Məhkəmə qərarları › İş №1(101)-1920/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1920/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1920/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, 10 iyul 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 4,259 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyul 2022-ci il tarixdə, saat 11:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 4 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,708 qram, 0,825 qram, 1,638 qram və 1,088 qram olmaqla ümumi təmiz çəkisi 4,259 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ilkin ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. 10 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, 6-cı Mədən küçəsində üzdən tanıdığı, qaraşın kişidən 30 manat ödəməklə 4 büküm “kokos” adı ilə tanınan narkotik vasitə heroin almış, öz isifadəsi üçün əynində olan şalvarın cibinə qoymuş və saxlamışdır. Səhəri gün, yəni 11 iyul 2022-ci il tarixdə, saat 11:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 8/6 saylı evin qarşısında olan zaman ona mülki geyində olan iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və istifadəsi ilə məşğul olmağında şübhəli olduğunu deyərək onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. O da, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin olunmuşdur. Təyin edilmiş vəkilə etirazı olmadığını bildirdikdən və vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyinə dair ərizə verdikdən sonra polis bölməsində xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı dörd ədəd gümüşü rəngli siqaret kağız bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Ondan həmin bükümlərdə nə olması və nə vaxt kimdən əldə etməsi barədə soruşulduqda, o, həmin bükümlərdə “kokos” kimi tanınan narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, 6-cı Mədən küçəsində üzdən tanıdığı qaraşın kişidən cəmi 30 manata öz istifadəsi üçün aldığını, şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqdim etdiyi həmin dörd büküm təhqiqatçı tərəfindən açıldıqda içərilərində qəhvəyi rəngli kütlələr olduğu görünmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş və başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqdim etdiyi həmin dörd ədəd bükümdə narkotik vasitə olan heroin götürülərək zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Sonra ona yaşadığı ünvana baxış keçirilməsi zərurətinin yarandığı bildirildikdə o, etiraz etməmişdir. Üzərinə axtarış keçirilməsi başa çatdıqdan sonra o, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığına dair ərizə ilə müraciət etdikdən sonra həmin gün ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilə baxış keçirilmiş və qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik vasitə, əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vaasitələri şəxsi istifadəsi üçün əldə etmiş, həmin narkotik vasitələrdən heç kimə satmamışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 8/6 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nə aparmışlar. Polis Bölməsinə getdikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis mayoru Namiq Məmmədov tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onun və polis kapitanı Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın şağ yan cibindən dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd bükümlər açıldıqda içərilərində spesfik qoxulu, qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ədəd bükümdə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda sonuncu təqdim etdiyi dörd ədəd bükümdə “kokos” adı ilə tanınan narkotik vasitə heroin olduğunu, Bakı şəhəri Suraxanı rayonu, 6-cı Mədən küçəsində üzdən tanıdığı, qaraşın kişidən 30 manat ödəməklə özünün istifadəsi üçün aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd büküm təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilsə də, hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman sonuncuya qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Cinayət işinin 32-33-cü vərəqlərində olan 11 iyul 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokolda bildirilir ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd gümüşü rəngli siqaretin kağızı bükümlərini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərilərində qəhvəyi rəngli, yumşaq, spesifik iyə malik maddələr olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələrin narkotik vasitə olan heroin olduğunu, onları bir gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 6-cı Mədən küçəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd bükümlər bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Cinayət işinin 90-cı vərəqində olan protokolda bildirilir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş dörd ədəd bükümü çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kokos” kimi tanınan narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, 6-cı Mədən küçəsində üzdən tanıdığı, qaraşın kişidən 30 manat ödəməklə şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra həmin bükümlərin açılaraq baxıldıqda içərilərində qəhvəyi rəngli kütlələrin olduğu görünmüş, şəxsi axtarış davam etdirilmiş və başqa əşya, maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin dörd ədəd bükümlərin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 45-46-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2022-ci il tarixli, 6/3763 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195” dairəvi möhür əksi olan “saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,708 qram, 0,825 qram, 1,638 qram, 1,088 qram ümumi təmiz çəkisi 4,259 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi kimponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Cinayət işinin 133-134-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4416 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 131-132-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” X4n 2004 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansi bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 113-cü vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6728 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 140-147, 173-cü vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 4,259 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra qalıq 4,059 qram narkotik vasitə olan heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski isə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-89-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 03 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 107-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 4,059 qram narkotik vasitə olan heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 4,059 qram narkotik vasitə olan heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar