Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1924/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 29 avqust 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 2, ev 2 ünvanda qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 14 iyul 2022-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun sosial şəbəkə vasitəsilə göndərdiyi elektron kart hesabına 300 manat məbləğində pul köçürməklə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, ümumilikdə təmiz çəkisi külli miqdarda - 31,775 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumilikdə təmiz çəkisi külli miqdarda - 13,772 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən götürüb əldə edərək kirayə yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin mənzildə saxlamış, 15 iyul 2022-ci il tarixdə, saat 20:25 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən mənzilin qonaq otağında olan stolun üzərindəki 01 ədəd üzərində “Papia” yazılmış sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-birləri ilə eynilik təşkil edən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 30,237 qram, 0,339 qram, 0,831 qram və 0,368 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 31,775 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin sellofan bağlamada saxladığı xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-birləri ilə eynilik təşkil edən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,204 qram, 0,808 qram, 0,382 qram və 0,378 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 13,772 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən 2 ildən artıq müddətdir ki, mütəmadi olaraq “kakos, kola” kimi adlandırılan heroindən və “şüşə, patı” kimi adlandırılan metamfetamindən istifadə etmişdir. Heroin və metamfetamini əldə etmək üçün sosial şəbəkələrdən narkotik vasitə və psixotrop maddə satan şəxslərin profillərini tapmış və həmin adamlarla əlaqə saxlayaraq hansı narkotik və ya psixotrop maddə istədiyini demişdir. Üzdən görmədiyi həmin adamlar da ona dediyi kart hesabına pul yükləməyini, ondan sonra hansısa bir yerdə narkotik və psixotrop maddə olduğunu demiş, o da həmin yerə gedərək istədiyi maddəni götürmüşdür. 14 iyul 2022-ci il tarixdə günorta saatlarında özünü iranlı kimi təqdim edən tanımadığı şəxsin kart hesabına 300 manat pul yükləməklə 4 bükümdə heroin və 4 bükümdə metamfetamin almışdır. Həmin heroin və metamfetamini Sumqayıt şəhəri, Saray qəsəbəsində hazırda xatırlamadığı yerdən götürmüşdür. O, 8 bükümü 1 ədəd sellofan bağlamaya qoymuş və yaşadığı evə aparmışdır. 15 iyul 2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı binanın qarşısında dayandığı zaman polislər ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Polis Şöbəsinə aparmışlar. O da etiraz etməyərək polislərlə birlikdə getmişdir. Polis Şöbəsində olarkən ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkillə təmin olunmuşdur. Daha sonra polislərin iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O da etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuşdur. O da üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını demişdir. Bundan sonra üstünə polis tərəfindən baxış keçirilmiş və heç nə aşkar olunmamışdır. Həmin vaxt o, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını etiraf etmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o və polislər həmin protokolu imzalamışlar. Bundan sonra yaşadığı mənzilə getmişlər. Orada ona evin hansısa hissəsində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. O da evin qonaq otağında yerləşən stolun üzərindəki “Papia” sözü yazılmış şəffaf sellofan bağlamanın içərisindən 08 büküm və 01 ədəd tərəzini çıxardıb vermişdir. Sonra mənzildən 1 ədəd “Leobank”a məxsus plastik kart aşkar olunmuşdur. Aşkar edilmiş narkotik və psixotrop maddələr, 01 ədəd tərəzi və 01 ədəd “Leobank” kartı götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, həmin protokolu o və digər iştirakçılar imzalamışlar. Yaşadığı mənzildən aşkar edilmiş heroinin çəkisi 31 qram deyil, təxminən 7-8 qram olmuşdur. Amma metamfetaminin miqdarı həqiqətən aşkar olunduğu qədər olmuşdur. Onun həmin maddələri satmaq niyyəti olmamışdır. Ona görə də bütün bu halları nəzərə alıb barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əsasən oxşar məzmunlu ifadələr vermiş, amma bununla bərabər külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etdiyini etiraf edərək, yaşadığı mənzildən aşkar edilmiş 4 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin, digər 4 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, elektron tərəzidən isə bəzən həmin maddələrdən satarkən istifadə etdiyini göstərmiş, həmçinin baxış zamanı mənzildən aşkar olunmuş bank kartından isə narkotik və psixotrop maddə satarkən ödəniş qəbul etdiyini demişdir (cild 1, iş vərəqə 204-206). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 15 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Polis Şöbəsinə məlumat daxil olmuş, buna görə də Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 15 iyul 2022-ci il tarixdə saat 18 radələrində o və Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə rəisi Şahid3 Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında dayandığını görüb sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla 25-ci Polis Şöbəsinə getməsi təklif olunmuşdur. Faiq də etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra onun şəxsi axtarışı aparılmış, amma sonuncunun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında narkotik və psixotrop maddə saxladığını bildirmişdir. Sonra protokol tərtib olunumuş, tərtib edilmiş protokolla hər kəs tanış olaraq doğruluğunu imzalarıyla təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə mənzilə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı evin hansı hissəsində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağında yerləşən stolun üzərində, “Papia” sözü yazılmış şəffaf sellofan bağlamanın içərisindən 08 büküm və 01 ədəd tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs 4 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin, digər 4 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, elektron tərəzidən isə bəzən həmin maddələrdən satarkən istifadə etdiyini bildirmişdir. Baxış zamanı mənzildən 1 ədəd “Leobank”a məxsus qara rəngli üzərində rəqəmləri görünməyən plastik kart aşkar olunmuşdur. Həmin mənzilə baxış davam etdirilsə də, başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş 08 ədəd bükümdə narkotik və psixotrop maddələr, 01 ədəd tərəzi və 01 ədəd “leobank” kartı götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşı Şahid2 Əlövsət oğlu və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə rəisi Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını, amma yaşadığı mənzildə narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 31-32). Baxış keçirmə və götürmə haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış evinə sonuncunun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzilin qonaq otağında yerləşən stolun üzərində “Papia” sözü yazılmış şəffaf sellofan bağlamanın içərisindən 01 ədəd tərəzini, 04 ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan sellofan bükümləri və 04 ədəd içərisində ağ rəngli kristalşəkilli maddə olan sellofan bükümləri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin “kakos” və “şüşə” kimi adlandırılan maddələr olduğunu, həmin maddələri Saray adlı ərazidən adını bilmədiyi İran vətəndaşından onlayn qaydada 300 manata alaraq həm öz istifadəsi, həm də satmaq üçün evində saxladığını, elektron tərəzidən isə bəzən həmin maddələrdən satarkən istifadə etdiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 37-38,63-64). Məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2022-ci il tarixli 6/3839 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №165” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 08 ədəd naməlum maddə və 01 ədəd elektron tərəzi” yazısı və imzalar olan kağız paketdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 30,237 qram, 0,339 qram, 0,831 qram, 0,368 qram, ümumi təmiz çəkisi 31,775 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,204 qram, 0,808 qram, 0,382 qram, 0,378 qram, ümumi təmiz çəkisi 13,772 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 31,575 qram, metamfetaminin qalıq çəkisi 13,572 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-51). Diskə baxış keçirilməsi barədə 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və mobil nömrədən göndərilən mesaj mətnlərinin içərisində “Faiq bestide uwaqlig eledin,daniwda 1 qram yarim Vahidnen gedek gotirek”, “gijdilag 3 neferi lomkada goymusan. Bawin gedib senin 30manati getir.qapivizdayam”, “qaqaw menem Gusi Ekberin dosdu qardawim elin neye catir kola pati v”, “fayiq menem taliw gel bize 23 manat var gel gedek k.. alaq .yada al getir pul nendedi 20 .verim pisdi halim”,“Beyax.mal.qalmisdi.2.nefere.komek.eledim.mali.saxlamisdim.samir.dedi.ver verdim.andola.allaha.bele.olmazda.ayib.olsun.menen.incime.mal.satirsan.cekirsen”,“qaqa. uwaqlarin yaninda istemirem deyim.elmara desem atkaz edecey.imkan varsa bidamci p at mende cekim.ama qaqamsan bildirme yazdigimi.eger imkan varsa el” kimi məzmunda mesajların olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 112-139). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 avqust 2022-ci il tarixli 4529 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 144-145). Diskə baxış keçirilməsi barədə 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində “hecı qardawımsan kolan olsa bıraz gonderde fıkretnen qehbenın balasına 15 manat verdıy bırıne pulu goturub getdi telefonuda sondurdu qoydu bızı lomkada”, “sarayda mal yoxdu olsa satdıq gonder seher dağıdım pulunu atım sene karta 1 2qram olsa gonder naxadı ısdıyen çoxdu seher atım pulunu” və sair oxşar məzmunlu məsajların olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqə 167-181). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 05 avqust 2022-ci il tarixli 7113 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada orta dərəcəli obsessiv kompulsiv pozuntusu (isterik nevroz) özünü kəsmələrlə diaqnozu ilə müalicədə olmuşdur (cild 1, iş vərəqə 109). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 2490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 185-188). Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 219). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 106). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin çəkisinin təxminən 7-8 qram olmasının, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları, habelə ibtidai istintaq mərhələsində narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinin etirafı ilə bağlı özünün ifadələri ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 88-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 iyul 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 31,575 qram təşkil edən heroin, qalıq çəkisi 13,572 qram təşkil edən metamfetamin, habelə 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Leobank” kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47, 240). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmə zamanı Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 31,575 qram təşkil edən heroin, qalıq çəkisi 13,572 qram təşkil edən metamfetamin, habelə 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd “Leobank” kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1924/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1924/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver