Məhkəmə qərarları › İş №1(101)-1929/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1929/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1929/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X5 və X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan və rus dilləri üzrə tərcüməçi – X4, zərərçəkmiş şəxs – X12 uglının (UZB FA6574876), təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 oktyabr 2024-cü il tarixdə, saat 17:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 6 mart 2024-cü il tarixdə, gecə saat 2 radələrində tanışı X12 uglına kənar şəxslərin yanında ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə ilə əlaqədar sonuncunun təklifi ilə gəldiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əfqan Nəsirov küçəsi 71 nömrəli tam orta məktəbin qarşısında bir qədər əvvəl aralarında yaranmış mübahisəni aydınlaşdırarkən Jakhongır İsmoılovun ona qarşı işlətdiyi nalayiq sözləri təkrar etməsinə görə özünü alçaldılmış hesab edərək yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi deşici-kəsici alətlə (bıçaqla) qəsdən vuraraq Jakhongir İsmoılova soltərəfli pnevmotoraksla müşayiət edilən döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 6 mart 2024-cü il tarixdə, təxminən gecə saat 1 radələrində İsmayıl adlı dostu ona zəng edərək yaşadığı məhəllədə çərşənbə axşamı ilə əlaqədar qalanmış tonqalın yanına çağırdıqda o, yatacağını bildirərək sonuncunun təklifini qəbul etməmişdir. Təxminən 5 dəqiqə sonra isə Jakhongır ona zəng edib sözü olduğunu deyərək tanışlarla birgə ətrafında toplaşdıqları tonqalın yanına çağırmış, Jakhongırə də əvvəlcə yatacağını deyərək gələ bilmədiyini bildirmiş, lakin sonuncu təkidlə gəlməyini tələb edərək “Gəlim qapına səni çağırım?” demiş, Jakhongır qapılarına gəldiyi halda evdə olan yaşlı anasının narahat olmaması üçün məcbur olaraq Jakhongırgilin olduğu yerə getmişdir. Tonqalın ətrafında olarkən Jakhongır ona yaxınlaşıb söhbət etməyə başlamış, söhbət zamanı Jakhongır “Uşaqların sənin barədə fikri pisdir” demişdir. O, Jakhongırin həmin sözündən sonra tonqalın ətrafında olan məhlə uşaqlarına yaxınlaşıb bir neçə dəfə ona qarşı kiminsə narazılığının olub-olmamasını soruşmuş, lakin heç kim cavab verməmiş, bu səbəbdən Jakhongır tonqalın ətrafında olan şəxslərin üstünə qışqıraraq “Niyə susursuz, danışın” demişdir. O, heç kimin danışmadığını görüb Jakhongırə “Uşaqları mənim üstümə niyə qızışdırırsan?” bildirərək sonuncudan hansı səbəbdən məhlə uşaqları ilə onun arasında ədavət yaratmağa çalışmasını soruşmuş, həmin vaxt Jakhongırin sərxoş vəziyyətdə olduğunu görmüşdür. Qəflətən Jakhongır ona hücum edərək ayaqlarından tutub yerə yıxmaq istəmiş, orada olan digər şəxslər isə onların dalaşmasının qarşısını almaq üçün onları ayırmağa çalışmış, yerdə bir müddət süpürləşəndən sonra orada olan şəxslər onları ayırmışlar. Qısa bir müddət sonra Jakhongır rus dilində onun ünvanına söyüş söyərək yenidən ona hücum edərək zərbələr vurmuş, o isə Jakhongıri qaldırıb tonqalın yaxınlığında kürəyi üstə yerə yıxmış, o özü də Jakhongırlə birgə yerə yıxılmış, orada olan məhlə uşaqları onları ayıraraq yerdən qaldırmışlar. Jakhongır ayağa qalxdıqdan sonra məhlə uşaqları onu oradan uzaqlaşdırmağa çalışmış, lakin Jakhongır yenə də rus dilində söyüş söyməyə davam etmişdir. O, mobil telefonunu yerdən götürüb oradan uzaqlaşmış, 79 yaşlı anasını narahat etməmək üçün arvadının olduğu Buzovna qəsəbəsində yaşayan qayınanasıgilə getmişdir. Həmin gün gecə təxminən saat 4-5 radələrində anası ona zəng edərək polislərin evə gəlib onu axtardıqlarını və bölməyə getməsini bildirdiklərini demişdir. O da səhər təxminən saat 11-12 radələrində Sabunçu rayonunda yerləşən 15-ci Polis Bölməsinə getmişdir. Bölmədə bir gün qaldıqdan sonra müstəntiq bölməyə gələrək Jakhongıri niyə bıçaqladığını soruşmuşdur. O, Jakhongırlə dalaşdıqlarını, lakin heç birində bıçaq olmadığını dedikdə, müstəntiq onun üstünə qışqırıb təhqir etməklə Jakhongırin pasportunun onda olduğunu, Jakhongırin o, nə istəsə izahatında elə də yazdıracağını bildirmişdir. O isə Jakhongırlə yerdə süpürləşəndə sonuncuya tonqaldan qalmış mismar və şüşə qırıntılarının bata biləcəyini, hətta özünün də ayağının bir hissəsinin tonqalda yandığını desə də, müstəntiq Cavid Əhmədov həmin halları nəzərə almamışdır. O, Jakhongıri bıçaqla vurmamış, döyüş növləri üzrə idman sahəsində dünya və Avropa çempionu olduğundan ümumiyyətlə heç vaxt bıçaq gəzdirməmiş, sonuncu bədənindəki xəsarətləri dalaşdıqları yerdə tonqalın ətrafında olan mismar qalıqları və şüşə qırıntılarının üzərinə yıxılması nəticəsində almış, hadisə yerinə gedərkən Jakhongırlə münaqişənin baş verəcəyini düşünməmiş, sonuncu da mübahisə zamanı hər hansı predmetlə onun üzərinə hücum etməmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Jakhongıri uzun müddət tanımış, sonuncunun ləqəbinin “Joxa” olmaqla kriminal aləmlə əlaqəsinin olmasını güman etmiş, hadisədən əvvəl, yəni 2 mart 2024-cü il tarixdə onunla Zabrat qəsəbəsində yerləşən “Cənub” kafesində mübahisəsi yaranmışdır. Belə ki, həmin vaxt o, “Cənub” kafesində uşaqlıq dostları ilə görüşməyə getmiş, Jakhongırin də orada olduğunu görüb onlarla görüşmüş, Jakhongır ona “nəyə görə uşaqlarla görüşmədiyini, görsənmədiyini” soruşmuş, o isə arvadının xəstə olduğunu bildirdikdə, Jakhongır ona yalan danışdığını bildirərək onu “yalançı, ikiüzlü” adlandırmışdır. Jakhongırin həmin hərəkətinə görə onunla mübahisə etmiş, mübahisə zamanı kafedən çölə çıxdıqda Jakhongır ona “Səninlə hər yerdə danışaram” demiş, o isə oradan çıxıb getmişdir. Hazırkı hadisə məhz aralarındakı həmin gərgin hadisənin davamı olaraq baş vermişdir. O, uzun müddət ərzində Almaniyada yaşamış, orada gecə klublarından birində mühafizəçi kimi fəaliyyət göstərmişdir. Bir dəfə barda mübahisə yaratmış şəxsləri aralayarkən barəsində şikayət edildiyindən saxlanılmışdır. O, Almaniya Federativ Respublikasının pasportunu itirdiyindən səfirlikdən cavab gözləyənədək Azərbaycan Respublikasında anasının yanında qalmışdır. İbtidai istintaq zamanı müstəntiq Cavid Əhmədova hadisə barədə olduğu kimi ətraflı məlumat vermiş, sonuncu onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131-ci maddəsinin tərkib əlamətlərinin olduğunu deyərək narahat olmamasını bildirmiş, lakin sonradan ona hazırkı ittihamı elan edərək ona hədə-qorxu gələrək ifadələrini saxtalaşdırmış, Jakhongırin pasportunun onda olduğunu bildirərək sonuncudan istədiyi kimi ifadə alacağını deyərək müstəntiqlə razılaşmadığı təqdirdə isə onun (Təqsirləndirilən şəxs) üzərinə narkotik vasitə qoyacağını və sair ağır ittihamlar irəli sürəcəyinə dair hədələmişdir. O, barəsində həbs qətimkan tədbiri məsələsi həll edilərkən məhkəməyə müstəntiqin ona öyrətdiklərini bildirmiş, lakin həqiqətdə baş verənləri deməmişdir. İbtidai istintaq zamanı ifadələrdə və digər sənədlərdəki imzalar ona məxsus olsa da, həmin sənədlərlə tanış olmamışdır. Arvadı ağır onkoloji xəstəlikdən əziyyət çəkməklə mütəmad müalicə olunur. Himayəsində bir azyaşlı qız uşağı da vardır. Lakin nikahı rəsmi qeydə alınmadığından sənədlərdə subay olaraq qeyd edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ondan şikayəti və ya tələbinin olmamasını, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində yaranmış münaqişə zamanı yerə yıxılaraq yerdə olan mismar qalıqları və şüşə qırıntılarının kürəyinə batması nəticəsində xəsarət aldığını, arvadının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, anasının yaşlı və xəstə olmaqla onun himayəsində olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını və ailədə ondan başqa qazanc gətirən şəxs olmamasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Almaniya Federativ Respublikasının Bremen şəhərində yaşamış, “DWS” şirkətində mühafizəçi işləyərkən barda ərəblə aralarında mübahisə olmuş, dalaşan zaman qolunu qırmış və barəsində cinayət işi başlanmış, Tostedt məhkəməsinin 7 aprel 2021-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə şərti cəza almış, 17 iyul 2023-cü il tarixdə Bakı şəhərinə gələrək həmin tarixdən Bakı şəhərində yaşayır. Özünü hər zaman kriminal aləmin adamı kimi təqdim edən İsmoılov Jakhongıri yaşadığı məhlədən tanımışdır. 2 mart 2024-cü il tarixdə Zabrat qəsəbəsində yerləşən “Cənub” kafesinə çay içmək üçün getmiş, bu vaxt kafedə Jakhongır və yanında Amil, Orxan və tanımadığı başqa şəxsləri görmüşdür. Onlarla əyləşib çay içdikdən sonra Jakhongir ona “Sən iki tərəfli söhbət edirsən, iki üzlüsən” demiş, o isə “Söhbətin var gedək çöldə edək” cavabını vermiş, bu zaman tanışı X18 onları sakitləşdirib kənara çəkmişdir. Bundan sonra çölə çıxmış və Jakhongir onu kafenin qarşısında görüb “Səninlə hər yerdə danışaram” demiş, o isə “Gəl söhbət edək” dedikdən sonra Jakhongir “Sən səhvsən, qorxaqsan” demişdir. O, Jakhongirin sözündən əsəbləşib mübahisə etmiş, lakin mübahisə davadalaşa çevrilməmiş, ayrılıb getmişlər. Bundan sonra 6 mart 2024-cü il tarixdə, gecə saat 2 radələrində evinin yaxınlığında məhlədə çərşənbə bayramı ilə bağlı tonqal qalanmış, anket məlumatlarını bilmədiyi İsmayıl ona zəng edib tonqalın yanına dəvət etmiş, o, İsmayıla gələcəyini bildirdikdən bir-iki dəqiqə sonra Jakhongir zəng edib “Gəl tonqalın yanına, uşaqlar da burdadır, söhbət edək” demişdir. O, Jakhongırdən ehtiyat etdiyi üçün evin mətbəxinə keçib çörək doğramaq üçün istifadə edilən mətbəx bıçağını götürüb belinə qoyub onların yanına getmiş, kənarda dayansa da, Jakhongir ona yaxınlaşıb “gəl tonqalın yanına” demiş, o, tonqalın yanına getmək istəmədiyini dedikdə, Jakhongir israr edərək “gəl, uşaqların sənin barəndə fikirləri pisdir” cavabını vermiş, o, tonqala yaxınlaşaraq “kimin ona qarşı pis fikri var, desin” deyə müraciət etmiş, lakin cavab verən olmamış, Jakhongir üzünü onlara tutaraq “danışın da, deyin” deyə müracət etmiş, o, heç kimin danışmadığını görüb Jakhongirə “camaatı mənim üstümə niyə qızışdırırsan” cavabını vermiş, bu zaman Jakhongir onun ayağına girib yerə yıxmaq istəmiş, o da Jakhongirin belindən tutmuş, uşaqlar da araya girmiş, amma Jakhongir onu dartışdırmış, beli üstə yerə yıxılmışdır. Jakhongir ona təpik atmış, lakin o, ayağa qalxmış, qonşusu Orxan, Amil və qeyriləri onu dalaşmaması üçün dartışdırmış, lakin yenidən yerə yıxılmış, özünü itirmiş və əsəbləşib bıçağı belindən çıxarıb Jakhongirə vurmuşdur. Jakhongir isə “səndən qisasımı alacam” demiş, oradan evə getmiş, Jakhongiri də xəstəxanaya aparmışlar. Jakhongır özünü avtoritet kimi təqdim etməklə özünə “Joxa” ləqəbi götürmüşdür. Mübahisə 6 mart 2024-cü il tarixdə, saat 2 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əfqan Nəsirov küçəsində 71 nömrəli tam orta məktəbin yaxınlığında baş vermiş, hadisə 10 dəqiqə davam etmiş, həmin yerə onu Jakhongir çağırmış, hadisənin baş verməsinə səbəb sonuncunun yersiz mübahisə edib ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 34-35; 67-69;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə tərəflərin vəsatəti əsasında 4 oktyabr 2024-cü il tarixdə vatsap mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş X12 uglı ifadəsində göstərdi ki, o, Özbəkistan Respublikası vətəndaşı olmaqla hazırda həmin ölkənin Səmərqənd şəhərində yaşayır. Azərbaycan Respublikasına istirahət məqsədi ilə gələrək müvəqqəti qaldığı vaxtlarda isə Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamışdır. Hər hansı kriminal qrupun nümayəndəsi olmamış, cinayət xarakterli işlərlə bağlılığı yoxdur. 2024-cü ilin mart ayının 6-da Novruz bayramı ərəfəsində keçirilən “Çərşənbə axşamlarında” qalanmış tonqalın ətrafında məhəllə yoldaşları ilə birgə toplaşaraq söhbət etmişlər. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs ilə bir-birilərinə qarşılıqlı söyüş söydükdən sonra birbirilərini itələmiş, bu zaman kürəyinin orada olan ağacın budağına ilişməsi (dəyməsi) nəticəsində kürəyində yara əmələ gəlmişdir. Mübahisə zamanı Anar onu bıçaqlamamış, bədənində ümumiyyətlə bıçaq xəsarətləri olmamış, döş qəfəsindən hər hansı xəsarət almamışdır. İbtidai istintaq zamanı ifadə verərkən müstəntiq ona bıçaq barədə suallar vermiş, sonuncudan tərcüməçi tələb etməsinə baxmayaraq, ona tərcüməçi təqdim edilməmiş, iş materiallarında ifadəsinin əks olunduğu protokolda qeyd olunan imzalar ona məxsus olmamış, həmin ifadəni qeyd olunan formada verməmiş, müstəntiq həmin vaxt onun pasportunu alıb yandırmaqla hədələmişdir. O, ümumiyyətlə məhkəmətibbi müayinədən keçirilməsi üçün ekspert və ya həkim yanına aparılmamışdır. İfadəsinin sonunda X12 uglı ona hər hansı zərər vurulmadığından özünü zərərçəkmiş şəxs hesab etmədiyini, həmçinin Təqsirləndirilən şəxs ona bıçaqla vurmadığından onunla barışmaqla ona qarşı hər hansı şikayəti və ya tələbi olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs hər hansı cəza verilməməsini xahiş etdi.

8. Zərərçəkmiş şəxs X12 uglının məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və J.R.İsmoılov həmin ifadəsində göstərmişdir ki, Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olmuş, orta təhsilini Rusiya Federasiyasının Samara şəhərində 105 nömrəli orta məktəbdə rus dilində almış, ana dili rus dilidir. Buna baxmayaraq Azərbaycan dilində danışa bilir və başa düşür. Bakı şəhərində dostları olduğu üçün arabir gəlib-getmişdir. Səmərqənd şəhərində biletlərin satışı ilə məşğul olur. 20 fevral 2024-cü il tarixdə hava limanı vasitəsi ilə Bakı şəhərinə gəlmiş, burada dostu Qəşəmin evində yaşamışdır. 2 mart 2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Cənub kafesində” olan zaman təxminən 4-5 ay olar tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, həmin mübahisə davadalaşa çevrilməmiş, lakin bu onun xoşuna gəlməmişdir. Bundan sonra 5 mart 2024-cü il tarixdə, çərşənbə günündə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ə.Nəsirov küçəsində 71 nömrəli məktəbin yanında tonqal qalanmış və ətrafına onun tanışları toplaşmışdır. Həmin gün, saat 24 radələrində Anara tanışı İsmayılın telefonundan zəng edərək “Gəl tonqalın yanına” demişdir. Təxminən 1 və ya 2 saat sonra Anar tonqalın yanına gəlmiş və kənarda dayanmışdır. Artıq ayın 6-sı, yəni 6 mart 2024-cü il tarixdə, gecə saat 2 radələri olmuş, Anara yaxınlaşıb “Gəl uşaqların yanında dur, üzün yoxdu gəlməyə hamı sənin mənə qarşı Cənub kafesinin yanında olan hərəkətindən danışır” demiş, buna görə Anar ona bir söz deməsə də, tonqala yaxınlaşıb üzünü tonqal ətrafında dayanan uşaqlara tərəf tutaraq “Kimin ondan narazılığı var” deyə sual vermişdir. O, Anara “sən düz deyilsən başdan ayağa səhvsən” demiş və aralarında mübahisə yaranmış, ayağına girib Anarı yerə yıxmaq istəmiş, dartışdıraraq rus dilində Anarı söymüşdür. Anar onu kənara itələsə də, yenidən onun üzərinə getmiş, bu zaman birdən sinə tərəfində istilik olduğunu hiss etmiş və Anarın onu bıçaqla vurduğunu bilmişdir. Baş vermiş hadisə zamanı yaralandığını demiş və həmin yerdə olan Anarın bacısı oğlu Ayaz onu xəstəxanaya aparmaq üçün X26 zəng etmiş və Təcili və X9 stnasiyasının həkimləri gələnə qədər Ayazın yaxınlıqda olan evlərinə gedib orada gözləmişdir. Baş vermiş hadisə barədə özünü günahlandırmış, Anarı həmin yerə çağırıb onun şəxsiyyətinə təsir edən sözlər deməsinə görə peşmandır. Anarla onun arasında olan mübahisə 10-15 dəqiqə davam etmiş, hadisə baş verən zaman yanında İsmayıl, Orxan, Amin, Ayaz və başqa adını bilmədiyi, lakin üzdən tanıdığı məhlədə və ya digər məhlədə yaşayan şəxslər olmuşdur (Cild 1, i.v. 52-55;).

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma dayısıdır. 6 mart 2024-cü il tarixdə tonqalın ətrafında məhlədən olan tanışları ilə olarkən Jakhongır sərxoş vəziyyətdə dayısı Anarı görmək istədiyini deyib bir neçə dəfə ona zəng etmiş, lakin dayısı ona cavab verməmişdir. Sonradan eşitdiyinə görə Jakhongır hətta dəfələrlə dayısının arxasınca düşüb onu hədələmiş, dayısı isə ona fikir verməmişdir. Dayısı ona Jakhongırin hərəkətlərinə son qoyması üçün onunla danışmasını demiş, o da Jakhongırin yanına gedib ona bu cür hərəkətlərinə son qoymasını bildirmişdir. Hadisə günü isə Jakhongır sərxoş vəziyyətdə olduğundan yenidən dayısını çağırmış, hətta başqa nömrə ilə dayısına zəng edib israrla onu çağırmış, gəlmədiyi təqdirdə evinə gedəcəyini demiş, nəticədə dayısı onların yanına gəlmişdir. Dayısı gəldikdən sonra Jakhongır rus dilində dayısı ilə danışaraq ona söyüş söyməyə başlamış, dayısının sonuncuya xəbərdarlıq etməsinə baxmayaraq, Jakhongır nalayiq ifadələr işlətməyə davam etmiş, bu səbəbdən aralarında dava-dalaş yaranmışdır. Jakhongır dayısının ayağından tutub onu yerə yıxmış, ayağa qalxdıqdan sonra Jakhongır dayısına yenidən hücum etmiş, növbəti dəfə yerə yıxıldıqda Jakhongır dayısının altında qalmış, sonuncuların yıxıldığı yerdə şüşə qırıntıları olmuş, Jakhongır ayağa qalxdıqda çiyninin ağrıdığını, çiyninə şüşə girdiyini demiş, gödəkçəsini çıxardıqda qan gəldiyini görüb təcili tibb yardım çağırmışlar. O, Jakhongırin çiyninə şüşə batdığını birbaşa görməmiş, lakin yaranın ətrafında şüşə qırıqlarının olduğunu görmüşdür. İbtidai istintaq zamanı müstəntiqə hadisəni olduğu kimi danışmış, sonuncu onun dayısına kömək edəcəyini bildirərək sənədləri göstərib onu aldadıb imzalamasını istəmiş, o da sənədləri oxumadan imzalayıb otaqdan çıxmış, sonradan ifadəsində dediklərinin deyil başqa sözlərin yazılmasını öyrənmişdir. Belə ki, məhkəmə iclasından təxminən bir ay əvvəl dayısının qohumu ona ifadəsini göndərdikdə, o, müstəntiqin onu aldatdığını başa düşmüşdür. Jakhongırlə dayısı dalaşarkən ətrafdakı şəxslər onları ayırmağa çalışmışdır. Onun dayısı Anarla Jakhongırin əvvəlki mübahisə və münasibətlərindən məlumatı olmamışdır.

10. Şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 6 mart 2023-cü il tarixdə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, 5 mart 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 71 saylı tam orta məktəbin yaxınlığında Novruz bayramı ilə əlaqədar qalanmış tonqalın ətrafına toplaşmış, təxminən 2 aya yaxın müddətdir tanıdığı Jakhongır və yaxınlıqda yaşayan Qədir, İsmayıl, Amil, Orxan və s. adlı şəxslər də olmuşdur. 6 mart 2024-cü il tarixdə, gecə saat 2 radələrində qalanmış tonqalın ətrafında olan zaman dayısı Təqsirləndirilən şəxs gəlmiş, sonuncu ilə Jakhongır arasında daha əvvəl aralarında yaranmış narazılıqla bağlı mübahisə yaranmış, Jakhongır dayısına 3-4 gün əvvəl aralarında yaranan münaqişə zamanı onunla nəyə görə pis danışdığını deyib rus dilində başa düşmədiyi tərzdə söhbət etmişlər. Onlar əvvəl aralarında yaranan danışıq zamanı normal səs tonunda danışmış, lakin qısa müddət sonra onlar bir-birləri ilə başa düşə bilmədiyi səviyyədə rus dilində danışaraq mübahisə etməyə başlamışlar. Bundan sonra Jakhongır dayısı Anara əl-qol atmış, ancaq Amin onları ayırmışdır. Bu vaxt Jakhongır dayısının üzərinə gələrək söyüş söyüb Anarı vurmaq istəmiş, Anar onun hərəkətlərindən əsəbiləşib üzərindən bıçaq çıxardaraq Jakhongıri bir dəfə vurmuş, az müddət keçməmiş hadisə yerindən kənara gedərək uzaqlaşmış, o, dərhal Jakhongirə baxan zaman onun bədəninə bıçaq daxil olduğunu və yaralandığını görmüş, X20ynar xəttinə zəng edərək məlumat vermiş, hadisə yerinə gələn həkim briqadası ilə Jakhongıri xəstəxanaya aparmış, baş vermiş mübahisə 10-15 dəqiqə davam etmişdir (Cild 1, i.v. 12- 14;).

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə vaxtı tonqalın ətrafında olmuş, Təqsirləndirilən şəxs tanısa da Jakhongıri tanımamış, Anarla Jakhongır arasında baş vermiş mübahisənin səbəbini bilmir. Jakhongırlə Anar mübahisə edərkən bir-birilə rus dilində danışmış, bir-birilərinin ünvanına söyüş söymüşlər. Mübahisə zamanı əvvəlcə Jakhongır Anarın ayağından tutub onu yerə yıxmış, daha sonra Anar Jakhongıri arxası üstə yerə yıxmış, əlbəyaxa olarkən ətrafdakılar onları ayırmışdır. Jakhongır ayağa qalxarkən onun halı olmamış, yıxıldığı yerdə şüşə qırıntıları olmuş, həmin qırıntılar bədəninə batmışdır. O, hadisə baş verdikdən sonra Jakhongırin kürəyinə baxmamış, lakin onun kürəyinə nəsə dəymiş, bundan sonra o, evə getmiş, təcili tibbi yardım gələrkən artıq orada olmamışdır. Mübahisə Jakhongır tərəfindən başladılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsindəki imzalar onun imzasına oxşamır. İbtidai istintaq zamanı elan verdiyi və elan edilmiş ifadənin məzmunu əsasən doğru olsa da, həmin ifadədə qeyd edilənlərinin əksinə o, Anarla Jakhongırin bir-birindən ayrılmasında iştirak etməmiş, Jakhongırin hansısa predmetlə, habelə bıçaqla vurulduğunu ümumiyyətlə görməmişdir.

12. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Şahid2 həmin ifadəsində Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 1, i.v.95-97;).

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Novruz bayramı ərəfəsində çərşənbə axşamı günü tonqalın ətrafında söhbət edərkən Jakhongırlə Anar aralarında rusca danışmış, sonuncuların söhbətindən başa düşdüyü qədər Jakhongır Anara qarşı təhqiredici sözlər kimi “mış”, “krisa” kimi sözlərdən istifadə etmiş, daha sonra aralarında mübahisə yaranmış, Anarın Jakhongıri yıxması nəticəsində sonuncu şüşəli yerə yıxılmış, Jakhongırin yaralandığını onları ayırdıqdan sonra görüb təcili tibbi yardım çağırmış, onun paltarını soyunmasına köməklik etmiş, həmin vaxt Jakhongırin kürəyindən yaralandığını görmüşdür. O, Anarın əlində hər hansı kəsici-deşici alət görməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonundakı imza ona məxsus olmuş, lakin həmin ifadəni oxumadan imzalamışdır.

14. Şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və Şahid3 şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 1, i.v.92-94;).

15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 6 mart 2024-cü il tarixdə, gecə saat 2 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əfqan Nəsirov küçəsində yerləşən 71 nömrəli tam orta məktəbin yaxınlığında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla tanışı X12 uglınu vuraraq döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurması faktına görə həmin tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X16 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

17. “Məhkəmə-Tibbi Ekspertiza və X13” X27 Sabunçu rayon şöbəsinin rəisi tərəfindən verilmiş 6 mart 2024-cü il tarixli, 246 nömrəli məktubdan görünür ki, X14 uglı “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfüz edən deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmotoraks (döş boşluğuna sərbəst havanın yığılması)” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir (Cild 1, i.v.5;).

18. “Baxış keçirilməsi barədə” 6 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə, saat 11:00-dan 11:25-dək iki nəfər hal şahidinin və Şahid1 iştirakı ilə hadisənin baş verdiyi bildirilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əfqan Nəsirov küçəsində yerləşən 71 nömrəli tam orta məktəbin yaxınlığına baxış keçirilmişdir. Baxış istintaq hərəkətində iştirak edən Şahid1 hadisə yerini dəqiqliklə göstərərək sözügedən hadisənin həmin ünvanda baş verdiyini bildirmişdir. Baxış zamanı yerdə yanmış taxta materialın külünün olması, həmin külün sönmüş vəziyyətdə olması, hər hansı kənar əşya və ya xüsusi predmetin olmaması müəyyən edilmişdir. Baxış zamanı hadisə baş verərkən istifadə olunan alət-bıçaq müəyyən edilməmişdir (Cild 1, i.v. 7-11;).

19. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 6 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2024-cü il tarixdə, saat 17:20-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 26-27;).

20. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 6 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X12 uglı zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri tərcüməçinin iştirakı ilə ətraflı izah edilmişdir (Cild 1, i.v. 46-51;).

21. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 7 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilmiş, hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 57-66;).

22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7 mart 2024-cü il tarixli, 4(008)- 135/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 6 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsin ona qarşı qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində onu vurduğunu, əməlindən peşman olduğunu qeyd edərək vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 76- 81;).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 1 aprel 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 1 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 113; 42-1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hökmün icrası 1 (bir) il müddətə təxirə salınmışdır. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 26 yanvar 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 113-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin 11 aprel 2000-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona təyin edilmiş cəza şərti hesab edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir. Bundan əlavə, A.M.X8 Respublikasının Tostedt Ərazi Məhkəməsinin 7 aprel 2021-ci il tarixli hökmü ilə AFR-nin Cinayət Məcəlləsinin 177.1, 177,5.1, 177.6.2.1, 223.1, 230.1, 52, 56 (bədən xəsarəti yetirməklə təcavüz etmə) maddələri ilə təqsirli bilinib 3 (üç) il şərti hesab edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (Cild 1, i.v. 98-100;).

24. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi Samir Həsənovun 15 may 2024-cü il tarixli, 49/2-4/2-1619 nömrəli məktubunda göstərilmişdir ki, hadisə baş verən gün zərərçəkmiş şəxsin əynində olan paltarlar sonuncu Təcili və X9 stansiyasının avtomobili ilə xəstəxanaya aparıldıqdan sonra kənara qoyulmuş, oradan da onun yaxınlarından anket məlumatları məlum olmayan şəxslərdən biri tərəfindən götürülmüşdür (Cild 1, i.v. 104;).

25. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 1 aprel 2024-cü il tarixli, 678 saylı rəyindən görünür ki, X12 uglında soltərəfli pnevmotoraksla (sol döş boşluğuna sərbəst havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən 6 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, 28 mart 2024-cü il tarixdə X12 uglı məhkəmə-tibbi ekspertizadan keçirilmiş, özünün deməsinə görə 6 mart 2024-cü il tarixdə, saat 2-3 radələrində Zabrat qəsəbəsində küçədə tanımadığı şəxs görə bilmədiyi iti əşya ilə onu vuraraq xəsarət yetirmişdir. Həmçinin həmin rəydə istinad olunmuş, X21 tərtib olunmuş C-775 saylı xəstəlik tarixindən görünür ki, X12 uglı xəstəxanaya 6 mart 2024-cü il tarixdə, saat 02:15-də 12 saylı təcili yardım maşınında döş qəfəsinin sol yarısında olan yaradan, təngnəfəslikdən şikayətləri ilə gətirilmişdir. Xəstənin deməsinə görə bir saat əvvəl Zabrat qəsəbəsində yıxılaraq xəsarət almışdır.. (Cild 1, i.v. 105-107;).

26. “Ambulator kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji” ekspertizasının 29 aprel 2024-cü il tarixli 1159 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətdiyi anda hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Ona ittiham olunan əməl barədə soruşduqda istintaqa verdiyi ifadəyə uyğun cavablar verir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, yadda saxlamaq və yada salmaq iqtidarındadır. Cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs güclü emosional stress, frustrasiya, fizioloji affekt vəziyyəti və s. əmələ gəlməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və ya yalan danışmağa meyillilik əlamətləri aşkar edilmədi. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, hadisə barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirir ki,...o, Cahangirdən ehtiyat etməsi səbəbindən evdən mətbəx bıçağını götürərək şalvarının bel hissəsində gizlətmiş, məhləyə düşdükdə Cahangir onu qarşılayaraq uşaqların onun barəsində pis fikirdə olduğunu demiş, daha sonra ona əl ataraq yerə yıxmış, həmin vaxt sayca çox olduğunu görərək qorxutmaq məqsədilə üzərində gətirdiyi bıçaqla Cahangirə bir dəfə vurmuşdur (Cild 1, i.v. 109-111;).

27. X12 uglı tərəfindən tərcüməçinin iştirakı ilə imzalanmış ərizədə göstərilmişdir ki, 6 mart 2024-cü il tarixdə, saat 2 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əfqan Nəsirov küçəsində 71 nömrəli tam orta məktəbin yaxınlığında aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs özündə olan bıçaqla ona bir dəfə vurub xəsarət yetirmişdir. Həmin hadisə ilə bağlı onun Təqsirləndirilən şəxs qarşı şikayət və ya tələbi yoxdur, onunla barışmışdır (Cild 1, i.v. 112;).

28. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 iyun 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2024-cü il tarixdə verdiyi ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək 6 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əfqan Nəsirov küçəsində 71 nömrəli tam orta məktəbin yaxınlığında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X3 bir dəfə özü ilə gətirdiyi bıçaqla vurub ağır bədən xəsarəti yetirdiyini göstərmişdir (Cild 1, i.v. 116-117;).

29. “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittihamın qüvvəsində saxlanılması, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi və cinayət işinin bəzi materiallarında zərərçəkmiş şəxsin adının X1 yazılmasının texniki səhv kimi nəzərə alınmaqla pasportunda olduğu kimi, yəni X12 uglı olaraq oxunmasının nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v.120-126;).

30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.Ə.Əhmədov tərəfindən 14 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 14 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.132-138;).

31. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

32. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 2023-cü ilin avqust ayında ölkəyə daxil olmuş və rəsmi sənədlərə əsasən subaydır (Cild 2;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

33. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

36. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.

37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

41. CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

42. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.

43. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

44. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

45. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

46. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

47. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir.

48. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Bayramlı X10 Jakhongır Ravshan uglına kənar şəxslərin yanında ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə ilə əlaqədar sonuncunun təklifi ilə gəldiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əfqan Nəsirov küçəsi 71 nömrəli məktəbin qarşısında bir qədər əvvəl aralarında yaranmış mübahisəni aydınlaşdırarkən Jakhongır İsmoılovun ona qarşı işlətdiyi nalayiq sözləri təkrar etməsinə görə özünü alçaldılmış hesab edərək yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi deşici-kəsici alətlə (bıçaqla) qəsdən vuraraq Jakhongir İsmoılova soltərəfli pnevmotoraksla müşayiət edilən döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir.

49. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində bıçaq olmadığını, sonuncunun ümumiyyətlə üzərində heç vaxt bıçaq gəzdirmədiyini, zərərçəkmiş şəxslə əlbəyaxa olarkən sonuncunun orada qalanmış tonqalın ətrafındakı şüşə qırıntıları və mismar qalıqlarının üzərinə yıxılması nəticəsində həmin predmetlərin kürəyinə batması nəticəsində xəsarət aldığını, habelə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən aldadılaraq psixoloji təzyiqlərə məruz qoyularaq ondan həqiqəti əks etdirməyən ifadələr alınmasını, müstəntiqin dediklərini etməyəcəyi təqdirdə üzərinə narkotik vasitə qoyulmaqla və sair ağır ittihamlar irəli sürülürək cinayət əməlini daha da ağırlaşdıracağını bildirməklə onu hədələməsi nəticəsində ifadələrini oxumadan imzalamaq məcburiyyətində qaldığını, zərərçəkmiş şəxsin və iş üzrə şahidlərin ifadələrinin saxtalaşdırıldığını, zərərçəkmiş şəxsin barəsində verilmiş məhkəmə-tibbi ekspertizası rəyinin mötəbər sübut olmadığını göstərmişdir.

50. Halbuki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də zərərəçəkmiş şəxs tərəfindən ona qarşı nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında yaranmış sözlü mübahisənin gələcək münaqişələrə zəmin yaratması nəticəsində həmin gərgin münasibətlərin davamı olaraq zərərçəkmiş şəxsin onu hadisə yerinə çağırıb tanışlarının yanında ona qarşı yenidən nalayiq ifadələr işlətməsi səbəbindən özünü alçaldılmış hiss edərək X12 uglına üzərində gəzdirdiyi bıçaqla qəsdən vuraraq soltərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi X12 uglını bıçaqla vurmaması, ümumiyyətlə üzərində bıçaq olmaması, o cümlədən onunla əlbəyaxa olarkən sonuncunun tonqalın ətrafındakı şüşə qırıntılarının üzərinə düşərək yaralanıb xəsarət alması və ifadəsində göstərdiyi digər ziddiyyətli xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından inkar edilir, məhkəmə, onun məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ifadəsinin yerində yoxlanılması protokolu, ekspertiza rəyləri və digər mötəbər sübutlarla da tam şəkildə öz təsdiqini tapır.

51. Məhkəmə, zərərçəkmiş şəxs X12 uglının məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaq və cəzalanmaqdan yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirilməlidir. Belə ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona heç bir bıçaq xəsarəti yetirilmədiyini, bədənində hər hansı deşici-kəsici alət (bıçaq) vasitəsi ilə yetirilmiş xəsarət olmadığını, Təqsirləndirilən şəxs ilə əlbəyaxa olarkən ağaca ilişməsi nəticəsində kürəyindən yaralandığını, ibtidai istintaq zamanı tərcüməçinin iştirakının təmin edilmədiyini, iş materiallarında əks olunmuş ifadələrdəki imzaların ona məxsus olmadığını, müstəntiq tərəfindən pasportunun yandırılması ilə hədələndiyini, o cümlədən ibtidai istintaq zamanı hər hansı ekspert və ya həkim müayinəsindən keçirilmədiyini bildirmişdir. Halbuki, iş materiallarına əsasən hadisədən dərhal sonra zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılaraq orada sonuncuya “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmotoraks (döş boşluğuna sərbəst havanın yığılması)” diaqnozu qoyulduqdan sonra qısa müddət ərzində barəsində aparılmış məhkəmə-tibbi ekspertizası nəticəsində ona deşici-kəsici əşya ilə xəsarət yetirilməsi, habelə həmin xəsarətin bıçaqla törədilə bilməsi, xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində yarana bilməsi ehtimalları inkar olunmuşdur. Eyni zamanda ibtidai istintaq zamanı tərcüməçinin iştirakı təmin edilməklə zərərçəkmiş şəxsə hüquq və vəzifələri ətraflı şəkildə izah olunmaqla ifadəsi alınmış, sonuncu bütün ifadələrində, o cümlədən ekspertiza müayinəsi zamanı onun bədəninə iti əşyanın (bıçağın) nüfuz edərək yaralandığını bildirmişdir. Məhkəmə xüsusi vurğulamaqla qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X12 uglı tanışlarına özünü “Joxa” ləqəbi ilə təqdim edərək cinayətkar aləmə meyilli olan, ətrafındakı şəxslərə özünü “avtoritet” kimi təqdim etməyə çalışmış, dava-dalaşa meyilli olmaqla digər şəxslər üzərində özünün üstünlüyünü təmin etməyə cəhd etmişdir. Məhkəmə-istintaq təcrübəsində belə şəxslərin özlərinə qarşı cinayət əməli törədilməsinə baxmayaraq, onlara qarşı cinayət əməli törətmiş şəxslərdən şikayət etməməyə, habelə cinayət təqibi orqanları ilə hər hansı əməkdaşlıq etməyə meyilli olmamaları məlumdur. Zərərçəkmiş şəxs X12 uglı da ağır bədən xəsarəti almasına, vaxtında və yüksək ixtisaslı tibbi yardım göstərilmədiyi halda həyati təhlükəsi olmasına baxmayaraq, təqsirləndirilən şəxsdən şikayət etmək, hadisə barədə məlumat vermək istəməmişdir. Təsadüfi deyildir ki, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldıqdan sonra ilkin müayinə zamanı yıxılaraq xəsarət almasını demiş, sonradan barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizası müayinəsi zamanı ekspertə tanımadığı şəxsin görə bilmədiyi iti əşya ilə onu vuraraq xəsarət yetirdiyini bildirmiş (bax hökmün 25ci bəndinə), ibtidai istintaqın gedişi zamanı da təqsirləndirilən şəxslə barışdığını bildirərək ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X12 uglı xarakterinə uyğun olaraq guya təqsirləndirilən şəxsə kömək etmək məqsədi ilə nə məhkəməyədək icraat zamanı, nə də məhkəmə icraatı zamanı hər hansı şəxsin bildirmədiyi və işin faktiki halları ilə tam inkar edilən ifadə verərək təqsirləndirilən şəxslə dava-dalaş zamanı kürək nahiyəsinin guya ağaca ilişməsi nəticəsində xəsarət aldığını bildirdi. Halbuki, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı aldığı xəsarətlə bağlı bildirdiyi ziddiyyətli ifadələri təqsirləndirilən şəxsin və şahidlərin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı dövründə verdikləri ümumilikdə bütün ifadələri, habelə iş materiallarında olan digər sübutlarla tam inkar olunduğundan məhkəmə X12 uglının məhkəmə icraatı dövründə verdiyi ifadəsinə tənqidi yanaşılmalı olması qənaətinə gəlir.

52. Eyni zamanda, məhkəmə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 məhkəmə iclasında verdiyi ifadələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla zərbə vurmasını görməmələri, ibtidai istintaq zamanı ifadələrini oxumadan imzalamaları, habelə Ə.H.Hüseynov və Şahid3 zərərçəkmiş şəxsin yıxıldığı yerdə çoxsaylı şüşə qırıntılarının olması, bu səbəbdən həmin şüşələrin onun kürəyinə bataraq xəsarət almasını güman etmələri, bundan başqa Şahid2 ibtidai istintaq zamanı ifadəsindəki imzaların ona məxsus olmaması ilə bağlı və sair göstərdikləri hallara tənqidi yanaşaraq onları işin faktiki halları ilə öz təsdiqini tapmadığından rədd edir. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs doğma bacısı oğlu, Şahid3 və Şahid2 isə Təqsirləndirilən şəxs yaşadıqları ərazidən tanışları olmaqla sonuncuların məhkəmə icraatı zamanı ifadələrində göstərdiyi xüsusatlar işin faktiki halları ilə inkar edilməklə təqsirləndirilən şəxsin ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır.

53. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

54. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

55. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

56. Məhkəmə CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X12 uglı ilə barışıq əldə etməsini, sonuncunun ondan şikayəti və tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən 42 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu bildirməsini, himayəsində yaşlı anasının və onkoloji xəstəlikdən əziyyət çəkən həyat yoldaşının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

57. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

58. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

59. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

60. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə maddənin sanksiyasında nəzərdə tututulmuş aşağı həddə yaxın həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.

61. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

62. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

64. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

65. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

66. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 6 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

67. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 6 mart 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

68. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

69. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.

70. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.

71. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

72. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

73. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 6 mart 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutun, mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Quliyev Hakimlər: Siyavuş Hacıyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar