Məhkəmə qərarları › İş №1(101)-1948/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1948/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1948/2021 24.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Atlıxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - «Yusif Allahverdyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 9 mart 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, ev 118-də qeydiyyatda olan və yaşayan, 4 avqust 2021-ci il tarixdə barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır; belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 7 bükümdə ümumi təmiz çəkisi 3,686 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 2 avqust 2021-ci il tarixdə saat 19:20 dəqiqədə Nəsimi Rayon Polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanında saxlanılaraq həmin gün saat 19:40 dəqiqədə polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,092 qram, 0,840 qram, 1,223 qram, 0,465 qram, 0,241 qram, 0,463 qram olmaqla, ümumilikdə 3,686 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, təxminən 1 il müddətiində narkotik vasitələrdən istifadə etmiş, 2 avqust 2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 1 №-li binanın qarşısında dayanan əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli olduğunu bildirərək onu Nəsimi Rayon Polis idarəsinə aparmışlar. Orada onun üzərinə keçirilmiş baxış zamanı onun üzərindən qanunsuz heç nə aşkar edilməmiş, lakin polis əməkdaşlarının təsiri və təzyiqi nəticəsində bir gün sonra, yəni 03 avqust 2021-ci il tarixdə, aparılan videoçəkiliş zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən porlis əməkdaşları tərəfindən əvvəlcədən qoyulmuş şəffaf sellofanı çıxardıb təqdim etmiş, həmin sellofana baxış keçirilən zaman onun içərisindən rəngli siqaret kağızına bükülmüş 7 ədəd bükümdə kristal şəkilli narkotik maddəyə bənzər kütlə olduğunu məlum olmuşdur, yenə də polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərindən aşkar edilmiş həmin bükümdə psixotrop maddə metamfetamin olmasını, “İlkin” adlı şəxsdən öz istifadəsi üçün və lazım gəldikdə tanışlarına pay kimi vermək üçün 70 manata aldığını bildirmişdir, əslində isə onda narkotik vasitə və psixotrop maddə olmamışdır. Təqsirlənirilən şəxs Səfərov X3 istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2 avqust 2021-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanının qarşısında dayanan zaman ona əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edəndə bilmişdir ki, onlar Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarıdır. Onlar özlərini ona təqdim edib bildirmişlər ki o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəlidir və bu səbəbdən də polis idarəsinə dəvət olunur, o, etiraz etməyərək polislərlə birlikdə polis idarəsinin inzibati binasına gəlmiş, idarənin xidməti otaqlarından birində əvvəlcə ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkilişlə onun üzərində axtarış aparmağa başlamışlar. Bu zaman əvvəlcə ona üzərində olan əşyaları təqdim etmək təklif edilmiş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan çıxardıb polislərə təqdim etmiş, baxış keçirilən zaman həmin sellofanın içərisindən rəngli siqaret kağızına bükülmüş 7 ədəd bükümdə kristal şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilmiş, «patı» adlanan həmin narkotik maddəni 01.08.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Bakı metropoliteninin “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yaşayan “İlkin” adlı şəxsdən həmin stansiyasının yaxınlığında öz istifadəsi üçün 70 manata almışdir. Bundan sonra onun üzərindən aşkar edilib götürülən narkotik maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır, aparılan şəxsi-axtarışla bağlı heç bir narazılığı və şikayəti olmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması barədə Nəsimi RPİ-nin cinayətaxtarış şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə müvafiq əməliyyat tədbirinin keçirilməsi üçün ondan və Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qruppu həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayon, Ə.M.Topçubaşov küçəsi, 118 №-li evin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında dayandığını görüb sonuncuya yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin əməkdaşları olduqlarını və əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasına şübhə olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından sonuncu idarənin təhqiqatçısı Mirdamət Qədirli tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmış və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs da etiraz etməmiş, onun üzərinə videogörüntü vasitəsilə şəxsi axtarış aparılmışdır. Həmin vaxt o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisində olan 7 ədəd bükümə baxış keçirilən zaman onların içərisində narkotik maddəyə bənzər kütlə olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik maddə (patı) olduğunu və həmin narkotik maddəni 01.08.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “İlkin” adlı şəxsdən metropolitenin Xalqlar Dostluğu stansiyasının yaxınlığında 70 manata aldığını bildirmişdir, narkotik maddə zərfə qoyularaq qablaşdırılmış bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin cinayət-axtarış şöbəsinin kiçik inspektoru Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 3 avqust 2021-ci il tarixli 6/3262 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışlar üçün «№186» dairəvi möhür əksi, soyad və imzalar qeyd edilmiş 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,092 qram, 0,840 qram, 1,223 qram, 0,465 qram, 0,241 qram, 0,463 qram ümumi təmiz çəkisi 3,686 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»nin siyahısına (Siyahı İ) daxildir (1-ci il iş vərəqi 53-57). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 22 oktyabr 2021-ci il tarixli 6/4381 nömrəli ekspert rəyindən görünür ki, 03 avqust 2021-ci il tarixli 6/3262 nömrəli ekspert rəyində tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumatda və tədqiqatın nəticə hissəsində “tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arayışlar üçün “№186” dairəvi möhür əksi, soyad və imzalar qeyd edilmiş 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,092 qram, 0,840 qram, 1,223 qram, 0,465 qram, 0,241 qram, 0,463 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir” cavabı göstərilmiş, lakin tədqiqat prosesinin təsviri hissəsində “Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 3.686 qram, cəmi tədqiqata sərf edildi - 0,28 qram, qalıq - 0.306 qram” kimi göstərilmişdir. O ekspert rəyinin qeyd hissəsində metamfetaminin ümumi təmiz çəkisinin 3.686 qram, tədqiqata 0,28 qram sərf edildikdən sonra qalıq - 0,306 qram göstərməsi, lakin riyazi hesablama aparıldıqda həmin ümumi təmiz çəki, tədqiqata sərf edilən və qalıq arasında uyğunsuzluq aşkar olunması ilə bağlı, yəni, hesablamaya görə ümumi təmiz çəki 3.686 qram olduğu halda, tədqiqata cəmi 0,28 qram sərf edildikdən sonra qalıq 3,406 qram qalmalı olduğu halda 0,306 qram göstərilməsinin ziddiyyəti nə ilə izah edə bilməsi ilə bağlı suala cavab olaraq bildimişdir ki, əslində tədqiqata cəmi 0,28 qram sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 3,406 qram qalmışdır, lakin rəy hazırlanarkən onun tərəfindən texniki səhvə yol verilərək, 0,306 qram kimi göstərilmişdir. Metamfetaminin qalıq çəkisi 22 oktyabr 2021-ci il tarixli 6/4381 nömrəli ekspert rəyində göstərildiyi kimi 3,406 qram olmuşdur (1-ci cild iş vərəqi 140-142). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 22 oktyabr 2021-ci il tarixli 6/4381 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən ...» sözləri olan zərfdəki yeddi ədəd bükümdə ümumi təmiz çəkisi 3,406 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər (tədqiqata sərf olundu 0,140 qram, qalıq 3,266 qram)(1-ci cild iş vərəqi 135-139). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 11 oktyabr 2021-ci il tarixli 3889 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 183-184). İşdə olan kompleks-ambulator məhkəmə-psixatrik və psixoloji ekspertiza üzrə 10 noyabr 2021-ci il tarixli 2627 nömrəli ekpert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl il iyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları İdarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs əqli- İntelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, inadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik kimİ xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (1-ci cild iş vərəqi 200-204). İşdə olan diskə baxış keçirilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, videoçəkiliş zamanı əvvəlcə təhqiqatçı iştirakçıları təqdim edir, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini İzah edir və ona üzərində qanunla daşınması, istifadəsi qadağan olunmuş əşya varsa təqdim etməsini təklif edir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyur. Həmin bükümün içərisində olan 7 (yeddi) ədəd bükümlər polis əməkdaşı tərəfindən açılır, içərisindən kristalşəkilli maddələr aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərin içərisində narkotik vasitə «patı» olduğunu deyərək, həmin narkotik vasitələri «Xalqlar Dostluğu» metrosu yaxınlığında «İlkin» adlı şəxsdən 70 manata aldığını bildirir. Bundan sonra, polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri zərfə qoyaraq qablaşdırır, zərf möhürlənir, polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırılmış zərf imzalanır (1-ci cild iş vərəqi 124-125). İşdə olan maddi sübut kimi tanınma haqqında 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş yeddi ədəd bükümdə ümumi təmsiz çəkisi 3,686 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,266 qram qalığı saxlanılması üçün Nəsimi rayon polis idarəsinin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 155-156). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 2 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 214-222). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, X2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 102). İşdə olan tutma haqqında 2 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 23-24). İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 2 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 87-91). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı psixotrop maddələr)» əsasən metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı 3,686 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 02 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının əvvəlinin 2 avqust 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 11 oktyabr 2021-ci il tarixli 3889 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına 3,266 qram psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri – 146,82 manat (yüz qırx altı manats səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 2 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,266 qram psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri - 146,82 manat (yüz qırx altı manats səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar