Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1929/2021 09.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Elvan” şokolad sexində operator işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu PÇ-4A/Yat ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına 22 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi daxil olmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, atası Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır xəsarət yetirməklə, ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Belə ki, o, 20 mart 2021-ci il tarixdə saat təxminən 20-21 radalərində ailə münaqişəsi zəmnində atası – xx xxxx 1954-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Nurullla oğlunun onun anası Şahid7 Huseynəli qızını döyərək xəsarət yetirməsinə görə Zərərçəkmiş şəxs qəsdən bir neçə yumruq zərbəsi vuraraq hər iki yuxarı ətrafların, döş qəfəsinin sol yarısının ön səthinin, hər iki göz orbitinin qançırları, alının, sol gözaltı nahiyənin sıyrıqları, hər iki gözün ağlı qişasının qansızması xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik baş beyninə qansızması xəsarətləri alması nəticəsində 22 mart 2021-ci il tarixdə səhər saat təxminən 06 radələrində ölmüşdür. İş üzrə məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı və Müdafiəçi yazılı vəsatətlər təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Dövlət ittihamçısı və müdafiəçi vəsatətlərini onunla əsaslandırmışlar ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə nəzərdə tutulan kobud qanun pozuntularına yol verilmiş, cinayət işinin materialları ilə tanış etmə ilə bağlı həmin Məcəllənin 284-288-ci maddələrinin tələblərinə tam əməl edilməmiş, ittiham aktı Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, bu da sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatətlər əsaslı olduğundan təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, həmin cinayət işi Bakı şəhəri Xəzər rayon prokuroru baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə başlanmış və cinayət işi üzrə istintaqın aparılması həmin rayon prokurorluğunun müstəntiqi Toğrul Qəribova həvalə olunduğundan qeyd olunan tarixdə cinayət işi onun icraatına qəbul edilmişdir. Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 mart 2021-cu il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan 05 aprel 2021-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, zərərərçəkmiş şəxsin qızı X3 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işini materialları ilə tanış etmə haqqında 22 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs və onun müdafiəçisi ********* №-li 1 cildlik cinayət işi ilə 22 oktyabr 2021-ci il tarixdə saat 11:00-dan saat 14:00-dək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında tanış olmuşlar. Həmin cinayət işi üzrə ittiham aktı Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi Toğrul Qəribov tərəfindən 01 noyabr 2021-ci il tarixdə tərtib olunmuş və həmin tarixdə Xəzər rayon prokuroru tərəfindən təsdiq edilərək iş ittiham aktı ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir. İş məhkəməyə 22 noyabr 2021-ci il tarixdə daxil olduqdan sonra Müdafiəçi 23 noyabr 2021-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək nə təqsirləndirilən şəxslə birlikdə, nə də ki, ayrılıqda iş materialları ilə tanış olmadığını, ümumiyyətlə iş materiallarının tanış olmaq üçün ona təqdim olunmadığını, işin məhkəməyə göndərilməsi barədə ona məlumat verilmədiyini bildirmişdir. Bununla əlaqədar, məhkəmənin müvafiq sorğusuna Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasından verilmiş 17/40-4956 nömrəli, 02 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması məqsədilə 22 oktyabr 2021-ci il tarixdə vəkil Müdafiəçi və müstəntiq X7 3 saylı İstintaq təcridxanasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəllənin 285-286-cı maddələrinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim etməli, işdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işinin materialları ilə tanış etdikdən sonra müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib etməli, protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilməlidir. Həmin Məcəllənin 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Məhkəmənin hazırlıq iclasında həm zərərçəkmiş şəxsin hüquqi varisi, həm də təqsirləndirilən şəxs onlara tanış olmaq üçün cinayət işinin materiallarının təqdim edilmədiyini bildirməklə yanaşı, cinayət işinin materialları ilə tanış etməyə dair tərtib edilmiş protokollardakı imzaların onlara məxsus olmadığını bildirdilər. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iş üzrə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərərçəkmiş şəxsin hüquqi varisinə tanış olmaq üçün cinayət işinin materialları ümumiyyətlə təqdim edilməmiş, onların vəsatətlərinin olub-olmaması aydınlaşdırılmamış, faktiki olaraq protokollar saxtalaşdırılaraq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyəti əks etdirilir. Həmin Məcəllənin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.4-cü maddədə isə qeyd olunur ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviriəsaslandırıcı hisəsində və tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə saat təxminən 20-21 radələrində ailə münaqişəsi zəmnində atası xx xxxx 1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs onun anası Şahid7 Hüsənəli qızını döyərək xəsarət yetirməsinə görə Zərərçəkmiş şəxs qəsdən bir neçə yumruq zərbəsi vuraraq hər iki yuxarı ətrafların, döş qəfəsinin sol yarısının ön səthinin, hər iki göz orbitinin qançırları, alının, sol gözaltı nahiyənin sıyrıqları, hər iki gözün ağlı qişasının qansızması xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs yetirldiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik baş beyinə qansızması xəsarətləri alması nəticəsində 22 mart 2021-ci il tarixdə səhər saat təxminən 06 radələrində ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs yumruq zərbələri vuraraq qəsdən sağlamlığına ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.” Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 22 mart 2021-ci il tarixli, 39 saylı ekspertiza rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs meyitində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, sol gözaltı nahiyənin əzilmiş yarası, alının, qaşarası nahiyənin, sağ saidin, sol budun, sağ dizin sıyrıqları, hər iki gözətrafı nahiyənin qançırı və ağlı qişanın qansızması, burunun, boyunun sağ yan səthinin, döş qəfəsinin, sol üst qalça darağının, hər iki bazunun, sağ dirsək nahiyəsinin və hər iki saidin qançırları aşlar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşya təsirindən Zərərçəkmiş şəxs ölümündən 24-36 saat əvvəl törənmişlər, 20.03.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilmələri istisna edilmir, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir və xəsarətlər müxtəlif şəraitdə, yumruq, təpik zərbələri ilə yetirilməyə, həmçinin ayaqla üzərinə çıxılıb sıxılma nəticəsində əmələ gəlməsi inkar edilmir. 24 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədildiyi yer, Zərərçəkmiş şəxs barəsində ekspertiza rəyində qeyd edilən bütün xəsarətlər, eləcə də ölümə səbəb olan xəsarət tam göstərilməmişdir ki, bununla da CPM-in 223 və 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 134-cü maddəsinin tələbinə görə qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Cinayət işinin materialları öyrənilərkən məlum olmuşdur ki, bir cilddən ibarət olan cinayət işinin materiallarında olan qəbul edilmiş prosessual qərarlar və həyata keçirilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittihamın irəli sürülməsi, bununla əlaqədar tərtib edilmiş prosessual sənədlər, habelə təqsirləndirilən şəxsin dindirilməsi, şahidlərin dindirilməsi, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanması, üzləşdimə keçirilməsi və sair kimi mühüm sübut əhəmiyyəti kəsb edən istintaq hərəkəti protokolları CPM-in 52-ci maddəsinin tələbələri pozularaq ümumiyyətlə qeydiyyatdan keçirilməmiş və həmin hala cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi qərarında heç bir hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Eyni zamanda həmin Məcəllənin 289.5-ci və 289.7-ci maddələrində qeyd edilir ki, ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməli və ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilməlidir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Lakin cinayət işinin materiallarından görünür ki, cinayət işi 235 vərəqdən ibarət olduğu halda zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi kimi İ cild, vərəqə: 247-254 kimi qeyd edilmiş, eyni zamanda digər proses iştirakçılarının ifadələrinin əks olunduğu vərəqlərə istinad düzgün edilməmişdir. Bununla da, ittiham aktının tərtibinə dair Azərbaycan Respublikası CPM-in 289-cu maddəsində nəzərdə tutulan tələblər pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223-cu maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Bu Məcəllənin 223.1ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar, cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Cinayət işi materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın nəticə hissəsinin 2-ci bəndində göstərilir ki, Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək ona CM-in 126.3-cü maddəsi ilə yenidən ittiham elan edilsin. İş materialları öyrənilərkən isə müəyyən olunmuşdur ki, həmin qərarın ziddinə olaraq, Təqsirləndirilən şəxs yeni məzmunlu ittiham elan edilməmiş, 21 oktyabr 2021-ci il tarixdə ibtidai istintaq tamamlanmışdır. Bundan əlavə, ittiham aktının 2-ci vərəqində yanlış olaraq Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə yeni məzmunlu ittihamın elan edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər, o cümlədən ekspert rəyi cinayət təqibi üzrə sübutlar hesab olunur. İşdə olan 09 iyul 2021-ci il tarixdə kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının təyin edilməsi haqqında qərara əsasən kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası keçirilmiş, 14.08.2021-ci il tarixli, 1813 saylı rəy “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ekspert psixoloqu X9 və PHŞ-nin ekspert həkim-psixiatrı X5 tərəfindən verilmiş və imzalanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin tələbinə görə şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Həmin Məcəllənin 10.5-cı maddəsinə əsasən qanunçuluq prinsipinin tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlı olub-olmaması ilə bağlı məhkəmə psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilməli olduğu halda, iki ekspert tərəfindən rəy verildiyinə görə CPM-in 265.5-ci maddəsinin tələbləri pozulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 mart 2021-ci il tarixdə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 19 iyul 2021-ci il tarixdə 02 ay müddətinə, 18 sentyabr 2021-ci il tarixdə 01 ay müddətinə, 20 oktyabr 2021-ci il tarixdə 01 ay müddətinə, yəni 22 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işin materiallarından görünür ki, iş üzrə 01 noyabr 2021-ci il tarixdə tərtib edilmiş ittiham aktı elə həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyəta keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 290.1-ci maddəsinə əsasən, ittiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmin Məcəllənin 292.1-1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Hazırkı cinayət işi müstəntiq X7 tərəfindən 22 noyabr 2021-ci il tarixdə əlbəəl Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasına təhvil verilmiş, iş Bakı Ağır Cinayətlər Məhkəməsində icraatına həmin tarixdə saat 16:31-də qəbul edilərək 1(101)-1929/2021 nömrəsi ilə qeydiyyata alınmışdır. Buradan görünür ki, yuxarıda qeyd olunan hüquq normalarının ziddinə olaraq, cinayət işi təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış deyil, həbs qətimkan tədbirinin bitməsinin sonuncu günü, yəni 22 noyabr 2021-cil tarixdə məhkəməyə təqdim edildiyindən Cinayət-Prosessual Məcəlləsinin 292.1, 292-1.1-ci maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda bütün qeyd olunanlar onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində ********* №-li cinayət işinin ibtidai istintaqını apararkən müstəntiq X7 tərəfindən cinayətprosessual qanunvericiliyin çoxsaylı və kobud pozuntularına yol verilmişdir. Göstərilən pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması və cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsas olan kobud pozuntulardır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6-cü və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur, hansı ki, göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və belə olan halda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə pozuntulara yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Təqsirləndirilən şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyə təqdim etdiyi yazılı vəsatətində Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi vəsatətini ümumiyyətlə əsaslandırmamışdır. Bundan başqa həbs qətimkan tədbirinin hansı qətimkan tədbiri ilə əvəz edilməsini vəsatətdə göstərməmişdir. Müdafiəçinin vəsatəti ilə bağlı məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib belə hesab edir ki, Müdafiəçi vəsatəti əsassızdır və təmin edilmədən rədd edilməlidir. Belə ki, cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq zamanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə onun azadlıqda qalarkən cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın və ya məhkəmə baxışınin normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədərək cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesinin həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq ehtimalının olmasını nəzərə almış və barəsində həbs qətimkan tədbiri seçmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən nəzərə alınmış mühüm olan hallar aradan qalxmamışdır. Müdafiə tərəfi həmin halların aradan qalxdığı barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasına dair yekun qərar qəbul olunanadək dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi X7 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti əsassız olduğundan təmin edimədən rədd edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 10 yanvar 2022-ci il tarixədək uzadılsın. Qərarın təsdiq edilmiş surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya göndərilməsi təmin edilsin.
Məhkəmə qərarları › İş №1(101)-1929/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1929/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver