Məhkəmə qərarları › İş №1(101)-1918/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1918/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1918/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 5 saylı Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək qarşılığında hər dəfə 700 manat pul əldə edəcəyi barədə qeyrisi ilə əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, sonuncu dəfə 26 fevral 2023-cü il tarixdə qeyrisinin tapşırığına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş külli miqdarda - təmiz çəkisi 3080 qram təşkil edən narkotik vasitə olan heroini satmaq məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 26 fevral 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanın yaxınlığında Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən sol əlindəki qara rəngli torbadan 01 ədəd qara rəngli polietilen bağlamada külli miqdarda - təmiz çəkisi 3080 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, başqa şəxsin vasitəsilə tanış olduğu Araş adlı iranlı ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, "WhatsApp” vasitəsilə yazışmış və bu şəxsdən şəxsi istifadəsi üçün dəfələrlə narkotik vasitələr almışdır. Sonuncu dəfələrdə aralarında bir qədər narazılıq yaranmışdır. Belə ki, əvvəlcə Araş narkotik vasitəni qoyduğu yeri "WhatsApp”la ona göndərmiş, o da həmin yerə gedib baxmış və ona söz verilən narkotik vasitə orada olmamışdır. Araşla əlaqə saxlayıb bu barədə məlumat vermiş və Araş növbəti dəfə narkotik vasitənin yerini göndərmişdir. Amma o yenə də gedib heroini deyilən yerdə tapmamışdır. Buna görə də əsəbiləşmiş və Araşla sərt danışıb sonuncunu təhqir etmişdir. Bundan sonra isə Araş üçüncü dəfə ona Nərimanov rayonu, Ə.Əliyev küçəsində narkotik vasitənin olduğu yeri göndərmişdir. Həmin vaxt aralarındakı danışığa əsasən Araşa göndərəcəyi 15 qram heroinə görə 1 qramı üçün 20 manat olmaqla onlayn yolla 300 manat pul ödəmişdir. 26 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində idarə etdiyi motosikletlə razılaşdıqları yerə - ünvan 2 ünvan tərəfdə yerləşən hissəyə getmiş, deyilən dəqiq yerdə narkotik vasitəni aşkar edib götürəndə torbanın böyük olduğunu görmüşdür. Çünki, Araş ona cəmi 15 qram heroin göndərməli olduğu halda həmin yerə böyük çəkidə heroin qoymuşdur. Torbanın içərisinə baxmış və orada yapışqan lentlə sarınmış - skoçlanmış bağlama görmüşdür. Bu vəziyyətdən şübhələnmiş, əlindəki torbanı və telefonu yerə atmışdır. Həmin anda əməliyyatçılar yaxınlaşıb onu saxlamışlar. Olduğu yer dalan tipli olduğundan başqa tərpənəsi yer də olmamışdır. Polislər onu İdarəyə aparmışlar. İdarədə ona tapşırmışlar ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün iranlıdan götürdüyünü bildirsin. O da deyilən kimi etmişdir. Amma əslində 3 kq heroinin hamısı ona aid olmamışdır, danışığa əsasən ona cəmi 15 qram heroin çatmalı idi. Hesab edir ki, iranlı Araşla mübahisə edib kobud sözlər dediyi üçün sonuncu onu cəzalandırmaq niyyəti ilə polis tanışları ilə əlaqəyə girib bu çəkidə heroinlə onu tutdurmuşdur. Məhkəmədən bütün bu halların nəzərə alınıb, istifadəçi kimi məhkum olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə alarkən iranlı Araş heç vaxt danışdıqları çəkidən artıq narkotik vasitə verməmişdir. Əksinə, həmişə pulunu ödədiyi miqdardan 1 qram, 0,5 qram və sair çəkilərdə əskik göndərmiş, sellofan bükülünü və sairi də çəkiyə qatmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən heroin və metamfetamini istifadə etməyə başlamışdır. 2021-ci ilin sentyabr ayında tanışı Oqtay ona iranlı Araş adlı şəxsin mobil nömrəsini verərək həmin şəxsdən daha ucuz qiymətə narkotik vasitə və psixotrop maddə ala biləcəyini bildirmişdir. O da Oqtayın ona verdiyi nömrəyə "WhatsApp” vasitəsi ilə yazaraq tanışlıq vermişdir. O, Araşa narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildirmiş və Araşdan 5 qram heroin istəmişdir. Bunun qarşılığında isə Araş ondan 70 manat pul istəyərək "WhatsApp” vasitəsi ilə “Kapital Bank”a məxsus bank kartının şəklini göndərək, pulu həmin karta göndərməyini bildirmişdir. O, karta “MilliÖn" terminalı vasitəsi ilə 70 manat ödəmiş və çekin şəklini çəkərək Araşa göndərmişdir. Araş isə ona Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yol kənarında yerləşən yol nişanının yaxınlığında gizlədilmiş narkotik vasitənin yerləşdiyi yerin şəklini göndərdikdən sonra o, həmin yerə gedərək bir bükümdə olan narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitəni istifadə etdikdən sonra yenidən bu qayda ilə dəfələrlə Araş adlı şəxsdən şəxsi istifadəsi üçün heroin və metamfetamin alaraq istifadə etmişdir. Sonuncu dəfə yəni, 23 fevral 2023-cü il tarixdə o, yenidən "WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Araşa yazaraq bu dəfə 15 qram heroin istəmişdir. Bunun qarşılığında isə Araş ona 300 manat verməli olduğunu bildirmişdir. O, Araşdan xahiş etmişdir ki, həmin 15 qram heroini hər bükümdə 1 qram olmaqla 15 bükümə ayırsın ki, o da rahatlıqla istifadə edə bilsin. Araşdan narkotik vasitəni külli miqdarda istəməyinə səbəb heroini çox münasib qiymətə satması olmuşdur. Ona görə də Araşla razılaşaraq 300 manat pulu əvvəlcədən ona göndərmiş olduğu “Kapital Bank”a aid bank kartına "MilliÖn” terminalı vasitəsi ilə göndərmiş və yenə çekin şəklini çəkərək Araşa göndərmişdir. 26 fevral 2023-cü il tarixdə, günorta saatlarında aralarında olan danışıqdan sonra Araş ona Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən yaşayış binasının yanındakı kolluqların arasında gizlədilmiş heroinin yerləşdiyi yerin şəklini göndərdikdən sonra o, həmin yerə gedərək bir ədəd qara rəngli torbanı götürmüşdür. O, torbanı götürən zaman təəccüblənmişdir, çünki, torba çox ağır olmuşdur. Araşın ona 15 qram heroin göndərməsini gözləmiş, amma torbanın içərisinə baxdıqda qara rəngli polietilenə bükülmüş bağlama görmüşdür. Bağlama çox böyük olmuş, amma həmin torbanı götürüb uzaqlaşanda, saat 19 radələrində ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov rayon Polis İdarəsinə aparmışlar. İdarədə hüquqlarının müdafiə edilməsi üçün vəkil çağırılmış, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da başqa çıxış yolu olmadığından sol əlində saxladığı içərisində heroin olmasını hesab etdiyi qara rəngli torbanı könüllü olaraq təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 75-79). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 26 fevral 2023-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin gün, saat 19 radələrində ünvan 5 ünvanına gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə o və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Turalcanın həm də motosikletlə çevik hərəkət edən birisi kimi olması müəyyənləşdirilmişdir. 26 fevral 2023-cü il tarixdə, saat 18:30-dan ünvan 5 ünvanın yaxınlığında tərəflərindən müşahidə aparılmasına başlanılmışdır. Təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hərəkətlərindən özünü şübhəli apardığını görmüşlər və ona özünü təqdim etməsini təklif edən zaman Təqsirləndirilən şəxs danışarkən suallardan yayınmağa, oradan getməyə çalışmışdır. Turalcan həm də motosikletlə olduğundan yayınma ehtimalı daha çox olduğuna görə qabaqcadan zəruri tədbirlər də görülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs rabitəsiz danışığına görə narkotik vasitələr və yaxud psixotrop maddələrin təsiri altında olduğundan, üzərində narkotik vasitələr və yaxud psixotrop maddələrin olmasından şübhələnib onu Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmış və ona təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs başqa çıxış yolunun olmadığını görərək sol əlində saxladığı içərisində heroin olan 01 ədəd qara rəngli torbanı, şalvarının sağ yan cibindən 01 ədəd “Xiaomi" markalı, “Redmi Note 9” modelli mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 26 fevral 2023-cü il tarixdə, günorta saatlarında Araş adlı şəxslə aralarında olan danışıqdan sonra Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən yaşayış binasının yanındakı kolluqların arasında gizlədilmiş yerdən götürdüyünü bildirmişdir. Sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs sol əlində tutduğu qara rəngli sellofana bükülmüş, üzərində ağ rəngli kağıza ərəb (fars) əlifbası ilə sözlər yazılmış və içərisində heroin olan 01 ədəd qara rəngli torbanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 26 fevral 2023-cü il tarixdə Araş adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 26-27, 109). Məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2023-cü il tarixli 6/1181 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №44” dairəvi möhür əksi, şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki qara rəngli polietilənə bükülmüş və üzərində ağ rəngli kağıza ərəb (fars) əlifbası ilə sözlər yazılmış bağlamadakı təmiz çəkisi 3080 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3079,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-41). Telefona baxış keçirilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı, “Redmi Note 9” modelli mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ifadələrində heroini aldığını bildirdiyi Araş adlı şəxsin +98 919 *** **** saylı mobil nömrəsinin mobil telefonun yaddaşına “Ars” olaraq qeyd olunması müəyyən olunmuşdur. Həmçinin, həmin mobil nömrədən “WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə göndərilmiş mesajlardan görünür ki, Araş adlı şəxs Təqsirləndirilən şəxs birgə işləməyi təklif edir və hər saatdığı 1 kq narkotik vasitəyə görə 700 manat pul verəcəyini bildirir. Təqsirləndirilən şəxs da onunla razılaşır, bununla yanaşı sonuncu dəfə, 26 fevral 2023-cü il tarixdə göndərmiş olduğu mesajda Araş Təqsirləndirilən şəxs 3 kq narkotik vasitəni götürüb-götürməməyi ilə maraqlanır və 700 manat pul göndərəcəyini bildirir (cild 1, iş vərəqə 54-55). Telefon məlumatlarına baxış keçirilməsi haqqında 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə ***- ***-**-** saylı mobil telefon nömrəsindən “çeti qoydum meşoka gel götür”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “tema götürməyə gedirəm; mən sənə necə başa salım ki. bunu mesaj yazma; meşokdan götür qaqaş, yatıram men”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “patı kola götürüb gedəriy”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “Şey var 10 luq?”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “qaqaş kolam var, pulumda yoxdu Özüm pis gündəyəm”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “Qaqa menem 5 m əlimdə aşaqdayam menem ruslan”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “Brat tema lazımdır wp-a girə bilmirsən?”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “Menim qardaşım başıva dönerem yarı daş ele bire pulum çatmadı; bir dene yarı torpaq əmələ gələr?; salam qaqam yarı torpaq 10 daş borcumdanda 30 manat verəcəm”, ***-***-**-** saylı mobil telefon nömrəsindən “3 qram hazırla gelem götürem” məzmunlu mesajların göndərilməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqə 155-190). Ambulator məhkəmə psixiatrik eksprtizasının 11 mart 2023-cü il tarixli 694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 195-196). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 may 2023-cü il tarixli 3248 nömrəli rəyindən görünür ki, müayinə zamanı X3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 197-198). İbtidai istintaq orqanının 03 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi Araş adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 228-229). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 130). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs 3080 qram heroinin hamsının ona aid olmaması, yalnız 15 qram heroin sifariş etməsi və onu götürməyə gedərkən böyük çəki ilə rastlaşmasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həmin mövqeyi ilə bağlı nəticəyə gələrəkən sadalanan çoxsaylı mötəbər sübutlar məcmusuna əsaslanarkən həm də onu qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə əslində özü-özünü təkzib edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə narkotik vasitələr aldığı Araş adlı iranlının sövdələşdikləri miqdardan artıq heç vaxt narkotik vasitə göndərmədiyini, əksinə, sellofan bükülünü və sairi də çəkiyə qatmaqla pulunu ödədiyi miqdardan 1 qram, 0,5 qram və sair çəkilərdə əskik göndərdiyini etiraf edir. Belə vəziyyətdə, təqsirləndirilən şəxsin özünün dəyərini 60000 manatdan artıq qiymətləndirdiyi 3080 qram çəkidə heroini kobud danışığına görə iranlının polislə sövdələşib onu cəzalandırmaq niyyəti ilə göndərib tutdurmasına dair fikirləri tam əsassızdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı qənaətin tam əsaslı olması nəticəsinə gəlir. Belə ki, tədqiq olunmuş sübutlara, bütövlükdə iş materiallarına əsasən onun bu cinayəti birgə törətmək haqqında qabaqcadan qeyrisi ilə sövdələşməsi, cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək qeyrisi ilə onun arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi, külli miqdarda heroinin satışından mənfəət əldə etmə niyyətinin mövcudluğu işin mübahisəsiz müəyyən edilən hallarıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19-20, 85-89). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3079,8 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38, 246). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 5 saylı Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 41 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı ) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3079,8 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 246 (iki yüz qırx altı ) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar