Məhkəmə qərarları › İş №1(101)-1927/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1927/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1927/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən X4, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (X5) iştirakı ilə, xx.xx.1988-cü il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, əvvəllər məhkum edilmiş, Gürcüstan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (X11) Passport - P - GEO - 11BA07230 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (X11) 08 may 2023-cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Muşalan-Savalan yeni yaşayış massivində yerləşən "Humay” marketin yaxınlığında taksi fəaliyəti ilə məşğul olan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomobildə müştəri qismində olduğu zaman sifariş verdiyi ünvana düzgün aparmadığına görə irad bildirdiyi üçün şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vuraraq üst dodağın selikli qişa səthində xırda ölçülü qansızma, sağ diz oynağı nahiyəsinin sıyrığı müşayiət olunan sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra o Zərərçəkmiş şəxs sol qolundan, sinəsindən və qarın nahiyəsindən dişləyib ona sol bazu oynağı, döş qəfəsi və qarın nahiyələrinin sıyrıqlı-qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, əynində olmuş pencəyin sağ yan cibindən çıxartdığı məişətdə istifadə olunan soyuq silah hesab edilməyən bıçağı sağ əlində tutmaqla qəsdən Zərərçəkmiş şəxs sinəsinin sol nahiyəsindən qəsdən bir dəfə zərbə endirib, ona sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının bayır divarının sol döş boşluğuna nüfuz edərək ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da, o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (X11) ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, zərərçəkmiş taksi sürücüsü idi və onun sifarişinə əsasən gəlmişdir. O, zərərçəkmiş şəxsin idarə etdiyi taksiyə əyləşib sifariş verdiyi ünvana yollanmışdır. Zərərçəkmiş Emil yolu səhv getmiş, o da bildirmişdir ki, “yolu səhv gedirsən”. Emil ikinci dəfə yoldan dönüb qayıdaraq yenə yolu səhv getmişdir. Ona demişdir ki, “qardaş yenə səhv gedirsən”. Emil ona kobud cavab verərək demişdir ki, “umumiyyətlə düş maşından”. O, olduqları yeri tanımadığını sifariş verdiyi ünvana çatmamış avtomobildən düşməyəcəyini bildirmişdir. Bundan sonra Emil avtomobildən düşmüş, gələrək o oturan tərəfdən avtomobilin qapısını açmışdır. O, aşağı düşmüş, Emillə mübahisə etməyə başlamışdır. Sonra əlbə-yaxa olmuşlar. Emil onu boğmağa başlamışdır. O görəndə ki, Emil onun boğazını buraxmır sağ cibindəki, işi ilə əlaqədar naqilləri kəsmək üçün cibində gəzdirdiyi mətbəxt bıçağını çıxararaq bir dəfə Emili vurmuşdur. Ondan sonra taksinin pulunu vermiş elə həmən yerdə də düşüb çıxıb getmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Əməlindən peşmandır. Ola bilər Emil onu boğanda onun sinəsindən və qarnından dişləyib, çünki boğulan adamın çıxış yolu olmur. Elektrik işləri görəndə naqillərdən, otverka, rezakdan içtifadə etdiyi üçün bıçaq şalvarının cibində təsadüfən qalıbmış. Həmin gün Ramilə adlı tanış bir qadının uşağının qızdırması olduğuna görə ona zəng edib “parasetamol” dərmanı alıb gətirməyini xahiş etmişdi. O, da dərman alıb ona aparırmış. İlk olaraq Emil onu yumruqla vurub. Bıçaqla Emili vurandan sonra Emil nə yıxılmamış, nə də qaçmamışdır. Özü isə elə hadisə günü təslim olub. Bir başa Polis Bölməsinə gedib. Hazırda isə zərərçəkmiş şəxslə barışıb. Qohumları Emilin müalicə aldığı xəstəxananın pulunu da veriblər, bütün maddi xərclər ödənilib. İbtidai araşdırma zamanı dindirilmiş Təqsirləndirilən şəxs (X11) ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, müvəqqəti olaraq ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. 08 may 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində yaşayan Ramilə adlı tanışı ona zəng edib azyaşlı uşağının bədən hərarətinin qalxdığını bildirib xahiş etmişdir ki, uşağı üçün aptekdən “Parasetamol” adlı dərman alıb ona aparıb versin. Münasibətləri olduğu üçün və Ramilənin maddi durumu zəif olduğundan onun xahişi əsasında yaşadığı ünvan 2 ünvanından Ramilənin yaşadığı ünvana mobil telefonundan «Yango» və ya «Uber» taksi xidmətinin mobil tətbiqi vasitəsi ilə taksi sifariş vermişdir. Təxminən 10-15 dəqiqəyə olduğu ünvana boz qızılı metalik rəngli «Toyota Prius» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı taksi avtomobil gəlmişdir. Avtomobilə əyləşdikdən sonra sürücü sifarişi icra etməyə başlamışdır. Taksi sürücüsünü, yəni Zərərçəkmiş şəxs əvvəllər görməmiş, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Savalan yaşayış sahəsində olarkən Zərərçəkmiş şəxs onu aparmalı olduğu ünvana çatmaq üçün bir neçə dəfə səhv yolla getdiyinə görə ona bir qədər əsəbi halda iradını bildirmişdir. Emil isə ondan tələb etmişdir ki, onunla sakit tərzdə danışsın. Lakin əsəbi olduğu üçün onun sözlərinə əhəmiyyət verməmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Saat 23:40-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Muşalan-Savalan yeni yaşayış massivində yerləşən “Humay” marketin yaxınlığında olarkən Emil avtomobili saxlayıb, ondan tələb etmişdir ki, avtomobildən düşsün. Əvvəl avtomobildən düşmək istəmədiyi üçün Emil sükan arxasından düşüb ona tərəf yaxınlaşan zaman o özü avtomobildən düşüb, Emildən tələb etmişdir ki, onu sifariş verdiyi ünvana aparıb çatdırsın. Emil ona ünvanı dəqiq bilmədiyini deyib aparmayacağını bildirdikdə, əsəbiəşib uca səslə ona ünvana aparmasını tələb etmişdir. Bu zaman Emil yumruqla bir dəfə onun sifət nahiyəsindən vurmuşdur. Buna görə də aralarında mübahisə yaranmış və onlar bir-birilərinin əynində olan köynəyin yaxasından tutub dartmışdırlar. Həmin vaxtı o Emilin sol çiynindən dişləmiş, birlikdə müvazimatlarını itirib yerə yıxıldıqda sinə və qarın nahiyəsindən də dişləmişdir. Sonra hər ikisi ayağa qalxdıqda o əynində olmuş pencəyin sağ yan cibindən bıçağı sağ əli ilə çıxarıb, sağ əlində tutmaqla Emilin bədəninin sol istiqamətindən bir dəfə zərbə endirmişdir. Lakin həyəcanlı olduğu üçün dəqiq bədəninin hansı nahiyəsinə dəydiyini görməmişdir. Emilin sinəsindən qan gəldiyini görüb bıçağı tez gizlətmiş, Emil isə avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Emili öldürmək niyyətində olmamış, onu qorxutmaq məqsədi ilə bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə, bıçaqla Emili vurması təxminən 5- 6 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman yanlarında kənar şəxs olmamışdır. Zərərçəkmiş şəxs vurduğu məişət təyinatlı bıçağı fərdi qaydada evlərdə təmir-tikinti işləri zamanı istifadə etdiyindən üzərində saxlayıb daşıması asan olması üçün dəstəyini kəsib bıçağı kiçiltmiş, dəstəyini izolent ilə sarımışdır. Emilə zərbə endirdiyi bıçaq açılıb-bağlanan olmamış. Ola bilsin ki, hava qaranlıq olduğundan dəqiq görməyib və Emil bıçağı düzgün təsvir etməmişdir. Əlavə olaraq ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsdən heç bir şikayət və tələbi yoxdur. Əvvəllər ara-sıra narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri özü istifadəsi üçün tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Son zamanlar isə ümumiyyətlə istifadə etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Namiq sərxoş olduğu üçün aralarında ünvanı səhv getdiyi üçün mübahisə olmuşdur. Namiq söyüş söymüş, birinci o Namiqi yumruqla vurmuşdur. Namiq isə onu bıçaqla vurmuşdur. Onun Namiqdən heç bir şikayət və tələbi yoxdu. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Orxan adlı şəxsdən gündəlik 25 manat ödəniş etməklə «Toyota Prius» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb, «Uber» taksi xidmətinin mobil tətbiqinə qoşulmaqla həmin avtomobil ilə taksilik fəaliyyəti ilə məşğul olur. 08 may 2023-cü il tarixdə saat 23 radələrində istifadə etdiyi və «Uber» mobil tətbiqinə qoşulduğu ***-***-**-** saylı mobil nömrəyə xatırlamadığı mobil nömrədən sifariş gəlmişdir. Sifarişi qəbul etmiş və qeyd olunan nömrəyə zəng edib sifarişi verən şəxslə əlaqə saxlamışdır. Həmin şəxs ona Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında olduğunu bildirdiyi üçün, o qeyd olunan ünvana getmişdir. Qeyd olunan ünvanda əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, araşdırma zamanı adını bildiyi Təqsirləndirilən şəxs avtomobilində əyləşmişdir. Namig sifariş verdiyi Sabunçu rayonu Maştağa qəsəbəsinə aparmağı xahiş etmişdir. Naviqator yolu səhv göstərdiyi üçün Maştağa qəsəbəsi ərazisində səhv yol ilə gedib dalana çıxmışdır. Təqsirləndirilən şəxs buna görə əsəbləşmiş və mobil telefonu ilə kiməsə zəng edib yolu dəqiq öyrənməyə başlamışdır. Namig yolu düzgün getmədiyinə görə yüksək səslə və kobud tərzdə onunla danışmağa başladığı üçün ona iradını bildirib, sakit tərzdə danışmasını xahiş etdikdə, o «ə deyil, mənim adım Namigdir, yolu düz get, yoxsa telefonu başına çırpacam» deyib cavab vermişdir. Saat 23:40-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Muşalan- Savalan yeni yaşayış massivində yerləşən “Humay” marketin yaxınlığında olarkən avtomobili saxlamış və Namigin onunla kobud danışdığına görə əsəbiəşib ondan avtomobildən düşməsini tələb etmişdir. Namigin avtomobildən düşmək istəmədiyini görüb sükan arxasından düşüb, Namigə tərəf yaxınlaşmışdır ki, onu avtomobildən düşürsün. Bu zaman Namig özü avtomobildən düşüb, ondan tələb etmişdir ki, onu sifariş verilmiş ünvana aparıb çatdırsın. Namigə ünvanı dəqiq bilmədiyini deyib, onu aparmayacağını bildirdikdə Namig kobud tərzdə ondan ünvana aparmağı tələb etdiyi üçün əsəbləşmiş və yumruqla bir dəfə onun sifət nahiyəsindən vurmuşdur. Bu səbəbdən də aralarında mübahisə yaranmış və onlar bir-birinin əynində olmuş köynəyin yaxasından tutub dartmışdırlar. Həmin vaxtı Namig onun sol çiynindən dişləmiş, birlikdə müvazımatlarını itirib yerə yıxıldıqda sinə və qarın nahiyəsindən də dişləmişdir. Sonra hər ikisi ayağa qalxdıqda Namig əynində olmuş pencəyin sağ yan cibindən bıçağı çıxarıb, sağ əlində açıq vəziyyətdə tutmaqla anidən deşici-kəsici hissəsi ilə döş qəfəsinin sol tərəfindən bir dəfə zərbə endirmişdir. Namig onun sinəsindən qan gəldiyini görüb bıçağı tez gizlətmiş, o isə avtomobilinə əyləşib avtomobili idarə edib oradan uzaqlaşmışdır. Zabrat qəsəbəsində halı pisləşdiyi üçün avtomobili yoldan kənara idarə edib saxlamışdır. Bunu görən şəxsiyyəti ona məlum olmayan, dövlət nömrə nişanını bilmədiyi, təsadüfən yoldan keçən «Kia» markalı avtomobilin sürücüsü avtomobili saxlayıb ona yaxınlaşmışdır. Halını görüb həmin şəxs onun avtomobilini, «Kia» markalı avtomobili isə həmin avtomobildə sərnişin qismində olmuş anket məlumatları ona məlum olmayan şəxs idarə edib onu X9 gətirmişdirlər. Xəstəxanaya gəlib çatdıqda artıq huşunu itirmişdir. Hadisə insanların az gediş-gəlişli yerdə olduğu üçün hadisənin şahidləri olmamışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə əlbəyaxa olarkən əynində olmuş maykası bir qədər yuxarı qalxmış və Namig ona bıçaqla zərbə endirərkən oia bilsin yalnız köynəyini deşib keçmiş və qana bulaşmış, maykasına isə zədə yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Namiqlə Masazırda qonşu olmuşlar və oradan tanışlıqları var. O, həmin günü Namigin mobil telefonuna zəng edib, uşağı üçün dərman alıb gətirməsini xahiş etmişdir. O, dərmanı gətirmiş və 5 dəqiqəyə verib getmişdir. O, həmin günü heç nə bilməmişdir. Səhəri gün müstəntiq ona zəng vurmuşdur ki, gəl izahat ver. O, getmiş və cinayət işi ilə bağlı ifadə vermişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2023cü ilin fevral-mart aylarında hazırda yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində yerləşən «Oba» marketin yaxınlığındakı nömrəsiz fərdi yaşayış evinə kirayəyə köçüb orada qızı Zeynəblə yaşayır. Təqsirləndirilən şəxs (X11) əri Kamranın yaşadığı Masazır qəsəbəsində yerləşən evin qonşuluğunda yaşayıb. Kamranla yaşadığı dövrdə Namigi bir qonşu kimi görüb tanımış, lakin yaxın münasibəti olmamışdır. Təxminən 2023-cü ildə Kamranın anası xəstə olduğundan ona qulluq etmək məqsədi ilə Kamrangilə getdikdə orada Namigi görüb münasibəti yaranmış, bir-birilərinin mobil telefon nömrələrini öyrənib, bir-biriləri ilə əlaqə saxlamışdırlar. Namiglə kişi və qadın kimi yaxın münasibəti olmamışdır. 08 may 2023-cü il tarixdə saat 23 radələrində azyaşlı qızı Zeynəbin bədən hərarəti yüksək olduğundan və onun qıcolmaları olduğu üçün yanında başqa şəxs olmadığından uşağı evdə tək qoyub aptekə gedə bilmədiyindən Namigin mobil telefonuna zəng edib, uşağı üçün «Parasetamol» dərmanı alıb gətirməsini xahiş etmişdir. Namig də dərmanı alıb gətirəcəyini demişdir. 09 may 2023-cü il tarixdə saat 01 radələrində Namig tək onun yaşadığı Savalan yaşayış sahəsindəki evinə gəlib həyətdə dərmanı verib çıxıb getmişdir. Namig onun evinə gələndə hərəkətlərindən və danışığından spirtli içki və ya bihuşedici hər hansı bir maddə qəbul etməsini hiss etməmişdir. Həmin vaxtı Namigin əynində olmuş paltarlarlar üzərində qan ləkələri, bədəninin gözlə görünən nahiyələrində hər hansı bir xəsarət və ya xəsarət izləri görməmişdir. Namig ona hər hansı bir şəxslə mübahisə, dava etməsi, hər hansı bir şəxsin onu və ya onun hər hansı bir şəxsi bıçaqla vurması barədə heç bir söz deməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs sol qoltuq altının kəsilmiş və deşilmiş yarası ilə əlaqədar olaraq Polis Bölməsinə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Könüllü təqdim etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs (X11) 01 ədəd bıçağı təqdim edərək, bildirmişdir ki, həmin bıçaqla 08 may 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X11 (Təqsirləndirilən şəxs) həmin tarixdə Sabunçu RPİ-nin müstəntiqi tərəfindən tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (X11) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (X11) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 13 may 2023-cü il tarixli 1011 nömrəli ekspert rəyindən örünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının bayır divarının sol döş boşluğuna nüfuz edərək ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı, döş qəfəsi və qarın nahiyələrinin sıyrıqh-qançırları müəyyən edilmiş, xəsarətlərdən sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının bayır divarının sol döş boşluğuna nüfuz edərək ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilər, sol bazu oynağı, döş qəfəsi və qarın nahiyələrinin sıyrıqh-qançırları isə məhdud səthə malik bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, dişlər arasında sıxılma nəticəsində törənə bilər. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının bayır divarının sol döş boşluğuna nüfuz edərək ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, sol bazu oynağı, döş qəfəsi və qarın nahiyələrinin sıyrıqh-qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 11 may 2023-cü il tarixli 997 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs (X11) üst dodağın selikli qişa səthində xırda ölçülü qansızma, sağ diz oynağı nahiyəsinin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, müddəti 09 may 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 05 iyun 2023-cü il tarixli 225-2023/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (predmetin, əşyanın) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun qoltuqaltı nahiyəsində 01 (bir) ədəd küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmiş sökülmə zədəsi vardır. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş predmetin (bıçağın) tiyəsi il əvə ya oxşar konstruktiv xüsusiyyətli predmetin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş X2 məxsus köynəyin üzərində olan zədə onun bədənində olan döş qəfəsinin sol yarısının bayır divarının sol döş boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq bir-biri ilə uyğun gəlirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən olunmuş digər xəsarətlər, yəni sol bazu oynağı, döş qəfəsi və qarın nahiyələrinin sıyrıqlı qançırları küt təsirdən əmələ gəldiyindən, tədqiqata təqdim edilmiş köynək və maykanın üzərində öz əksini tapmamışdır, bu da, Zərərçəkmiş şəxs həmin xəsarətləri aldığı vaxtı yalnız bədəninin xəsarət alması ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Tədqiqata təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış hər hansı bir məişət təyinatlı bıçağın tiyəsidir, deşici-kəsici xassəyə malikdir və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçaq tiyəsinin əsasına sonradan əldə düzəltmə üsulu ilə izolent sarılmışdır və bu dəyişiklik onun təyinatını dəyişməmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 05 iyun 2023-cü il tarixli 308/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/ll/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A antigeni vəbeta aqqlyutini alındı. Beləliklə bu qan ləkələri A-beta/li/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan predmet ; üzərində qan, Zərərçəkmiş şəxs məxsus mayka üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayətin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq, həmçinin zərər çəkmiş şəxsə məxsus hadisə zamanı onun əynində olmuş 01 ədəd köynək və 01 ədəd maddi sübut kimi saxlanmasından ötrü Sabunçu RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs (X11) istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisəni əyani şəkildə göstərmişdir. Protokola ifadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmək istəmədiyini, özünü müdafiə etmək üçün, həmçinin zərərçəkmiş şəxsi qorxutmaq üçün cibindəki bıçağı çıxartdığını, lakin özündən asılı olmadan zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdikləri həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) özünü müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadə kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadələrin hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olmaqla mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadələri həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri), istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan sənədlərdən (doğum haqqında şəhadətnamələrin kserosurəti) görünür ki, təqsirləndirilən şəxsin 2 uşağı var. Cinayət işinin materiallarında olan ərizədən və ifadələrdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, hökmdən və qərardan görünür ki, təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 236.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin 2 uşağının olması, təqsirini qismən etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, cinayəti hadislərin təsadüfi axarı zəmnində zərərçəkmiş şəxsin onu vurmasından sonra törətməsini, cinayətin törədilməsində istifadə olunmuş bıçağı könüllü təqdim etməsini, zərərçəkmiş şəxsin şikayət, tələb və iddiasının olmamasını, barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri rəhbər tutularaq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərərçəkmiş şəxsə məxsus və hadisə zamanı onun əynində olmuş 1 ədəd köynək, 1 ədəd mayka zərərçəkmiş şəxsin özünə və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılmalıdır (verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs (X11) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs (X11) cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (X11) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Sabunçu RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, zərərçəkmiş şəxsə məxsus və hadisə zamanı onun əynində olmuş 1 ədəd köynək, 1 ədəd mayka zərərçəkmiş şəxsin özünə və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın (verilsin). Təqsirləndirilən şəxsə göstərdiyi 32 saat hüquqi yardıma görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar