Məhkəmə qərarları › İş №1(101)-1946/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1946/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1946/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2019-cu ilin sentyabr ayından 12 mart 2020-ci il tarixədək olan müddət ərzində dayə işlədiyi və sərbəst daxil olub çıxdığı Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin eyvanında olan saxlanc yeri hesab edilən dəmir seyfin qapısını sonuncunun məlumatı olmadan ona məxsus əl çantasından əldə etdiyi açarla açıb, istintaqa dəqiq məlum olmayan tarixlərdə qanunsuz daxil olmaqla orada saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 50.000 manat puldan 20.000 manatı və sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 məxsus 41.000 ABŞ dollarından həmin dövrün məzənnəsi ilə 57.800 manat təşkil edən 34.000 ABŞ dolları olmaqla ümumilikdə 77.800 manat məbləğində külli miqdarda pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq ələ keçirib talamaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 20.000 manat, Zərərçəkmiş şəxs2 isə 57.800 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ağa qızı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ilin oktyabr ayından 2020-ci ilin mart ayına kimi Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında dayə kimi çalışmış və əsas vəzifəsi Zərərçəkmiş şəxs1 oğlu İlhama baxmaq olmuşdur. O, dayəliklə yanaşı eyni zamanda Zərərçəkmiş şəxs1 məxsus evdə təmizlik işləri də görmüşdür. Onun iş saatı adətən səhər saat 07:00-da başlamış və axşam saat 22:00-dək davam etmiş və Zərərçəkmiş şəxs1 səhər saat 07:00-da yaşadığı evdən çıxmış və axşam saat 19:30-da evə qayıtmışdır. Onun gördüyü işin müqabilində Zərərçəkmiş şəxs1 ona 250 manat pul vermiş və 2018-ci ilin mart ayından isə Sevinc xanım onu direktor işlədiyi “Heydər Əliyev adına litseyə” lobarant kimi işə qəbul etdirərək ona əlavə maaş almağına da köməklik göstərmiş, o da ona tapşırılan hər iki işin öhdəsindən gəlmişdir. O, Sevinc xanımın evində uzun müddət çalışmış və Sevinc xanıma məxsus qızılların və pulların harada olduğunu bilmişdir. O, Sevinc xanıma məxsus pulların yataq otağında olan seyfdə saxlanıldığını və seyfin açarlarının isə adətən yataq otağında güzgünün gözündə və Sevinc xanıma məxsus çantada olduğunu bilmişdir. Həmçinin oğurladığı pullar məhz Sevinc xanıma məxsus olmuş Zərərçəkmiş şəxs2 məxsus həmin mənzildə pul olmamışdır. O, ilk dəfə 2019-cu ilin noyabr ayında Sevinc xanımın evdə olmamasından yəni aşağı salona düşməsindən istifadə edib yataq otağında olan termonun üstündə topa şəkilində saxlanılan açarları götürüb oradan seyfin açarını seçib seyfin aşağı gözünü açmış və həmin vaxt seyfin aşağı gözündə bağlamalarda həm ABŞ dolları həm də ki, bağlamalarda manatlıqlar olduğunu görmüşdür. O, ABŞ dolları şəkilində olan bağlamaların birini söküb həmin bağlamadan tam şəkildə deyil bir az pul götürmüş və öz çantasına qoymuşdur. Sevinc xanım evə qayıtdıqdan sonra o, uşağı da yatızdırıb öz yaşadığı ünvan 3 ünvanına getmişdir. Evdə olarkən Sevinc xanımın evindən götürdüyü pulları saydıqda həmin pulların 11000 ABŞ dollar olduğunu müəyyən etmişdir. Bundan başqa 2019-cu ilin noyabr ayında o, təkrarən Sevinc xanımın axşam parka düşməsindən istifadə edib yataq otağında olan termonun üstündə topa şəkilində saxlanılan açarları götürüb oradan seyfin açarını seçib seyfin alt gözünü açanda həmişəki kimi seyfin alt gözündə dollar və manatlıq olan bağlamaları görmüş və seyfin alt gözündə manatlıqlar olan bağlamadan tam şəkildə deyil bir miqdarda pul götürmüş və çantasına qoymuşdur. Həmin gün axşam evə gedib həmin pulları saydıqda Sevinc xanımın evindən götürdüyü pulun 14000 manat olduğunu müəyyən etmişdir. 18 mart 2020-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olarkən Sevinc xanım, onun anası Elmira xanım, qardaşı Anar və bibisi oğlu Zaur onların yaşadığı evə gəlmiş və Sevinc hər kəsin yanında ona evindən 80.000 manat pul oğurladığını bildirmişdir. O, da cəmi 11000 ABŞ dollar pul götürdüyünü və həmin pulu xərcləmədiyi üçün Sevincə geri qaytardığını bildirmiş, Sevinc isə pulu ondan geri aldıqdan sonra harasa şikayət etməyəcəyinə dair söz versə də onu aldatmış və ondan Yasamal rayon Polis İdarəsinə şikayət etmişdir. O, cinayət yolu ilə əldə etdiyi pullardan 11000 manatını özünə məxsus “Hyundai Sonata” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcunu ödəməyə sərf etmiş, 3000 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, yerdə qalan 11000 ABŞ dollar pulu isə Sevinc xanımın özünə geri qaytarmışdır. Həmçinin həbsdə olduğu vaxt anası Gülnarə onların yaşadığı Yasamal rayon ərazisində yerləşən mənzillərini satmaqla Sevinc və Zərərçəkmiş şəxs2 məxsus pulları ödəmişdir. Hazırda əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslərlə barışmasının, onlara vurulmuş ziyanın ödənilməsinin, gənc olmasının, ailə qurmaq və təhsil almaq arzusunun olmasının nəzərə alınaraq, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayır və 2016-cı ilin noyabr ayından Bakı şəhəri, Xətai rayonu, N.Əliyev 50 ünvanında yerləşən “Heydər Əliyev” adına liseyin direktoru vəzifəsində çalışır. O, çalışdığı işi ilə bağlı hər gün səhər saatlarında evdən çıxıb axşam saat 18:00-da evinə qayıdır. 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində, 138 kv metr sahəsi olan mənzildə yaşayır, mənzilində üç aynabəndi vardır, həmin aynabəndlərdən ikisi örtülü biri isə açıqdır, örtülü aynabənddə özünə məxsus dəmir seyfdə qızıl-zinət əşyalarını və pullarını saxlayır. Bununla yanaşı baş vermiş oğurluq hadisəsindən əvvəl seyfində özünə məxsus 50.000 manat, qardaşı Zərərçəkmiş şəxs2 məxsus isə 41000 ABŞ dollar pul olmuş, qohumu Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr və noyabr aylarında ara sıra onun çağırışı əsasında onun mənzilinə gələrək ona ev işlərində köməklik etmiş və həmin ərəfələrdə mənzildə olan seyfin açarlarını onun əl çantasından gizlicə götürmək yolu ilə seyfə daxil olmaqla seyfdən hissə-hissə ümumilikdə 77800 manat pulu oğurlamışdır. Seyfdən oğurlanmış 34000 ABŞ dollar pulun qardaşı Zərərçəkmiş şəxs2, 20000 manat pulu isə ona məxsus olmuş və Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməsini etiraf etməsi barədə görüntünü və eləcə də Təqsirləndirilən şəxs seyfə qanunsuz daxil olarkən evdə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınmış görüntülərini istintaq zamanı təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs onlardan oğurladığı pul hesabına avtomobilinin kreditini tam şəkildə ödəmiş, özünə bahalı telefon almışdır. Hazırda isə ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və ”QLOBAL ENERJİ” şirkətində direktor müavini işləyir. O, yaşadığı ünvanda təmir işləri getdiyi üçün evində saxladığı özünə məxsus 41.000 ABŞ dollar pulu Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan bacısı Sevinc Orucovaya saxlamaq üçün vermiş və sonradan ona məlum olmuşdur ki, 2019-cu ilin sentyabr və noyabr aylarında ara sıra bacısı Zərərçəkmiş şəxs1 çağırışı əsasında bacısı Sevincin mənzilinə gələrək ona ev işlərində köməklik etmiş Təqsirləndirilən şəxs həmin ərəfələrdə mənzildə olan seyfin açarlarını bacısı Sevincin əl çantasından gizlicə götürmək yolu ilə seyfə daxil olmaqla seyfdən hissə-hissə ümumilikdə 77800 manat pulu oğurlamışdır. Seyfdən oğurlanmış 20000 manat pul bacısı Sevincə, 34000 ABŞ dollar pul isə onun özünə məxsus olmuşdur. Bacısı Sevinc, Təqsirləndirilən şəxs oğurluq etməsindən şübhələnməsi barədə ona məlumat verdikdə o, Fərid Şükürov adlı kamera ustasını bacısı Sevincin evinə gətirmiş və evə “HİK-VİSİON” markalı kamera quraşdırmış və eyni zamanda izləməni bacısı Sevincin mobil telefonuna yönəltdirmişdir. Bununla da Təqsirləndirilən şəxs barəsində şübhələri öz təsdiqini tapmışdır. Belə ki, qeydə alınmış Təqsirləndirilən şəxs görüntülərinə baxdıqda Gülnarın əlinə əlcək geyərək seyfə qanunsuz daxil olması onları tam əmin etmişdir ki, mənzildən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, anket məlumatlarınnda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və ƏN-in PX-in Avtonəqliyyat təsərrüfatında sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun xalası qızı olduğunu və həmçinin Gülnardan şikayətçi olan Sevinc və Anarın da onunla qohumluq əlaqələri olduğunu bildirmişdir.19 mart 2020-ci il tarixdə o, yaşadığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi H.Əliyev küçəsi ev 4 ünvanında olarkən xalası Gülnarə və xalası qızı Gülnar onlara gəlmiş və söhbət zamanı Gülnar Sevincin ona şər atdığını belə ki, evindən 78000 manat oğurlamaqda onu ittiham etməsini və onun evinə gələrək hədə qorxu ilə evdə olan 11000 ABŞ dollar pulu ondan almasını bildirmişdir. O da Gülnardan Anarın nömrəsini alaraq ondan xalası qızının nə etdiyini xəbər aldıqda Anar ona bacısı Sevincin evindən oğurluq etdiyini bildirmişdir. O da Anardan əlində sübutunun olduğunu xəbər aldıqda Anar əlində olan sübutu lazımı orqana təqdim edəcəyini bildirmişdir. Bir müddətdən sonra o, Anarla görüşdükdə Anar telefonunda olan görüntünü ona göstərmiş və o, görmüşdür ki, həqiqətən də xalası qızı Gülnar seyfdən oğurluq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və 2018-ci ildən Xüsusi Dövlət Mühafizə İdarəsində işləyir. O, Təqsirləndirilən şəxs 2011-ci ildən tanıdığını, belə ki, onun qardaşı Elçin İsmayılovla 2010-cu ildə birgə hərbi xidmətdə olduğu üçün ailəli tanışlıqları vardır. Bununla yanaşı 05 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qardaşı Elçinlə birgə onun Qəbələ rayonunda keçirilən toy məclisində iştirak etmişdir. O, 2019-cu ilin dekabr ayında Qazaxıstanda olan dostu Elçin ona zəng vuraraq bacısı Təqsirləndirilən şəxs “Okean” avtosalonundan kreditlə aldığı ** ML *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilinin kredit borcunu öyrənməsini ondan xahiş etmiş və o, da Gülnar İsmayılovla birgə onun idarə etdiyi avtomobillə “Okean” avtosalonuna gedərək kredit borcunun 10.795 manat olduğunu öyrənmişdir. Bundan bir neçə gün sonra Gülnar ona zəng vuraraq onunla birgə “Okean” avtosalonuna getməyi və borcu ödəməyi ondan xahiş etmişdir. O da Gülnarla birgə “Okean” avtosalonuna getmiş və Gülnar onun yanında avtosalona 10.795 manat ödəyərək avtomobil üçün təmizlik kağızı almış və avtomobili sənədləşdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yoluna getmişdir. Onlar avtomobili orada sənədləşdirdikdən sonra geri qayıtmışlar. Bundan əlavə o, 2019-cu ilin oktyabr yaxud noyabr ayında Elçin və Gülnarla birgə Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında Gülnara “Samsung-10” markalı telefon alınmasında iştirak etmişdir. O, Təqsirləndirilən şəxs pulu haradan əldə etdiyini bilməmiş, belə ki, Elçin həmin pulu kimdənsə borca aldığını ona bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun qardaşı qızı, Təqsirləndirilən şəxs isə onun bacısının nəvəsi olduğunu bildirmişdir. O, 4-5 il bundan qabaq Gülnarın anası Gülnarənin oğlu Elçin üçün “Priora” markalı avtomobil almaq məqsədi ilə ondan ümumilikdə 4000 manat pul aldığını həmin puldan yalnız 1000 manatını Elçinin atası Çingizin ona qaytardığını yerdə qalan pulu isə qaytarmadıqlarını bildirmişdir. O, həmçinin 2019-cu il tarixdə Təqsirləndirilən şəxs və ya onun ailəsindən hər hansı birinə 9000 manat pul vermədiyini Təqsirləndirilən şəxs yalan danışdığını qeyd etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd SD diskdə baxış keçirilməsi barədə 28.03.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 1 ədəd SD diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 2 ədəd fayl olduğu müəyyən edildi. Həmin fayılların hər biri vidiogörüntüdən ibarətdir. Birinci fayıl-1 dəqiqə 34 saniyədən, ikinci fayl-2 dəqiqə 51 saniyədən ibarətdir. Birinci fayılda Təqsirləndirilən şəxs əynində qara idman geyimində və əlində əlcəklə 18.03.2020-ci il tarixdə saat 14:46:18-dan 14:46:53-ə qədər olan vaxt ərzində evin otağından_jeyvanar-ç4xar-aq eyvanda yerdə olan Wainir seyfə yaxınlaşıb seyfin qapısını əlində olan açarla açaraq seyfin içini axtarmağa başlayır və eyni zamanda arxaya, yuxarı və ətrafa baxır. Şefin gözündə olan kiçik qızıl üçün nəzərdə tutulmuş qabı götürərək baxır və boş olduğunu görərək yerinə qoyur. Daha sonra seyfin qapısını bağlayaraq eyvandan otağa daxil olur. İkinci fayılda isə Təqsirləndirilən şəxs əynində qara idman geyimində və əlində əlcəklə ikinci dəfə 18.03.2020-ci il tarixdə saat 15:33:15-dən 15:33:15-ə qədər olan vaxt ərzində evin otağından eyvana çıxaraq eyvanda yerdə olan dəmir seyfə yaxınlaşıb seyfin qapısını əlində olan açarla açaraq seyfin içində olan iç qapını da açarla açır axtarmağa başlayır və eyni zamanda arxaya, yuxarı və ətrafa baxır. Daha sonra otağa daxil olur. Daha sonra İsə həmin günü saat 15:35:12-də otaqdan eyvana çıxaraq eyvanda olan paltar zivəsinin üzərindən 4 ədəd müxtəlif dəsmalları götürür və eyvanda quraşdırılmış dolabın qapısını açır və saat 15:35:55-də eyvandan otağa keçir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, yaşadığı mənzilin eyvanında dəmir seyfdə özünə və qardaşına məxsus 41.000 ABŞ dolları və özünə məxsus 50.000 manat pul olmuşdur. 12.03.2020-ci il tarixdə həmin seyfdən pullardan 20.000 ABŞ dolları və 34.000 manat pul oğurlandığından Təqsirləndirilən şəxs şübhələnməyə başlamış və bunun üçün də eyvanda olan dolabın üzərinə kamera qoyması qərarına gəlmişdir. 18.03.2020-ci il tarixdə dolabın üst hissəsinə kamera quraşdırmış, həmin kameranı öz mobil telefonuna ötürmüş və Gülnara nəzarət etməyə başlamış və kamera görüntülərində qeyd olunan səhnəni görmüşdür. (cild 01, iş vərəqə 26) İş materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi İPONE markalı mobil telefonun yaddaşına özünün iştirakı ilə baxış keçirilməsi barədə 28.03.2020-ci il tarixli protokoldan görünür ki, həmin vidogörüntü 12.03.2020-ci il tarixdə saat qeydə alınmışdır. Həmin vidio 7 dəqiqə 17 saniyədən ibarətdir. Baxış zamanı 7 dəqiqə 17 saniyədən ibarət vidiyogörüntüdə aşağıda Zərərçəkmiş şəxs1 qızı Təqsirləndirilən şəxs danışdıraraq vidiogörüntüyə çəkmişdir. Həmin görüntüdə aşkar olunur ki, Təqsirləndirilən şəxs ağlayaraq və yalvararaq qeyd edir ki, onun evindən cəmi 11.000 ABŞ dolları pul götürmüş, həmin pulu qardaşı Elçinə görə götürmüş, Elçin həmin vaxtlarda işləməmiş, iş yerindən pul ala bilməmiş, bunun üçün də məcbur olub on bir min ABŞ dollarını götürmüş, həmin pulu təzəlikcə götürmüş, həmin pul da evində saxlamış, üzərindən heç bir məbləğ xərcləməmiş, həmin pulu da hissə hisə Elçinə göndərəcəkmiş, Elçinə həmin pulu Bankdan kredit götürdüyünü deyəcəkmiş, on bir min ABŞ dollarından başqa pul götürməmişdir, ağlayaraq bu barədə anasına heç bir söz deməməsini xahiş etmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin vidioçəkili Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yataq otağında etmiş, yuxarıda qeyd olunanları Təqsirləndirilən şəxs dedikdən sonra evdən çıxıb polisə gedəcəyini bildirərək çəkilişi dayandırmış, bundan sonra Təqsirləndirilən şəxs yataq otağında çarpayının üzərində olan döşəklərin altından 11.000 ABŞ dollarını çıxararaq ona vermişdir. (cild 01, iş vərəqə 27) İş materiallarında olan AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin 04.09.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri 19, 21, 43, 48 saylı, Sumqayıt şəhəri 3 saylı, habelə Elçin İsmayılovun iştirakı ilə Bakı şəhəri 5, 6, 7, 15, 19, 48, 52 saylı, Sumqayıt şəhəri 4 saylı notariat ofislərində və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində etibarnamələrin rəsmiləşdirildiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 192) İş materiallarında olan 31.03.2021-ci il tarixli üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs evindən 34000 ABŞ dollar və 20.000 manat oğurladığını üzünə qarşı bildirmişdir. (cild 01, iş vərəqə 82-93) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs1 mənzilindən bir dəfə 14000 manat, bir dəfə isə 11000 ABŞ dollar pul oğurlaması, bundan əlavə pul oğurlamaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə həqiqəti əks etdirmir və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolu, baxış protokolları və iş materiallarında olan digər mötəbər sübularla tam təkzib edilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələrini və eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin 29.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 01, iş vərəqə 162) Bakı şəhər Yasamal rayon 22 saylı MKİS tərəfindən verilmiş 31.08.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 180-181) İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə edilmiş müraciətlərdən görünür ki, onlar qohumları Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət, iddia və tələbləri yoxdur. (cild 01, iş vərəqə 87-89) Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 23.12.2021-ci il tarixli ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara vurulmuş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbləri yoxdur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.12 və 59.1.13cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsini, gənc qız olmaqla ailə qurmağa hazırlaşmasını, ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş Təqsirləndirilən şəxs qanunsuz seyfə daxil olma görüntüsünü özündə əks etdirən bir ədəd “CD” diski və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurladığı 11000 ABŞ dolları geri qaytarması barədə görüntünü özündə əks etdirən bir ədəd “fles” kart hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan 30.03.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 48-49) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.04.2020-ci il tarixli, 4(004)-217/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 30 mart 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 116-117) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.04.2020-ci il tarixli, 4(004)-237/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilərək, ev dustaqlığında saxlanılma müddəti həbsdə saxlanılma müddətinin sonuncu gününədək, yəni 30 may 2020-ci il tarixədək müəyyən edilmişdir. (cild 01, iş vərəqə 132-134) İş materiallarında olan 30 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqə 163-164) İş materiallarından görünür ki, 02.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 138) AR Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxildir. Odur ki, AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2020-ci il tarixdən 30 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 ay ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2020-ci il tarixdən 30 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 04 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 04 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə tapşırılsın. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - bir ədəd “CD” disk və bir ədəd “fleş” kart hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar