Məhkəmə qərarları › İş №1(101)-196/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-196/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-196/2020 27.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 - xx xxxxxxx 1990-cı ildə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Republikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 - xx.xx.1989-cu ildə Ağcabədi rayonu Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 saylı ünvanda yaşaymış, barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyanı tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 saylı ünvanda yerləşən lombarda daxil olub, həmin qeyri-yaşayış sahəsini icarə əsasında işlətmiş Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını silah qismində istifadə edilən əşya tədbiq edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan tapança silahı ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə fəhlə görünüşünü yaratmaqdan ötrü dəbilqələr, qısaqol fəhlə gödəkçələri, əlcəklər və aspiratorlar əldə edib xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində lombardın qarşısına gəldikdən sonra basqına məruz qalacaq Zərərçəkmiş şəxs kənardan müşahidəyə götürməklə, onun lombarda daxil olduğunu görüb, cinayətkar niyyətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs2la birgə başlarına dəbilqə, əyinlərinə qısaqol fəhlə gödəkçəsi, əllərinə əlcəklər, üzlərinə isə aspiratorlar taxıb lombarda daxil olaraq, su borularını təmir edəcəkləri görüntüsü yaradaraq Zərərçəkmiş şəxs həqiqi niyyətlərindən yayındırdıqdan sonra Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi tapança silahının qundağı ilə onun baş nahiyyəsindən bir neçə dəfə zərəbələr vurub ona baş beyin silkələnməsi, sağ qaş qövsü nahiyyənin və sağ gözyuvası ətrafı nahiyyənin hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, başın təpə və ənsə nahiyyəsinin, sol üst göz qapağının, sağ əlin arxa səthinin qançırları, sağ gözaltı nahiyyənin və boyunun aşağı 1/3 hissəsinin ön səthinin, hər iki saidin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, ardınca Zərərçəkmiş şəxs qışqıraraq kənar şəxsləri köməyə çağırdığını görüb, əli ilə onun ağızını tutaraq silahla vuracağı ilə hədələyib müqavimətini qırmaqla, onun boynundakı dəyəri 2100 manat olan bir ədəd qızıl boyunbağını, qulaqlarındakı dəyəri 1500 manat olan bir cüt qızıl sırğaları, dəyəri 20000 manat olan bir ədəd 200 qram çəkidə, üzərində 14 karatlıq brilliant qaşlar olan «Chopart» markalı qol saatını, həmin zaman qrupun digər üzvü Təqsirləndirilən şəxs2 lomardda olan Zərərçəkmiş şəxs məxsus 10000 manat nağd pulu, dəyəri 5 manat, balansında 25 manat danışıq limiti olan 051 *** ** ** saylı və dəyəri 6 manat, balansında danışıq limiti olmayan 070 *** ** ** saylı mobil nömrə kartları altında istifadə olunan 1750 manat dəyərində bir ədəd «Samsug» markalı «S7» modelli mobil telefon aparatını, içərisində 54 manat nağd pul olan 3 manat dəyərində qara rəngli cüzdanı və qiyməti 220 manat olan bir ədəd DVR qurğusunu ələ keçirib, Təqsirləndirilən şəxs2la birgə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 35663 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyanı tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 saylı ünvanda yerləşən lombarda daxil olub, həmin qeyri-yaşayış sahəsini icarə əsasında işlətmiş Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını silah qismində istifadə edilən əşya tədbiq edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan tapança silahı ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə fəhlə görünüşünü yaratmaqdan ötrü dəbilqələr, qısaqol fəhlə gödəkçələri, əlcəklər və aspiratorlar əldə edib xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində lombardın qarşısına gəldikdən sonra basqına məruz qalacaq Zərərçəkmiş şəxs kənardan müşahidəyə götürməklə, onun lombarda daxil olduğunu görüb, cinayətkar niyyətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs1lə birgə başlarına dəbilqə, əyinlərinə qısaqol fəhlə gödəkçəsi, əllərinə əlcəklər, üzlərinə isə aspiratorlar taxıb lombarda daxil olaraq, su borularını təmir edəcəkləri görüntüsü yaradaraq Zərərçəkmiş şəxs həqiqi niyyətlərindən yayındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi tapança silahının qundağı ilə onun baş nahiyyəsindən bir neçə dəfə zərəbələr vurub ona baş beyin silkələnməsi, sağ qaş qövsü nahiyyənin və sağ gözyuvası ətrafı nahiyyənin hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, başın təpə və ənsə nahiyyəsinin, sol üst göz qapağının, sağ əlin arxa səthinin qançırları, sağ gözaltı nahiyyənin və boyunun aşağı 1/3 hissəsinin ön səthinin, hər iki saidin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, ardınca Zərərçəkmiş şəxs qışqıraraq kənar şəxsləri köməyə çağırdığını görüb, əli ilə onun ağızını tutaraq silahla vuracağı ilə hədələyib müqavimətini qırmaqla, onun boynundakı dəyəri 2100 manat olan bir ədəd qızıl boyunbağını, qulaqlarındakı dəyəri 1500 manat olan bir cüt qızıl sırğaları, dəyəri 20000 manat olan bir ədəd 200 qram çəkidə, üzərində 14 karatlıq brilliant qaşlar olan «Chopart» markalı qol saatını, həmin zaman o özü isə lomardda olan Zərərçəkmiş şəxs məxsus 10000 manat nağd pulu, dəyəri 5 manat, balansında 25 manat danışıq limiti olan 051 *** ** ** saylı və dəyəri 6 manat, balansında danışıq limiti olmayan 070 *** ** ** saylı mobil nömrə kartları altında istifadə olunan 1750 manat dəyərində bir ədəd «Samsug» markalı «S7» modelli mobil telefon aparatını, içərisində 54 manat nağd pul olan 3 manat dəyərində qara rəngli cüzdanı və qiyməti 220 manat olan bir ədəd DVR qurğusunu ələ keçirib, Təqsirləndirilən şəxs1lə birgə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 35663 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o və Nəbi heç bir yerdə işləmədikləri üçün birgə pul qazanmaq üsulları barədə düşünmüş, təxminən iki il bundan əvvəl Babək prospektində yerləşən «Accessbank»ın arxasındakı binanın alt hissəsində fəaliyyət göstərən lombarda tanışı vasitəsilə bir ədəd qızıldan olan qadın qolbağını girov qoyub təxminən 325 manat pul götürüb sonradan pulu qaytara bilmədiyi üçün girov qoyduğu qızıl qolbağın batması ona çox pis təsir etdiyindən təxminən xx xxxx 2019-cu il tarixdə Nəbiyə həmin lombarda girib pul-qızıl aparmağı təklif etmiş, lombardı işlədən qadının onlara müqavimət göstərəcəyi təqdirdə onu vuracaqları barədə Nəbini təlimatlandırmış, Nəbi onun bu təklifi ilə razılaşmış, xx xxxx 2019-cu il tarixdə səhər 09 radələrində Nəbi ilə «Nargilə» dairəsinin yaxınlığında görüşüb taksi ilə Məhəmməd Hadi küçəsində yerləşən «KTV» şirkətinin qarşısına gəlmiş, taksi sürücüsünə gediş haqqını özü vermiş, sonra onlar binaların arası ilə gəzə-gəzə lombardın qarşısına gəlmiş, lombard həmin vaxt bağlı olduğundan ətraflı müşahidə edərkən lombardın giriş qapısının yuxarı hissəsində bir ədəd videomüşahidə kamerasının quraşdırıldığını görmüş, həmin vaxt Nəbiyə lombarda girmək üçün «8-ci km» bazarına gedib özlərinə fəhlə paltarı almağı təklif etmiş, lombarda su idarəsinin əməkdaşı kimi daxil olmağı planlaşdırmış, Nəbi bu plana etiraz etməmiş, sonra onlar «Katv»nin yanına qayıdıb yolun əks tərəfinə keçmiş və «Ordubad» kafesinin yanında bir taksiyə minib «8-ci km» bazarına gəlmişlər. Bazarda yerləşən tikinti materiallarının satışı mağazasına gələrək oradan iki ədəd sarı rəngdə olan dəbilqə (kaska), iki ədəd sarı rəngdə olan qısaqol fəhlə gödəkçəsi, bir cüt sarı rəngdə olan əlcək, iki ədəd ağ rəngdə olan aspirator (rezin tutacaqlı) və bir ədəd qara rəngli metrə (3 metr uzunluğunda), həmçinin, bir ədəd boru ağızlığı (dirsək) almış, həmin boru ağızlığını almaqda məqsədi-boru təmir etmək görünüşünü yaratmaq olmuş, özündə də bir cüt qırmızı rəngli əlcək olmuş, sonra onlar bazarın yanında bir taksiyə minib «KTV»nin yanına gəlmişlər, o, taksi kimi üzərində Gürcüstan Respublikasına aid olan dövlət qeydiyyat nişanlı avtomobilləri xüsusilə seçmişdir ki, nömrə tanınma kameralarına düşməsinlər, izi itirmək üçün o, taksi sürücüsündən «KTV»nin arxa tərəfində yerləşən bir binanın həyətinə sürməyi demiş, sürücü dediyi yerə onları gətirəndən sonra o, sürücüyə gediş haqqını ödəmiş, sonra onlar taksidən düşüb iz itirmək üçün binanın giriş blokuna daxil olmuş, taksi gedəndən sonra blokda bazardan aldıqları paltarları geyinib çölə çıxmışlar, sifətləri görsənməsin deyə aspirator taxmış, əl-barmaq izi qoymamaq üçün əlcəkləri geyinmiş, o, özündə olan ağqırmızı rəngli əlcəkləri, Nəbi isə onun bazardan aldığı sarı rəngdə olan əlcəkləri geyinmiş, sonra onlar binaların arası ilə lombarda tərəf getmiş, əlində bir ədəd qəhvəyi rəngli sellofan torba var olmuş, həmin torbanın içində bir ədəd boru ağızlığı, bir ədəd plastik boşqab və bir ədəd dəftər var olmuş, həmin əşyalar ona görünüş yaratmaq üçün lazım olmuş, məsələn, dəftər ona lazım olanda çıxardıb güya qeydiyyat apardığını göstərmək üçün lazım olmuş, lombarda çatanda lombardın bağlı olduğunu görmüş, lombardın yanında bərbərxananı görüb ora yaxınlaşmış, orada işləyən bərbərə yalandan olaraq binanın zirzəmisinə suyun axıdıldığını demiş həmin suyu çəkmək istədiklərini, binanın zirzəmisinə girişin harada olduğunu soruşmuş, bərbər onları binanın tininə gətirmiş, zirzəminin giriş qapısını göstərmiş, o, bərbərin yanında Nəbiyə yalandan gedib onlara məxsus təmir alətlərini götürüb qayıtmağını tapşırmış, daha sonra onlar oradan uzaqlaşıb getmişlər, onlar vaxt öldürmək üçün «KTV»nin arxa tərəfində yerləşən binanın həyətinə gəlmiş, bir az orada oturub gözləmiş, təxminən bir saatdan sonra yenidən lombardın fəaliyyət göstərdiyi məhəlləyə gəlmiş, saat 11 radələrində lombardın açıq olduğunu görmüş, lombardın yanında binanın giriş blokunda dayanıb gözləmişlər, o, lombardı işlədən bir qadının otağın pəncərəsi önündə dayanıb həyətə baxdığını, sonra qadının mobil telefonla danışa-danışa pəncərədən çəkilib iş masasına tərəf getdiyini müşahidə etmiş, bunu görən kimi lombarda daxil olmuş, Nəbi də onun arxasıyca gəlmiş, o lombardı işlədən qadına binanın zirzəmisinə suyun axdığını və lombardda olan su borularına baxmaq istədiyini bildirmiş, qadın etiraz etməmiş, bundan sonra Nəbi sanitar qovşağının qapısını açıb içəri keçmiş, o, isə otaqda qalmış, Nəbi bir az sanitar qovşağında eşələnib qadını çağıraraq ona gəlib su borularına baxmağı demiş, həmin vaxt həqiqətən də su borularından yerə su axmaqda imiş, qadın ayağa qalxıb sanitar qovşağına keçmiş, Nəbinin arxasında dayanmış, o, özü isə sanitar qovşağının giriş qapısının yanında dayanmış, həmin vaxt o, qadından sakit səslə «pul var?» deyə soruşmuş, qadın onun səsini eşitməmiş, qadın Nəbi ilə söhbət edən zaman yan tərəfdən qadının sol sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, qadın karığmış, həmin vaxt bir dəfə sillə ilə qadının sifətindən, sonra isə bir dəfə də yumruqla onun sifətindən vurmuş, zərbədən qadın Nəbinin üstünə yıxılmış, Nəbi qadını ayağa qaldıranda Nəbiyə otağa keçib masanın siyirtməsini axtarmağı demış, Nəbi otaqdan çıxandan sonra o, qadının boynundan boyunbağını dartıb qoparmış, sonra isə qadına qulağındakı sırğanı çıxardıb ona verməsini demiş, qadının qulağındakı sırğaların digər tayının yerə düşdüyünü eşitmiş, qadın sağ qulağındakı sırğanı çıxardıb ona uzatmış, onun bijüteriya olduğunu demiş, lakin o, qadına qulaq asmayıb sırğanı ondan götürmüş, qadının sağ əlindəki barmağında olan üzüyü çıxartmaq istəsə də bunu edə bilməmiş, qadının sol qolunda isə sadə bir saat varmış, o həmin saatı götürməmiş, həmin vaxt Nəbiyə otaqda olan DVR aparatını da götürməyi demiş, Nəbi otağı yoxlayıb heç nə tapmadığını bildirmiş və DVR aparatını götürüb otaqdan çıxmış, bundan sonra o, qadına «sakit ol, mən çıxandan sonra sən də çıxarsan» deyib çıxışa tərəf getmiş, çıxışda isə həmin qadına «sən kafirsən» deyib getmiş, bunu özünün namaz qılması və sələmə pul verənlərə çox pis baxması ilə izah etmiş, lombarddan çıxandan sonra binaların arası ilə bir məktəbə tərəf qaçmış, həmin məktəbin yaxınlığında olan zibil qutularından birinə yaxınlaşıb başındakı dəbilqəni, əlcəklərini, əynindəki qısaqol fəhlə gödəkçəsini və sifətindəki aspiratoru çıxardıb zibilliyə tullamış, sonra isə «KTV»yə tərəf getmiş, yolda bir kafenin yaxınlığında taksiyə minib «Həzi Aslanov» metrostansiyasının yaxınlığına gəlmiş, orada başqa bir taksiyə minib Nəbinin Nobel prospektindəki «Megastore» supermarketinin yaxınlığındakı kirayədə yaşadığı evə gəlmiş, daha əvvəl həmin evdə bir dəfə olmuş, Nəbiyə lombardda qadından götürdüyü bir ədəd boyunbağını və bir ədəd sırğanı satıb əldə edəcəyi pulu onunla yar-bayarı böləcəyini demiş, Nəbi etiraz etməmiş, Nəbi ona rayona gedəcəyini demiş, O da Nəbiyə Xudat şəhərinə tanışının yanına gedəcəyini bildirmiş, elə həmin gün də Xudata getmişdir. Üstündə və ya əlində tapança olmayıb. 10.000 manat pul götürməmişdir. Zərərçəkmiş şəxs yalan ifadə verir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ceyhunla təxminən iki ay bundan əvvəl «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən bərbərxanada təsadüfən tanış olmuş, bərbərxanada təsadüfi tanışlıq nəticəsində aralarında ünsiyyət yaranmış, dolanışıqları və məişət problemləri barədə söhbət etmişlər. Söhbət əsnasında Ceyhun onunla birlikdə necə pul qazanmaq yolları barədə müzakirə aparmağa başlamış, bu minvalla Ceyhun ona Babək prospektində yerləşən «Accessbank»ın arxasındakı binanın alt hissəsində fəaliyyət göstərən lombardın mövcud olduğunu, həmin lombarda daha öncə tanışı vasitəsilə qızılzinət əşyaları girov qoyduğundan həmin lombardın iş rejimi, yeri və fəaliyyəti barədə müəyyən qədər məlumatlı olduğunu bildirmiş və həmin lombarda girib pul-qızıl aparmağı təklif etmişdir. O, Ceyhunun lombardın fəaliyyəti barədə təsvir etdiyi məlumatları özlüyündə təhlil edərək həmin lombardı işlədən qadının müqavimət göstərəcəyi təqdirdə məqsədlərinə nail olmaqda çətinlikliklər olacağı barədə narahatlığını ifadə etmiş, Ceyhun isə çıxış yolu kimi qadının müqavimət göstərdiyi təqdirdə zəurət yaranarsa onu vurmalı olduqlarını bildirmiş, sonda Ceyhunun təklifi ilə razılaşmış, xx xxxx 2019-cu il tarixdə səhər 09 radələrində Ceyhun ilə «Nargilə» dairəsinin yaxınlığında görüşüb taksi ilə Məhəmməd Hadi küçəsində yerləşən «KTV» şirkətinin qarşısına gəlmiş, taksi sürücüsünə gediş haqqını Ceyhun vermiş, sonra onlar binaların arası ilə gəzə-gəzə həmin lombardın qarşısına gəlib çatmış, həmin vaxt lombardın bağlı olduğunu müəyyən etmiş, obyekti bir qədər müşahidə etdikdən sonra Ceyhun ona təklif etmiş ki, lombarda özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək həmin idarənin fəhlələri qiyafəsində daha asanlıqla daxil ola bilərlər. O, Ceyhunun təklif etdiyi plana etiraz etməmiş, həmin planı icra etmək üçün “8ci km” bazarına gedib özlərinə fəhlə paltarı almağı qərara almış, bunun üçün onlar həmin əraziyə yaxınlıqda yerləşən «Ordubad» kafesinin yanında bir taksiyə minib «8-ci km» bazarına gəlmiş, gediş haqqı olan 7 manat pulu Ceyhun vermiş, onlar bazarda yerləşən tikinti materiallarının satışı mağazasına gəlmiş, Ceyhun oradan iki ədəd sarı rəngdə olan dəbilqə (kaska), iki ədəd sarı rəngdə olan qısaqol fəhlə gödəkçəsi, bir cüt sarı rəngdə olan əlcək, iki ədəd ağ rəngdə olan aspirator (rezin tutacaqlı) və bir ədəd qara rəngli metrə (3 metr uzunluğunda) almış, həmçinin, Ceyhun bazardan bir ədəd boru ağızlığı (dirsək) almış, həmin ağızlığı almaqda məqsəd – boru təmir etmək görünüşünü yaratmaq olmuş, Ceyhunun özündə də bir cüt əlcək olmuş, bazardan çıxandan sonra başqa bir taksiyə minmiş və «Katv»nin arxa tərəfində yerləşən məhəlləyə gəlmişlər. Gediş haqqı olan 7 manat pulu Ceyhun vermiş, onlar binaların arası ilə lombarda tərəf getmiş və yolda bazardan aldıqları fəhlə qısaqol gödəkçələrini geyinmiş, dəbilqələri başlarına taxmış, üzləri görsənməsin deyə aspiratorları sifətlərinə taxmış və əlcəkləri geyinmişlər. İçərisində boru ağızlığı (dirsək) olan bir ədəd sellofan torba Ceyhunun əlində olmuş, onun əlində isə heç nə olmamış, lombarda çatandan sonra giriş qapısının yanında iki dəqiqə gözləyib ətrafa baxmış, həmin vaxt lombard bağlı olmuş, sonra onlar lombardın sol tərəfində fəaliyyət göstərən bərbərxanaya yaxınlaşıb yalandan binanın su xəttində nasazlıq olduğunu, buna görə də binanın zirzəmisini su basdığını bildirmiş və bərbərdən binanın su xəttinin harada olduğunu soruşmuş, bərbər isə su xəttinin bina zirzəmisində olduğunu demiş və onları binanın tininə gətirib zirzəminin qapısını göstərmiş, Ceyhun bərbərin yanında ona yalandan gedib onlara məxsus təmir alətlərini götürüb qayıtmağı tapşırmış, beləcə onlar oradan uzaqlaşmış, lakin heç də bərbərin istiqamətləndirdiyi zirzəmiyə daxil olmamış və geriyə lombardın yanına qayıtmış, lombard hələlik bağlı olduğundan onun fəaliyyətə başlamasınadək ötən müddət ərzində vaxt keçirmək üçün «Katv»nin arxa tərəfində yerləşən binanın həyətində oturub gözləmişlər. Təxminən bir saat keçdikdən sonra onlar yenidən lombardın yerləşdiyi məhəlləyə baş çəkmiş, təxminən saat 11.00 radələrində nəhayət ki, lombardın açıldığını müəyyən etdikdən sonra lombarda daxil olmuşlar. O, lombardda bir qadının masanın arxasında əyləşib mobil telefonla danışdığını müşahidə etmiş, Ceyhun həmin qadına lombardın içərsindən binanın zirzəmisinə suyun axdığını və su borularına baxmaq istədiyini demiş, halbuki ümumiyyətlə lombardda su borularının olub-olmadığını bilməmişlər. Ceyhun özü lombarda girmək üçün bəhanə kimi bu fikri irəli sürmüş, lombardda işləyən qadın etiraz etmədikdən sonra O, lombardda olan sanitar qovşağına keçib orada yalandan su xətlərində eşələnmiş, Ceyhun isə qadının yanında durmuş, O su idarəsi fəhləsinin fəaliyyət görüntüsü yaratmaq məqsədilə sanitar qovşağında bir qədər yalandan eşələndikdən sonra həmin vaxt həqiqətən də su borularında sızıntı olduğunu və yerə su axdığını görüb qadını çağırıraraq ona gəlib su borularına baxmağı təklif etmiş, qadının sanitar qovşağa daxil olduğunu və onun arxasında dayandığını hiss etmiş, qadınla onun başını qatmaq üçün boruların vəziyyəti barədə söhbət edərkən təxminən iki dəqiqə sonra zərbə səsi ilə müşayiət olunan qadının qışırıq səsini eşidib arxaya çevrilmiş, Ceyhunun yumruq zərbəsindən sonra qadın müvazinətini itirərərək onun üzərinə yıxılmış, O, qadını ayağa qaldırmış və üzərindən çəkmiş, Ceyhun ona otağa keçib masanın siyirtmələrini axtarmağı və videomüşahidə kameralarının yaddaş aparatını (DVR) götürməyi tapşırmış, O, otağa nəzər salmış, masanın siyirtməsini açıb içinə baxmış, lakin içərisində heç nə görməmiş, masanın üzərində bir ədəd cüzdanı götürüb Ceyhunun özü ilə lombarda gətirdiyi sellofan torbanın içinə qoymuş, Ceyhun həmin torbanı masanın üzərinə qoymuş, içində boru ağızlığı olmuş, otağı axtarmadan masanın üstündən qadının «Samsug» markalı telefonunu və yaddaş aparatını tumbanın üzərindən götürüb otaqdan çıxmış və binaların arası ilə «Katv» istiqamətində qaçmışdır. Əsas yola çatanda əynindəki qısaqol fəhlə gödəkçəsini, əlindəki əlcəkləri, üzündəki aspiratoru çıxardıb kom yığmış və onları dəbilqə ilə birlikdə «Katv»nin arxasındakı binanın tinində yerə qoymuş, yaddaş aparatını isə özü ilə götürdükdən sonra isə «Katv»nin yaxınlığında taksiyə minib kirayədə yaşadığı evə gəlmiş, yaddaş aparatını yaşadığı evin yaxınlığında olan zibil qutusuna tullamış, əlindəki torbanın içərisindən cüzdanı götürüb içini açmış – cüzdanın içində 54 manat pul olmuş, həmin pulu cibinə qoymuş, cüzdanı sellofan torba ilə birlikdə zibil qutusuna tulladıqdan sonra evə getmiş, təxminən 40-45 dəqiqədən sonra Ceyhun onun yaşadığı evə gəlmiş, həmin vaxt evdə tək olmuş, Ceyhundan lombarddan nə götürdüyünü soruşmuş, Ceyhun isə ona qadının qulağından bir ədəd sırğanı götürdüyünü, sırğanın digər tayının kanalizasiyaya düşdüyünü və qadının boynundan bir ədəd boyunbağı götürdüyünü demiş, Ceyhunla aralarında götürdükləri əşyaları iki bərabər hissəyə bölmək barədə razılaşma olmuş, Ceyhuna özünə şəxsiyyət vəsiqəsi düzəltdirmək üçün Ağcabədiyə gedəcəyini deyib qızılları necə böləcəklərini soruşmuş, Ceyhun isə ona rayondan qayıdandan sonra qızılları satıb əldə edəcəkləri pulları aralarında böləcəklərini demiş, O, etiraz etməmiş, həmin qadına məxsus lombarddan götürdüyü «Samsug» markalı «S7» modelli mobil telefonu da Ceyhuna vermiş, Ceyhuna masanın üzərindən götürüyü cüzdan haqda isə heç nə deməmiş, xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində 3 mkr dairəsinin yaxınlığına gəlmiş və orada taksiyə minib Ağcabədiyə yola düşmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs1 tapança olmayıb. 10.000 manat pul olmamış və götürməmişlər. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2012-ci ildən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 saylı ünvanda yerləşən binanın alt hissəsində sahəsi 6 kvadrat metr olan qeyri-yaşayış sahəsini icarəyə götürüb oranı lombard kimi tək işlədirmiş, işçisi olmamış, lombardın aylıq pul dövriyyəsi təxminən 25000 manat olmuş, lombard bazar günü istisna olmaqla hər gün işləyirmiş, lombardı bir qayda olaraq saat 10:00-da açırmış və 18:00-da bağlayırmış. O, xx xxxx 2019-cu il tarixdə saat 10:30-da lombarda gəlmiş, otağa daxil olan kimi əl çantasını iş masamın üzərinə qoymuş və elektrik çaydanı qoşmuş, təxminən 4-5 dəqiqədən sonra otağa iki nəfər şəxs daxil olmuş, həmin şəxslərin əynində sarı-yaşılımtıl rəngli fəhlə iş geyimi - uniforma, başlarında həmin rəngdə olan dəbilqə, əllərində qırmızı-qara rəngli əlcəklər, üzlərində isə burun üçün aspiratorlar olmuş, həmin şəxslərdən biri dolu bədən quruluşlu, digəri isə uca boy arıq bədən quruluşlu olmuş, dolu bədən quruluşlu oğlanın əlində qara rəngli sellofan bükülü olmuş, uca boy oğlanın əlindəki əşyanı xatırlamır. Dolu bədən quruluşlu oğlan binanın zirzəmisinə suyun axıdıldığını və həmin suyu təmizləmək üçün gəldiklərini bildirmiş, O, həmin şəxslərlə söhbət edə-edə əl çantasından özü ilə gətirdiyi 10000 manat pulu, bir ədəd brilyant üzüyü qutusu ilə birlikdə və içərisində 54 manat pul olan cüzdanını çıxardıb iş masasının siyirtməsinə qoymuş, dolu bədən quruluşlu şəxs otağında olan sanitar qovşağındakı su xətlərinə baxmaq istədiklərini demiş, O, isə buna etiraz etmədikdən sonra uca boy arıq bədən quruluşlu şəxs sanitar qovşağına keçmiş, orada bir az eşələndikdən sonra dolu bədən quruluşlu oğlan ona sanitar qovşağına gələn su xəttini göstərərək həmin xəttin nəm olduğunu və zirzəmiyə suyun məhz buradan axıdıldığını demiş, O, isə sanitar qovşağına keçərək həmin su borusunu göstərib onun bir az nəm olduğunu və həmin borudan zirzəmiyə suyun axıdılmadığını bildirdikdən sonra həmin iki nəfər lombarddan çıxmış, təxminən 10-15 dəqiqədən sonra yenidən lombarda qayıtmışlar. O, həmin vaxt özünə çay süzürmüş. Dolu bədən quruluşlu oğlan ona lombardın sanitar qovşağından zirzəmiyə suyun axdığını bildirmiş, uca boy oğlan isə sanitar qovşağına keçib orada eşələnməyə başlamış, hətta həmin vaxt sanitar qovşağında olan bankaların səsini eşitmiş, dolu bədən quruluşlu oğlanın isə otaqda dayanıb sanitar qovşağına baxdığını müşahidə etmiş, uca boy oğlan təxminən 10 dəqiqə sanitar qovşağında eşələnmiş, sonra dolu bədən quruluşlu oğlan ona «Leyla xanım, gəlin baxın borudan necə su axır» deyə müraciət etmiş, uca boy oğlan isə həmin vaxt sanitar qovşağından çıxmış, O, yerindən qalxıb sanitar qovşağına keçmiş, dolu bədən quruluşlu oğlan da onun arxasıyca gəlmiş, O, əyilib su borusuna baxmaq istəyəndə arxasında dayanan dolu bədən quruluşlu oğlan qəflətən görmədiyi küt əşya ilə onun başından vurmuş, zərbədən O, müvazinətimi itirib yerə yıxılmış və qışqırmağa başlamış, dolu bədən quruluşlu oğlan həmin vaxt onun saçından tutub başını qaldırmış və onu bir az yerlə sürümüş, həmin vaxt o, dolu bədən quruluşlu oğlanın sağ əlində qəhvəyi rəngdə olan bir tapanca görmüş, həmin oğlan tapancanın tutacağı ilə onun başına, sifətinə, kürəyinə zərbələr endirməyə başlamış və üstünə qışqıraraq «sus öldürərəm, səsin çıxmasın, öldürərəm səni» deyə hədələmiş, həmçinin həmin oğlan onu «bilmirsən, faizə pul vermək haramdır?!» deyə məzəmmət etmişdir. Həmin oğlan onu vura-vura otaqda dayanan uca boy arıq bədən quruluşlu oğlana masanın siyirtməsində olan pulları, qızılları və lombardda quraşdırılmış videomüşahidə kameralarının «DVR» aparatını götürüb qaçmağı tapşırmış, dolu bədən quruluşlu oğlan ona zərbələr yetirərkən qolundan açılıb yerə düşən «Chopart» markalı qol saatını götürmüş, sonra onun boyunbağısını və sırğalarını dartıb götürmüş, ondan lombardda başqa nələrin olduğunu soruşmuş, O isə and içərək lombardda başqa dəyərli bir şeyin olmadığını bildirmiş, həmin oğlan sakitləşməyərək ona əlindəki tapançanın tutacağı ilə zərbələr vurmağa davam etmiş, zərbələrdən O, huşunu itirmiş, təxminən iki-üç dəqiqədən sonra özünə gələndə otaqda heç kimin olmadığını, çölə çıxanda isə binanın qarşısında bir neçə şəxsin toplaşdığını görmüş, «tutun onları, tutun» deyə qışqırmış, çöldə dayanan uşaqlar isə lombarda basqın etmiş şəxslərin 64 saylı orta məktəb istiqamətində qaçdıqlarını demiş, sonra O, lombarda qayıtmış, oğlumn zəng etmək üçün «Samsung» markalı «S7» model mobil telefonunu axtarmış, lakin mobil telefonu tapa bilməmiş, telefonu iş masasının üstünə qoyduğunu xatırlamış, lombarda basqın edən şəxslərin həmin mobil telefonu da götürdüyünü başa düşmüş, həmçinin, siyirtmənin içində saxladığı 10000 manat pulun, bir ədəd brilyant üzüyün yerində olmadığını, üzük qabının isə yerdə olduğunu görmüş, sonra lombardda olan şəhər telefonundan DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Lombarda basqın etmiş şəxslər lombardda olan iş masasının siyirtməsindən ona məxsus 10000 manat pulu, qiyməti 750 manat olan bir ədəd brilyant üzüyü, qiyməti 2100 manat olan bir ədəd qızıl boyunbağını, qiyməti 1500 manat olan bir cüt qızıl sırğanı, qiyməti 20000 manat olan bir ədəd «Chopart» markalı qol saatını (200 qram ağ qızıldan və 14 karat brilyantdan ibarətdir), qiyməti 1750 manat olan «Samsug» markalı «S7» modelli mobil telefonumu, içərisində 54 manat pul olan qara rəngli cüzdanını və qiyməti 220 manat olan bir ədəd «DVR» aparatını ələ keçirmiş, mobil telefonunda qiyməti 5 manat, balansında 25 manat danışıq limiti olan 051 *** ** ** və qiyməti 6 manat, balansında danışıq limiti olmayan 070 *** ** ** saylı mobil nömrələr olmuş, cüzdanın qiyməti isə 3 manat olmuşdur. Ona qarşı dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən qismən ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 qarşı isə şikayətçidir və qanunla müvafiq qaydada ağır cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarından görünür ki, məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 Təcrübi və X4 rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli 691 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs baş beynin silkələnməsi, sağ qaş qövsü nahiyənin və sağ gözyuvası ətrafı nahiyənin hematoması, başın təpə və ənsə nahiyələrinin, sol üst gözqapağının, sağ əlin arxa səthinin qançırları, sağ gözaltı nahiyənin və boyunun aşağı 1/3-nin ön səthinin, hər iki saidin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə baş beyin silkələnməsi, sağ qaş qövsü nahiyənin və sağ gözyuvası ətrafı nahiyənin hematoması hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, başın təpə və ənsə nahiyələrinin, sol üst göz qapağının, sağ əlin arxa səthinin qançırları, sağ gözaltı nahiyənin və boyunun aşağı 1/3-nin ön səthinin, hər iki saidin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə xəsarət yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 19/1040q nömrəli arayışdan görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd şüşə butulka, 01 (bir) ədəd “Bizon” içki qabı, 02 (iki) ədəd “Rothmans” markalı siqaret kötükləri və 04 (dörd) ədəd əlcək üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirdiyindən və DNT profilinin əldə olunması üçün yararlı olmadığından müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxx 2019cu il tarixli 20331 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1, 2, 3 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. - Təqdim edilmiş 1, 2, 3 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 saylı daktilolentlərin və 17 saylı daktiloplyonkanın səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. - Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin şəhadət barmağından qalmışdır. - Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izlərindən qalmamışdır. İş materiallarından görünür ki, məhkəmə-genetik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli 19/370R nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd inşaatda istifadə olunan qoruyucu papağın içərisində olan plasmas cismin alına təmas edən səthində, 01 (bir) ədəd maskanın (apsirator) iç səthində, 02 (iki) ədəd inşaatda istifadə olunan əlcəyin iç səthində insana məxsus bioloji mənşəli materialların olduğu və həmin bioloji mənşəli materialların (epiteli hüceyrələri) Təqsirləndirilən şəxs1 (xx.xx.1990 Füzuli r.) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqim edilmiş 01 (bir) ədəd qısaqol fəhlə gödəkçəsi (üst geyimi) üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyekt üzərində müqayisəli tədqiqatın keçirilməsi mükün olmadı. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Onların hər birinin cinayət əməlləri məhkəmə baxışında özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, istintaq hərəkətlərinin protokolları ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə uyğun gələn çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai həbsdə saxlanıldıqları müddətlərin cəzaçəkmə müddətlərinə daxil edilməklə, cəzaçəkmə müddətlərinin başlanğıcının onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni hər birinə münasibətdə şübhəli şəxs qismində tutulduqları Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanmasını, onların barələrində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə tərkibi, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrində qeyd olunan halları onların hər birinə münasibətdə ayrı-ayrılıqda nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı qismən ödəməsidir; Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yoxdur. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal yoxdur. İş üzrə maddi sübut kimi Xətai RPİ-nin müvəqqəti saxlanc anbarında saxlanılan 01 (bir) ədəd inşaatda istifadə olunan qoruyucu papaq, 01 (bir) ədəd maska (aspirator), 02 (iki) ədəd inşaatda istifadə olunan əlcəklər - məhv edilməlidir. İş üzrə maddi sübut kimi Xətai RPİ-nin müvəqqəti saxlanc anbarında saxlanılan əlbarmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkum cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Xətai RPİ-nin müvəqqəti saxlanc anbarında saxlanılan 01 (bir) ədəd inşaatda istifadə olunan qoruyucu papaq, 01 (bir) ədəd maska (aspirator), 02 (iki) ədəd inşaatda istifadə olunan əlcəklər - məhv edilsin. İş üzrə maddi sübut kimi Xətai RPİ-nin müvəqqəti saxlanc anbarında saxlanılan əlbarmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri olan 161,11 (yüz altmış bir manat on bir qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar