Məhkəmə qərarları › İş №1(101)-1921/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1921/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1921/2021 06.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçilər – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili X7, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olmayan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, ev 2 A, mənzil 6-da qeydiyyatda olan və həbs olunanadək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 96, mənzil 40-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olmayan, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 577, ev 91 A, mənzil 34-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 298.5-ci maddəsinə əsasən cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, 2 (iki) cilddən ibarət olan cinayət işinin materiallarına Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən mötəbər sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-in 155.6-cı maddəsinin tələbinə görə “təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.” “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” 14 iyun 1994-cü il tarixli qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda göstərilən müddəalardan fərqli olaraq, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə və qeyd edilən təqsirləndirilən şəxsin məhkəmənin icraatına daxil olanadək həbsdə qalmasına baxmayaraq, onun şəxsiyyətini təsdiq edən mötəbər sənədi aparılan istintaq müddəti ərzində iş materillarına əlavə etməmiş, bunun əksinə olaraq istintaq orqanı təqsirləndirilən şəxs barəsində https://vmia.gov.az saytından çıxarılmış, özü-özlüyündə mötəbər olmayan məlumatlar göstərilmiş vərəq surəti ilə kifayətlənmiş və bununla da CPMnin 155.6-cı maddəsinin və həmin qanunun tələblərini pozmuşdur. Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin (şəxsiyyətinin) müəyyən edilməsini istisna etmiş, habelə qeyd edilən təqsirləndirilən şəxsin şəxsiyyətinin eyniləşdirilməsini mümkünsüz etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədin əlavə edilməməsi hazırda aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. Azərbaycan Respublikası CPM-in 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 298.5-ci maddəsinə əsasən cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsindən ibtidai istintaqın sonunadək tərcüməçi təqdim edilməmiş, nəticədə isə qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs2 barəsində olan prosessual sənədlərdə qeyd edilən təqsirləndirilən şəxsin uzun müddət ərzində Azərbaycan Respublikasının ərazisində yaşaması və azərbaycan dilini mükəmməl bilməsi qeyd edilsə də, ibtidai istintaqı aparan müstəntiq tərəfindən göstərilən halları təsdiq edən heç bir sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı azərbaycan dilini mükəmməl bilməsini bildirməsi faktı özü-özlüyündə bu faktın həqiqət olmasına dəlalət etmir. Məhkəmə hesab edir ki, hər hansı təqsirləndirilən şəxsin azərbaycan dilini bilməsi halının müəyyən edilməsi həqiqi sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı azərbaycan dilini bilməsini mübahisələndirməsə də, cinayət işinə məhkəmənin hazırlıq iclasında baxıldığı vaxt azərbaycan dilini məişət səviyyəsində bildiyini, ittihamla bağlı bir çox hüquqi terminlər və məsələlər azərbaycan dilində ifadə olunduğundan həmin məsələlərin ona aydın olmadığını, ibtidai araşdırma zamanı dövlət hesabına müdafiəçi ilə təmin olunsa da, müdafiəsinin formal həyata keçirildiyini, ona qarşı ağır ittihamın irəli sürülməsinə baxmayaraq, bircə dəfə də olsun müdafiəçi tərəfindən bu və ya digər şəkildə vəsatətlərin verilməməsində ifadə olunduğunu göstərmişdir. Eyni zamanda məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində dəvət edilmiş müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 aid təhsil barədə sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin anası rus milliyətindəndir, bundan başqa, Təqsirləndirilən şəxs2 orta məktəbdə və kollecdə təhsilini rus dilində oxuyub başa çatdırmış, təhsil aldığı müddət ərzində onun ana dili rus dili olmuş, təhsil müddətində azərbaycan dili fənnini keçsə də, bu fənndən qiyməti 3 (kafi) olmuşdur. Təqsirləndirilən şəxs2 ana dili olan rus dilində təhsil alması, habelə təhsil aldığı müddətdə azərbaycan dili fənni üzrə 3 (kafi) qiymət alması artıq onun barəsində cinayət təqibi aparılan dili, yəni azərbaycan dilini zəyif bilməsinə dəlalət edir. Təqsirləndirilən şəxs2 və məhkəmənin hazırlıq iclasına dəvət edilmiş müdafiəçi tərəfindən məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 azərbaycan dilini bilməməsini bildirməsi, cinayət işi üzrə həyata keçirilmiş prosessual hərəkətlərin nəticəsini əks etdirən sənədlərin, habelə ümumiyyətlə ittihamın ona aydın olmaması bilavasitə onun barəsində olan cinayət işi üzrə ittihamı anlayacaq qədər azərbaycan dilini bilməsinə şübhə yaradır. Bu şübhələrin məhkəmə qaydasında aradan qaldırılmaması isə qeyd edilən təqsirləndirilən şəxs barəsində gələcəkdə məhkəmə tərəfindən qəbul ediləcək yekun məhkəmə aktını şübhə altına alacaq. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi (tərcüməçi ilə təmin edilməməsi) məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı pozulmuş müdafiə hüququ (tərcüməçinin təqdim edilməməsi) mümkün qədər bərpa olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində belə nəticəyə gələrkən, həmçinin ona əsaslanmışdır ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə irəli sürülmüş hər bir ittiham ağır cinayət kateqoriyasına aiddir və belə bir ağır ittiham üzrə cinayət işinə məhkəmədə mahiyyəti üzrə baxıldığı zaman müdafiə hüququ ilə bağlı bütün təminatlar yüksək səviyyədə qorunmalıdır. Məhkəmənin qeyd edilən hissədə gəldiyi nəticə, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda, habelə Bakı Apelyasiya Məhkəməsinin bu kateqoriyadan olan məsələlər üzrə bərqərar olunmuş qərarlarda öz əksini tapmış hüquqi mövqeyə də uyğundur. Məhkəmə göstərilən halları məcmu halda təhlil edərək belə nəticəyə gəlir ki, şərh olunanlara əsasən Təqsirləndirilən şəxs1 şəxsiyyətinin müəyyən edilməməsi, bu halı təsdiq edəcək sənədin cinayət işinin materiallarına əlavə edilməməsi ittiham aktının tərtib olunmasının kobud pozuntusudur, bundan başqa, digər Təqsirləndirilən şəxs2 azərbaycan dilini ona qarşı irəli sürülmüş ittihamı və cinayət işinin materiallarını başa düşəcək qədər bilməməsi halında ibtidai araşdırma zamanı onun tərcüməçi ilə təmin edilməməsi qeyd edilən təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozuntusudur, buna görə də ibtidai araşdırma zamanı yol verilmiş kobud pozuntular aradan qaldırılması üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunduğundan və təqsirləndirilən şəxslərin həbsdə saxlanılması üçün əsaslar aradan qalxmadığından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti uzadılmalıdır. İnsan hüquqları üzrə Avroma Məhkəməsi “Smirnova Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli qərarında insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır: barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski, barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski, şəxsin ictimai qaydanı pozması riski və şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxslərin ağır cinayət törətməkdə təqsirləndirilmələrini, onların azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 dekabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.6, 159 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 06 dekabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək uzadılsın.

3. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar