Məhkəmə qərarları › İş №1(101)-1931/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1931/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1931/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 52-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Döngə 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Döngə 1 ünvanında yerləşən nömrəsiz fərdi evin qarşısında Zərərçəkmiş şəxs ilə sonuncunun evin qarşısında uca səslə danışması ilə əlaqədar və onun əmisi oğlu Şahid1 döydüyünə görə mübahisə etmiş, yaranmış mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruqla vurub ona çənənin nöqtəşəkilli qansızması, sol kürəyin, sağ saidin sıyrıqları ilə müşayiət olunan və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz oluraq əldə edib üstündə gəzdirdiyi, ümumi təyinatlı, qatlanan tipli, deşici-кəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən 1 (bir) dəfə vuraraq sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olan ağır hemorragik şok, dalağın zədələnməsi və xaric olunması (splenektomiya) ilə nəticələnmiş qarnın sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün onun əmisi oğlu Şahid1 ilə Zərərçəkmiş şəxs dalaşmışdır. O da davaya qoşularaq zərərçəkmiş şəxslə dalaşmışdır. O, zərərçəkmiş şəxsi əmisi oğlunu döydüyünə görə bıçaqlamışdır. Təqsirləndirilən şəxs sərbəst şəkildə ifadəsini verdikdən sonra cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsi bıçaqladığı zaman istifadə etdiyi bıçağı mağazadan almışdır. Bıçaq çox vaxt evdə olmuş, lakin bəzən onun üzərində olmuşdur. O, əvvəllər Zərərçəkmiş şəxs tanımış, sonuncu ilə münasibəti yaxşı olmuşdur. Hadisə Qala qəsəbəsində baş vermişdir. Onlar Qala qəsəbəsində yaşayırlar. Onların evi ilə əmisigilin evi arasında bir divar vardır. O, həyətdə oturan zaman birdən səs-küy eşitmiş, həyətdən küçəyə çıxmış və görmüşdür ki, Zərərçəkmiş şəxs ilə onun əmisi oğlu Ömər dalaşmışlar. Onun əmisi oğlunun 15-16 yaşı var. Əmisi oğlu küçəyə çıxmış və Əlizamingilə qapının önündə dayanmamalarını bildirmiş, Zərərçəkmiş şəxs isə Ömərə bir neçə dəqiqədən sonra gedəcəklərini bildirmiş, bir müddətdən sonra Zərərçəkmiş şəxs onun əmisi oğlu Ömərə şillə vurmuşdur. Bundan sonra o, küçəyə çıxmış və Ömərlə Əlizamini aralamışdır. O, Zərərçəkmiş şəxs yaxınlaşan vaxt Əlizamin əsəbi olmuş və onun çənəsinə yumruqla zərbə endirmişdir. O, Əlizamini bıçaqla vurmuş, həmin bıçağı mağazadan yenicə almışdır. Bıçaq açılıb-qatlanan olmuşdur. Bıçaq hadisə vaxtı onun sağ cibində olmuşdur. Belə ki, Əlizamin onu vurduqdan sonra o, əsəbləşmiş və özünü müdafiə etmək üçün bıçaqdan istifadə etmişdir. O, Əlizamini yan tərəfindən 1 (bir) dəfə vurmuşdur. Sonra qonşular küçəyə çıxmışlar. Əlizaminə ilkin tibbi yardımı qohumları göstərmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncuya vurulmuş ziyan ödənilmiş, habelə sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin o, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, habelə şahid ifadəsini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onların arasında heç vaxt münaqişə olmamışdır. O, küçə ilə getdiyi zaman Təqsirləndirilən şəxs və sonuncunun əmisi oğlu Şahid1 gəlmişlər və Ömər ondan əl çəkməmişdir. Ramiz və Ömər içkili olmuşlar. Ramizgil ayıq olsa idilər, bu hadisə baş verməzdi. Ömər əl çəkməmiş və onu təhqir etmişdir. O da Öməri itələmişdir ki, “yeri, çıx get.” Ömər ondan yapışmış və həmin vaxt Ömər keyfli olmuşdur. Birdən o, yan tərəfindən isti nəsə axdığını hiss etmişdir. Sonradan o, gözünü açdıqda xəstəxanada olduğunu görmüşdür. İş üzrə şahid Elçin Abdullayev onun dayısı oğludur. Elçin onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs sərbəst şəkildə ifadə verdikdən sonra cinayət prosesi iştirakçılarının suallarına cavab olaaq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs ilə onun arasında hər hansı münaqişə olmamış, o, Təqsirləndirilən şəxs vurmamış, onların arasında anlaşmazlıq olmuşdur. O, Təqsirləndirilən şəxs onu nə ilə vurduğunu, həmçinin bıçağı görməmişdir. Onun yan tərəfindən qan axdıqda o, bıçaqlandığını bilmişdir. Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 28 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində qohumu Elşən adlı şəxslə söhbət edərək gedərkən onlarla qonşuluqda yaşayan, adını xatırlamadığı şəxs onlara irad bildirmişdir ki, bir az yavaş danışsınlar. Həmin vaxt onlar həmin şəxsə bildirmişlər ki, küçədir, söhbət edərək gedirlər. Onlar həmin sözü deyərək getmək istəyən zaman arxalarınca bir nəfər azyaşlı şəxs qaçaraq "bunlara bax, uca səslə danışırlar" demişdir. Həmin vaxt həmin şəxsin qohumu, onlarla qonşuluqda yaşayan şəxs ona yaxınlaşmış və əl-qol atmağa başlamışdır. O, həmin şəxsin spirtli içkinin təsiri altında olduğunu görmüş və çıxıb getməsini xahiş etmişdir. Lakin həmin şəxs ondan əl çəkməmiş və gözləmədiyi vəziyyətdə onu bıçaqla 1 (bir) dəfə vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tanıyır, lakin yaxından tanımır. Zərərçəkmiş şəxs onun bibisi oğludur, həmçinin bacısının əridir. O, Əlizamin ilə söhbət etmiş, həmin vaxt Şahid1 onlara yaxınlaşmış və ünvalarına təhqiramiz sözlər işlətmişdir. O da demişdir ki, “get, sabah gələrəm danışarıq”. Şahid1 Ramizi çağırmışdır. Sonra Ramiz gəlmiş və Əlizamini təhqir etmişdir. Əlizamin Ramizi itələmiş, bundan sonra Ramiz Əlizamini bıçaqlamışdır. O, Ramizin Əlizamini bıçaqlamasını görməmişdir. Sonra Əlizamin qışqırmış və evə tərəf getmişdir. O, maşınla zərərçəkmiş şəxs Əlizamini xəstəxanaya aparmışdır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun yaxın qohumudur, yəni əmisi oğludur. Onların münasibətləri çox yaxşıdır. O, 28 avqust 2022-ci il tarixdə, təxminən saat 21:00 radələrində yaşadığı evdə olarkən evin qarşısından ucadan səs-küy gəldiyini eşitmiş və buna görə də evdən küçəyə çıxanda görmüşdür ki, evlərinin qarşısında 2 (iki) nəfər şəxs vardır. O, yaxınlaşanda görmüşdür ki, həmin şəxslərdən biri qonşuluqda yaşayan Əlizamin, digəri isə Elşən adlı böyük oğlanlardır. O, həmin şəxslərə yaxınlaşan kimi salam verib salamlaşmış və demişdir ki, "olar ki, gedib bir qədər kənarda danışasınız?’'. O, bunu deyən kimi Əlizamin ona cavab verib demişdir ki, “nə olub, səsim sənə çox gəlir?" və bunu ona deyən kimi mübahisə etməyə və qəflətən ona əl-qol atmağa, yəni şillə-yumruqla onu vurmağa və itələməyə başlamışdır. O, yerə yıxılmış və artıq vəziyyəti belə görüb ucadan qışqırmağa başlamışdır. Onun səsinə onlarla bitişik evdə yaşayan əmisi oğlu Ramiz küçəyə çıxıb tez onlara yaxınlaşaraq onu müdafiə etməyə başlamışdır. Əmisi oğlu Ramiz onlara yaxınlaşan kimi Əlizamin Ramizlə də heç bir səbəb olmadan mübahisə etməyə və Ramizi də yumruq və təpiklə vurmağa başlamışdır. Mübahisə onların qapısının ağzında başlayaraq yavaş-yavaş zibillik sahəyə tərəf getmişdir. Həmin vaxt Əlizaminin yanında olan Elşən isə onunla birlikdə Əlizamin və Ramizi ayırmağa çalışmışdır. O, bu vaxt bir də görmüşdür ki, əmisi oğlu Ramiz cibindən çıxardığı bıçaqla Əlizamini vurmuşdur. Həmin vaxt Əlizaminin qohumları olan Elmir və Bəxtiyar adlı şəxslər Əlizamini təcili olaraq oradan xəstəxanaya aparmışlar. Əmisi oğlu Ramiz isə hadisə yerindən çıxıb getmiş, o da öz evinə getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün saat 00:10 radələrində 3 saylı BŞX-nın tibbi bacısı Zərərçəkmiş şəxs daxilə nüfuz edən sol tərəfli qabırğa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 11-13) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Qala qəsəbəsi, Yeni sahə ünvanında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 51) görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş geyim əşyası sübut əhəmiyyətinə malik olduğundan X8 götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli geyim əşyasına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 54) görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qara rəngli qısa qol köynəyin arxa səthində solda aşağıda 1 (bir) ədəd deşib keçən zədə var, həmin zədə iti uclu deşici-kəsici alətin təsirindən yaranmaya xarakterikdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli “X10” X11 məktubundan (cild 1, iş vərəqə 55) görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:05-də “Qarının sol yan divarının, periton boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, dalağın yaralanması, hemorrogik İİİ dərəcə” diaqnozu ilə tibb müəssisəsinə ambulator qaydada müraciət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-388/2022 saylı qərarından (cild 1, iş vərəqə 74-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 82) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyanın ödənilməsini bildirərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 1144 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 106-107) görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - ağır hemorragik şok, dalağın zədələnməsi və xaric olunması (splenektomiya) ilə nəticələnmiş qarnın sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun X10 X12 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ə.R.Mahmudovun bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 1136 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 103-104) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – çənənin nöqtəşəkilli qansızması, sol kürəyin, sağ saidin sıyrıqları küt əşya (əşyalar) təsirindən tprənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 483-MTKŞ/2022 nömrəli ekspertiza rəyindən və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 133-136) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - qarnın sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara, ekspertizaya təqdim edilmiş köynəyin arxa səthində solda bir ədəd dəlib-keçən zədə ilə nisbi uyğun gəlir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı, qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 2411 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 130-131) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 101) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də tələbinin olmayacağını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 121-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Döngə 1, yeni yaşayış sahəsində yaşadığı fərdi yaşayış evinin qarşısında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 151-157) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1 və 228.4-cü maddələrinə tövsif edilməsi və ona həmin maddələr üzrə ittiham elan edilməsi, onun əməlində Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli qısaqol köynəyin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qatlanan tipli soyuq silah hesab edilən ov bıçağının maddi sübut kimi tanınaraq saxlanılmaları üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 160-161) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 223) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyanın ödənilməsini bildirərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, təqsirləndirilən şəxsin törətdiyi əməllərə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 228.4-cü maddəsi) cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, 28 avqust 2022-ci il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Döngə 1 ünvanında yerləşən nömrəsiz fərdi evin qarşısında Təqsirləndirilən şəxs əmisi oğlu Şahid1lə Zərərçəkmiş şəxs arasında sözlü mabhisə baş vermiş, daha sonra sözlü mübahisə əlbəyaxaya çevrilmiş, sözlü mübahisənin əlbəyaxaya keçməsi Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Şahid1 zorakılıq etməsi səbəb olmuşdur. Bu hadisə baş verən zaman Təqsirləndirilən şəxs Əlizaminlə Ömərin yanına yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərində soyuq silah hesab edilən bıçaq olmuşdur. Təqsirləndirilən şəxs hadisə yerinə yaxınlaşan zaman Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etməyə başlamış, həmin vaxt Zərərçəkmiş şəxs heç bir əsas olmadan Təqsirləndirilən şəxs çənəsinə və sair yerlərinə xəsarət yetirmişdir. Nəticədə Təqsirləndirilən şəxs çənənin nöqtəşəkilli qansızması, sol kürəyin, sağ saidin sıyrıqları ilə müşayiət olunan və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər almışdır. Təqsirləndirilən şəxs xəsarət aldıqdan sonra, yəni Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu qanunsuz hərəkətlərinin təsiri altında qanunsuz şəkildə əldə edib üzərində daşıdığı soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən 1 (bir) dəfə vuraraq sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olan ağır hemorragik şok, dalağın zədələnməsi və xaric olunması (splenektomiya) ilə nəticələnmiş qarnın sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Beləliklə, məhkəmə istintaqında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətlərin təsiri altında və nəticəsində törətmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə tövsif edir və hesab edir ki, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barışığın hələ ibtidai istintaq zamanı əldə edilməsini, habelə törətdiyi cinayət əməllərinə görə peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin, yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, habelə törədilmiş cinayətlərdən birinin məhz zorakı cinayət növünə aid olmasını, ələlxüsus Təqsirləndirilən şəxs kifayət qədər cavan yaşda (21 yaş) qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını əldə edib üzərində daşıyaraq zorakı cinayət əməlini törətməsini, yaranmış mübahisə zamanı soyuq silah hesab edilən ov bıçağından istifadə etmədən də mübahisənin həll edilə bilməsini, başqa sözlə təqsirləndirilən şəxsin soyuq silah hesab edilən ov bıçağı ilə zorakı cinayət törətməyə həvəsli olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan və cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli qısaqol köynək, cinayətin aləti qismində istifadə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan və cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli qısaqol köynək, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar