Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1940/2023 31.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ “Cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə” Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilir. Həmin cinayət işi 31 avqust 2023-cü il tarixə məhkəmənin hazırlıq iclasına təyin edilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı təminatı vasitəsilə tanış olduğu özünü “Kəmalə” adı ilə təqdim edən X1, “Mamed” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə narkotik vasitələri satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən “Mamed” adlı İran İslam Respublikasının vətəndaşına məxsus narkotik vasitə olan qurudulmuş marixuananı mənfəət qarşılığında satışını həyata keçirəcəyi barədə sonuncu və Güşvərxanım Bənəniyarskaya ilə razılığa gəlib, özünü “Kəmalə” adı ilə təqdim edən X1, “Mamed” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və yerdə ümumilikdə təmiz çəkisi 288,956 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə etdikdən sonra, 07 aprel 2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, B.Budaqov küçəsi 549 ünvanın yaxınlığında Güşvərxanım Bənəniyarskayadan “Mamed” adlı İran İslam Respublikasının vətəndaşına məxsus həmin narkotik vasitənin bir hissəsini - 10 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 13,956 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Güşvərxanım Bənəniyarskaya 08 aprel 2023-cü il tarixdə saat 13:35-də ünvan 1anın qarşısında saxlanılaraq, ünvan 1anına keçirilən baxış zamanı həmin evin mətbəxindən 01 ədəd elektron tərəzi, həmin tərəzinin üzərində olan 01 ədəd sellofan torbadan və 01 ədəd qara rəngli çantanın içərisində olan 01 ədəd sellofan torbadan ayn-ayrılıqda ayrı-ayrılıqda təmiz çəkiləri 235 qram və 40 qram olmaqla, ümumi təmiz çəkisi 275,0 qram olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nİn Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 aprel 2023-cü il tarixdə saat 13:30-da ünvan 1anın qarşısında saxlanılaraq, ünvan 2 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasına dəvət olunub, 08 aprel 2023-cü il tarixdə saat 15:23-dən 15:42-dək olan müddətdə orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofon paketin içərisindən 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,200 qram, 1,300 qram, 1,384 qram, 1,288 qram, 1,599 qram, 1,093 qram, 1,409 qram, 1,404 qram, 1,491 qram, 1,656 qram və sellofan paketin içərisinə səpələnmiş açıq vəziyyətdə olan 0,132 qram olmaqla ümumi çəkisi 13,956 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İttihamın mahiyyətindən göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən sonuncu cinayət əməli Abşeron rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən, uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Şəxsin hərəkəti, yaxud da hərəkətsizliyi ilə başlayan və az-çox müəyyən müddətə fasiləsiz olaraq davam etdirilən konkret cinayət uzanan cinayətdir. Qeyd edilməlidir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər uzanan cinayətlər hesab olunur. İttihama əsasən, Təqsirləndirilən şəxs tərəfindən sonuncu cinayət əməli məhz Abşeron rayonu ərazisində törədilmiş və o, iradəsinin ziddinə olaraq Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət olunaraq, üzərindən narkotik vasitələr aşkar edilmiş, yəni, kriminal vəziyyətə - uzanan cinayətə şəxsin iradəsindən asılı olmayan səbəblə - daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanması anı ilə son qoyulmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin Bakı şəhəri ərazisinə daşınması onun niyyəti və qəsdi ilə əhatə olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarının 8-1.1-ci bəndinə əsasən, Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Məhkəmə tərkibi yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 sentyabr 2023-cü il tarixdə bitdiyindən hazırkı cinayət işinin aidiyyəti məhkəməyə daxil olması və iş üzrə hazırlıq iclası təyin edilib keçirilənədək sərf olunacaq müddət nəzərə alınmaqla seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətinə uzadılması zəruridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69, 74, 75, 299, 300.1.4, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1940/2023 nömrəli cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinə, yəni 08 oktyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti qətimkan tədbiri ilə bağlı hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1940/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1940/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver