Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-194/2024 05.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi - “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2əbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikas Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, məlum olmayan vaxtda və yerdə həmin şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 6,173 qram çəkidə narkotik vasitə heroini və 0,130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 06 oktyabr 2022-ci il tarixdə Nəsimi Rayon Rolis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 06:45-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindəki qara rəngli əl çantasının içərisindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,269 qram, 0,196 qram, 0,124 qram, 0,271 qram, 5,313 qram olmaqla ümumi təmiz çəkisi 6,173 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 0,130 qram təşkil edən həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi üzərində heroin mikrohissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə səhər saat 6-7 arası evdə yatdığı zaman 10 nəfər polis əməkdaşı evə daxil olmuş, onu döyə-döyə 21-ci polis bölməsinə aparmışlar. Polis bölməsində onu aşağı mərtəbəyə aparmış, təkrarən orada döymüş və ünvanına nalayiq ifadələr işlətmişlər. Polis bölməsinə videoçəkiliş aparılmış, edilmiş təzyiqlər nəticəsində videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərini təkrarlamış, etirafedici sənədlərə imza etmişdir. Polis əməkdaşları evindən götürdükləri qara çantanın içərisinə narkotik vasitə və elektron tərəzi qoymuş və çantanı ona qaytarmışlar. Polis əməkdaşları evə daxil olanda evdə tək olmuşdur. Polis əməkdaşları tərəfindən yaşadığı mənzildən aparılarkən əmisi və bibisigil bunun şahidi olmuşlar. Heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yalnız öz şəxsi istifadəsi üçün heroin əldə etmiş və istifadə etmişdir. Mobil telefonunda şəxsi istifadəsi məqsədi ilə narkotik vasitə əldə etmək üçün danışıqlar olmuş, bəzən ondan da narkotik vasitə istəmişlər. Telefonunda aşkar edilən həmin yazışmalar özünə aid olmuşdur. Hüquqlarının müdafiəsi üçün təyin edilmiş vəkil polis bölməsində faktiki olaraq olmamış yalnız videoçəkiliş aparıldıqdan sonra gəlmişdir. Polis əməkdaşlarının onu döyməsi nəticəsində bədəni üzərində xəsarətlər qalmış, bu barədə prokurorluğa şikayət etmişdir. Təcridxanaya daxil olduqda döyüldüyünü bildirmiş və qeydiyyata alınmışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən heroindən və psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 06:45 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman ona mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşaraq özlərini Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra, onlarda Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməyi, satmağı barədə məlumat olduğunu bildirib onu saat 07:00-da Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə ona müdafiəçi təqdim olunmuş, sonra baxışda iştirak etmək üçün 3 nəfər şahid yəni polis əməkdaşları, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır: İlk öncə ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, üzərində olan qara rəngli əl çantasının içərisindən 01 ədəd boz rəngli elektron tərəzi, 01 ədəd şəffaf sellofana bükülmüş, 04 ədəd gümüşü kağıza bükülmüş və 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümləri, 03 ədəd 20 manatlıq əskinası, 01 ədəd 10 manatlıq əskinas və 01 ədəd 1 manatlıq əskinası yəni ki ümumilikdə 71 manat pulu, 02 ədəd qara rəngli üzərində “Nokia” və “Katel” yazısı olan və 01 ədəd ağ rəngli, üzərində “Samsung” yazısı olan mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş bükümlərin içərisində nə olduğunu və hansı məqsədlə üzərində gəzdirdiyini soruşduqda, həmin bükümlərin içərisində olan heroini və marixuananı şəxsi istifadəsi üçün və satmaq məqsədilə gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları yaxınlaşdıqdan öncə heroini satmaq məqsədilə küçəyə çıxdığını, heç bir yerdə işləmədiyini və uzun müddətdir ailəsini dolandırmaq üçün narkotik vasitə satışı ilə məşğul olduğunu, heroini admı bilmədiyi İran İslam Respublikasının vətəndaşından hər dəfə müxtəlif yerlərdə aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələri isə “Biləcəri” adlanan yerdən götürmüş, daha sonra iştirakçılara həmin maddələri ekspertiza tədqiqatına göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərflərin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddələr və bir ədəd elektron təzəri zərflərə qoyularaq zərflərin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduğunu, saxlanılmamışdan əvvəl istifadəsində (***-***-**-** saylı mobil nömrə olduğunu, saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və yaxud psixi təzyiqə məruz qalmadığım, narkotik vasitə aldığı şəxsi əvvəlcədən tanımadığını, onu heç vaxt görmədiyni, həmin şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitələri saxlanılmamışdan 5 gün əvvəl, 01 oktyabr 2022-ci il tarixdə Binəqədi rayonunda Biləcəri deyilən ərazidən 120 manata əldə etdiyini, əvvəlcə İran vətəndaşına pul göndərdikdən sonra İran vətəndaşı müxtəlif yerlərə bükümləri qoyduğunu və ona yerini dediyini və ya ona whatsapp vasitəsilə şəkil atdıqda şəkildə oxlarla narkotikin yerini göstərdiyini, narkotik vasitə əldə edən zaman tək olduğunu, onu kənardan heç kimin görmədiyini, aldığı narkotik vasitədən bir az istifadə etdiyini, bir hissəsini satdığını, İran İslam Respublikası vətəndaşından narkotik vasitə almamışdan əvvəl həmin şəxsin kart hesabına pul göndərib sonraq narkotik vasitəni müxtəlif ünvanlardan götürdüyünü, bəzən isə İran İslam Respublikası vətəndaşı ilə aralarında olan razılaşmaya görə nisyə narkotik vasitə alaraq satıb öz gəlirini götürdükdən sonra qalıq pulu İran vətəndaşına göndərdiyini bildirmişdir (cild 1, iş vərəqi 90-94) Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 Rəsul oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üzrə Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra "Murad" adlı şəxsin ifşa olunması istiqamətində Bakı şəhəri, Nəsimi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 06 oktyabr 2022-ci il tarixdə həmin qərarın icra edilməsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 06:45-də ünvan 3 ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Murad" adlı şəxsə oxşar bir nəfər şəxsin olduğunu gördükdə dərhal ona yaxınlaşıb saxlayaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən ad və soyadını soruşduqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə gəlməsini təklif etmiş və o etiraz etməyib birlikdə polis bölməsinə gəlmişlər. Üzərinə şəxsi axtarış aparılmış və qara rəngli əl çantasının içərisindən 01 ədəd boz rəngli elektron tərəzi, 01 ədəd şəffaf sellofana bükülmüş, 04 ədəd gümüşü kağıza bükülmüş və 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm, ümumilikdə 71 manat olan 03 ədəd 20 manatlıq əskinas, 01 ədəd 10 manatlıq əskinas və 01 ədəd 1 manatlıq əskinası, 02 ədəd qara rəngli üzərində “Nokia” və “Katel” yazısı olan və 01 ədəd ağ rəngli, üzərində “Samsung” yazısı olan mobil telefon aşkarlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri Biləcəridən götürdüyünü, həm narkotik vasitələri istifadə etdiyini, həm də satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən qaçmamış, polis bölməsinə gəlməyə etiraz etməmişdir. Hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs şikayəti ilə bağlı prokurorluğa çağırılmış, izahatları alınmışdır. Muradı saxlayarkən yalnız 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs atasının əvvəllər məhkum olunduğunu bilməmiş, tutulandan sonra Muraddan öyrənmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 və Şahid2 Şahid1 Rəsul oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğludur. 06 oktyabr 2022-ci il tarixdə səhər saat 7 radələrində yuxudan oyandığı zaman səs eşitmiş, polis əməkdaşlarının qardaşı oğlu Muradı pilləkənlə düşürüb apardıqlarını görmüşdür. Muradı köynəksiz halda, vuravura pilləkənlə düşürərək aparmışlar. Murad aparılan zaman çantası olmamışdır. Polis əməkdaşları ağ rəngdə maşınla gəlmişdilər. Murad həmin zaman evdə tək olmuş, valideynləri evdə olmamışlar. Polis əməkdaşları onu gördükdə qışqıraraq içəri girməsini tələb etmişlər. Dərhal 102 qaynar xəttinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Muradın tutulması barədə anasına da zəng edib bildirmişdir. 15-20 dəqiqə sonra Rüstəm və Asim adlı polis əməkdaşları gələrək narahat olmamalarını, Muradı dindirib evə buraxacaqlarını bildirmişlər. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 06 oktyabr 1922-ci il tarixdə telefonuna zəng gəlmiş, baldızı Şahid4 zəng vuraraq Muradın 10 nəfər polis işçisi tərəfindən evdən aparıldığını, Muradı aparan polis əməkdaşlarından ancaq Asim və Rüstəmi tanıdığını bildirmişdir. O, 21-ci polis bölməsinə getmiş, orada oğlunu niyə polis bölməsinə gətirdiklərini, evə niyə icazəsiz daxil olduqlarını soruşmuş, lakin ona məlumat verilməmişlər. Sonra polis əməkdaşı Şahid1 otaqdan çıxaraq üstünə qışqırmış, aralarında mübahisə yaranmış, onun dayanmasına icazə olmamasını əsas gətirərək bölmədən qovmuşdur. Oradan 100 metr irəli gedəndən sonra DİN-in 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Asim niyə 102-yə zəng vurduğunu, Muradın təqsirinin olmadığını, onu buraxacaqlarını bildirmişdir. Lakin səhərisi gün müstəntiq zəng vuraraq belə bir maddə ilə təqsirli bilindiyini bildirmişdir. Polis əməkdaşlarının icazəsiz evə daxil olmaları, oğlunu evdən aparmaları barədə prokurorluğa şikayət etməmişdir. Muradın narkotik vasitətədən istifadə etdiyini, 44 günlük Vətən müharibəsindən sonra müharibədən kontuziya ilə gələndən sonra hiss etmişdir. Lakin Muradla aralarında olan münasibətdən dolayı o, narkotik vasitəni hardan əldə etdiyini deməmişdir. Muradın telefonuna baxmamış, kimləsə söhbətlərini görməmişdir. Murad narkotik istifadəçisi ola bilər, lakin satışı ilə heç vaxt məşğul ola bilməzdi. Murad Cəbrayılın və Zəngilanın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif olunmuşdur. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Nicat Sadıqov bildirmişdir ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirildikdə dərhal ona müdafiəçi təqdim edilmiş, müdafiəçinin iştirakı təmin edilmişdir. Bakı şəhəri 14 saylı Vəkil bürosu 21-ci polis bölməsinə yaxın məsafədə yerləşdiyindən bölmənin polis əməkdaşlarının birinin nəqliyyat vasitəsi ilə vəkil polis bölməsinə gətirilmişdir. Müdafiəçi bütün prosessual hərəkətlərdə şəxsən iştirak etmiş və prosessual sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçinin iştirakına ehtiyac olmadığını bildirmiş, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparılmasına etiraz etmədiyinə dair ərizə vermiş, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Şahid5 da öz növbəsində şəxsi axtarışın onun iştirakı olmadan aparılmasına etiraz etmədiyini qeyd edərək ərizə təqdim etmişdir. Müdafiəçi prosessual hərəkətlər aparılarkən polis bölməsində olmuş, 06 oktyabr 2022-ci il tarixdə, 09:40 radələrində müdafiəçiyə zəng etməsinin səbəbini isə hadisədən 2 ilə yaxın müddə keçdiyindən xatırlamır. Müdafiəçi ilə WhatsApp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış lakin özünə məxsus bir neçə nömrə istifadə etdiyindən hansı nömrəylə əlaqə saxladığını xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 20-21). Nəsimi Rayon Məhkəməsinin 07 okyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 125-128). Şəxsi axtarış və götürmə aparılması haqqında 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman üzərindəki qara rəngli əl çantasının içərisindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,269 qram, 0,196 qram, 0,124 qram, 0,271 qram, 5,313 qram olmaqla ümumi təmiz çəkisi 6,173 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 0,130 qram təşkil edən həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi üzərində heroin mikrohissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 48-51). Məhkəmə-kimyəvi ekspertiza üzrə 06 oktyabr 2022-ci il tarixli 6/5743 nömrəli ekspert rəyindən görünür ki, tədqiqta təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.269 qram, 0.196 qram , 0.124 qram , 0.271 qram, 5.313 qram ümumi təmiz çəkisi 6,173 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı (cild 1, iş vərəqi 61-63). Məhkəmə-bioloji ekspertiza üzrə 06 oktyabr 2022-ci il tarixli 7/1148 nömrəli ekspert rəyindən görünür ki, tədqiqta təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 67). Məhkəmə-narkoloji ekspertizası üzrə 17 oktyabr 2022-ci il tarixli 6094 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 159- 160). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 145). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs Murad Qəbmərlinin 8-10 nəfər polis əməkdaşı tərəfindən yaşadığı mənzilda saxlanılaraq aparılması, narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi, polis əməkdaşları tərəfindən həm saxlanılarkən, həm də polis bölməsində olarkən döyülməsi, polis əməkdaşları tərəfindən ona məxsus çantanın içərisinə narkotik vasitələr qoyulması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitələri videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və təzyiqlər nəticəsində etirafedici ifadələr verməsi, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxs Murad Qəbmərlinin bibisi Şahid4 və anası Vəfa Qəmbərova ifadələrində Murad Qəbmərlinin 8-10 nəfər polis əməkdaşı tərəfindən məhz yaşadığı evdən saxlanılaraq aparılmasını, Muradın saxlanılarkən və polis bölməsində döyüldüyünü bildirmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs Murad Qəbmərli məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmiş və ona qarşı irəli sürülən ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş və əməlindan peşiman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 07 oktyabr 2022-ci il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 07 oktyabr 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs yaşadığı evdən deyil, ünvan 5 ünvanın qarşısında saxladıqlarını, ona qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən sol aşağı ətrafın diz büküşündə bənövşəyi rəngli, sağ aşağı ətrafın diz büküşündə isə sarımtıl rəngli qançır müşahidə olunmuşdur. Nəsimi RPİ-nin MSY-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olarkən sağ ayağın diz nahiyyəsində yaralar, hər iki ayağının arxa tərəfində qızartılar aşkarlanmış, şikayəti olmamışdır; Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamdan görünür ki, aşkar edilmiş xəsarətlər tutulmamışdan təxminən iki həftə qabaq maşından yıxılaraq olmuş, buna görə də MSY-nin və Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları barədə heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olarkən işgəncəyə, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, qeyd olunan xüsusatların təsdiq olunmamasına istinad olunmaqla toplanmış material üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən 13 dekabr 2022ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxsi istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəsindən **********35 saylı abunəçidən xx/xx/2022-ci il saat 19:49:59-dan saat 20:36:00-a qədər olan müddət ərzində «Qaqas 1.5 kila lazimdı, var? Mene ozumcun kola. 15 pati lazimdi» **********33 saylı abunəçidən xx/xx/2022-ci il saat 01:02:35-dən saat 01:30:50-yə qədər olan müddət ərzində «Murad deqiqdi gozluyum seni yari pati kola Yoxdu tema ya gec gelecesense meni niye gozledisen?» məzmunlu və xarakterli narkotik vasitələrin alğısatqısını təsdiqləyən çoxsaylı SMS mətnləri aşkarlanmışdır (cild 1, iş vərəqi 173-179). Həmçinin Təqsirləndirilən şəxs satdığı narkotik vasitə və psixotrop maddələrin dəqiq çəkisini müəyyən etmək üçün elektron tərəzi istifadə etmiş və həmin elektron tərəzi də şəxsi axtarış zamanı aşkar edilmişdir. Bundan başqa müdafiə tərəfi ibtidai istintaq zamanı müdafiəçi qismində təyin edilmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Şahid5 Təqsirləndirilən şəxs həm tutularkən, həm üzərinə şəxsi axtarış, həm də digər prosessual hərəkətlər keçirilərkən iştirak etmədiyini, bütün prosessual hərəkətlər aparıldıqdan sonra müdafiəçinin iştirakının təmin edildiyini bildirərək qeyd etmişdir ki, iş üzrə müdafiəçi Şahid5 istifadəsində olan (050) *** ** ** saylı mobil nömrəsinin xx.xx.2022-ci il tarixə olan anten məlumatlarının müqayisəli analizi əsasında aşkar olunmuşdur ki, təhqiqatçı Nicat Sadıqov istifadəsində olan (050)341-40-40 saylı mobil telefon nömrəsindən müdafiəçiyə ilk zəngi 09:40:17-də etmiş, müdafiəçi isə həmin vaxtda hələ vəkil bürosunda (ünvan: X9 Zeynalov) olmuşdur; lakin müdafiəçi Şahid5 sonradan polis bölməsinə gələrək 09:40-10:30 radələrində şəxsi axtarış götürmə protokolu ilə tanış olması barədə imzalar etmişdir. Qeyd edilən xüsusatların araşdırılması üçün məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci polis bölməsinin baş təhqiqatçısı polis kapitanı Nicat Sadıqov Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirildikdə dərhal ona müdafiəçi təqdim edildiyini; Bakı şəhəri 14 saylı Vəkil bürosu 21-ci polis bölməsinə yaxın məsafədə yerləşdiyindən bölmənin polis əməkdaşlarının birinin nəqliyyat vasitəsi ilə vəkil polis bölməsinə gətirildiyini; müdafiəçinin bütün prosessual hərəkətlərdə şəxsən iştirak etdiyini, prosessual sənədlərə şəxsən imza etdiyini; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçinin iştirakına ehtiyac olmadığını bildirdiyini, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparılmasına etiraz etmədiyinə dair şəxsən ərizə təqdim etdiyini; müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Şahid5 şəxsi axtarışın onun iştirakı olmadan aparılmasına etiraz etmədiyini qeyd edərək ərizə təqdim etdiyini; müdafiəçinin prosessual hərəkətlər aparılarkən polis bölməsində olduğunu; 06 oktyabr 2022-ci il tarixdə 09:40 radələrində müdafiəçiyə zəng etməsinin səbəbini isə hadisədən 2 ilə yaxın müddət keçdiyindən xatırlamadığını; müdafiəçi ilə WhatsApp mobil tətbiqi vasitəsi ilə əlaqə saxladığını lakin özünə məxsus bir neçə nömrə istifadə etdiyindən hansı nömrəylə əlaqə saxladığını xatırlamadığını bildirərək Müdafiəçi qeyd etdiyi xüsusatların həqiqət olmadığını bildirmişdir. Məhkəmə qeyd edilən xüsusatlarla bağlı dəqiqləşdirmə aparılması üçün ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Şahid5 məhkəməyə dəvət etmiş lakin müdafiəçi məhkəməyə gəlməkdən və məhkəmədə şahid qismində ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Vəkillər X1 tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2024-cü il tarixli məktubdan görünür ki, qeyd edilənlərlə əlaqədar araşdırma aparılmış, araşdırma zamanı vəkil tərəfindən qanun pozuntularına yol verilməsi halları aşkarlanmamış, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Şahid5 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdiyini, bu zaman prosessual qanunvericiliyin tələblərinin pozulmadığını bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, sonuncunun yaşadığı mənzildən saxlanılaraq aparılmasını, saxlanılarkən və polis bölməsində olarkən döyülməsini, fiziki təzyiqlərə məruz qalmasını, polis bölməsinə aparıldıqdan sonra orada polis əməkdaşları tərəfindən narkotik vasitə təqdim edilərək boynuna götürməsini tələb etmələri, sonuncunun təzyiqlərə və işgəncələrə dözməyərək narkotik vasitəni boynuna götürərək videoçəkilişlə aparılan baxış və götürmə zamanı etiraf etməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüquqlarının pozulması, müdafiəçinin prosessual hərəkətlrə aparılarkən iştirak etməməsi, sonradan prosessual sənədlərə imza etməsi, verilmiş ittiham üzrə onun təqsirsiz olması barədə göstərdiyi xüsusatlar məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə, cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada analiz edərkən, 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saxlanılması, videoçəkilişlə aparılan şəxsi axatrış zamanı üzərindən təmiz çəkisi 6,173 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroinin və təmiz çəkisi 0,130 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini və həmin narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdardaümumi təmiz çəkisi 6,173 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 01 bükümdə təmiz çəkisi 0,130 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, iş, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram, marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 6,173 qram, marixuananın təmiz çəkisi 0,130 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsi iştirakçısı olması onun cəzasını yüngülləşdirlən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 06 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını (44 günlük Vətən müharibəsi iştirakçısı olması) və ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 06 oktyabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizaları üzrə 06 oktyabr 2022-ci il tarixli ekspert rəyilərinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6,173 qram qram narkotik vasitə olan heroin və 0,130 qram qurudulmuş marixuana kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,073 qram narkotik vasitə heroin, 0,110 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,073 qram narkotik vasitə heroin, 0,110 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-194/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-194/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver