizlində nə də aşkarda istər ölkədaxili, istərsə ölkəxarici istər fərd şəkilində istər təşkilat şəkilində olsun, heç vaxt onun radikal dindarlarla rabitəsi olmayıb. Onun dostları və qohumları da bilir ki, həmişə radikal dindarlar cəryanını müxalif saymışdır. O, ruhanidir, dini təhsillidir. Onun 3 uşağı var, əvvəllər məhkum olunmamışdır. Bunlar ittiham aktında yüngülləşdirici hal kimi qeyd olunmamışdır. Onu ekspertizaya aparıblar, ağsaqqal bir həkim ona demişdir ki, “nə yazım sənə?” o da cavab vermişdir ki, özünüz görürsünüz də nahaqdan ordadır. İttiham aktında isə rəydə “narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür” yazılmışdır. Həbs olunmamışdan 1 ay qabaq yanvar ayının 21-də onun işində şahid olan əməliyyatçı Etibar və yaşlı bir mayor onun evinə gəlmiş, o, onlara çay da təklif etmişdir. Amma onun üçün yazıblar ki, polisə müqavimət göstərib, itaətsizlik edib. İbtidai araşdırma zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir ki, narkotik maddə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə 29 mart 2023-cü il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata 02 ədəd büküm narkotik vasitə heroin öz şəxsi istifadəsi üçün almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 29 mart 2023-cü il tarixdə təxminən saat 22:30 radəiərində Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. O, polsi əməkdaşlarını görüb həyəcanlanmış və polis əməkdaşları həyəcanlandığını görüb onu sorğu-sual etməyə başlamışlar. Bu zaman narahatlığının səbəbini üzərində narkotik vasitə olması ilə əlaqələndirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün 30-cu PŞ-nə getməyi təklif etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 30-cu PŞ-nə gəlmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində heroin olduğunu, onları öz şəxsi istifadəsi üçün Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən cəmi 30 manata alıb əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş həmin 02 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları yaşdığı evə baxış keçirilməsinin zəruri olduğunu bildirərək evinə bxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O da etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və vəkili İlə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən həyət evinə gedərək həmin evə baxış keçirmişlər. Baxış zamanı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə yaşadığı evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni 29 mart 2023-cü il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən cəmi 30 manata öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitəni aldığı şəxsin adını və digər məlumatlarını bilməmişdir. Onu yalnız sifətdən tanımışdır. Həmin şəxs arıq bədən quruluşlu, qarayanız, hündür boylu şəxs olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən polis şöbəsinə gətirilmişdir. Təhqiqat otağında videoçəkilişdə könüllü şəkildə üzərində olan narkotikə bənzər maddəni göstərmiş və üzərindən aşkar olunan maddəyə görə videoçəkilişdə olanlar sənədləşdirilərək şübhəli şəxs istintaqa təhvil verilmişdir. Şəxslə bağlı əməliyyat məlumatı ona daxil olmuşdur və əməliyyat tədbirində ondan başqa Səməndər müəllim də iştirak etmişdir. Şübhəli şəxsi yaşadığı ünvanın yaxınlığında saxlanılmış və ona qarşı heç bir təzyiq olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxsin razılığı ilə evinə də baxış keçirilmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 22:30 dəqiqədə Bakı şəhəri, ünvan 2nın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ- də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni 29 mart 2023-cü il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən cəmi 30 manata öz şəxsi istifadəsi üçün alaraq əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinin zəruri olduğu izah edilmiş və yaşadığı evə baxış keçirtməsinə etirazının olubolmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı həyət evinə onun və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun inzibati ərazisində yaşayır. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinin yaxınlığında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində əməliyyat qrupu tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış zamanı 2 büküm narkotik vasitəni özü könüllü olaraq təqdim etmişdir. Saxlanılan şəxsə qarşı heç bir təzyiq olmamışdır. O, Məhərrəmi təxminən 5-6 ildir tanıyır. Saxlanılana qədər Məhərrəmlə bağlı narkotik vasitə istifadə etməsi ilə əlaqədar heç bir şifahi və ya yazılı məlumat daxil olmayıb. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq (tutularaq) idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 22:30 radələrində Suraxanı rayon Hövsan qəsəbəsi, O.Şabanov nömrəsiz ünvanının yaxınlığında üzərində narkotik vasitələri saxlanılmasında qanunsuz daşınmasında şübhəli bilinərək Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək orada üzərinə aparılan axtarış zamanı əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli selofana bükülü içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə aşkar edilərək götürülmüşdür. Onun üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş..." sözləri və imzalar qeyd edilmiş bir zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,245 qram və 3,501 qram olmaqla, ümumi təmiz çəkisi 6,746 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs götürülmüş 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,245 qram və 3,501 qram olmaqla, ümumi təmiz çəkisi 6,746 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 6,646 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Suraxanı RPİ-nin saxlanc anbarına - kamreasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamsıanın xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları olub. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən digər sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin və ya elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün xırda bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Sadalananlardan da, göründüyü kimi, sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi (miqdarı) və narkotik vasitənin bükümlər halında olması təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən dəlil (sübut) kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, heç vaxt narkotik vasitə (psixotrop maddə) istifadə etmədiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, iş materiallarında olan ekspertiza rəyindən müəyyən olunur ki, təqsirləndirilən şəxsdə opioidlərdən istifadə halları olub və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bunundan başqa, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə etməsini və daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmiş, həm də bu etirafı zamanı narkotik vasitəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. İş materiallarından və elektron məhkəmə infortmasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin 3 uşağı var. İş materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və 3 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,646 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Suraxanı RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,646 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1912/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1912/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver