Məhkəmə qərarları › İş №1(101)-192/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-192/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-192/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə 2004-cü il noyabrın 11-də Xızı rayonunun Şuraabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Xızı rayonunun Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2020-ci il martın 14-də saat 24 radələrində yetkinlik yaşına çatmayan 2003-cü il 09 dekabr təvəllüdlü Xızı rayonunun Şorabad qəsəbəsi sakini olan tanışı Zərərçəkmiş şəxs ilə «WhatsApp» proqramı vasitəsilə yazışarkən sonuncunun onun ünvanına ədəbsiz sözlər işlətdiyinə görə həmin proqramda onunla əlaqə yaratmasını əngəllədikdə Zərərçəkmiş şəxs onun bu hərəkətinə görə irad tutub onu döyəcəyini bildirdiyindən onlar aralarında yaranan mübahisəni yerində aydınlaşdırmağa razılaşaraq 2020-ci il martın 15-də saat 14 radələrində yaşadıqları qəsəbədə görüşəndə sonuncu onların yetkinlik yaşına çatmayan 2003-cü il 29 avqust təvəllüdlü Şahid1 adlı ümumi tanışı ilə gəlmişdir, onlar qəsəbədəki «köhnə qarajların qarşısı» deyilən yerə getdikdə Zərərçəkmiş şəxs ona nə üçün Şahid1 biədəb adla çağırdığını soruşmaqla onu nalayiq sözlərlə təhqir edib süpürləşəndə Təqsirləndirilən şəxs hiddətlənərək qisas almaqdan ötrü üzərindəki bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanların yerləşdiyi nahiyələrinə kəskin qanitirmə ilə müşayiət olunan ürək kisəsinin, ürəyin, sol ağciyərin, böyük piyliyin və yoğun bağırsaq müsariqəsini yaralamaqla döş qəfəsinin sol yarısının bir ədəd, döş qəfəsinin sol yan səthinin bir ədəd, qarın nahiyəsinin sol yan səthinin bir ədəd, bel nahiyəsinin sağ yarısının bir ədəd daxilə nüfuz edən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid kəsilmiş-deşilmiş yaraları, döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz etməyən və sağlamlığa yüngül zərərvurmaya aid kəsilmiş-deşilmiş yarası, habelə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bel nahiyəsinin sağ yarısının sıyrığı kimi xəsarətlər yetirmiş, bununla da Zərərçəkmiş şəxs qəsdən öldürməklə həyatdan məhrum etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də istintaqdakı tam etirafedici ifadəsini təsdiqləmiş və məhkəmədə verdiyi ifadədə göstərdi ki, uşaqlıqdan tanıdığı Zərərçəkmiş şəxslə bir məktəbdə oxumuşdur. Sonuncu hadisədən 7-8 gün əvvəl cəzaçəkmə müəssisəsindən çıxaraq 2020-ci il martın 13-də saat 20 radələrində «WhatsApp» proqramı vasitəsi ilə ona «çıx məhləyə» yazmış və həmkəndliləri olan Şahid1 da çağırdığını bildirmiş, üçü bir yerdə Allahşükürün yaşadığı evin qabağındakı dayanacaqda görüşdükdə Allahşükür lovğalanmağa başladığından söhbətləri tutmamışdır. Sonuncunun uşaqları döyməyindən və özünü tərifləməyindən smslərdə yazmasına görə əsəbiləşməklə onu proqramda əngəlləmişdir. 2020-ci il martın 14-də saat 23 radələrində Nərimanın xahişi ilə Allahşükürü «blok»dan çıxardıqdan sonra sonuncu saat 24 radələrində ona «səni tutsam, çırpacam, niyə məni «blok»a atmısan?» yazmış, o isə cavabında «sənə dedim, işim var, bayıra çıxmıram, sən də təzədən yazıb narahat etdiyindən «blok»a atdım» cavab yazmışdır. 2020-ci il martın 15-də saat 01 rədələrində Allahşükür qapılarının qabağına gəlmiş, göstərilən vaxt qardaşı X1 yoldaşı Şahid5 ona Allahşükürün pis uşaq olduğunu, sonuncuya qoşulmamağını bildirərək getdiyi təqdirdə onunla birlikdə gedəcəyini, Allahşükürün əlində nəsə gördüyünü və bıçaq olmasından ehtiyat etdiyini söyləmiş, sonuncu onu kənara çəkməklə Ziyanın da gəldiyini gördüyündən «səhər söhbətimizi edərik, çırpacam səni» söyləyib uzaqlaşmış, gecə saatlarında Allahşükür ona «WhatsApp» proqramında söyüşlər və «səni oğlanlığından məhrum edəcəm» yazmışdır, həmin tarixdə saat 13 radələrində sonuncu ilə görüşərək söhbət etmək üçün oğlanın yaşadığı evə tərəf addımlayarkən Allahşükür ilə Nərimanın gəldiyini görməklə «köhnə qarajların qarşısı» deyilən yerə getməyi qərarlaşdırmışlar. Allahşükürün əvvəllər polis işçisinə bıçaqla xəsarət yetirməsinə görə üzərində bıçaq olmasını fikirləşib yaşadığı evin yaxınlığındakı zibillikdə gördüyü tutacaq hissəsi qırıq olan bıçağı götürərək şalvarının sağ cibinə qoymuşdur. Yolda Allahşükür ona «görüm sənin meyitini kim aparacaq burdan», ora çatanda Nərimana isə «sən kənarda dayan, kimsə gəlsə, xəbər edərsən» söyləmiş, ondan oğlana niyə «petux» dediyini soruşduqda o, «özü yaxşı bilir, nəyə görə deyirəm» cavabını vermiş, çünki Allahşükür Nərimanla cinsi əlaqədə olmasını özü ona bildirmişdir. Bu zaman Allahşükür söyüş söyməklə onu təhqir etmiş, sağ əli ilə çənəsinin sağ tərəfindən iki dəfə yumruq vurmuş, üçüncü dəfə isə dizi ilə qarın nahiyəsinə vurarkən ayağı büdrəmiş və yıxılarkən özünü saxlamışdır. Allahşükür yenidən üzərinə gəldikdə sonuncunu qorxutmaq üçün onun sağ cibindən çıxardığı bıçağı görüb «mənim üstümə bıçaq çıxarırsan?» deyərək təzədən üzərinə gəlmiş, artıq o, özündə olmamış və bıçaqla sonuncunun harasına vurduğuna baxmadan zərbələr endirmiş, Nəriman onu tutmaqla silkələyəndə ayılmış, bıçağı evlərinin yanındakı kolluğa atdıqdan sonra atasına Allahşükürü bıçaqladığını danışmışdır. Allahşükürü bıçaqla vurarkən öləcəyini düşünməmiş, özünü müdafiə etmək istəmişdir. Əməlindən peşman olmuşdur. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində həmkəndlisi Zərərçəkmiş şəxs uşaq bağçasından tanıyıb sonuncu və uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs ilə bir məktəbdə oxuduğunu, münasibətlərinin yaxşı olduğunu, oğlanlar arasında yaranan münaqişənin Cabirin ona həmişə «petux» deməsi üstündə olduğunu göstərərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2020-ci il martın 15də saat 14:45 radələrində yaşadığı Xızı rayonunun Şorabad qəsəbəsində mağazadan siqaret almaqla qayıdarkən «köhnə qarajların qarşısı» deyilən ərazidəki yerdə Zərərçəkmiş şəxs adlı qonusunun uzandığını, üstündə isə Şahid1 adlı digər qonşusunun dayandığını görmüş, göstərilən vaxt Allahşükürün xırıltı səsi gəlmiş, qarın nahiyəsindəki köynəyin səthində qan ləkələri olmuşdur, qonşularla köməkləşib Allahşükürü odeyalın üzərinə qoyaraq öz həyətlərinə aparmışlar, sonuncunun xəstəxanaya çatdırılması üçün maşın axtarsalar da Allahşükürün artıq ölməsini orada bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən törətdiyi əməldə özünü tam təqsirli bilmiş, sağ cibindən bıçaq çıxarıb Zərərçəkmiş şəxs qorxutmaq istədiyini, sonuncu onun üzərinə gəldikdə özündə olmadığından Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmişdir (1-ci cild, iş vərəqi 19, 42- 46, 170-171 və 2-ci cild, iş vərəqi 58-61). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş X5 ibtidai araşdırma zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilərkən ifadəsində 2020-ci il martın 15-də saat 13:30 radələrində Şahid1 onlara gələrək övladı Zərərçəkmiş şəxs bıçaqla vurulduğunu dediyini, qonşularla birlikdə sonuncunu evə gətirdiklərini, həmin vaxt Allahşükür keçinsə də oğlunun ölümü ilə barışa bilmədiyindən X10 Tağıyev qəsəbəsində yerləşən xəstəxanaya göndərdiklərini, orada həkimlərin sonuncunun artıq öldüyünü bildirdiklərini, Allahşükürün evdən çıxarkən üzərində bıçaq və ya digər əşya götürmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 35-37). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Şahid5 ibtidai araşdırmada şahid qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs qardaşı X2 yoldaşı olduğundan sonuncunun evlərinə gedib-gələrkən Cabiri tanıdığını, 2020-ci il martın 14-də saat 21 radələrində Cəlalgilin mətbəxində çay içib oyun oynayarkən Cabirin «WhatsApp» proqramı ilə kiminləsə yazışdığını, saat 01 radələrində sonuncu evdən çıxanda onun da arxasınca çıxaraq Allahşükürlə Cabirin evinin yaxınlığındakı dayanacağın qabağında söhbət etdiklərini gördüyünü, onlara yaxınlaşdıqda Allahşükürün Cabirə «sən niyə Zikoyla gəlmisən?» soruşduğunu, Cabirin isə «mən də elə bildim, sən «petux»la gələcəksən» cavab verdiyini, Allahşükürün «yox, Nəriman gəlməyəcək» sözlərindən Cabirin «petux» deyəndə Nərimanı nəzərdə tutduğunu anladığını, o, «söhbəti bağlayın, məhlə uşağısınız, sinif yoldaşısınız» irad tutduqda Allahşükürün hirsli şəkildə getdiyini, evə qayıdanda Cabirə ehtiyatlı olmasını, Allahşükürün əlində bıçaq ola biləcəyini söylədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 144-148). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai araşdırma gedişatında şahid qismində dindirilərkən ifadəsində 2020-ci il martın 15-də saat 14:30 radələrində övladı Təqsirləndirilən şəxs evə gəlib ona Zərərçəkmiş şəxs vurduğunu, bıçağı evin yanındakı tikanlı kolluğun içinə tulladığını bildirdiyini, təxminən yarım saatdan sonra gələn polis əməkdaşlarının oğlunu özləri ilə apardıqlarını, hadisənin necə baş verdiyindən məlumatının olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 154-156). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş X6 ibtidai araşdırma dövründə şahid X5 ilə uyğun ifadə vermişdir (2-ci cild, iş vərəqi 40-41). İş materiallarındakı Xızı Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 15 mart tarixli protokoldan görünür ki, hadisə yeri – Xızı rayonu, Şorabad qəsəbəsindəki «köhnə qarajların qarşısı» deyilən əraziyə baxış zamanı yetkinlik yaşına çatmayan Qanuni nümayəndə cinayət törədilərkən istifadə edilən bıçağın atıldığı sahəni göstərdikdə 110 metr məsafədəki kolluqdan üzərlərində qana oxşar ləkələr olan 18,5 sm uzunluqda, tutacağının bir hissəsi sınmış, tiyəsi qara rəngli bıçaq, iki ədəd şüşə və ot parçası aşkar edilərək götürülmüş, fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 4-9). İş materiallarındakı Xızı Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 15 mart tarixli protokoldan görünür ki, hadisə vaxtı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əynindəki göy rəngli kurtka, mavi zolaqlı göy rəngli qısaqol kofta, qəhvəyi rəngli kəməri olan göy rəngli cins şalvar götürülmüşdür (1-ci cild, iş vərəqi 12-13). İş materiallarındakı Xızı Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 16 mart tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:05-də Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 57-58). İş materiallarındakı Xızı Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 17 mart tarixli protokollardan görünür ki, yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsindəki «Xiaomi» və yetkinlik yaşına çatmayan mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş «Samsung Duos» markalı mobil telefonlara baxış zamanı 2020-ci il martın 14-dən 2020-ci il martın 15-dək olan müddətdə «WhatsApp» proqramı ilə aparılan yazışmalar olması müəyyən edilmiş, çıxarışlar protokollara əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 115-137). İş materiallarındakı Xızı Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 17 mart tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan şübhəli şəxslər Şahid1 və Təqsirləndirilən şəxs bir-biri ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi deyilənlərlə qismən razılaşıb hadisənin törədilməsində istifadə edilən bıçağın yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əlində olduğunu və bıçağı ələ keçirərək sonuncunu vurduğunu bildirmiş, iki ədəd CD diski cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 158-160). İş materiallarında olan Xızı Rayon Prokurorluğunun 2020-ci il 17 mart və 2020-ci il 18 mart tarixli qərarlarından görünür ki, əməli Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsinə tövsif edilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 161-163). İş materiallarındakı Xızı rayonunun Şorabad qəsəbəsindəki akademik M.A.Dadaşzadə adına tam orta məktəbinin tərtib etdiyi 2020-ci il 18 mart tarixli 2535 xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta səviyyədə oxuyan, sakit təbiətli, təvazökar, səliqəli şagird olmaqla oxuduğu müddətdə müəllimlərin və sinif yoldaşlarının rəğbətini qazanmış, nizam-intizama həmişə riayət etmişdir (1-ci cild, iş vərəqi 169). İş materiallarında olan Xızı Rayon Məhkəməsinin 2020-ci il 18 mart tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il martın 15-dən, yəni azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 180-183). İş materiallarında olan Xızı Rayon Məhkəməsinin 2020-ci il 05 mart tarixli hökmünün surətindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun həbsdə saxlanıldığı 03 ay 17 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 01 il 08 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə sınaq müddəti müəyyən olunaraq cəzası şərti hesab olunmuşdur (1-ci cild, iş vərəqi 221-232). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il martın 25-də tərtib etdiyi tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 234). İş materiallarında olan Xızı Rayon Polis Şöbəsinin 2020-ci il 28 mart tarixli məktubundan görünür ki, yetkinlik yaşına çatmayanlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barəsində heç bir ərizə, təqsirləndirici material və ya cinayət işi yoxdur, həmçinin onlar münaqişəli tərəflər kimi qeydə alınmamışlar (1-ci cild, iş vərəqi 237). İş materiallarında olan Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2020-ci il 07 aprel tarixli 1093 nömrəli və 1094 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dispanserdə qeydiyyatda yoxdurlar (1-ci cild, iş vərəqi 243-244). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 2020-ci il 28 mart tarixli 6/304 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçağın metal hissələri dəmir əsaslı ərintidən hazırlanmaqla mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcənin və köynəyin üzərindəki zədələr ətrafında aşkar edilən dəmir mikrohissəciklərinin izlərinin qeyd edilən bıçaqdan, yaxud digər dəmir əsaslı ərintidən hazırlanan əşyadan qalmasını müəyyən etmək mümkün olmamışdır, ekspertiza tədqiqatının dəyəri 40 manatdır (2-ci cild, iş vərəqi 10-12). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 2020-ci il 30 mart tarixli 6/283 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 geyim paltarlarının üzərindəki kənar lif hissəciklərinin arasında Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılan göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə, Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılan qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlir, Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində Şahid1 geyim paltarlarının tərkib liflərindən, eləcə də sonuncunun geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (2-ci cild, iş vərəqi 14-18). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyi» X16 canlı şəxsin ekspertizasına dair 2020-ci il 21 mart tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (2-ci cild, iş vərəqi 19). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyi» X16 meyitin ekspertizasına dair 2020-ci il 15 mart tarixli 02 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində kəskin qanitirmə ilə müşayiət olunan ürək kisəsinin, ürəyin, sol ağciyərin, böyük piyliyin və yoğun bağırsaq müsariqəsini yaralayan, döş qəfəsinin sol yarısının bir ədəd, döş qəfəsinin sol yan səthinin bir ədəd, qarın nahiyəsinin sol yan səthinin bir ədəd, bel nahiyəsinin sağ yarısının bir ədəd daxilə nüfuz edən, ölümü ilə birbaşa səbəbli əlaqəli olmayaraq insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz etməməklə sağlamlığa yüngül zərərvurmaya aid kəsilmiş-deşilmiş yaraları həyati olub ölümündən az əvvəl ülgücə və küpə malik yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin (alətlərin) yaxud əşyanın (əşyaların) təsirindən törənmişdir, bel nahiyəsinin sağ yarısının sıyrığı həyati olmaqla ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən törənmiş, sağlamlığa zərər vurmamışdır, ölümü ilə səbəbli əlaqəsi yoxdur, sonuncunun meyitindən götürülən qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkarlanmamışdır (2ci cild, iş vərəqi 21-26). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X13» X16 canlı şəxsin ekspertizasına dair 2020-ci il 23 mart tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 bədən səthində aşkar edilən hər iki bazu nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir (2-ci cild, iş vərəqi 27-28). İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xızı Rayon Mərkəzi Xəstəxanası» X16 2020-ci il 05 may tarixli 99 nömrəli məktubundan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hüquqi şəxs üzrə dəri-zöhrəvi, narkoloji, onkoloji, ruhi-əsəb və vərəm kabinetlərində dispanser qeydiyyatında deyillər (2-ci cild, iş vərəqi 34). İş materiallarındakı zərər çəkmiş şəxsin hüquqi varisi X4 istintaqa verdiyi 2020-ci il 07 may tarixli, məhkəməyə təqdim etdiyi 2021-ci il 04 mart tarixli və göndərdiyi 2021-ci il 10 mart tarixli ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (2-ci cild, iş vərəqi 38 və sair). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X13» X16 maddi sübutların ekspertizasına dair 2020-ci il 17 aprel tarixli 269/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta (H)/İİ/, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu B/İİİ/, yetkinlik yaşına çatmayan Şahid1 şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu A/İİ/-dir, ekspertizaya təqdim olunan iki ədəd ot koması, şüşə qırıqları, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkcə, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, gödəkcə və şortik üzərində aşkarlanan insan qanı ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alınmaqla bu ləkələr Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Şahid1 məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi «H» antigeni varsa), Təqsirləndirilən şəxs məxsus kofta, Şahid1 məxsus şalvar, kofta və gödəkcə üzərində qana şübhəli ləkələr müəyyən olunmamışdır (2-ci cild, iş vərəqi 49-56). İş materiallarındakı Xızı Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 20 may tarixli protokollardan görünür ki, ifadələri yerində yoxlanan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmayan Şahid1 Xızı rayonu, Şorabad qəsəbəsində hadisənin baş verdiyi yeri göstərib ifadələrini təsdiq etmişlər, fotocədvəllər protokollara əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 62-72). İş materiallarındakı Xızı Rayonu İcra Hakimiyyəti başçısının X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2020-ci il 01 iyun tarixli 94 nömrəli arayışdan və 2020-ci il 01 iyun tarixli 11 nömrəli xasiyyətnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Xızı rayonunun Şorabad qəsəbəsində qeydiyyatda olmaqla valideynləri, nənəsi və iki qardaşından ibarət ailə üzvləri ilə birlikdə yaşayır, barəsində nümayəndəliyə hər hansı bir ərizə və şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 77 və 80). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik, məhkəmə-trasoloji və məhkəmədaktiloskopik ekspertizalarına dair 2020-ci il 05 may tarixli 3/162 nömrəli, 3/163 nömrəli və 3/164 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, üzərində əlavə və dəyişiklik olunmamış, təyinatı dəyişdirilməmiş mətbəx bıçağının üzərində aşkarlanan papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığından, tam və aydın əks olunmadığından, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır; tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs gödəkcəsinin və köynəyinin üzərindəki zədələr öz formasına, quruluşuna və sair ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterik olmaqla Təqsirləndirilən şəxs və Şahid1 məxsus paltarın, eləcə də Zərərçəkmiş şəxs məxsus şort və şalvarın üzərində hər hansı bir trasoloji zədə müəyyən olunmamışdır; ekspertiza tədqiqatının dəyəri 200 manatdır (2-ci cild, iş vərəqi 91-96). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə-X7» X16 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2020-ci il 14 aprel tarixli 707 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda və ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, habelə psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır, özünə qarşı hörmət tələb etmək, çılğınlıq, hövsələsizlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir, hadisə zamanı sonuncunun psixi-emosional vəziyyətində qəzəblilik və hirs mövcud olub keçirdiyi emosional halın yaranması ilə sərtləşmişdir, o, hadisə vaxtı fizioloji affekt halında olmamışdır (2-ci cild, iş vərəqi 98-100). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasına dair 2020-ci il 04 iyun tarixli 5/109 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən həssas təzyiqlə (sensorlu) çalışan «Android 9» əməliyyat sistemi ilə təchiz olunan «Samsung Galaxy A20» markalı «SM-A205FN» modelli «**********91097, **********91095» imei kodlu, həssas təzyiqlə (sensorlu) çalışan «Android 8.1.0» əməliyyat sistemi ilə təchiz olunan «Xiaomi Redmi S2» markalı «M1803E6G» modelli «**********37992, **********38008» imei kodlu, həssas təzyiqlə (sensorlu) çalışan «Android 6.1.0» əməliyyat sistemi ilə təchiz olunan «Samsung Galaxy J2 Prime» markalı «SM-G532F» modelli «**********77466, **********77464» imei kodlu və həssas təzyiqlə (sensorlu) çalışan «Android 6.1.0» əməliyyat sistemi ilə təchiz olunan «Samsung Galaxy J1 min prime» markalı «SM-J106H» modelli «**********65503, **********65511» imei kodlu mobil (smartfon) telefonlar işlək vəziyyətdədir; sonuncu telefonun yaddaşından pozulan «Cellebrite» firmasının «UFED TOUCH-2» markalı qurğunun tərtib etdiyi məlumatlar müəyyənləşdirilərək DVD-R diskə köçülürmüşdür, digər telefonların yaddaşından hər hansı məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır; ekspertiza tədqiqatının dəyəri 59 manat 94 qəpikdir (2-ci cild, iş vərəqi 102-105). İş materiallarındakı Xızı Rayon Prokurorluğunun 2020-ci il iyunun 08-də tərtib etdiyi protokoldan və 2020-ci il 08 iyun tarixli qərarından görünür ki, iş üzrə hadisə yerindən götürülən bıçağa, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əynində olan paltara, sonuncunun istifadəsindəki «Samsung duos» markalı mobil telefona baxış zamanı Zərərçəkmiş şəxs gödəkcəsinin və köynəyinin üzərində bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterik zədələr aşkarlanmaqla Təqsirləndirilən şəxs məxsus paltarda və Zərərçəkmiş şəxs məxsus şalvarda hər şansı bir zədə müəyyən olunmamış; hadisə yerindən götürülən bıçağın üzərində qana bənzər ləkələr aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən qeyd olunan əşyalar maddi sübut kimi tanınmışdır (2-ci cild, iş vərəqi 113-114). İş materiallarında olan Xızı Rayon Prokurorluğunun sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 09 iyun tarixli, habelə təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan olunması haqqında 2020-ci il 09 iyun tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə dəyişiklik edilməklə yeni məzmunda ittiham elan olunmuş, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.1.-ci, 120.2.2.-ci, 120.2.4.-cü və 221.3.-cü maddələrinin tərkib əlamətləri, Şahid1 əməlində hər hansı bir cinayətin tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanması rədd edilmiş, sonuncu bədəni üzərində hər iki bazu nahiyəsinin sıyrıqlarının aşkar edilməsini hadisədən iki-üç gün əvvəl yaşadıqları evdə kiçik qardaşı ilə güləşmələri nəticəsində almasını göstərdiyindən həmin xüsusiyyət üzrə cinayət təqibinin başlanması rədd olunmuş, bir ədəd bıçaq, üzərində qan ləkələri olan bir ədəd ot parçası, bir ədəd şüşə qırığı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan göy rəngli kurtka, mavi zolaqları olan göy rəngli qısaqol kofta, qəhvəyi rəngli kəməri olan göy rəngli cins şalvar, sonuncunun istifadəsindəki «Samsung duos» markalı mobil telefon, Təqsirləndirilən şəxs hadisə zamanı əynindəki bir ədəd boz-ağımtıl rəngli cins şalvar, bir ədəd tünd göy rəngli uzunqol kofta, bir ədəd qara rəngli uzunqol astar hissəsi mexli gödəkcə maddi sübut hesab edilməklə saxlanılmaq üçün Xızı Rayon Prokurorluğunun arxivinə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 115-128 və 133-134). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Klinik Hospitalının 2018-ci il 18 aprel tarixli 835 №-li xəstəlik haqqında şəhadətnaməsinin və Dövlət Sosial Müdafiə Fondunun Xızı Rayon Şöbəsinin 2019-cu il 01 mart tarixli 051399 №-li vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X11 2017-ci il aprelin 25-də xidmət etdiyi mövqedə hərbi xidmət vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində sağ budun orta 1/3-nin dəlib-keçən güllə yaralanması, bud sümüyünün diafizinin orta 1/3-nin açıq çoxqəlpəli, sümük defektli, yerdəyişmiş sınığına aparılmış yaraların birincili cərrahi işlənməsi cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ oturaq sinirinin zədələnməsi diaqnozu qoyulmuş, sonuncu sağa axsamaqla yeriyir, sağ aşağı ətraf sola nisbətən 3,5 sm qısadır, hissiyyatı sağ pəncənin daban və alt hissəsində səthi tip pozulmuşdur, X12 müddətsiz 3-cü qrup əlildir. Məhkəməyə təqdim olunan 2021-ci il 28 yanvar tarixli aktdan görünür ki, mərhum Zərərçəkmiş şəxs istifadəsindəki «Samsung duos» markalı mobil telefon sonuncunun hüquqi varisinə qaytarılmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni Zərərçəkmiş şəxs öldürməyə cəhd etməməsi, öldürmək məqsədi ilə ona bıçaq zərbələri yetirməməsi, hadisənin törədilməsində istifadə edilən bıçağın sonuncunun əlində olması və bıçağı ələ keçirərək Zərərçəkmiş şəxs vurması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmadığı dövrdə törətməsini işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşman olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 85.5.1.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Xızı rayon prokurorluğunun arxivində saxlanılan bir ədəd bıçaq, üzərində qan ləkələri olan bir ədəd ot parçası, bir ədəd şüşə qırığı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan göy rəngli kurtka, mavi zolaqları olan göy rəngli qısaqol kofta, qəhvəyi rəngli kəməri olan göy rəngli cins şalvar, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı əynindəki bir ədəd boz-ağımtıl rəngli cins şalvar, bir ədəd tünd göy rəngli uzunqol kofta, bir ədəd qara rəngli uzunqol astar hissəsi mexli gödəkcə məhv edilməli, mərhum Zərərçəkmiş şəxs istifadəsindəki «Samsung duos» markalı mobil telefonun sonuncunun hüquqi varisinə qaytarılması, Zərərçəkmiş şəxs ilə iş üzrə Şahid1 üzləşdirilməsi zamanı aparılan videoçəkilişi əks etdirən iki ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 413 manat 94 qəpik yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun saylı vəkili Müdafiəçi2 tərəfindən 64 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il martın 15-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 2020-ci il martın 15-dən hesablansın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 413 manat 94 qəpik yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Xızı rayon prokurorluğunun arxivində saxlanılan bir ədəd bıçaq, üzərində qan ləkələri olan bir ədəd ot parçası, bir ədəd şüşə qırığı, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan göy rəngli kurtka, mavi zolaqları olan göy rəngli qısaqol kofta, qəhvəyi rəngli kəməri olan göy rəngli cins şalvar, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı əynindəki bir ədəd boz-ağımtıl rəngli cins şalvar, bir ədəd tünd göy rəngli uzunqol kofta, bir ədəd qara rəngli uzunqol astar hissəsi mexli gödəkcə məhv edilsin, mərhum Zərərçəkmiş şəxs istifadəsindəki «Samsung duos» markalı mobil telefonun sonuncunun hüquqi varisinə qaytarılması, Zərərçəkmiş şəxs ilə iş üzrə Şahid1 üzləşdirilməsi zamanı aparılan videoçəkilişi əks etdirən iki ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar