Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1952/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Cəlilabad rayonu, Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş və CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmiş; Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzası 01 il 06 aya endirilmiş, xx.xx.2023cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 14 aprel 2023-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Ləkin Ərazi Dairəsi, Əsədli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, 10 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında şəxsiyyəti naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 2,344 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin NMB-nin və 30-cu PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü tarixdə saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 06 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,393 qram, 0,403 qram, 0,368 qram, 0,371 qram, 0,404 qram, 0,405 qram ümumi çəkisi külli miqdarda 2,344 qram ağ rəngli, kristallşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetmamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin marixuana növündən istifadə edir. O, əvvəllər də narkotik vasitə istifadəçisi olduğuna görə məhkum olunmuşdur. 10 mart 2024-cü il tarixdə o yaşadığı ünvanda “Hövsan” marketə girmiş və siqaret alıb marketdən çıxarkən polis əməkdaşları onu saxlayıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. Suraxanı RPİ-nin 30-cu PŞ-də ona işgəncə verilmişdir. Rəis müavini Ramil və Suraxanı RPİ-nin NMB-nin əməkdaşı Həbib onu döymüşlər. Sonra ona sellofan paketdə 0,5 qram narkotik vasitə verib boynuna götürməyini demişlər. O, həmin bükümü götürməmişdir. Sonra polis əməkdaşları evinə baxış keçirib güya həmin bükümü evindən tapmışlar. O, polis əməkdaşlarının evdə şkafı sökmələrini istəməmiş və razılaşaraq videoçəkiliş zamanı narkotik vasitəni boynuna götürmüşdür. Videoçəkiliş zamanı müdafiəçi iştirak etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, cəzasının sonu ilə 31 mart 2023-cü ildə azadlığa çıxmışdır. Onun 3 övladı var. Onu tutan polis əməkdaşları ilə şəxsi qərəzliyi yox imiş. O, narkotik vasitələrin satışı ilə məşğul deyil, sadəcə istifadə edir. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi, izahatı, ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 34-cü vərəqəsində olan izahatında və 55-57, 70-72-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Təxminən 4-5 ildir ki, narkotik vasitə marixuana, qəbul edir, lakin bundan əlavə son 1 ildir ki, şüşə kimi tanıdığı psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul edir. 10 mart 2024-cü il tarixdə saat 17 radələrində Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 06 ədəd bükümdə psixotrop maddə metamfetamini 60 manat ödəməklə almışdır. 11 mart 2024-cü il tarixdə saat 18 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində nömrəsiz evin yaxınlığında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı Rayon Polis İdarəsinin işçiləri olduğunu bilmişdir. Onu 30-cu polis şöbəsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin bölmənin təhqiqatçısı polis kapitanı Şəhriyar Babayev tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O da buna etiraz etməmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən 06 ədəd bükümdə psixotrop maddə olan metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 06 ədəd bükümdə olan “şüşə” kimi tanıdğı metafetamindir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin zərfə qoyulub, qablaşdırılmışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, təzyiq altında izahatı və protokolları imzalamışdır. Elan olunmuş cinayət işinin 120-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-də sahə rəisi vəzifəsində polis mayoru rütbəsində xidmət edir. O, dəfələrlə Təqsirləndirilən şəxs bildirmişdir ki, onu müalicə müəssisəsinə yerləşdirsin və cəmiyyət içinə normal insan kimi çıxa bilsin. Amma hər dəfə Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı cəzasını çəkib çıxdıqdan sonra da onunla fərdi söhbətlər aparmışdır. 11 mart 2024cü il tarixdə Suraxanı RPİ-nin NMB-in əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi ünvanına getmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində nömrəsiz evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 30-cu PŞ-də Təqsirləndirilən şəxs hüquq və vəfizələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 06 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni 10 mart 2024-cü il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 60 manat ödəməklə öz istifadəsi üçün almış və özündə saxlamışdır. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza atmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs yalan danışır, nəyəsə görə həqiqəti danır. Onun saxlanılmasında o da iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ətrafda kiminsə bunu görməsi və məhkəməyə gəlib təsdiq edibetməməsinə o cavabdeh deyil. O, Təqsirləndirilən şəxs evində olmamış və baxış keçirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 11 mart 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 11 mart 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 11 mart 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 06 ədəd şəffaf sellofana bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd büküm açıldıqda məlum olur ki, arasında psixotrop maddə metamfetaminə oxşar kütlə vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə Əhmədli metrostansiyasınm yaxınlığında 60 manata alaraq üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması "Xiaomi" markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 06 ədəd şəffaf sellofana bükümləri çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd büküm açıldıqda məlum olur ki, arasında psixotrop maddə metamfetaminə oxşar kütlə var. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə Əhmədli metrostansiyasınm yaxınlığında 60 manata alaraq üzərində saxlayaraq gəzdirdiyini bildirir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülür. Cinayət işinin 39-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli 3-13-16/2-6/1459 nömrəli ekspert rəyindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...“ və s. ad, soyad, imzalar olan zərfdəki 06 ədəd bükümdə təmiz çəkiləri 0,393 qram, 0,403 qram, 0,368 qram, 0,371 qram, 0,404 qram, 0,405 qram ümumi çəkisi külli miqdarda 2,344 qram ağ rəngli, kristallşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetmamindir. 06 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş 18 aprel 2024-cü il tarixli, 54/2-79811/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 161-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X3 11 iyun 2024-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 11 mart 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Göründüyü kimi, təhqiqat dövründə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat mövcud olmamış, ibtidai və məhkəmə istintaqı zamanı da bu hal təsdiqini tapmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs cinayət işinin 34-cü vərəqəsində olan izahatında və 55-57, 70-72-ci vərəqələrində olan ifadələrində üzərindən aşkar edilmiş maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma dövründə, nə də məhkəmə istintaqı zamanı qeyd edilən psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən çıxan maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndində göstərilir ki, CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları satma, yaxud prekursorları xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Eynilə, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan psixotrop maddənin həmin psixotrop maddə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı,telefon ismarıcları və hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, məhkəmədə ifadə verərkən, Təqsirləndirilən şəxs bildirmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-də ona işgəncə verilmişdir, ona görə, istintaq dövründə ittihamla razılaşmışdır. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 26 sentyabr 2024-cü il tarixli, 3-16-20-10/2-103 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın surətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinə zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində fərqli ifadələr verməsini, məhkəmədə verdiyi sonuncu ifadəsində isə psixotrop maddənin ona məxsus olmaması barədə dediylərini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ilkin ifadəsinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 may 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş və CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmiş; cinayət işinin 147-151-ci vərəqələrində olan Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzası 01 il 06 aya endirilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 14 aprel 2023-cü ildə cəza müddəti başa çatmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 123-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 aprel 2024-cü il tarixli, 2508 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 125-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 may 2024-cü il tarixli, 1238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, K.V.Əliyeva əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 11 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 11 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 90-94-cü vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 4(010)-89/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 2,164 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 2,164 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1952/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1952/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver