Məhkəmə qərarları › İş №1(101)-1918/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1918/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1918/2022 21.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Əliyev Samir İmamverdi oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 dekabr 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, cəzası 03 ilə endirilmiş, 19 iyul 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi - 3,134 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 16 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qəbristanlığın yaxınlığında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilmiş və şöbədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən, bir ədəd sellofan bükülüdə, ümumi təmiz çəkisi 3,134 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni müxtəlif üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən alırmış. 16 sentyabr 2022-ci il tarixində, saat 15 radələrində yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsində qəbristanlığın yanı ilə piyada gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onlar ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini demişlər. O, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə Şöbəyə getməli olduğunu demişlər. O, etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Orada otaqların birinə onu aparmışlar və polis əməkdaşları ona bir büküm narkotik vasitə vermiş və onu əynində olan şalvarın cibinə qoymağını, çəkiliş aparacaqlarını, çəkiliş zamanı həmin bükümü çıxardaraq təqdim etməyini istəmişlər. O, razılaşmamış, bükümün ona məxsus olmadığını demişdir. Bu zaman polis əməkdaşları ona psixi təsir göstərərək dediklərini etməyəcəyi halda ona qarşı fiziki zor tətbiq edəcəklərini bildirmişlər. O da polis əməkdaşlarının dediklərini etməyəcəyi halda fiziki zor tətbiq edəcəklərindən ehtiyat etdiyi üçün onların dedikləri ilə razılaşmışdır. Təqdim etdikləri bir ədəd sellofan bükümü şalvarın cibinə qoymuşdur. Bundan sonra videoçəkilişlə üzərinə baxış aparılmışdır. Çəkiliş zamanı o polis əməkdaşları bildirdiyi qaydada, polis əməkdaşlarının verdiyi bir ədəd bükümdə olan narkotik vasitəni cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümdə olan maddənin nə olduğu, eyni zamanda haradan, nə məqsədlə, neçəyə əldə etdiyi soruşulduqda, bükümdə olan maddənin narkotik vasitə “kokos” olduğunu, onu bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, üzdən tanıdığı, digər anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını demişdir. Bundan sonra müxtəlif sənədlər tərtib edilmiş və həmin sənədləri o da imzalamışdır. Onu polis əməkdaşları saxlayaraq polis şöbəsinə apararkən onda heç bir narkotik vasitə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitədən istifadə etmişdir. Onu ekspertizaya aparmışlar, lakin ondan qan analizi almamışlar, bir iki sual vermişlər. O, əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Üzərinə şəxsi axtarış aparılarkən vəkil iştirak etməmişdir. Elan olunmuş cinayət işinin 29-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olnumuş imza onun imzasına oxşayır. Videoçəkiliş zamanı narkotiki cibindən çıxarıb təqdim etmiş və ona məxsus olmasını demişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan olunmuş, izahatın sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-33-cü vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Təxminən 1 gün bundan əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyim şəxsdən narkotik vasitə olan kakos alaraq istifadəm üçün üzərimdə saxladım. xx.xx.2022-ci il tarixdə 15 radələrində mən Sabunçu rayonu, Balaxanı qəsəbəsi ilə piyada hərəkətdə olan zaman iki nəfər şəxsi gördüm. Onlar mənə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdilər və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istədilər. Üzərimdə heç bir sənəd olmadığından və ifşa olunmağımdan qorxaraq mən onlardan yayınmağa çalışdım. Lakin onlar məndən şübhələndilər və 12-ci PŞ-nə dəvət etdilər. ...Bu səbəbdən mən göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə kokosu təqdim etdim. ...Üzərimdən aşkar edilərək götürülmüş kokosu mən 1 gün bundan əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığım adını bilmədiyim şəxsdən 30 manata öz istifadəm üçün alaraq üzərimdə saxladım. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasına oxşayır. Lakin izahatı təsdiq etmir. Ona demişlər buna imza etsin, o narkotik vasitənin ona məxsus olmasını demişdir. Onu döyməmişlər, ons psixi təsir etmişlər. Elan olunmuş cinayət işinin 46-47 və 58-59-cu vərəqələrində olan şübhəli şəxsin dindirilməsi barədə protokollarına və protokollarda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolları təsdiq edir. Lakin, o, həmin protokollara imza etməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rpi-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, 16 sentyabr 2022-ci ii tarixində, saat 15:00 radələrində şöbənin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında xidmət apardığı zaman bir nəfər şəxsin özünü şübhəli aparıldığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs özünü həyəcanlı aparmasından şübhələnərək ona şöbəyə getməyi təklif etmişlər.Sonra birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişlər. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirmişlər və onun gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı, polis kapitanı Ruslan Əsədova həvalə edilmişdir. Ruslan Əsədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması iiə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X3 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığım bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Bükümə baxış keçirilən zaman qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddənin nə olduğu soruşulan zaman o, bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onu tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşadığını bilmədiyi şəxsdən 30 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmiş və onlar həmin protokolu imza etmişlər. Bölmədə ona qarşı heç kim fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 101-105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Təqsirləndirilən şəxs ilə aparılmış üzləşmə zamanı Şahid1 ifadəsində qeyd etdiyini Təqsirləndirilən şəxs ifşa etmişdir. Ona görə də məhkəmə həmin üzləşmə protokolu sübut növü kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları Şahid2 və Şahid1 16 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi qəbristanlığın qarşsıında xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək onu saxlamışlar, həmin şəxs onlardan yayınmağa çalışmış, onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə kokos olduğunu, təxminən 1 gün əvvəl Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə video çəkiliş aparılmışdır. Cinayət işinin 39-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2022-ci il tarixli, 6/5274 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi və “...X1 üzərindən aşkar edilərək götürülmüş maddə...saxlanılan şəxs Bədəlov İlqar imza, iştirak etdi - iki imza; Tərtib etdi: Təhqiqatçı-R.Əsədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 3,134 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 79-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 sentyabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən sellofan bükümü təqdim edir. Sellofan bükümə baxış keçirilir və bu zaman qəhvəyi rəngli maddə aşkar edilərək götürülür. Cinayət işinin 95-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-dən adxil olmuş 10 oktyabr 2022-ci il tarixli, 220051493-25801 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 101-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 oktaybr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə hazırki təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar, daha sonra onu şöbəyə dəvət etdikdə, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının cibindən 01 ədəd sellofan bükümü təqdim edərək, narkotik vasitə heroin olduğunu, tutulmamışdan bir gün qabaq şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 107-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 14 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin əldə edilməsi mənbəyinin müəyyən edilməsi üçün ayrıca material ayrılaraq əməliyyat tədbirinin davam etdirilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olduğunu, lakin, saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 sentyabr 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, cəzası 03 ilə endirilmiş, 19 iyul 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin 28 sentyabr 2022-ci il tarixli 5582 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Xanvərən oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 sentaybr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 17-ci vərəqəsində olan 16 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 71-75-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli 4(008)-794/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,084 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilməli, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,084 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilsin. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Eldar İsmayılov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar