Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1913/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 2də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib 18 iyun 2022-ci il tarixə kimi onlara aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq 18 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirməklə kultivasiya etmiş, 18 iyun 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının “Xaş-Xaş 2022” tədbirlər planı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçirilən zaman külli miqdarda, yəni ümumi təmiz çəkisi 900,0 qram olan 18 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kultivasiya edilməsi aşkar edilməklə çıxardılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2019-cu il tarixdə azadlığa çıxmış, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, yuxarıda qeyd olunan ünvanda iki oğlu, yoldaşı və oğlunun həyat yoldaşı ilə birlikdə yaşamışdır. O, çəkdiyi narkotik vasitə olan marixuananın toxumlarını yığıb saxlamış və həmin toxumları əkmək qərarına gəlmişdir. O, yaşadığı həyətdə iki ev olmuş, evin birində o, yuxarıda göstərdiyi ailə üzvləri ilə birlikdə yaşamış, digər ev isə nənəsinə məxsus olmuş, orada yaşayış olmamışdır. O, həmin evin hasar qırağında həmin toxumları əkmiş, həmin toxumlardan 18 ədəd kol yetişmiş, həmin kollara o, gündəlik olaraq qulluq etmişdir. Həmin narkotik bitki olan marixuananın görünməməsi üçün bitkilərin qabağına daş düzmüş, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və narkotik tərkibli bitkilərin əkilib-becərməsində şübhələndiklərini bildirib onun evinə baxış keçiriləcəyini bildirmişlər. Ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı olmadan evində və üzərində axtarış keçirilməsinə etirazı olub-olmadığını soruşmuşlar. O da bununla əlaqədar video çəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı olmadan baxış və axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə evinə daxil olunmuş, polis əməkdaşları evə baxış keçirərkən yaşadığı evin həyət yanı sahəsinin sağ tərəfində daş hasarın yaxınlığında əkdiyi və görünməməsi üçün qarşısını daşla bağladığı marixuana narkotik bitki kolların aşkar edib qablaşdıraraq protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra polis əməkdaşları onun razılığı ilə vəkilin iştirakı olmadan onun yaşadığı evə və onun üzərinə baxış keçirmiş və heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, həmin narkotik vasitə çətənə bitkilərini öz istifadəsi üçün əkmişdir. Məhkəmədən ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 18 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə məlumat daxil olmuşdur ki, orta boylu, təxminən 55- 60 yaşlarında olan, əvvəllər məhkum edilmiş Təqsirləndirilən şəxs adlı şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərir. Alınmış məlumat barədə raportla Sabunçu RPİ-nin 14-cü PB-nın rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində ünvan 3 ünvanın qarşısında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar PB-nın digər əməkdaşı baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 18 iyun 2022-cu il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmışdır. Saxlanılan zaman müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və evində axtarış aparılmasına heç bir etirazın olmadığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, o, narkotik vasitə olan marixuananın qanunsuz saxlanılmasında, istifadəsində və narkotik vasitə tərkibli bitkilərin əkilib-becərilməsində şübhəlidir. Daha sonra Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparılmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərir. Həmin narkotik tərkibli bitkilərin özü üçün əkdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs heç bir etiraz etmədən yaşadığı evdə baxış keçirilməsi barədə razılıq ərizəsi vermiş, onlar Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi döngə 3 ev 24 daxil olmuşlar. Daha sonra video çəkilişdən istifadə edərək, o, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı Nizami Hüseynov, aqronom və Təqsirləndirilən şəxs iştirakı ilə evə daxil olmuşlar. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yanında olan üstü açıq tikiliyə tərəf getmişlər. Orada çoxlu sayda bitkiləri göstərək həmin kolların çətənə kolları olduğunu və onları öz istifadəsi üçün əkdiyini bildirmişdir. Həmin bitkilər qeyd olunan şəxslərin iştirakı ilə torpaqdan çıxarılmış, sayılmış və torbalara yığılaraq qablaşdırılıb möhürlənmiş, həmin bitkilərin sayı 18 olduğu müəyyən edilmişdir. Bundan sonra tərəflərindən baxış keçirilmiş, lakin baxış zamanı əməliyyat marağı kəsb edən başqa əşya, maddə və ya predmet aşkar olunmamışdır. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. 18 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə məlumat daxil olmuşdur ki, orta boylu, təxminən 55-60 yaşlarında olan, əvvəllər məhkum edilmiş Təqsirləndirilən şəxs adlı şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərir. Alınmış məlumat barədə raportla Sabunçu RPİ-nin 14-cü PB-nın rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində ünvan 3 ünvanın qarşısında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar PB-nın digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 18 iyun 2022-cu il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmışdır. Saxlanılan zaman müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və evində axtarış aparılmasına heç bir etirazın olmadığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, o, narkotik vasitə olan marixuananın qanunsuz saxlanılmasında, istifadəsində və narkotik vasitə tərkibli bitkilərin əkilibbecərilməsində şübhəlidir. Daha sonra Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparılmış, söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərir. Həmin narkotik tərkibli bitkilərin özü üçün əkdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs heç bir etiraz etmədən yaşadığı evə baxış keçirilməsi barədə razılıq ərizəsi vermişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi döngə 3 ev 24 daxil olmuşlar. Daha sonra video çəkilişdən istifadə edərək, o, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı Nizami Hüseynov, aqronom və Təqsirləndirilən şəxs iştirakı ilə evə daxil olmuşlar. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yanında olan üstü açıq tikiliyə tərəf getmişlər. Orada çoxlu sayda bitkiləri göstərək həmin kolların çətənə kolları olduğunu və onları öz istifadəsi üçün əkdiyini bildirmişdir. Həmin bitkilər qeyd olunan şəxslərin iştirakı ilə torpaqdan çıxarılmış, sayılmış və torbalara yığılaraq qablaşdırılıb möhürlənmiş, həmin bitkilərin sayı 18 olduğu müəyyən edilmişdir. Bundan sonra tərəflərindən baxış keçirilmiş, lakin baxış zamanı əməliyyat marağı kəsb edən başqa əşya, maddə və ya predmet aşkar olunmamışdır. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/652 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...” yazı və imzalar olan torbada 18 ədəd yaş vəziyyətdə ümumi çəkisi 900,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkiləridir. Təqdim edilmiş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (iş vərəqə 42-45) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5856 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 114-115) İş materiallarında olan mütəxəssis X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aqronom rəyindən görünür ki, qeyd edilən tarixdə vət. Təqsirləndirilən şəxs məxsus həyətyanı sahənin yuxarı sağ tərəfində hasarın dibində qorunmuş şəraitdə dibçəkdə və torpaqda tərkibində narkotik olan çətənə bitkilərinin əkilməsi müşahidə olundu. Aşkar olunan narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq göstərilmiş, kultivasiya tədbiri yerinə yetirilmişdir. Çətənə bitkiləri kökü ilə birlikdə torpaqdan çıxarıldı və sayının 18 ədəd olduğu müəyyən edildi. Bitkilərin hündürlüyü ortalama 15-45 sm olmuşdur. (iş vərəqə 35) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” və xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3 ev 24 ünvanın həyətində yerləşən xüsusi ayrılmış yerə baxış keçirilir. Video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs ağ rəngli köynək geyinmişdir. Video çəkilişin davamında təhqiqatçı Nizami Hüseynov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, daha sonra alınmış məlumatla əlaqədar evində və həyətyanı sahəsində baxış keçirmək və alınmış məlumatın həqiqətə uyğun olub-olmaması araşdırılır. İlk öncə iştirakçılarla birlikdə evin həyətində olan ağacların arxa hissəsində ayrılmış xüsusi yerə daxil olunur və orada sağ tərəfində çətənə (kannabis) bitkilərinə oxşar bitkilərin yetişdiyi görünür. Daha sonra mütəxəssis həmin bitkilərin çətənə (kannabis) bitkisini olduğunu qeyd edir. Həmin bitkilər iştirakçıların gözü qarşısında dərilir. Görüntünün sonunda Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyi yerdən dərilmiş narkotik tərkibli çətənə(kannabis) bitkiləri sayılaraq torbalara yığılıb möhürlənməsi müşahidə edilir. Daha sonra video görüntüdə müşahidə olunur ki, sonda protokol oxunur və iştirakçılar tərəfindən imzalanır. (iş vərəqə 15-18, 78) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli ***-**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə almış şəxsi müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 93) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 900,0 qram təşkil etmiş çətənə(kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 899,46 təşkil edən çətənə (kannabis) bitkisi saxlanması üçün Sabunçu RPİ-in maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (iş vərəqə 80) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini, ekspert rəylərini, mütəxəssis rəyini, şahid ifadələrini və iş materiallarında olan digər mötəbər sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, onların mötəbərliyi şübhə doğurmur və həmin sübutlar Təqsirləndirilən şəxs təqsirli olduğunu sübut edir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə növü tərkibində narkotik maddələr olan bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən torpaq sahəsində qanunsuz olaraq əkilib yetişdirməklə külli miqdarda ümumilikdə əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini kultivasiya etmişdir. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş ümumi təmiz çəkisi 900,0 qram olan 18 ədəd yaş vəziyyətdə əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Ağamov X1 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il Xətai rayon Məhkəməsinin xx.xx.2019-il tarixli qərarı ilə 06 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. (iş vərəqə 106-113) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi yaranır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi halı müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd edir və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi halını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-533/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 32, 70-72) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 5856 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 900,0 qram narkotik vasitə çətənə bitkisindən ekspertiza tətqiqatından sonra qalıq qalan 899,46 qram çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş qalıq çəkisi 899,46 qram olan çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1913/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1913/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver