Məhkəmə qərarları › İş №1(101)-1935/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1935/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1935/2021 10.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 76.6.3-cü maddələri tətbiq edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli qanunu tətbiq edilməklə CM-nin 177.2.4-cü maddəsi CM-nin 177.1-ci maddəsinə tövsif edilərək, cəzası 02 ilə endirilmiş, xeyli miqdarda ifadəsi xaric edilmiş, 08.12.2012-ci il tarixdən cəza çəkib və təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası 08.12.2014-cü il tarixdə başa çatdığından, CM-nin 67-ci maddəsinə əsasən cəza təyin etmək mümkün olmadığından, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 09 ay cəzası saxlanılmış; 21 mart 2016-ci il tarixdən cəza çəkməsi nəzərə alınaraq, cəzanı çəkmiş hesab edilərək cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 4,735 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 3-cü sahədə yerləşən qəbiristanlığın qarşısına qədər daşımış və 16 iyul 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 3-cü sahədə yerləşən qəbiristanlığın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilərək inzibati binada videoçəkilişlə üzərində aparılan şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 4,290 qram, ümumi çəkisi 4,735 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Uzun müddətdir ki, narkotik vasitədən isifadə edir və faktiki olaraq narkomaniya xəstəliyindən əziyyət çəkir. O, əvvəllər bir neçə dəfə narkotik vasitələrin istifadə edilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə 13 iyul 2021-ci il tarixdə öz istifadəsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 25 manata bir bükümdə kakos kimi tanıdığı heroin almışdır. O, aldığı narkotik vasitənin bir hissəsini istifadə etdikdən sonra, qalanını üzərində saxlamışdır. O, narkomaniya xəstəsi olduğundan hər gün kakosdan istifadə etdiyinə görə üzərində saxlamışdır ki, halı pis olduqca qəbul etsin. 16 iyul 2021-ci ildə Maştağa qəsəbəsinə metadol suyu qəbul etmək üçün getdiyi zaman Sabunçu rayonu, Qala Ramana qəsəbəsində iki nəfər polis əməkdaşı onu saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman üzərində bir büküm narkotik vasitə olmuşdur. Bundan sonra onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilmişdir. Baxış zamanı ondan yalnız bir büküm, yəni ittiham verilmiş 0,445 qram narkotik vasitə heroin olmuşdur . Lakin adlarını bilmədiyi polis əməkdaşları ona bildirmişlər ki, videoçəkiliş zamanı o, əynində olan paltarından 1 yox, 2 büküm narkotik vasitə çıxarsın. Belə olan halda onlar ona kömək edəcəklər və ona yalnız CM-nin 234.1-ci maddəsi ilə ittiham verəcəklər. O da onlara inanaraq, onların ona verdiyi daha 1 büküm narkotiki və özündə olan 1 büküm narkotiki baxış zamanı təqdim edərək videoçəkilişin aparılmasında iştirak etmişdir. Videoçəkiliş zamanı həmin 2 büküm narkotik vasitələrin onun olmasını bildirmişdir. O, narkotik vasitələri heç vaxt heç kimə satmamış, o, yalnız narkotik vasitələrdən istifadə edir. Əməlindən peşman olmuşdur. Elan olunmuş cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş prorotokolu oxumadan imza etmişdir. Elan olunmuş cinayət işində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan ***-***-**-** nömrəsindən göndərilmiş “Qaqa 10 manat var arxa şuşe var sende” məzmunlu mesajla bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin yazını kimin yazdığını bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 30-31-ci vərəqələrində olan izahatında, 45-47 və 57-59-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...13 iyul 2021-ci il tarixdə saat 15 radələrində mən öz şəxsi istifadəm üçün narkotik vasitə axtarırdım və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzdən tanıdığım adını bilmədiyim şəxs ilə görüşərək həmin şəxsdən 50 manata iki büküm adını kakos kimi bildiyim heroin aldım. Belə ki, hər dəfə adını kakos kimi bildiyim heroini alanda polislər tərəfindən tutulacağımdan qorxduğum üçün bir dəfəlik çox miqdarda aldım. Böyük ölçülü bükümü istifadə etmədim, kiçik ölçülü bükümdə olan adını kakos kimi bildiyim maddənin bir qismini istifadə etdikdən sonra üzərimdə saxladım. ...16 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsində piyada hərəkət etdiyim zaman iki nəfər polis əməkdaşı mənə yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənəd istədilər, lakin üzərimdə heç bir sənəd olmadığından və cibimdə adını kakos kimi bildiyim heroin olduğundan mən tez bir zamanda polis əməkdaşlarının yanından uzaqlaşmaq istədim. Lakin həmin polis əməkdaşları məndən şübhələndilər, məni sorğu-sual etdilər, bundan sonra məni12-ci Polis Şöbəsinə dəvət etdilər. ...mən əynimdə olan şalvarımın sağ cibində siqaret qutusunun içərisində gizlətdiyim iki büküm adını kakos kimi bildiyim heroini təqdim etdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir,onda cəmi bir büküm narkotik vasitə olmuşdur,sənədlərdə olan imzalar onundur, lakin, izahatı və ifadələri oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyul 2021-ci il tarixdə 12-ci polis şöbəsinin digər əməkdaşı Şahid1 ilə inzibati ərazi olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsində xidmət apararkən, həmin ərazidə olan qəbiristanlığın qarşısında bir nəfər şəxsin şübhəli davranışlarını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmamasını bildirib, yayınmağa çalışdığından, onun üzərində hər hansı bir əşya gizlətməsindən şübhələnmişlər. Söhbət zamanı həmin şəxs tez-tez əynindəki şalvarının ciblərini əli ilə sıxaraq, onlara dağınıq cavablar vermişdir. Həmin şəxsin üzərində qanunsuz hər hansı maddə, əşya və ya predmet olmasından şübhənərək onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyən olunaraq Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Baş verənlərlə bağlı 12-ci Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişlər. Şöbənin inzibati otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümün içərisində adını kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini Maştağa qəsəbəsində yaşayan tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə olan iki ədəd büküm qablaşdırılıb, möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2 16 iyul 2021-ci il tarixli raportundan görünür ki, 16.07.2021-ci il tarixdə, saat 12-00 radələrində Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 3-cü sahədə qəbiristanlığın önündə xidmət apararkən, bir nəfər şəxsin özünü şübhəli apardığını görüb onu sxlayaraq, özlərini təqdim edərək, həmin şəxsə sənədini göstərməyini xahiş etmişlər. Həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması qadağan edilən maddə və ya əşya olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Winchester” yazısı olan siqaret qutusunu və içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, həmin şalvarın sol yan cibindən “İphone 6” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə hesab edilən kokos olduğunu, 13.07.2021-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manata alaraq bir qismini istifadə etdiyini və üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Panasonic” markalı video kamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 35-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 6/2901 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...vət. Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 4,290 qram, ümumi təmiz çəkisi 4,735 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 28 iyul 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 75-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Winchester” yazısı olan siqaret qutusunun içərisində olan iki ədəd bükümdə olan narkotik vasitəyə oxşar vasitələri və həmin şalvarın sol yan cibindən “İphone 6” markalı mobil telefonu təqdim etmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 iyul 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “İphone 6” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən daxil olmuş 09 avqust 2021-ci il tarixli, 074- 19771 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 oktyabr 2021-ci il tarixli diskı baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azerfon MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms mətnləri və zəng məlumatlarını əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə ***-***-**- ** saylı telefon nömrəsindən “Qaqa 10 manat var arxa şüşe var sende” məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən daxil olmuş 15 oktyabr 2021-ci il tarixli, 074- 24255 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sms göndərmiş ***-***-**-** saylı mobil nömrənin sahibinin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X1 cinayət işi materiallarından cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 06 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Bundan başqa, məhkəmə baxışında cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan məlumatlara baxış zamanı aşağıdakı məzmunda mesaj mətninin göndərildiyi müəyyən edilmişdir: -13 may 2021-ci il tarixdə saat 22:36:21-də ***-***-**-** nömrsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “X6 X10 Gelmedi Yiqam.12 X9 X11 X4 X7 X12 Olmuwum” məzmunlu sms daxil olmuşdur. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, onda yalnız bir bükümdə narkotik vasitə olmuş, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17.12.2010-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin 17.12.2010-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.12.2015-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qərarı ilə 11 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 76.6.3-cü maddələri tətbiq edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli qanunu tətbiq edilməklə CM-nin 177.2.4-cü maddəsi CM-nin 177.1-ci maddəsinə tövsif edilərək, cəzası 02 ilə endirilmiş, xeyli miqdarda ifadəsi xaric edilmiş, 08.12.2012-ci il tarixdən cəza çəkib və təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası 08.12.2014-cü il tarixdə başa çatdığından, CM-nin 67-ci maddəsinə əsasən cəza təyin etmək mümkün olmadığından, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 09 ay cəzası saxlanılmış; 21 mart 2016-ci il tarixdən cəza çəkməsi nəzərə alınaraq, cəzanı çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 112-115-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018 və 2013-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 avqust 2021-ci il tarixli, 2843 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 15-ci vərəqəsində olan 16 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 67-69-CU vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 4(008)-497/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 4,635 qram olan narkotik vasitə heroin məhv edilməli, iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 4,635 qram olan narkotik vasitə heroin məhv edilsin. İki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar