Məhkəmə qərarları › İş №1(101)-1955/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1955/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1955/2021 15.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2008-ci il tarixli, 1(005)- 281/2008 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 93.1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 dekabr 2010-cu ildə cəzssının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,101 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 11 avqust 2021-ci il tarixdə saat 14:20-də Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin gün saat 14:40-da polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan sarı rəngli şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 3,101 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Sonuncu dəfə 2010-cu ildə məhkum edilmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri adətən Kubinka və Papanindən adlarını bilmədiyi şəxslərdən almışdır. 11 avqust 2021-ci il tarixdə saat təxminən 14 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə onun üzərində axtarış aparılmışdır. O, axtarış zamanı üzərində olan bir büküm narkotik vasitəni təqdim etmişdir. O, həmin bükümdə olan maddənin şüşə olduğunu və özü istifadə etmək üçün 10 avqust 2021-ci il tarixdə Yasamal rayonu ərazisində adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Onda ittihamda verilən miqdarda narkotik vasitə olmamışdır. Tutulan zaman onda az miqdarda narkotik vsitə olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni özü istifadə etmək üçün əldə edib, üstündə saxlamışdır. Elan olunmuş cinayət işində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan sms məlumatlarına əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsusdur. Lakin, elan edilmiş mesajların məzmununu xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 131-də yaşayan Mehdi adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi, saxlaması, gəzdirməsi və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun tərəfindən Mehdi adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və cinayət əməlinin ifşa olunması üçün ondan və idarənin digər əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 13 radələrində Şahid2la birlikdə ünvan 4 ünvanın qarşısında gözlədikdə, saat 14 radələrində orada “Mehdi” adlı şəxsə oxşar şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşıb adını soruşduqda, adının Mehdi olduğunu bildirmişdir. Həmin şəxsə özlərini təqdim etmişlər. Bundan sonra Mehdiyə üstündə narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olduğundan onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra narkotik vasitə saxlaması, istifadəsi və satmasında şübhəli olması ehtimal edildiyindən Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsi məqsədilə idarə rəhbərliyinə raportla məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs vəkil təqdim edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı elan edilmiş, Mehdi isə etiraz etməmişdir. Bunda sonra Mehdiyə üstündə olan əşyaları könüllü çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin patı və ya şüşə olmasını və həmin maddəni 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda Həsən adlı şəxsdən 55 manata aldığını bildirmişdir. Aşkar edilmiş büküm zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və həmin protokol və zərf iştirakçılar tərəfindən imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid X3 Azərbaycan Respublikası Konstitusiyanın 66-cı maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən ifadə vermək istəmədiyini bildirmişdir. Buna görə şahid X2 ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X2 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs onun övladıdır və tutulduğu günədək oonunla birlikdə yaşamışdır. Təxminən 9 ay əvvəl oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi üçün tutulmuşdur və bu barədə ona polis əməkdaşı, yəni ki, təhqiqatçı məlumat vermişdir. X12 təxminən 10 il əvvəl də həmin əməlinə görə tutulmuşdur. Oğlunun narkotik vasitələrlə bağlı əməlləri barədə heç bir məlumatı yoxdur, çünki özü xəstədir və bu barədə heçnə deyə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 11 avqust 2021-ci il tarixli raportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 131 ünvanının qarşısında “Mehdi” adlı şəxsin narkotik vasitələri əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 11 avqust 2021-ci il tarixli təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 131 ünvanının qarşısında “Mehdi” adlı şəxsin narkotik vasitələri əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 47-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 avqust 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında ola biləcək əşyaları təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli büküm çıxarıb təqdim etmişdir. Şəxsin üzərində axtarış zamanı digər əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin metamfetamin olduğunu, Yasamal rayonunda yaşayan Həsən adlı şəxsdən 55 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi ilə bağlı videoçəkiliş zamanı müdafiəçi X5 çəkilişdə iştirak etməkdən imtina etmişdir. Cinayət işinin 1-ci cild 58-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2021-ci il tarixli 6/3442 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ..." yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,101 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr'in İ siyahısına daxildir. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən daxil olmuş 06 sentyabr 2021-ci il tarixli, 082-34145-1221 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitəni haradan və kimlərdən alması, ifadəsində göstərilən Həsən adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, kimlərə narkotik vasitə verməsi, satması istiqamətində müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin 1-ci cild 156-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 14-02-2021-ci il tarixdə saat 00:50:28-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “KLATKA VERİB HAMUİSİNİ. MƏNƏ BAX HƏR SEY VAR MƏNDƏ OTDAN BAŞQA GONDƏR BİRİNƏN VƏRSİN MƏNƏ SATİM SƏNİN UCÜN.” məzmunlu mesaj; 08-06-2021-ci ildə saat 23:33:26-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “GƏFƏR MƏNİ GİG YERİNƏ QOYURSAN? HANİ TƏRƏZİ TEZ GÖTÜR GƏL” məzmunlu mesaj; 10-06-2021-ci ildə saat 00:35:16-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Tərəzini bu gün çatdır mənə” məzmunlu mesaj; 10-06-2021-ci ildə saat 00:42:20-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Men temani goturub g” məzmunlu mesaj; 16-06-2021-ci ildə saat 15:13:19-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “KİM PRAMOR BÖYUƏRİNDƏN ALİGELƏM PULU DİGEYƏM NƏSƏ SATİR 60 MANAT ALİB MƏNDƏN ELDAR” məzmunlu mesaj; 06-03-2021-ci ildə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Малы готюрюб гедирям” məzmunlu mesaj; 09-06-2021-ci ildə saat 01:23:19-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Su verim sene biraz kola verde lomkaciligdi” məzmunlu mesaj; 10-06-2021-ci ildə saat 00:42:18-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Men temani goturub gelende terezinide getirejem” məzmunlu mesaj; 14-06-2021-ci ildə saat 18:06:45-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Zeng ele о uwaga temani gotuppubse getirecek mdnim temam axwam alinimr pulu negd veqpmek İazimdi” məzmunlu mesaj; 20-06-2021-ci ildə saat 21:08:58-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Gelrem Ama lsertnen X21.X14 X18 X7 Ama 35e X23 X13 Xeber De” məzmunlu mesaj; 25-06-2021-ci ildə saat 23:59:46-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Mehdi 03 Patya 3dcne X19 X20 X22 Ozde” məzmunlu mesaj; 27-06-2021-ci ildə saat 09:30:40-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Mehti olurem dunennen evde brat cox pisdi vezyetim narmalni pati verim sene mene yarim kub su verde gelim ozume” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin 1-ci cild 174-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 5(006)- 628/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda axtarış və götürmə aparılmasına icazə verilmişdir. Cinayət işinin 2-ci cild 25-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 noyabr 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda axtarış aparılmış, lakin, iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 9-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 Əbülfəz oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitələri kimdən alması və kimlərə satması barədə əməliyyat tədbirlərinin keçirildiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 15-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitələri kimdən alması və kimlərə satması barədə əməliyyat tədbirlərinin keçirildiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 53-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhər Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X4 17 noyabr 2021-ci il tarixli cinayət işinin materialalrından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən iş üzrə narkotik vasitənin mənbəyini müəyyən etmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilərək araşdırılmış 11 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında olan əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki sarı rəngli şalvarı sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli büküm çıxararaq masanın üzərinə qoyub təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış zamanı digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin metamfetamin olduğunu, Yasamal rayonunda yaşayan Həsən adlı şəxsdən 55 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş, onda ittihamda göstərilən miqdardan daha az miqdar olmuşdur, narkotik vasitəni satmaq məqsədi olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən «metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 126-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Oktyabr Rayon Xalq Məhkəməsinin 14 mart 1991-ci il tarixli hökmü ilə CM-nin 215-1.1, 143.2, 144.2, 38-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 03 il müddətə azadlıqdan məhruetmə cəzasına məhkum edilmiş, 19.03.1992-ci ildə Bakı Şəhər Əzizbəyob Rayon Xalq Məhkəməsinin 19.03.1992-ci il tarixli qərarı ilə AR SSR CM-nin 50- 2-ci maddəsinə əsasən 01 il 09 ay 06 gün şərti azad olunmuş, 01.09.1992-ci ildə AR Milli Məclisinin 15.07.1992-ci il tarixli amnistiya qərarının 8-ci maddəsinin A bəndinə əsasən azad olunmuş; Bakı Şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 01 fevral 1994-cü il tarixli hökmü ilə CM-nin 220.2, 189-1.2, 226-1.1, 38,55-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmı cəzasına məhkum edilmiş; 18.07.2003-cü ildə Azərbaycan Respublikası MM-nin 06.05.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasəsən azad olunmuş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 93.1-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.05.2007-ci ildə cəzasının sonu ilə azad olunmuş; cinayət işinin 1-ci cild 131-138-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2008-ci il tarixli, 1(005)-281/2008 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 93.1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 dekabr 2010-cu ildə cəzssının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 124-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 sentyabr 2021-ci il tarixli 3191 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 01 oktyabr 2021-ci il tarixli 2282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan 11 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 95-98-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 4(006)-339/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,001 qram psixotrop maddə metamfetamin məhv edilməli, iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,001 qram psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar